Xəbərlər
Pedaqoji Universitetin Quba filialında Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
17 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Dirçəlişdən müstəqilliyə: Azərbaycan xalqının tarixi iradəsi” mövzusunda tədbir keçirilib.
Filialın Azərbaycan–Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində professor Yusif Alıyevin, inzibati heyətin, professor-müəllim kollektivinin və tələbələrin iştirakı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində ilk olaraq ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev məruzə ilə çıxış edib. O, çıxışını Azərbaycanın dövlətçilik tarixinə, xalqımızın azadlıq mübarizəsinə və milli iradəsinin formalaşması prosesinə həsr edib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və süqutunun səbəblərindən, dövlətçiliyimizə qarşı imperiyaların tətbiq etdikləri metodlardan danışan professor ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründə təməli atılan milli dövlətçilik prinsiplərinin mahiyyətindən bəhs edib.
Professor vurğulayıb: “Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları əslində ötən əsrin 60-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır.”
Professor Yusif Alıyev məruzəsində diqqətə çatdırıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Direktor qeyd edib: “20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunmasının əsası xalqımızı yumruq kimi birləşdirən 17 Noyabr – Milli Dirçəliş Günü sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı əbədiyyətə qədər şəhid və qazilərinə ehtiram göstərəcək, Zəfərimizlə öyünəcək, acı günlərimizi unutmayacaq. Azərbaycan gəncliyi özünün bütün həyatını milli-vətənpərvərlik ruhunda yaşamalı və şərəf tariximizlə fəxr etməlidir.”
Daha sonra ADPU-nun Quba filialının Humanitar elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edərək 17 Noyabr – Milli Dirçəliş Gününün tarixi kökləri, səbəb və nəticələri barədə ətraflı məlumat verib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli oyanışında və müstəqillik yolunda müstəsna təsirə malik olduğunu diqqətə çatdıran natiq deyib: “Ermənistanın əsassız ərazi iddialarına qarşı etiraz səsi ilə küçə və meydanlara axışan Azərbaycan xalqı aydın şəkildə gördü ki, onun hüquq və bərabərliyinin qorunmasına məsuliyyət daşıyan mərkəzi hökumət əslində özünün ayrı-seçkilik siyasəti ilə təcavüzkar tərəfi dəstəkləyir. Etiraz nümayişlərinin milli-azadlıq hərəkatına çevrilməsinin əsl səbəbi məhz bu dərketmə amili olmuşdur.”
Tədbirin növbəti çıxışçısı, ADPU-nun Quba filialının Humanitar elmlər kafedrasının müəllimi Bikə Fərmanzadə mövzu ətrafında məruzə edərək 1988-ci il hadisələrinin Azərbaycan xalqının tarixi iradəsinin nümayişi baxımından əhəmiyyətindən danışıb. O, xalqımızın birliyinin imperiya buxovlarının sarsıdılmasında və müstəqil dövlətçilik ideyalarının reallaşmasında oynadığı rolu təhlil edərək gənclərə milli dəyərlərimizə və tariximizə hər zaman sadiq qalmağı tövsiyə edib.
Çıxışlarda o da qeyd olunub ki, o dövrdə Azərbaycanın siyasi həyatında mövcud olan lider böhranı hadisələri düzgün inkişafdan yayındırsa da, yalnız ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bərpa edilmiş dövlət müstəqilliyimizin qorunması və dinamik yüksəlişi üçün əsaslı strategiya həyata keçirilmişdir. Bu gün isə bu siyasət Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilir.
Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edən tədbir tələbələrin mövzu ətrafında çıxışları, vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






















