Xəbərlər
DOSTLUĞA APARAN BİR TƏSADÜF

Ziyalı dostum Sevda Qurbanzadənin yubileyi münasibətilə
İnsan ömründə dəqiq xatırladığın görüşlərin niyə bu qədər dərin iz buraxdığını illər keçəndən sonra daha yaxşı anlayırsan. Həyatın qəribə bir hikməti var: bəzən bir insanı tanımaq üçün onunla uzun illər yol getməyə ehtiyac qalmır. Bircə görüş, bircə məclis, bircə səhnə bəsdir ki, qarşındakının taleyi sənin yaddaşına yazılsın. Zaman öz işindədir, o ilk təəssürat dostluğa çevrilir və sən anlayırsan ki, təsadüf hesab etdiyin hadisə ömrünün mənəvi tarixində öz yerini tutub. Ziyalı dostum Sevda Qurbanzadə ilə tanışlığım məhz belə bir təsadüfdən yaranıb.
İllər öncə səhhətimizlə bağlı “Turaz.tv” saytının rəhbəri Cəmil Zəbhullaoğlu ilə Bilgəhdəki Kardioloji sanatoriyada müalicə alırdıq. Həyətdə, qeydiyyat şöbəsinin qarşısında işçiləri gözləyirdik. Oturacaqda söhbətləşdiyimiz məqamda gözlərimiz eyvanda dayanmış bir xanımla tuşlaşdı. Cəmil müəllimlə mən ilk baxışda elə bildik ki, o da burada müalicə alır. Uzaqdan-uzağa sorğu-sualla onu söhbətə tutduq. Bir neçə dəqiqədən sonra düşüb gəldi yanımıza. Öyrəndik ki, o, burada bacısı Nərgizin qonağıdır. Adı Elmiradır. Şirin danışığı, mədəniyyəti ilə bir andaca ikimizin də qəlbini ovsunladı. Bir azdan bacısı da prosedurdan qayıtdı, saçını qurutmaq üçün eyvana çıxanda gördü ki, Elmira xanım bizimlə danışır. Bacısına işarə ilə bildirdi ki, gəlib bizə qoşulsun. Nəhayət, o da bizim yanımıza gəldi. Beləliklə, o andan dostluğumuz başladı və bu gün də davam edir.
Müalicə müddətimiz bitəndən sonra hərə öz evinə döndü. Bir gün sonra Elmira xanım telefonla zəng etdi ki, Sevda adlı xəstə həmkarınız var, onun müalicəsi üçün xeyriyyə tədbiri keçirilir. İştirak etsək imkanınız varsa, deyərsiniz. Cəmil müəllimin vacib işi olduğu üçün tədbirə gedə bilmədi. Təyin edilmiş vaxtda Xırdalandakı “Abşeron” restoranında görüşdük və tədbirə qatıldım. Məclis başlayanda tanışlarımı da gördüm. Orada çıxış etmədim, amma hədiyyəmi təqdim elədim və yardımımı göstərdim. Bu andan etibarən Sevda xanımla bu gün də davam edən dostluğumuz başlandı...
Ziyalıların iştirak etdiyi xeyriyyə xarakterli həmin məclisin ab-havası bu gün də yaddaşımda yaşayır. İnsan ömrünün sınaqları, bu sınaqlarla üz-üzə qalan insanın öz vəziyyətinə münasibəti ilə yanaşı ziyalıların göstərdikləri diqqət, qayğı və mənəvi dəstək biri-birini tamamlayırdı. Qarşılaşdığım mənzərədə mənim üçün xəstəlikdən daha artıq kəsb edən bir mənanı sezməyə başladım. Çətinlik qarşısında dayanmış insan duruşu və insanların biri-birinə dayaq olmaq qüdrəti məni heyran etdi.
