Turaztv.az » Xəbərlər » Gəncədə YAP-ın 34 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
Xəbərlər

Gəncədə YAP-ın 34 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR

22.11.2026, 00:27 3

Noyabrın 21-də Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, bu gün biz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin yaradıcısı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilərək ölkəmizin inkişafında müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə qədim Azərbaycan yurdu, tarixi irsimizi və zəngin dövlətçilik ənənələrimizi yaşadan mühüm mədəniyyət mərkəzlərindən biri Gəncə şəhərində bir araya gəlmişik: “Hazırda dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və xüsusi payı vardır. Partiyamızın keçdiyi 34 illik şərəfli yol Azərbaycanın müstəqillik tarixinin, dövlət quruculuğunun və milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Danılmaz həqiqətdir ki, XX əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin gələcək taleyini müəyyən edən əlamətdar hadisələrdən biri Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Bu, sadəcə olaraq, bir partiyanın təsis olunması deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizdə yeni mərhələnin başlanğıcı və taleyüklü dönüş nöqtəsidir. Hər birimizə məlumdur ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edirdi. Həmin dönəmdə istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verirdi. Sovet İttifaqının çöküşü fonunda Azərbaycan olduqca çətin vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi xaos və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir şəraitdə Azərbaycanın təlatümlərdən xilas edilməsi üçün milli birliyin təmin edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi missiyanı həyata keçirməyə qadir şəxsiyyət isə, heç şübhəsiz, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız Onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla və gələcəyinin qurula biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi də məhz bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik qərar olmuşdur. 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının cəmiyyət tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması isə Heydər Əliyevin üstün liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qısa müddət ərzində respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, müəyyən olunmuş vəzifələri yerinə yetirmək və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyət həyata keçirilmişdir”.

YAP Sədrinin müavini vurğulayıb ki, yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir: “YAP bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir mübarizədən daha da güclü çıxaraq siyasi sistemdə aparıcı mövqeyini daha da möhkəmləndirmişdir. Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə sabitliyin, iqtisadi inkişafın təmin olunması, ictimai-siyasi institutların möhkəmləndirilməsi, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi və digər istiqamətlərdə ardıcıl işlər görməklə mühüm nailiyyətlərə imza atmışdır”.

Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi varisliyi təmin etməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir: “Cənab İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi istər partiyamızın həyatında, istərsə də bütövlükdə ölkəmizin inkişafında keyfiyyətcə yeni mərhələyə start vermişdir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Və nəhayət, ölkəmiz öz ərazi bütövlüyünü və mütləq suverenliyini təmin etməklə Zəfər zirvəsinə yüksəlmiş, regionumuz üçün yeni perspektivlər yaranmışdır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və gələcəyə inamını aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, ölkəmizin təşəbbüsü ilə başlanan sülh quruculuğu prosesi beynəlxalq hüquq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslanır ki, bu da yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq şəraitində Cənubi Qafqazın sabit, təhlükəsiz və firavan gələcəyinə xidmət edir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində sürətli transformasiya prosesi müşahidə olunur: “Qlobal informasiya məkanında baş verən dəyişikliklər fonunda rəqəmsal texnologiyaların, o cümlədən süni intellektin həyatımıza təsiri genişlənir, sosial şəbəkələrin ictimai rəyin formalaşmasında rolu getdikcə artır. Bütün bu reallıqlar müstəqil siyasət həyata keçirən dövlətlərin, o cümlədən Azərbaycanın qarşısında yeni vəzifələr müəyyən edir. YAP-ın VIII Qurultayında partiyamızın fəaliyyətinə yüksək qiymət verməklə qarşımızda duran başlıca vəzifələri və gələcəyə yönəlik strateji hədəfləri də dəqiq müəyyən edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dövlət siyasətinin mühüm prioritetlərindən biri olan ideoloji işin yeni reallıqlara və müasir çağırışlara uyğun təkmilləşdirilməsi zəruriliyini xüsusi vurğulamışdır. Bu kontekstdə Heydər Əliyev ideyalarının və azərbaycançılıq məfkurəsinin təbliği, Prezident İlham Əliyevin siyasətinin mahiyyəti və nəticələrinin geniş ictimaiyyətə çatdırılması, tarixi yaddaşın, milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün müasir kommunikasiya vasitələrinin və rəqəmsal texnologiyaların imkanlarından geniş istifadə etməklə cəmiyyətin müntəzəm və obyektiv məlumatlandırılması, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliğinin gücləndirilməsi, informasiya manipulyasiyalarına və dezinformasiya kampaniyalarına qarşı sistemli mübarizənin davam etdirilməsi xüsusi diqqət mərkəzində olmalıdır”.

