Xəbərlər
7.10.2026, 13:13
MƏN BASQALIM ÜÇÜN NƏ ETMİŞƏM? - FOTOLAR
SOSİAL ŞƏBƏKƏDƏ BASQALLILARA ÜNVANLANMIŞ BİR SUALA VƏ MƏNƏ AİD MÜƏYYƏN RƏYLƏRƏ CAVAB
İnsan bəzən özünə ən çətin sualı verir: Mən doğulduğum, böyüdüyüm, adını ömrüm boyu ürəyimdə daşıdığım yer üçün nə etmişəm? Bu sual mənim üçün Basqalın adından başlayır.
Mən nə mesenatam, nə böyük imkanları olan iş adamıyam. Basqala böyük binalar, yollar, parklar bağışlamaq imkanım da olmayıb. Mənim sərvətim başqa olub – QƏLƏMİM, SÖZÜM VƏ JURNALİST KİMİ GÖRDÜKLƏRİMDİR.
Mən Basqala bacardığım qədər qələmimlə xidmət etmişəm. Basqalı yazmışam. Onun insanlarını yazmışam. Müəllimlərini, ziyalılarını, sənətkarlarını, ağsaqqallarını, zəhmət adamlarını gündəmə gətirmişəm (3-4 ildir Basqal məktəbinin tarixini əks etdirəcək sanballı kitab üzərində işləyirəm. Dəfələrlə sosial şəbəkə vasitəsilə basqallılara müraciət etsəm də, yerlilərimdən, dostlarımdan Hacı İlqar Hüseynov, Sabir Bağırov, Elşad və Tələt Mustafayevlər, Səfər Ələkbərovdan başqa səsimə səs verən olmayıb. Bu məsələdə yerlimiz Ağasəf Mustafayev də köməklik etdi, o, Basqal haqqında kitabı buraxdı, mən isə hazırlayıb çapa təqdim edə bilmirəm. Səbəbi də təkliyimdir, kimsə kömək etmək istəmir. Adi şəkil nədir belə onu əldə edə bilmirəm. Məktəbdə oxuyan hər kəsin “venetka”sı var. Onu belə göndərməyə ərinirlər.).
Bəzən bir insanın haqqında yazılan bir yazının onun özü üçün nə qədər böyük məna daşıdığını düşünmüşəm. Çünki insan yalnız yaşadığı ömürlə deyil, haqqında yaddaşda qalan sözlərlə də yaşayır. Mənim Basqal haqqında yazdıqlarımın əsas məqsədi də elə bu olub: Basqalı unutdurmamaq, onun adını gündəmdə saxlamaq!
Mənim Basqala verdiyim nədir?
Jurnalist üçün ən böyük imkan yazmaqdır. Yazar üçün isə sözün yaddaşa çevrilməsidir. Mən bu imkanımı Basqala yönəltməyə çalışmışam. Basqal haqqında yazarkən məqsədim yalnız onun qədim tarixindən danışmaq olmayıb. Mən istəyirəm ki, Basqal yalnız tarixi abidələri, qədim küçələri və kəlağayı sənəti ilə deyil, insanları ilə də tanınsın. Çünki bir yurdun həqiqi simasını onun insanları müəyyən edir.
Mən Basqal məktəbinin müəllimləri haqqında zamanında yazmışam. Indi onları toplum şəklində vermək, ölkə ictimaiyyətinə tanıtmaq fikrindəyəm. Həmin kitabda 140 yaşlı Basqal məktəbinin həyatında əməyi olanların da yaddaşda qalmasına çalışıram. Bunlar mənim üçün, sadəcə, bioqrafik məlumatlar deyil, Basqalın canlı tarixidir.
Bir müəllimin ömrünü yazmaqla mən bir insanın həyatını deyil, bütöv bir nəslin təhsil tarixini yazmış oluram. Bir ağsaqqalın xatirəsini qələmə almaqla bir insanın yaddaşını deyil, bir dövrün yaddaşını qoruyuram. Hansısa sənətkar haqqında yazmaqla təkcə onun əməyini deyil, Basqalın sənət ənənəsini tanıdırıram.
BASQALI GÜNDƏMƏ GƏTİRMƏK
Jurnalist kimi mənim əsas məqsədlərimdən biri Basqalın adını ictimai informasiya məkanında yaşatmaq olub.Çünki yazılmayan hadisə tez unudulur. Gündəmə gətirilməyən insan tanınmır. Haqqında danışılmayan dəyər zaman keçdikcə kölgədə qalır. Mən isə Basqalın kölgədə qalmasını istəməmişəm. İstər müəllimləri, istər ziyalıları, istər sadə zəhmət adamları, istərsə də qədim tarixi və mədəni irsi barədə yazarkən bir məqsədim olub: BASQALA DIQQƏTİ YÖNƏLTMƏK!..