Sevda xanımın öz vəziyyətinə münasibəti məni düşündürdü. Belə məqamlarda ilk təəssüratımız çox vaxt insanın rahat günlərdəki davranışından yaranır, onun daxili aləmi, mənəvi gücü daha çox həyatın çətin məqamlarında bəlli olur. Bunların hamısı taleyin ağır sınaqlarıdır. Bizim özümüzü necə aparmağımız, baş verənlərə hansı düşüncə ilə yanaşmağımız, həyatla bağlarımızı necə qorumağımız xarakterimiz barədə müəyyən bilgilər də verir. Sevda xanımın orada öz vəziyyətinə münasibəti mənim dərin təəssüratıma səbəb oldu. Bu təsadüfi görüşdən sonra belə nəticə çıxardım ki, biri-birimizi tanımaq üçün bəzən haqqımızda deyilənlərdən çox həyatın qarşısında necə dayandığımıza baxmaq daha yaxşıdır.
Ziyafətə toplaşmış ziyalıların bu və ya digər formada Sevda xanıma dəstəyi mənəvi mənzərə kimi yadda qaldı. Ziyalılıq yalnız bilik, savad, ad-san və cəmiyyətdə tutduğu mövqe hesab edilmir. Ziyalılığın həqiqi mənası insanlıq məqamında, başqasının dərdinə biganə qalmamaqda, çətinliyə düşən bir insanın yanında dayanmaqda üzə çıxır. Təcrübədən çıxış edərək qeyd edim ki, bir arada olmağımız, bir taleyə laqeyd qalmamağımız, kömək əli uzatmağımız mənəvi dəyərlərin hələ də yaşadığını göstərən ən gözəl nümunə kimi yaddaşımıza daxil olur.
Bu məclisdə xeyriyyə təşəbbüsü ilə yanaşı, dostluq münasibətlərinin görünməyən, amma çox güclü tellərini hiss etdim. Məlum oldu ki, insanın çətin günündə ona uzanan əl bəzən maddi yardımdan daha əhəmiyyətlidir, dərin məna kəsb edir. O əl insana tək olmadığını xatırladır, ətrafında onu düşünən, onun taleyinə biganə qalmayan insanların olduğunu göstərir. Bəzən insanın ən çox ehtiyac duyduğu şey də elə budur: onun varlığının başqaları üçün əhəmiyyət daşıdığını hiss etmək. Həmin gün məni ən çox düşündürən də bu oldu: bir insanın taleyi ətrafında yaranan həmrəylik, Sevda xanımın öz vəziyyətinə münasibəti və ziyalıların ona göstərdiyi diqqət məndə qəribə bir yaxınlıq hissi oyatdı. Öz-özümə düşündüm ki, bu insanı daha yaxından tanımaq, onunla ünsiyyət qurmaq, zamanın içində dostluq yaratmaq istəyirəm. Sevda Qurbanzadə ilə dostluq münasibətlərində olacağıma qəti qərar verdim. Bu qərar bir anın təsiri ilə yaranmış ötəri istək yox, məclisdə gördüyüm mənəvi mənzərədən, insanın taleyinə münasibətdən və dostluğun həyatımızda tuta biləcəyi yerdən doğmuşdu. Mən o zaman bilmirdim ki, illər sonra bu tanışlığı xatırlayaraq Sevda xanımın yubileyi münasibətilə yazı yazacağam. Amma bir şeyi hiss edirdim: bəzi insanlarla tanışlıq insanın daxilində davam etmək istəyən bir söhbətin başlanğıcıdır.
İllər keçdikcə belə görüşlər daha qiymətli olur. Zaman ötüb keçsə də, hadisələr yaddaşda öz yerini dəyişsə də, gündəlik qayğılar nəticəsində çox şeyi arxa planda qalır. Qəlbimizə toxunan incə məqamları isə yaddan çıxarmırıq, yaddaşımızda yalnız keçmişin bir parçası kimi deyil, sonrakı münasibətlərimizin mənəvi başlanğıcı kimi yaşadırıq.
Yubileyini keçirdiyimiz Sevda xanımla dostluğumuzun başlanğıcında da belə bir məqam dayanır. Bu gün geriyə baxanda həmin xeyriyyə məclisini sadəcə tanış olduğumuz yer kimi deyil, dostluğa aparan yolun ilk addımı kimi xatırlayıram. Həyat bəzən insanları biri-birinə gözlənilməz yollarla yaxınlaşdırır. Əsas məsələ o görüşün mənasını duymaq, yaranan doğmalığı qorumaq və zamanın sınağından keçirməkdir.
Əlibayramlıdan başlayan bir ömür yolu...
1967-ci ildə Şirvan (keçmiş Əli bayramlı) şəhərində anadan olmuş S.Qurbanzadə 1974-1984-cü illərdə orta məktəbdə təhsil alıb. 1985-1988-ci illərdə Şirvan Şəhər Sənaye Texnikumunu bitirib. 1990-cı ildən 2007-ci ilədək Şirvan Şəhər Peşə məktəbində mühasib işləyib. 2008-ci ildən isə Bakı həyatı başlayıb. Belə ki, Bakı şəhərində müxtəlif sahələrdə ixtisası üzrə çalışıb. Hazırda səhhəti ilə bağlı heç bir yerdə işləmir. Ailəlidir, 3 qızı və 6 nəvəsi var.
Öyrənmişik ki, Sevda xanım özünün bu vəziyyətinə baxmayaraq xeyli xeyriyyə tədbiri keçirib, hamısı da möhtəşəmliyi ilə yaddaşlara həkk edilib. Onun gözəl təşkilatçılıq və məclis aparıcılığı qabiliyyəti var. Təkcə dostların yox, onun bu bacarığını görənlərin də xahişinə səmimiyyətlə cavab verir və tədbirlərini yüksək səviyyədə aparır. Belə bacarıq və qabiliyyət təbii ki, hər kəsə qismət olmur. O isə öz taleyindən həmişə razılıq edir, Allaha şükür edir.
... Hər şəhərin öz yaddaşı, hər insanın öz taleyi, hər taleyin də özünəməxsus bir hekayəsi var. Əlibayramlı da neçə-neçə insanın uşaqlıq xatirələrini, gənclik arzularını, sevincini, nisgilini özündə yaşadan şəhərlərdən biridir. Harada doğuluruqsa-doğulaq, hansı yollarla gediriksə-gedək, xarakterimizdə böyüdüyümüz mühitin, gördüyümüz insanların, eşitdiyimiz sözlərin və yaşadığımız günlərin payı qalır. Bəzən kiminsə kimliyini anlamaq üçün onun haqqında geniş danışmağa ehtiyac duyulmur. İllərin sınağından keçmiş münasibətlərə baxmaq bəs edir. Əsl simamız isə zamanın içində görünür.
Sevda xanımın ad günü haqqında düşünəndə yaddaşımda ilk növbədə illərin dostluğu dayanır. Qəribə nemət olan dostluğu nə pulla almaq, nə də bir neçə xoş sözlə yaratmaq olar. O, zaman istəyir, ona etibar və səmimiyyət lazımdır. Hər birimizin həyatında çox adam ola bilər, amma elələri də var ki, illər keçəndən sonra da adlarını çəkəndə, onları xatırlayanda ürəyimizdə doğmalıq, yaxınlıq hiss edirik. Elələri də var ki, onlarla bağlı xatirələr bizə həyatın yalnız çətinliklərdən, qayğılardan və itkilərdən ibarət olmadığını xatırladır.
Yubileylər insanı keçmişlə üz-üzə qoyur. Ömrün ötən illərini xatırladır, yaşananları göz önünə gətirir, insanın həyatında kimlərin iz qoyduğunu düşünməyə vadar edir. Ancaq məncə, yubileyin ən böyük mənası illərin sayı ilə ölçülmür, həmin illərdə toplanan mənəvi sərvətdədir. Ömrümüzün ən zənginliyi isə qazandığımız dostlar, qəlbimizdə yaşatdığımız xatirələr, çətin gündə yanımızda dayananlar, özümüzün də başqalarının həyatında buraxdığımız izlərdir.