“Hazırda sıralarında 800 minə yaxın vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyasının əksər üzvləri Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirərək Azərbaycanın daha da güclənməsi naminə məqsədyönlü fəaliyyət göstərirlər. 1993-cü il iyulun 23-də yaradılan YAP Gəncə şəhər təşkilatının sıralarında hazırda 40 mindən artıq üzv birləşmişdir ki, onlardan 26 mindən çoxu qadınlar, 8 mindən çoxu isə gənclərdir. Bu böyük potensial şəhər təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir. YAP Gəncə şəhər təşkilatı bundan sonra da fəaliyyətini müasir dövrün tələbləri və çağırışları əsasında davam etdirərək dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması, ideoloji işin gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, partiya sıralarının genişləndirilməsi və digər istiqamətlərdə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, ölkəmizdə sabitlik və həmrəyliyin qorunmasına, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verməlidir. Partiyamızın yaradılmasının 34-cü ildönümü münasibətilə hər birinizi ürəkdən təbrik edir, möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Yaşasın Ulu Öndərimizin xalqımıza əmanət etdiyi müasir müstəqil Azərbaycan dövləti və Heydər Əliyev dühasının siyasi mirası olan Yeni Azərbaycan Partiyası! Vətənimizi, xalqımızı Zəfər zirvəsinə yüksəldən Müzəffər Liderimiz cənab İlham Əliyevə eşq olsun!”, - deyə Tahir Budaqov əlavə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşdiyi bir dövrdə yaradılıb: “1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın dəstəyini qazanıb: “Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik təmin olundu, dövlətçiliyimiz möhkəmləndi. Bununla Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər əldə edib”.

Natiq vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər və ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpası tariximizin ən mühüm hadisələrindəndir: “Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı həyata keçirilir. Prezident İlham Əliyev partiyanın VIII Qurultayında ideoloji işin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Bu gün əsas vəzifələrimizdən biri gənclərlə işi gücləndirmək və dövlət siyasətini ictimaiyyətə düzgün çatdırmaqdır. YAP Gəncə şəhər təşkilatı da partiya üzvləri ilə işi, maarifləndirici tədbirlərin təşkilini diqqətdə saxlayır. Əminəm ki, təşkilat bundan sonra da şəhərimizin ictimai həyatında fəal iştirak edəcək və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir”.

Niyazi Bayramov bildirib ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ölkəmizin müstəqillik tarixi ilə sıx bağlıdır: “Bu gün partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xidmətlərini ehtiramla yad edir, Onun siyasi irsinə sadiqliyimizi bir daha ifadə edirik. Bu münasibətlə partiya üzvlərini və tədbir iştirakçılarını ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Azərbaycanın taleyinin həll olunduğu, müstəqil dövlətçiliyimizin ciddi sınaqlarla üzləşdiyi mürəkkəb bir dövrdə - 1992-ci ildə ölkənin qabaqcıl ziyalılarının və nüfuzlu nümayəndələrinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin dühasının işığında yaradılan Yeni Azərbaycan Partiyası xalqın ümid və inam ünvanı olmuşdur: “Bu partiyanın yaranması əslində Azərbaycanın gələcək inkişaf yolunun müəyyən edilməsi, dövlətçilik ideyalarının siyasi müstəvidə səfərbər olunması missiyası idi. Bu taleyüklü missiyanın arxasında isə Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev fenomeni dayanırdı. Heydər Əliyev fenomeni böyük siyasi təcrübə və idarəçilik bacarığı ilə yanaşı, xalqına sonsuz sevginin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyin və ən çətin məqamlarda tarixi məsuliyyəti öz üzərinə götürmək cəsarətinin təcəssümü idi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi dühası Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi, ölkəmizin müasir inkişaf strategiyasını müəyyənləşdirdi. Bu gün qürurla deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycan dövlətinin formalaşması və güclənməsi tarixi ilə ayrılmaz şəkildə bağlıdır”.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız milli birliyin möhkəmlənməsi, siyasi dialoqun davamlı olması, müstəqil Azərbaycanı daha da qüdrətləndirmək, ölkəmizin beynəlxalq imicini daha da artırmaq, sosial rifahı yüksəltmək kimi vəzifələri layiqincə yerinə yetirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, partiyamızın inkişafında ictimai-siyasi nüfuzunun artırılmasında, partiyadaxili münasibətlərdə səmimiyyətin və davranış mədəniyyətinin yüksəlməsində YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın fəaliyyəti və təşəbbüsləri böyük rol oynamışdır”.

Musa Quliyev əlavə edib ki, bu gün Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin hədəfləri dayanır: “İqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, layiqli məşğulluğun təmin edilməsi, təhsil və səhiyyənin keyfiyyətinin artırılması, sosial ədalətin gücləndirilməsi bu mərhələnin əsas prioritetləridir. Tam əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası öz tarixi ənənələrinə, Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş strateji hədəflərə sadiq qalaraq Azərbaycanın qarşıdakı inkişaf mərhələsində də böyük uğurlara imza atacaqdır”.

Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi: “34 il bundan əvvəl tarixin məhz bu günündə dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis olunan partiyamız qısa zamanda bütün ölkədə böyük nüfuz qazanmağa başladı. Bu da təsadüfi deyildi. Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək idi. Çünki o, həmişə xalqa xidmət edirdi, xalqın qayğıları ilə yaşayırdı, xalqla birlikdə idi”.

Natiq əlavə edib ki, 1993-cü ilin əvvəlləri Azərbaycanın yeni tarixinin ən ağır, dramatik və taleyüklü dövrü idi: “Ölkə daxilində hökm sürən dərin siyasi böhran, hakimiyyət boşluğu, səriştəsiz idarəçilik və öhdəsindən gəlinməyən iqtisadi tənəzzül respublikanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu qardaş qırğını və xaotik vəziyyətin pik nöqtəsi isə məhz qədim Gəncə şəhərində baş verən 1993-cü il 4 iyun hadisələri oldu. Gəncədə baş qaldıran silahlı qarşıdurma ölkəni vətəndaş müharibəsinin və parçalanmanın bir addımlığına gətirib çıxardı. Həmin ağrılı və həlledici məqamda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini xilas etdi. 1993-cü ilin iyununda Gəncədən başlayan ağır sınaqlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində aradan qaldırıldı və ölkəmiz sabitlik yoluna qədəm qoydu”.

Mehman Rzayev vurğulayıb ki, bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilən Gəncə şəhəri bu gün də ölkənin ümumi tərəqqisinə öz töhfəsini verir, tarixi ənənələrinə sadiq qalaraq sürətlə inkişaf edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qeyd olunan fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir”.

“1 saylı” Ərazi Partiya Təşkilatı sədrinin müavini Gülnar Fazilqızı çıxışında qeyd edib ki, gənclərin bilikli, təşəbbüskar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır: “Yeni Azərbaycan Partiyası yarandığı gündən gənclərlə işi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Partiyanın gənclər siyasətinin əsas məqsədi onların potensialını üzə çıxarmaq, ictimai-siyasi fəallığını artırmaq, təşəbbüslərini dəstəkləmək və gələcəkdə ölkənin idarə olunmasında iştirak edə biləcək gənc kadrların yetişməsinə töhfə verməkdir. YAP Gəncə şəhər təşkilatı tərəfindən də bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Gənclərin bilik və bacarıqlarının artırılması, dünyagörüşünün genişləndirilməsi, dövlətçilik tariximizin və milli-mənəvi dəyərlərimizin öyrənilməsi məqsədilə seminarlar, təlimlər, debatlar, intellektual layihələr və müzakirələr təşkil olunur. Gənclərin ictimai fəallığından danışarkən könüllülük fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Müxtəlif sosial, mədəni və xeyriyyə tədbirlərində iştirak, şəhid ailələrinə və müharibə veteranlarına dəstək gənclərdə məsuliyyət, həmrəylik və cəmiyyətə faydalı olmaq düşüncəsini gücləndirir”.

Gülnar Fazilqızı vurğulayıb ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında gənc nəslin tarixi yaddaşının, təhsilinin və vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini vurğuladı: “Gənclər tariximizi bilməli, milli dəyərlərimizi qorumalı və ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Gəncə zəngin tarixi, mədəniyyəti və ziyalı ənənələri olan şəhərdir. İnanıram ki, Gəncə gəncləri də bu ənənələri davam etdirərək təhsildə, elmdə, mədəniyyətdə və ictimai həyatda fəallıqları ilə doğma şəhərimizin inkişafına töhfə verəcəklər”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.










Oxşar xəbərlər