Turaztv.az » Xəbərlər » "İki gül" ürəklərdə necə gülüstan oldu və yaxud Ramiz Qusarçaylı yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri ...Şairin "İki gül" kitabı haqqında düşüncələr.
Xəbərlər

"İki gül" ürəklərdə necə gülüstan oldu və yaxud Ramiz Qusarçaylı yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri ...Şairin "İki gül" kitabı haqqında düşüncələr.

16.11.2026, 19:48 11
Ramiz Qusarçaylı ilə demək olar ki,yaşıdıq,o bir il bir ay məndən yaşca böyükdü.Ramiz 58-in dekabrında anadan olub,mən 60-ın yanvarında.Qəribədir ki,qonşu kəndlərdən olsaq da,mən onu ilk əvvəl şeirləri ilə tanımışam.1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində "Bağban"adli seri çap olunan Ramiz Həmzəyevə həmin ildə Xalq şairi Osman Sarıvəlli "Qusarçaylı" təxəllüsünü vermiş, mətbuatda yaradıcılığı barədə çıxış edərək, ona uğurlu yol arzulamışdı.Şeirlərini "Qusarçaylı" təxəllüsü ilə yazmağa başlayan Ramizin ilk kutabı 1989-cu ildə görkəmli şairimiz Məmməd Aslanın ön sözüylə "Çörəyim daşdan çıxır"adıyla çap olundu.Kitabın belə adlanması təsadüfi deyildi.Gənc şair 80-ci illərin əvvəllərində Ukraynaya gedərək Donbasda şaxtada işlədi,orda da yaradıcılığından qalmadı,"Çörəyim daşdan çıxır","Qurudub göndərmə bənövşələri" və s bir-birindən gözəl şeirlər yazaraq,oxucuların sevimlisinə çevrildi.
Şair,vətənin gözəl bir parçası hesab elədiyi doğma kəndindən ayrılmasını "Mən kənddən çıxanda gecə yarıydı" şerində belə təsvir edir:

Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Qəlbimdən süzülüb sellənirdilər.

...Gedirdim,gecənin haysiz,haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız,
Hələ yuxusundan oyanmamışdı.

Və daha sonra, gənc şair ona məktub göndərən, vərəqlərin arasına qurudulmuş bənövşələr düzən həmin qıza,hələ o vaxt dilimin əzbərinə çevrilən "Qurudub göndərmə bənövşələri" şerinini yazacaqdı...

Əlimə alınca əlim qurudu,
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu,dilim qurudu,
Qurudub göndərmə bənövşələri.

Çatmadım bu il də yaza bilirəm,
Darıxa bilirəm,susa bilirəm,
Özüm quruyanda dözə bilirəm,
Qurudub göndərmə bənövşələri.

Əl saxla,dər saxla, təzətər saxla,
Ürəyimi çıxar üstə sər saxla,
Mənə də ölməyə bir az yer saxla,
Qurudub göndərmə bənövşələri,
Qurudub göndərmə bənövşələri.


Şair "Ömür qapıları",Bir çiçək axşamı","Nə gözəldi yolun,Allah","Almali kitab","Eşşəknamə","Gedəsən dünyanın axırınacan","Sevgidi dünyaya qəsdim","Vətən" adlı seir və poemalar,"Göyəm ağacı" adlı tərcümə kitablarını,"Quba" foto-albomunu,"Ay işığı" ədəbi məclisinin beş almanaxınının,onlarca elmi-bədii,publisistik məqalələrin müəllifidir.
1994 -cü ildə Qubada "Ay işığı" ədəbi məclisini yaradaraq,ona rəhbərlik edir.Şimal bölgəsində onlarla şair bu məclisdə şair kimi yetişib püxtələşərək, respublikamızda tanınmağa başlayır.
Ramiz Qusarçaylı hazırda Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinə rəhbərlik edir və Xaçmazda "Ulduzlar" və "İlham çeşməsi" ,"Ocaq"düşuncə mərkəzi, Qusarda "Marvar",Xudatda "Söz işığı"nda,Qubada "Gülüstan"ədəbi məclislərinin faliyyətini istiqamətləndirir,bu ədəbi birliklərin üzvləri ilə birlikdə bölgədə müxtəlif
mədəni-kütləvi,maarifləndirici tədbirlərdə iştirak edir,gənclərin vətənpərvər ruhda böyümələri üçün əlindən gələni edir.
Bu ilin noyabrın birində Ramiz Qusarçaylı bizi,bir qrup şair və yazarı Qubaya, "Şah Quba"restoran və ailəvi istirahət mərkəzində təşkil olunan yaradıcilığına həsr olunmuş,"Poeziyanın payız pıçıltıları"Ramiz Qusarçaylı ilə görüş-tədbirinə dəvət elədi.Şair həmin tədbirdə yeni çap olunan "İki gül" adli şeirlər kitabını müəllif yazısı ilə mənə təqdim etdi.
Bu yazıda "Vətən" tarixi epopeyasını nəzmə alan,"Azərbaycan bayrağı" şeri ilə Müasir Azərbaycan poeziyasının Bayraqdarı olduğunu haqq edən gôrkəmli şairimiz Ramiz Qusarçaylının "İki gül" seirlər kitabından söhbət açacaq, gücüm çatan qədər böyük şairin həmin kitabdakı şeirləri haqqında söz deməyə çalışacağam.
Bəri başdan qeyd edim ki,kitaba görkəmli akademik,Əməkdar elm xadimi Nizami Cəfərov ön söz yazmış, Ramiz Qusarçaylı yaradıcılığının bədii məziyyətləri haqqında öz fikirlərini bildirmişdir.
"İki gül"kitabındaki şeirləri oxuduqca,bir daha əmin olursan ki,Ramiz Qusarçaylı sözə qiymət verən,onu ilahiləşdirən,yerində işlətməyi bacaran,mum kimi istədiyi hala salıb onu oxucuya sevdirən filosof şairdi.