Xoş ovqata kökləndiyim bu yazıda ürək sözlərimi qələmə alarkən yaddaşımda ilk növbədə məhz həmin ilk görüş canlanır. Bu yazı bir dostun digər dosta təbriki ilə bərabər həm də yaşadığı xatirəyə sədaqətidir. İllər əvvəl bir məclisdə yaranan təəssüratın bu gün də öz canlılığını qorumasına, təsadüfi tanışlığın dostluğa çevrilməsinə verilən mənəvi qiymətdir.
Əzizimiz Sevda xanım!
Ulu Yaradanımızdan həyatınızın bundan sonrakı illərinin sənə sağlamlıq, gümrahlıq, sevinc, rahatlıq və könül dincliyi gətirməsini arzulayıram. Keçdiyiniz yolların çətinliklərinin geridə qalmasını, qarşıdakı günlərində xoş xəbərlərin, doğmalarının məhəbbətinin və dostlarının səmimiyyətinin bol olmasını istəyirəm. Daha bir arzum budur ki, daim ətrafında səni anlayan, sənə dəyər verən, varlığı ilə həyatına işıq qatan insanlar olsun.
Ömrünün yeni ili sənə daha çox ümid, sağlamlıq və xoşbəxtlik gətirsin. İllər keçsin, zaman öz hökmünü versin, insanlığın, səmimiyyətin və dostluğun dəyəri isə heç vaxt azalmasın. Həyatın ən böyük sərvəti insanın neçə il yaşamasından çox bu illərdə neçə ürəyə toxunması və neçə doğma insan qazanmasıdır. Bəzi tanışlıqlar təsadüfən başlasa da, sonda dostluğa çevrilir. Dostluq insanın qəlbində verdiyi qərarın illər boyu sədaqətlə yaşadılmasıdır. Mənim Sevda xanımla dostluğumun hekayəsi də məhz belə başladı.
Və səninlə tanışlığım mənə bir həqiqəti yenidən xatırlatdı: bəzən insanın qəlbində verilən bir qərarla başlayan dostluq sonradan illərin sədaqəti ilə böyüyür. Mən o gün səninlə dostluq etmək qərarına gəldim. Bu gün isə həmin qərarın yaddaşımda gözəl bir xatirəyə, ömrümdə mənəvi bir dəyərə çevrilməsindən məmnunluq duyuram.
Sevda xanım, tamam ayrı gözəlsən!
Sən güləndə bahar gəlir üzümə,
Bir işıq çilənir hər bir sözünə,
Gözəlliyin sığmır adi sözümə,
Sevda xanım, tamam ayrı gözəlsən!
Gözlərində neçə cür arzu yatır,
Baxışların könül alıb qaytarır,
Bir təbəssüm min dərdimi dağıdır,
Sevda xanım, tamam ayrı gözəlsən!
Saçlarına gecə qonub, ay dinir,
Adın düşsə, ürək səssiz döyünür,
Səni görən neçə könül sevinir,
Sevda xanım, tamam ayrı gözəlsən!
Sənə baxmaq bir xoş röya kimidir,
Sənin adın bir ürək nəğməsidir,
Gözəlliyin könlümün gur səsidir,
Sevda xanım, tamam ayrı gözəlsən!
Gül üzündə min baharın izi var,
Baxışında duyğuların sözü var,
Səni sevən könüllərdə yazı var,
Sevda xanım, tamam ayrı gözəlsən!
Nə gözəllik təkcə üzdə görünər,
İlahi gözəllik ürəkdə bilinər,
Gözəl könül ömrə işıq çiləyər,
Sevda xanım, tamam ayrı gözəlsən!
Sevincin üzündən heç əskilməsin,
Qəlbinə kədərlə qəm heç gəlməsin,
Bəxtin xoş ovqatdan, andan dönməsin,
Sevda xanım, tamam ayrı gözəlsən!
Və sonda. Yubileyin mübarək, Sevda xanım!
Hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU













