Turaztv.az » Xəbərlər » ​Üçrəngli bayrağın poetik nəfəsi
Xəbərlər

​Üçrəngli bayrağın poetik nəfəsi

17.11.2026, 20:17 80

​Hər bir şeir insan ruhunun aynasıdır, ancaq sözü Vətənə, bayrağa bağlayanda o, artıq sadəcə misra olmur, əsl müqəddəs bir And yerinə çevrilir.

İstedadlı gənc qələm sahibi Ləman Səmədovanın təqdim etdiyi bu şeir də məhz belə saf duyğulardan, uca Vətən sevgisindən yoğrulub.
​Şeirin ilk misralarından oxucunu sarıyan bir hərarət, bir milli qürur hissi var:


“Üçrəngli bayrağım – qürur mənbəyim,
Ruhuma rəng qatan parlaq günəşim.”


Bu misralar Ləmanın daxili dünyasının nə qədər təmiz və vətənpərvər olduğundan xəbər verir. Xüsusilə, “Hilalın Göytürkün mirası mənə” deyimi tarixi köklərimizə, minilliklərdən süzülüb gələn türk soykökümüzə və əcdadlarımızın qoyduğu əmanətə olan dərindən bağlılığın ən gözəl poetik ifadəsidir.
​Şairin təsvirində bayraq sadəcə parça deyil, tarixin özüdür, canlanan keçmişimizdir. At belində gələn igidlərin, uca dağların fonunda dalğalanan üçrəngli simvolumuz gənclərin də gözündə məhz belə əzəmətlidir. Şeir boyunca təkrarlanan “Tarixdən süzülüb gələn bayrağım!” nəqarəti isə əsərə xüsusi bir ahəng, musiqililik və ruh yüksəkliyi qatır. Bu təkrar sanki keçmişlə bu günü, babaların şanlı yolunu gələcək nəsillərə bağlayan möhkəm bir körpüdür.
​Bir ana, bir ağbirçək və illərini söz sənətinə bağlamış yazıçı-publisist kimi gənclərin belə ülvi duyğularla böyüməsi adamı qürurlandırır. Ləmanın timsalında biz görürük ki, müasir gəncliyimiz Vətəni, torpağı, bayrağı dərindən sevir və onu qələmləri ilə ucaltmağı bacarırlar. Şair haqlı olaraq vurğulayır ki, bu torpaq şəhidlərin qanı ilə bərkimiş, hər bir qarışı bizə əmanətdir:

“Vətənin hər günü mənə əzizdir,
Keçmişim, bu günüm, gələcəyimdir.”


​Yaxınımızın, və doğmamımızın – istedadlı Ləmanımızın bu cür gözəl, milli ruhda əsərlər yazması hər birimiz üçün böyük sevincdir. Əziz Ləman, qələmin daim iti, ilhamın bol olsun! Yolun açıq olsun, hər zaman uca zirvələrdə ötdüyünü, adının daha böyük uğurlarla səsləndiyini görək! Vətənə yazılan hər misran ömrünə işıq saçsın!

​Üçrəngli bayrağın poetik nəfəsi
Təranə Cəbiyeva
Yazıçı-publisist

Oxşar xəbərlər