Mənim üçün jurnalistikanın Basqalla bağlı ən mühüm missiyası budur. Bir yerdə böyük bir hadisə baş verəndə onu yazmaq asandır. Amma bəzən bir kəndin, qəsəbənin gündəlik həyatında elə insanlar, elə talelər, elə mənəvi dəyərlər olur ki, onları görmək üçün diqqətli göz, eşitmək üçün həssas qulaq, yazmaq üçün isə məsuliyyətli qələm lazımdır. Mən həmin diqqəti Basqala yönəltmişəm.
BASQALIN ADI TƏKCƏ KEÇMİŞLƏ BAĞLI DEYİL
Basqalın qədimliyi haqqında çox danışmaq olar. Onun tarixi, məhəllələri, daş küçələri, sənətkarlıq ənənələri, kəlağayıçılıq mədəniyyəti haqqında çox yazılıb və hələ çox yazılacaq. Mənim üçün isə Basqalın ən böyük dəyəri onun yaşayan tarix olmasıdır.
Bu gün Basqalda yaşayan insan dünənki Basqalın davamıdır. Bu gün onun məktəbində dərs deyən müəllim illər əvvəl burada çalışan müəllimlərin yolunu davam etdirir. Bu gün bir gəncin dilində səslənən Basqal adı sabah bu yurdun taleyinə çevrilə bilər. Ona görə mən Basqalın yalnız keçmişini deyil, bu gününü də yazmağa çalışmışam. Çünki yurdu yalnız keçmişi ilə tanıtmaq kifayət deyil. Onun bu gününü də görünən etmək lazımdır.
MƏNİM SİLAHIM QƏLƏMDİR
Mən Basqala böyük maddi layihələr bəxş etməmişəm. Mənim imkanım başqa olub. Mən söz vermişəm. Qələmimlə Basqalın adını çəkmişəm. Yazılarımda onun insanlarına yer ayırmışam. Onun müəllimlərini, bu qədim yurdda xidmətləri olanları xatırlatmışam. Unudulmaqda olan adları yenidən gündəmə gətirmişəm. Basqalın tarixini, mənəvi mühitini, insanlarını geniş oxucu auditoriyasına çatdırmağa çalışmışam. Bəlkə bir yazım Basqal haqqında heç nə bilməyən bir insanı bu qədim yurda maraqlandırıb. Bəlkə başqa bir yazım hansısa gəncə öz doğma kəndinin tarixini öyrənmək həvəsi verib. Bəlkə bir müəllim haqqında yazdığım yazı onun əməyini bir daha xatırladıb. Əgər belə olubsa, deməli, mənim qələmim Basqala toxuna bilib. Mənim üçün ən böyük nəticə də budur. Mən Basqala nə borcluyam? Əslində sualı başqa cür də qoymaq olar: BASQAL MƏNƏ NƏ VERİB?
Məncə, çox şey. Mənə uşaqlıq verib. Mənə xatirə verib. Mənə insanlar verib. Mənə yazmaq üçün mövzu, düşünmək üçün yaddaş, yaşamaq üçün mənəvi bağ verib. Mənim Basqala münasibətim də bu bağlılıqdan doğur. Ona görə Basqal haqqında yazanda özümü kənardan baxan jurnalist kimi hiss etmirəm. Mən həm də həmin yaddaşın içindən danışan bir insanam.
Bəlkə elə buna görə Basqalın insanları haqqında yazmaq mənim üçün daha məsuliyyətlidir. Mən bilirəm ki, hər adın arxasında bir ömür dayanır. Hər ömrün arxasında isə bir ailə, bir küçə, bir məktəb, bir nəsil, bir zaman var.
MƏNİM CAVABIM
İndi özümə bir daha sual verirəm (Bu günlərdə Qədim Basqal profilində “Sən Basqal üçün nə etmisən” sualını qoymuşdular. Mən də cavab vermişdim ki, nə etmişəmsə, onu Allah bilir, bir də özüm. Orada məni elimizin ağsaqqalı, böyük ziyalısı, Basqalın ensiklopediyası adlandırdığımız Miryavər Hüseynovun adına bağladığımız “Basqalın Miryavər abidəsi” adlı kitabımdan başqa heç nə olmadığını qeyd ediblər. Amma Kifayət Cəfərova ilə həmmüəllif olduğumuz vaxtilə Volqa çayında suda boğulmuş iki baqsallı haqqında kitab da Basqala, onun adamlarına aiddir. Basqalla bağlı işlərim davam edir.): Mən Basqalım üçün nə etmişəm?
Mən mesenat olmamışam. İş adamı olmamışam. Böyük maddi layihələr həyata keçirməmişəm. Amma mən JURNALİST OLMUŞAM, YAZAR OLMUŞAM. Mənim əlimdə puldan çox qələm olub. Mənim gücüm vəzifədən çox sözdə olub. Mən Basqalın adını yazılarımda yaşatmağa, onun insanlarını tanıtmağa, tarixini gündəmə gətirməyə, müəllimlərini, ziyalılarını, sənətkarlarını, ağsaqqallarını və sadə zəhmət adamlarını ictimai yaddaşa çıxarmağa çalışmışam. MƏN BASQALA QƏLƏMİMLƏ XİDMƏT ETMİŞƏM VƏ BU GÜN DƏ HƏMİN MİSSİYANI DAVAM ETDİRİRƏM.
Mənim imkanım təkrar olsa da, deməliyəm ki, başqa olub: QƏLƏMİM, SÖZÜM VƏ JURNALİST KİMİ CƏMİYYƏTƏ ÇATDIRMAQ İMKANIM.
Bəlkə bu, böyük görünməz. Amma jurnalistin də, yazarın da öz vətəninə verə biləcəyi ən qiymətli töhfələrdən biri həqiqəti yazmaq, yaxşı insanları tanıtmaq və unudulmağa məhkum olan yaddaşı gələcəyə çatdırmaqdır. Mənim Basqala etdiyim də budur.
SON SÖZ
Mən Basqal üçün daş qoymamışam. SÖZ QOYMUŞAM.
Bina tikməmişəm. YADDAŞ YARATMAĞA ÇALIŞMIŞAM.
Maddi sərvət bağışlamamışam. QƏLƏMİMİN SƏRVƏTİNİ BU YURDA HƏSR ETMİŞƏM.
Mən Basqala yol çəkməmişəm. ONUN ADINI YAZILARIMLA İNSANLARA APARMAĞA ÇALIŞMIŞAM.
Mən ayrı-ayrı bioqrafiyalardan daha böyük bir mənzərəni - Basqalın təhsil və insanlıq ənənəsini göstərmək istəmişəm.
Bəlkə illər sonra mənim yazdığım bir çox yazı xatırlanmayacaq. Amma istəyirəm ki, həmin yazılarda adı çəkilən insanlar unudulmasın, Basqalın adı gündəmdən düşməsin, onun tarixi və insanları yeni nəsillərin yaddaşında yaşasın. Çünki jurnalistin ən böyük işi bəzən xəbər vermək deyil. Unudulmaqda olanı görünən etməkdir.
Yazarın ən böyük xidməti isə bəzən yeni bir dünya yaratmaq deyil. VAR OLAN BİR DÜNYANIN QİYMƏTİNİ İNSANLARA ANLATMAQDIR.
Mən Basqal üçün məhz bunu etməyə çalışmışam. Mənim sərvətim qələmimdir. Mənim borcum Basqaldır. Və mənim Basqala cavabım bir cümləyə sığır: MƏN BASQALI YAZMIŞAM Kİ, BASQAL UNUDULMASIN.
P.S. Vaxtilə Basqalda komsomolda çalışanda gəncləri bir araya gətirmək, onlarla Basqalın gələcəyi naminə iş görmək Basqal kimi mürəkkəb bir məkanda görmək necə də çətindir. Orada akademiyanın müxbir üzvü Maqsud Cavadovun adına muzey binasının yarımçıq qalması barədə çalışdığım
Və təşəbbüs göstərdiyim işlər nə tez yaddan çıxıb? Sonadək mübarizə apardım, axırda da hökumət dağıldı, yenisi gəldi. Muzey binası isə bürokratik əngəllər üzündən inşa olunmadı.
Gənclərin idman meydançası yox idi. Həyətlərin qapısı ağzında top-top oynayırdıq. O dövrdə kənd soveti işləyən bir basqallının (adını etika xətrinə çəkmirəm) qəbulunda oldum, məsələni ona izah etməyə çalışdım. O isə mənə S.Vurğunun şeirindən bu misraları söylədi:
Bir yandan da boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Və yerindən belə qalxmayıb gülə-gülə məni yola saldı...
Bu sözümdən heç kəs inciməsin. Kənardan baxıb göstəriş vermək asandır. Oğul istəyirəm ki, işin içində olsun!..
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