Mən sözə çarmıxam,mən sözə daram,
Bir sözə yüz arxın suyun açıram.
Mən qəddar şairəm,elə qəddaram,
Hər sözün başına oyun açıram....

Və yaxud,"Söz"şerində:
Göz yaşım Söz yaşıdı,
İşığında söz öldü.
Ölən halal yaşadı,
Yaşayan haram öldü.

......Ürək kəsdim,arıtdım,
Söz-söz kəsib qurutdum,
Bir misranı unutdum,
İçimdə balam öldü...


Zamanında,dahi Füzuli ilahi söz haqqında yazırdı:

Ver sözə eyha ki,tutduqca səni xabi əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz."


Yəni,sən sözü canlandır,dirilt ki,səni ölüm yuxusu tutanda,o səni diriltsin.Qiymətli sözlər danıs ki,öləndən sonra,sözlərin xatırlandıqca,dirilmis olasan.
Cəsarətlə demək olar ki,Ramiz Qusarcaylı yazdığı şeirləri,poemaları,gördüyü işləri ilə xatırlanası şairdi.Şair "Göy gəzirəm Yerdə bir az" şerində yazır:

Mövzu deyib,dağı ,düzü,
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü,
Əzib suyun çıxardıram.
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz,

Üzüb suyun çıxardıram.- deyən sairin misralarında fəlsəfi məna böyükdür.Şair daha sonra həmin şerini belə tamamlayır:

İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də,
Bezib suyun çıxardıram.

Dənuz gözlüm,bu mən,bu sən,
Gir könlümə,üz dərindən,
Sənsizliyi gözlərindən,
Şüzüb suyun çıxardıram...

Şair bənzərsiz böyük aşıq Ələsgər haqqında "Ələsgər" şerində onu aşıq sənətinin peyğəmbər Əleyhissəlamı adlandıraraq,yazır:

Hər beyti ayədi,hər sözü kəlam,
Açması önündə dilsizəm,lalam,
Sənətdə peyğəmbər Əleyhissalam,
Dəryada tufandı,Nuhdu Ələsgər.

Ramiz Qusarçaylı vətənin ağrı acilarını yaşayan,onları məharətlə fikir süzgəcindən keçirib oxuculara çatdıra bilən,özünü haqlı olaraq vətənin səsi adlandıran böyük söz ustasıdı.Sair "Zəminxarə"şerində belə deyir:

Araz,Samur,a Sar čaylı,
Rast dərəli, Hisar çaylı,
O səs sənsən,Qusarçaylı,
O çay sənsən,gəmin xarə,
Zəminxarə.

Və yaxud,Vətənin qan yaddaşının iki güllə yazıldığını "İki gül" şerində şair belə təsvir edir:

Qərənfil şəhid qanı,
Xarı bülbül göz yaşı,
İki güllə yazıldı,
Vətənin qan yaddaşı.


30 illik ayrılıqdan sonra qəhrəman döyüşçülərimizin şücaəti və Müzəffər Ali baş komandanın rəhbərliyi ilə düşməndən geri alınan gözəl Şuşamız haqqında sevinc hisslərini oxucuları ilə bölüşən şair yazır:

Öpüb ulduzunu,öpüb ayını,
Öpüb hər rəngini çəkir gözünə,-
Göyü,qırmızını,yaşılı Vətən.
Nə gözəl sayrışir Şuşada bayraq,
Nə gözəl səslənir Şuşalı Vətən!

Ramiz Qusarcaylı poeziyası bir ümmandı,coşqun çaydı,dağdan daim axan şəlalədi.Bu ümmanda qol qanad acıb həvəslə üzmək,coşqun cayın axarı ilə gedmək,şəlalənin göz yaşı kimi duru suyundan doyunca içmək adama ləzzət edir.Amma sözümüzü,fikir və duyğularımızı burada bitiririk.
Dahi Füzuli demişkən:

Gər çox istərsən,Füzuli,izzətin az et sözü,
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.


Biz də oxucuları və böyük şairimizin poeziyasının vurğunu,pərəstişkarları olaraq,Ramiz Qusarçaylının sevincinə şərik olur,ona can sağlığı,yaradıcılıq yolunda tükənməz enerji və uğurlar arzulayırıq.
"İki gül" ürəklərdə necə gülüstan oldu və yaxud Ramiz Qusarçaylı yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri ...Şairin "İki gül" kitabı haqqında düşüncələr.
Hormətlə: Cümşüd Aydəmir,
Xudat " Söz işığı"nda elmi ədəbi məclisinin sədri,şair
Xudat,13-15 noyabr 2026.

Oxşar xəbərlər