Xəbərlər
GÜVƏNİMİ QIRDILAR - FOTO
BELA ZƏNGİBASARLI
Səbəb nədir, qohum bilib, dost-tanış sandıqlarım,
Dərdlərinə şərik olub, oduna yandıqlarım,
Hörmət ilə yanaşdığım, adını andıqlarım,
Əməyimi zay etdilər, kürəyimdən vurdular,
Bu dünyanın insanları güvənimi qırdılar.
Yıxılana yürümüşəm, yolum salmışam kəsə,
O qədər ki, saf olmuşam, inanmışam hər kəsə.
Sözüm budur vicdansıza, ürəksizə, nakəsə,
Niyə məni küsdürdülər, üzüntüylə yordular?
Bu dünyanın insanları güvənimi qırdılar.
Allah kimsəni salmasın pis ağıza, pis dilə,
Mərdiməzar bəd niyyətin göstərir bilə-bilə.
Haqsızlığı elədilər üzümə gülə-gülə,
Quyumu çox dərin qazıb, hey qəsdimə durdular,
Bu dünyanın insanları güvənimi qırdılar.
Yaxşılıq elədiklərim kəsildi çox vaxt qənim,
Özümə tay tutduqlarım heyif, olmadı tənim.
Utanmadan, qızarmadan, nankorcasına mənim,
Ürəyimi partlatdılar, bağrımı da yardılar,
Bu dünyanın insanları güvənimi qırdılar.
18.11.2026.

















