Turaztv.az » Xəbərlər » YOLUN ADI TURANDIR, SONU İSƏ BÖYÜK BİR MƏNƏVİ BÜTÖVLÜK...
Xəbərlər

YOLUN ADI TURANDIR, SONU İSƏ BÖYÜK BİR MƏNƏVİ BÜTÖVLÜK...

16.11.2026, 16:47 17
YOLUN ADI TURANDIR, SONU İSƏ BÖYÜK BİR MƏNƏVİ BÜTÖVLÜK...

(Tanınmış turançı şair “Yolum Turan yoludur” kitabı haqqında bir neçə kəlmə)


Bəzən kitabı oxumursan, kitab səni oxuyur. Sətirlərin arasından keçib özünə gedən yolu axtarırsan. İstedadlı şair, Turançılığı özünə böyük, mənəvi yol seçmiş Aybəniz Qafarlının “Yolum Turan yoludur” adlı şeirlər kitabı da məhz belə kitablardandır. Bu kitabın adı bir yolun istiqamətini göstərməklə kifayətlənmir, həm də bir insanın mənəvi ünvanını, milli kimliyini, tarixi yaddaşını və könül dünyasını nişan verir.
Turan yolu adi yol deyil. Bu yolun torpağında tarix yatır, daşında yaddaş danışır, üfüqündə isə bir millətin minillik arzuları boy göstərir. Bu yola çıxmaq ayaqla bərabər ürək də tələb edir. Turana gedən yollar öncə insanın içindən keçir. Aybəniz xanım da öz poetik dünyasında bu yolun yolçusudur. Onun qələmində Vətən coğrafi məkan olmaqla yanaşı nəfəsdir, ağrıdır, qürurdur, bəzən də gözə görünməyən, amma ruhun hər an duyduğu həsrətdir.
Şeir, əslində, sözün paltar geyinmiş halı deyil, insan ruhunun görünən tərəfidir. Aybəniz Qafarlının böyüklüyü də yazdığı misraların sayında yox, o misraların oxucu qəlbində oyatdığı duyğuların dərinliyindədir. Kitabın adından duyulan əsas çağırış budur: insan öz kökünü tanımalı, tarixini unutmamalı, milli mənsubiyyətinin məsuliyyətini daşımalıdır.


“Yolum Turan yoludur” adlı şeirlər kitabında Turan düşüncəsi yalnız coğrafi və siyasi məfkurə kimi deyil, həm də mənəvi birliyə, ortaq dilə, ortaq yaddaşa və ortaq taleyə çağırış kimi dəyərləndirilə bilər. Çünki bir xalqı yaşadan təkcə onun torpağı deyil, həm də dilidir, sözü, sazıdır, yaddaşı və gələcəyə inamıdır.
A.Qafarlının bu kitabı, eləcə də Turançılıq barədə yaradıcılığı ilə bağlı düşünərkən bir həqiqət yada düşür: Vətən sevgisi gur səslə danışmaq deyil, onun ağrısını öz ağrın, sevincini öz sevincin kimi hiss etmək, torpağın taleyini ürəyində gəzdirmək və tarixin qarşısında baş əymək, gələcəyin qarşısında isə məsuliyyət daşımaqdır.
Aybəniz xanımın seçdiyi yol həm də mənəvi mövqedir. Bu məsələdə kökə bağlılıqla gələcəyə inam, milli yaddaşla insan duyğuları, fərdi hisslə ümumtürk düşüncəsi bir araya gəlir.
Məncə, “Yolum Turan yoludur” kitabının ən mühüm mənəvi mesajı da elə budur: İnsan yolunu itirsə də, kökünü itirməməlidir. Kökünü unudan ağacın budağı göyə nə qədər ucalırsa-ucalsın, bir gün küləyin qarşısında aciz qalar.
Mən bu kitabı vərəqləyib oxuyanda müəllifin bir neçə şeiri, misraları üzərində düşündüm. İlk növbədə “Özü boyda dərddi dünya” şeirini nəzərdən keçirdim. Bu, insan taleyinin ağrısını, şəhid itkisini, milli yaddaşın sarsıntılarını və mənəvi məsuliyyət hissini əks etdirən lirik-fəlsəfi məzmunlu poetik nümunədir. Bu şeirdə müəllif dünyanı adi həyat məkanı kimi deyil, insanın ağrılarını özündə birləşdirən nəhəng dərd obrazında təqdim edir. Əsərin əsas emosional yükünü şəhidlərə duyulan ehtiram, itki acısı, peşmanlıq və mənəvi narahatlıq təşkil edir. Şeirin ilk bəndi fəlsəfi sualla başlayır:

Yumşalmaqla yoxdu işi,
Niyə belə sərtdi dünya?
Mənim kimi dərd çəkənə,
Özü boyda dərddi dünya.


Burada dünya insaniləşdirilir, sanki onun öz xarakteri, sərtliyi və mərhəmətsizliyi var. “Niyə belə sərtdi dünya?” ritorik sualı insanın həyat qarşısında yaşadığı acizliyi və daxili etirazını ifadə edir.
“Özü boyda dərddi dünya” misrası isə şeirin əsas poetik ideyasını müəyyənləşdirir. Dünya burada dərdin ölçüsünə çevrilir. Lirik qəhrəmanın ağrısı o qədər böyükdür ki, onu yalnız dünyanın özü ilə müqayisə etmək mümkündür.

Şəhid bacım, şəhid qardaş,
Yerinizə öləydim kaş,
Başımıza düşsün bir daş,
Özü boyda dərddi dünya.


Burada müəllif ümumi insan dərdindən konkret milli faciə və şəhid itkisi mövzusuna keçir. “Şəhid bacım, şəhid qardaş” müraciəti şəhidlərin müəllif üçün yad insanlar olmadığını göstərir. Onlar vahid milli ailənin üzvləri, doğma bacı və qardaş kimi təqdim edilirlər. “Yerinizə öləydim kaş” misrasında dərin peşmanlıq və qurbanlıq duyğusu ifadə olunur. Bu, şəhidlər qarşısında yaşanan mənəvi borc hissinin poetik təzahürüdür. “Başımıza düşsün bir daş” ifadəsi isə xalq dilinə məxsus emosional deyim kimi lirik qəhrəmanın sarsıntısını, özünü qınamasını və ağır vicdan əzabını göstərir.

Öcümüzü almadıq biz,
Sizi yada salmadıq biz.
Vallah, zəfər çalmadıq biz,
Özü boyda dərddi dünya.

“Öcümüzü almadıq biz” ifadəsi şəhidlərin intiqamı və ədalətin bərpası ilə bağlı narahatlığı əks etdirirsə, “Sizi yada salmadıq biz” misrasında daha ağır bir mənəvi problem ortaya qoyulur: şəhidlərin unudulması qorxusu.
“Vallah, zəfər çalmadıq biz” misrası şeirin daxili ziddiyyətini gücləndirir. Burada zəfər anlayışı yalnız hərbi qələbə deyil, həm də mənəvi borcun yerinə yetirilməsi, şəhidlərin xatirəsinə sədaqət və onların ideallarının yaşadılması kimi mənalandırıla bilər.
Onun “Vətən sevgisi” şeiri sevgi anlayışının fərdi hisslər çərçivəsindən çıxarılaraq ümummilli və mənəvi dəyər səviyyəsinə yüksəldilməsini əks etdirən lirik-fəlsəfi məzmunlu poetik nümunədir. Şeirin əsas özəlliyi ondadır ki, müəllif Vətən sevgisini digər sevgi duyğularından ayrı təsəvvür etmir. Əksinə, insanın sevmək qabiliyyətini, ana məhəbbətini, həyatın gözəlliyini və mənəvi kamilliyini Vətən sevgisinin təməli kimi təqdim edir.

[
color=#634AA5]Könlümü bürüdüm sevgi ətrinə.
Ay mənə sevməyi öyrədən insan,
Dünya da qurulub sevgi xətrinə.


İlk misrada sevgi insan ömrünü gözəlləşdirən bəzəyə, açan gülə bənzədilir. Burada sevgi həyatın mənasına rəng qatan, insanı mənən zənginləşdirən qüvvə kimi təqdim olunur. “Könlümü bürüdüm sevgi ətrinə” misrası xüsusi poetik məna daşıyır. Sevgi burada görünməyən, lakin duyulan, insanın bütün mənəvi varlığını əhatə edən ətir obrazında canlandırılır. Hər bir insanın qəlbində sevgi Vətən sevgisi qədər böyük, müqəddəs və dərin olmalıdır. Bu kompozisiya quruluşu şeirin əsas ideyasını təbii şəkildə açmağa imkan verir. Əvvəlcə sevginin ümumi mahiyyəti müəyyənləşdirilir, sonra həmin duyğunun ən ali ifadəsi kimi Vətən sevgisi təqdim olunur.
Aybəniz Qafarlının “Vətən sevgisi” şeiri sevginin mənəvi mahiyyətini açan, ana məhəbbətindən milli məhəbbətə doğru poetik keçid yaradan lirik-fəlsəfi əsərdir. Şeirin əsas ideyası Vətən sevgisinin insanın bütün digər sevgi duyğularından ayrı olmadığını, əksinə, həmin duyğuların mənəvi davamı və ümumiləşmiş ifadəsi olduğunu göstərməkdir.

Müəllifin düşüncəsində ana sevgisi insanın ilk məhəbbət məktəbi, ümumbəşəri sevgi həyatın mənəvi gözəlliyi, Vətən sevgisi isə bu duyğuların ən geniş ifadəsidir. Mənim qənaətimə görə, şeirin ən qiymətli cəhəti Vətən sevgisini hökm və ya şüar şəklində yox, insanın qəlbində yetişən təbii, saf və müqəddəs bir duyğu kimi təqdim etməsidir. Bu əsərin poetik fəlsəfəsini bir cümlə ilə belə ifadə etmək olar: ana insana sevməyi öyrədir, həyat sevgini yaşadır, Vətən isə həmin sevginin ən böyük ünvanına çevrilir.
Aybəniz Qafarlının “Vətən” şeiri də olduqca maraqlıdır. Bu, doğma torpağa məhəbbətin, milli yaddaşın, yurd həsrətinin və Vətən ağrısının dərin poetik ifadəsidir. Şeirdə müəllif Vətəni insanın taleyi, mənəvi varlığı, qəlbində daşıdığı sağalmaz yara və heç zaman sönməyən ocaq kimi təqdim edir. Əsərin əsas bədii-estetik məziyyəti fərdi ağrının ümummilli kədər səviyyəsinə yüksəldilməsidir. Lirik qəhrəmanın “Qaysaq tutmur yaram, Vətən” etirafı zamanın belə sağalda bilmədiyi tarixi və mənəvi ağrıların ifadəsinə çevrilir. “Bir ocağam öz içimdə, özüm boyda qoram” misralarında isə Vətən sevgisinin insanın bütün varlığını bürüyən, daxilində daim alovlanan mənəvi yanğı olduğu obrazlı şəkildə canlandırılır.
Şeirin ikinci bəndindəki “Bölünmüşəm dilim-dilim” ifadəsi yalnız fərdi sarsıntını deyil, milli parçalanmanın, ayrılığın və yurd nisgilinin insan ruhunda yaratdığı iztirabı da əks etdirir. “Göz yaşıyla keçir ilim” misrası isə bu ağrının ötəri deyil, illərlə davam edən bir mənəvi yaşantı olduğunu göstərir. Müəllifin Vətənə ünvanladığı “Bu nə sitəm, bu nə zülüm, nədən belə koram, Vətən?” sualları şeirə etiraz, üsyan və daxili hesabat çaları gətirir.
“Vətən” şeiri Vətən sevgisinin yalnız qürur və fərəh deyil, həm də ağrı, həsrət, sədaqət və mənəvi məsuliyyət olduğunu ifadə edən lirik nümunədir. Bu nümunədə də Vətən insanın qəlbində yaşayan, onunla nəfəs alan, ağrısını öz ağrısına çevirən müqəddəs bir varlıq kimi mənalandırılır. Şeirin ideya-bədii mahiyyətini ifadə edən ən dolğun qənaət belədir: Vətən insanın yalnız doğulduğu torpaq deyil, həm də qəlbində daşıdığı yara, ruhunda yaşatdığı sevgi və ömrü boyu sədaqət göstərdiyi mənəvi ünvanıdır.
Aybəniz Qafarlının bu şeiri oxucunu Vətən haqqında düşünməyə deyil, Vətənin dərdini duymağa, onun taleyinə biganə qalmamağa çağırır.
Aybəniz Qafarlının 2025-ci ildə işıq üzü görmüş “Yoıum Turan yoludur” kitabı Turançılığa bir açardır. Bu kitab mənə gec çatsa da, hər bir şeiri diqqətlə oxudum, müəyyən məsələləri özümçün əxz etdim. Bu kitab haqqında çox danışmaq, çox yazmaq olar. Mən, sadəcə 3 şeiri ətrafında fikir və mülahizələrimi qələmə aldım.
Sözümün sonunda illərin dostu Aybəniz Qafarlıya sözün işığında, düşüncənin dərinliyində, poeziyanın ucalığında yeni yaradıcılıq uğurları arzulayıram. Arzum budur ki, onun qələmi Vətən qədər müqəddəs, sözü Turan qədər geniş, könlü isə yazdığı misralar qədər işıqlı olsun. Çünki bəzi yollar gedilmək üçün deyil, yaşanmaq üçündür. Turan yolu da belə yoldur.
Yolunuz açıq olsun, Aybəniz xanım! Bir diləyim də budur ki, bu yolun hər misrasında bir tarix danışsın, hər səhifəsində bir türk ruhu nəfəs alsın!
Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər