Turaztv.az » Xəbərlər » Şahməmməd DAĞLAROĞLU - 70
Xəbərlər

Şahməmməd DAĞLAROĞLU - 70

13.11.2026, 23:39 6
Şahməmməd DAĞLAROĞLU - 70


SÖZÜNÜ ELƏ, QƏLƏMİNİ XALQA HƏSR EDƏN ÖMÜR

İnsan ömrünün elə məqamları var ki, həmin anlarda geriyə baxmaq, keçilən yola nəzər salmaq, görülən işlərin, yaşanan günlərin, qazanılan mənəvi dəyərlərin hesabatını vermək ehtiyacı yaranır. 70 yaş da belə bir məqamdır. Bu yaş insanın yalnız ömür təqviminə yazılan rəqəmdən çox zəhmətlə keçilmiş illərin, yaşanmış hadisələrin, qurulmuş münasibətlərin, qazanılmış hörmətin mənəvi yekunudur.

Ancaq hər insanın ömrü illərlə ölçülsə də, hər ömrün çəkisi eyni olmur. Həyat yolları yalnız şəxsi talelərindən ibarət olmayan insanların mənsub olduqları elin, obanın, bölgənin ictimai və mədəni həyatının bir parçasına çevrilir. Onlar öz ömürlərini bir qədər də başqalarının həyatlarına, sevinclərinə, qayğılarına, mənəvi dünyalarına həsr edirlər. Qələmləri ilə insanların səsinə çevrilir, sözləri ilə yaddaş yaradır, əməlləri ilə yaşadıqları torpağın həyatına töhfə verirlər.

Bu gün ömrünün 70-ci payızını yola salmağa hazırlaşan, qələmini doğma İsmayıllının sözünə, taleyinə, insanlarına həsr edən, jurnalistikanı, poeziyanı və ictimai fəaliyyəti həyat amalına çevirən Şahməmməd Dağlaroğlunun ömür yolundan söz açmaq istəyirəm.
1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində dünyaya göz açan Şahməmməd müəllimin həyat və yaradıcılıq yolu doğulduğu torpağa bağlılığın, zəhmətə sədaqətin, sözə ehtiramın maraqlı nümunələrindəndir. Dağların qoynunda böyüyən insanın dünyaya baxışında dağ vüqarının, torpağa bağlılığın, el adət-ənənələrinin özünəməxsus yeri olur. Bəlkə də onun Dağlaroğlu təxəllüsünü seçməsində də doğulduğu yurdun təbiətinin, mənəvi mühitinin və dağlara bənzər xarakterinin müəyyən payı var.
Ş.Dağlaroğlunun həyat yolu lap əvvəldən asan və hamar olmayıb. O, müxtəlif peşələrə yiyələnib, zəhmətin müxtəlif sınaqlarından keçib. Dülgər-xarrat peşəsinə yiyələnməsi, tikinti sahəsində çalışması, müəllimlik fəaliyyəti, hərbi xidməti onun həyat təcrübəsini zənginləşdirib, xarakterini möhkəmləndirib. On beş ildən artıq məktəblərdə əmək təlimi müəllimi kimi çalışması isə insanlarla ünsiyyət, gənc nəslin tərbiyəsi, əməyə hörmət və məsuliyyət hissinin aşılanması baxımından həyatının əlamətdar mərhələlərindən olub.
Lakin onun daxilində başqa bir dünyanın – sözün, ədəbiyyatın, yaradıcılıq dünyasının çağırışı da yaşayıb. Erkən yaşlarından şeir yazmağa başlaması bu çağırışın təsadüfi olmadığını göstərir. O, həyatın müxtəlif üzlərini gördükcə, insanların taleləri ilə yaxından tanış olduqca, dünyaya şair həssaslığı ilə baxmağı öyrənib. Zaman keçdikcə bu həvəs ciddi yaradıcılıq fəaliyyətinə çevrilib.
2005-ci ildə jurnalistika ixtisası üzrə kursu bitirməsi onun mətbuat sahəsindəki fəaliyyətində mühüm mərhələ olub. İsmayıllı rayonunun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində çalışması isə sözün artıq yalnız kağız üzərində deyil, canlı efirdə də insanlara çatdırılması deməkdir. Radio jurnalistikası çeviklik, məsuliyyət, hadisələri düzgün qiymətləndirmək və dinləyicinin etimadını qazanmaq tələb edir. Şahməmməd müəllim bu sahədə qazandığı təcrübəni sonrakı mətbuat fəaliyyətinə daşıyıb.
Onun jurnalistikaya münasibətində bir mühüm cəhət var: o, mətbuatı yalnız xəbər çatdıran vasitə kimi deyil, cəmiyyətin yaddaşını qoruyan, insanları biri-birinə bağlayan, ictimai fikri formalaşdıran mənəvi qüvvə kimi qəbul edir. Bu baxımdan 2008-ci ildən nəşr olunan “İsmayıllı xəbərləri” qəzetinin hər nömrəsinin arxasında maddi çətinliklər, təşkilati qayğılar, redaksiya zəhməti, yazı axtarışları, oxucu məsuliyyəti dayanır. Şahməmməd Dağlaroğlu təsisçisi və baş redaktoru olduğu



“İsmayıllı xəbərləri”nin yaşaması və öz oxucu auditoriyasını qazanması üçün illərdir bu məsuliyyəti daşıyır.

Bu qəzet İsmayıllının ictimai həyatının, mədəniyyətinin, tarixinin, insanlarının salnaməsinə çevrilmək missiyasını öz üzərinə götürüb. Onun səhifələrində bölgənin inkişafı, quruculuq işləri, ziyalıların fəaliyyəti, müəllimlərin zəhməti, sənət adamlarının yaradıcılığı, gənclərin uğurları, şəhidlərin xatirəsi, el ağsaqqallarının sözü öz əksini tapır.

Rayon qəzeti yalnız bir inzibati ərazinin xəbərlərini dərc edən mətbuat orqanı yox, həmçinin o bölgənin mənəvi pasportudur. Bu gün qəzetin səhifələrində yazılanlar sabah tarixi sənədə, gələcək nəsillərin müraciət edəcəyi yaddaş mənbəyinə çevrilir. Bir kəndin dünəni, bir ziyalının ömür yolu, bir el sənətkarının xatirəsi, bir insanın zəhmət salnaməsi qəzet səhifələrində yaşadıqca unudulmaq təhlükəsindən xilas olur.
Şahməmməd müəllimin redaktorluq fəaliyyətinin başqa bir mühüm istiqaməti də ədəbi mühitə verdiyi töhfədir. O, qələmini yalnız öz yaradıcılığına yönəltməyib, başqalarının da sözünə yol açıb. Qırxdan artıq kitabın redaktoru, dörd ədəbi toplunun tərtibçisi olması onun bu sahədəki zəhmətinin miqyasını göstərir. Bu, adi texniki iş deyil. Redaktorluq müəllifin fikrinə nüfuz etmək, sözün mahiyyətini qorumaq, yazının dilini və məntiqini cilalamaq, kitabın oxucuya daha mükəmməl şəkildə çatmasına xidmət etməkdir.

Onun 2014-cü ildən təsisçisi və sədri olduğu “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi də məhz belə bir missiyanın daşıyıcısıdır. Bir bölgədə ədəbi mühitin formalaşması, yerli qələm sahiblərinin bir araya gəlməsi, gənc istedadların üzə çıxarılması, şeir və nəsr nümunələrinin təbliği böyük ictimai əhəmiyyət daşıyır. Ədəbiyyatın yaşaması üçün yalnız yazanlar deyil, yazılanlara dəyər verən, onları qoruyan, oxucuya çatdıran insanlar da lazımdır. Şahməmməd Dağlaroğlu bu baxımdan öz üzərinə düşən işi yerinə yetirməyə çalışan ziyalılardandır.

Onun poeziyası da bu geniş fəaliyyət dairəsinin ayrılmaz hissəsidir. Dağlaroğlu təxəllüsü ilə qələmə aldığı şeirlərdə insanın daxili aləmi, həyatın mənası, zaman, vətən, torpaq, sevgi, mənəvi dəyərlər və insan münasibətləri əsas yer tutur. Neçə-neçə kitabın müəllifi olan şairin yaradıcılıq nümunələrinin “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və müxtəlif almanaxlarda yer alması onun sözünün doğma bölgənin hüdudlarını aşaraq daha geniş ədəbi məkana çıxmasının göstəricisidir.

Özbək və tatar ədəbiyyatına salınan körpü

Şahməmməd müəllimin rus, tatar və özbək dillərindən tərcümələr etməsi də xüsusi qeyd olunmalıdır. Tərcüməçilik iki dil arasında sözləri dəyişməkdən daha böyük sənətdir. Bu, iki xalqın mənəvi dünyası arasında körpü salmaq, bir xalqın ədəbiyyatında doğulan hissi, düşüncəni başqa xalqın oxucusuna çatdırmaqdır. Xüsusilə türk dünyasının ədəbi əlaqələrinin möhkəmləndiyi bir dövrdə özbək və tatar ədəbiyyatına müraciət etmək, bu dillərdəki əsərləri Azərbaycan oxucusuna təqdim etmək milli-mədəni yaxınlaşmaya xidmət edən dəyərli fəaliyyətdir.
Ş.Dağlaroğlunun 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olması onun iki mühüm yaradıcılıq sahəsində – ədəbiyyat və jurnalistikada fəaliyyətinin rəsmi şəkildə tanınmasının ifadəsidir. 2018-ci ildə Prezident təqaüdünə layiq görülməsi də onun yaradıcılıq əməyinə verilən qiymətdir. 2019-cu ildə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı fəaliyyətinə görə fəxri diplomla təltif olunması isə onun yaradıcılığının beynəlxalq ədəbi-mədəni əlaqələr müstəvisində də dəyərləndirildiyini göstərir.
Amma Şahməmməd müəllimin həyatını yalnız yaradıcılıq və jurnalistika ilə məhdudlaşdırmaq doğru olmazdı. O, uzun illərdir ictimai-siyasi fəaliyyətdə də iştirak edir. Əldə etdiyim məlumatları onu yaxından tanımayanların nəzərinə çatdırmaq yerinə düşər.

Ömürnaməsindən:

Şahməmməd Nurulla oğlu Soltanov 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub.


1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib, Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib.

Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışıb. İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində 15 ildən artıq əmək təlimi müəllimi işləyib.

1982-1984-cü, 1986-1991-ci illərdə Rusiya Federasiyasında yaşayıb, qiyabi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu, Kemerovo şəhərinda Marksizm-Leninizm Universitetini bitirib. İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə ilk bələdiyyə seçkisində uğur qazanaraq, bələdiyyənin sədri vəzifəsində çalışıb.

2005-ci ildə Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya klubu nəzdində birillik jurnalistika kursunu bitirib, İsmayıllı rayonunun Yerli Radio Verilişləri

Redaksiyasında redaktor vəzifəsində işləyib.

Bələdiyyə üzvü olmaq yalnız seçilmək və müəyyən vəzifə daşımaq deyil. Bu, insanların gündəlik qayğıları ilə üz-üzə qalmaq, yerli problemləri dinləmək, onların həllinə imkan daxilində töhfə vermək deməkdir. Bələdiyyə insanların yaşadığı küçədən, məhəllədən, kənddən, sosial ehtiyaclarından başlayan idarəçilik sahəsidir. Bu işdə insanlarla ünsiyyət, səbir, məsuliyyət və vətəndaş mövqeyi xüsusi əhəmiyyət daşıyır. Bələdiyyələr üzrə keçirilən ikinci, üçüncü, dördüncü, beşinci və altıncı seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib. Hazırda İsmayıllı bələdiyyəsinin üzvü, bələdiyyədə Yerli sosial-siyasət, iqtisadi-inkişaf məsələləri daimi komissiyasının sədridir. 1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, 30 il partiyanın İsmayıllı rayon təşkilatının sədri olub.

Dağlaroğlu təxəllüsü ilə erkən yaşlarından şeirlər yazır, 8 kitabın müəllifi, 90-dan artıq kitabın redaktoru, 6 toplunun tərtibçisidir. Şeirləri “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və digər bir neçə almanaxda yer alıb. Rus, tatar, özbək, kazax, qırğız, tacik dillərindən tərcümələr edir. Özbək dilindən tərcümələri əsasında Daşkənddə və Bakıda 8 kitab çap olunub.

1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2016-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2008-ci ildən çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, 2014-cü ildən təsisçisi olduğu “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədridir.

2018-ci ildə Prezident təqaüdünə layiq görülüb.
2019-cu ildə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindəki fəaliyyətinə görə Fəxri diplomla təltif olunub.
2020-ci ildə Orta Asiya Yazıçılar və Tarixçilər Assosiasiyasının qərarı ilə “Turan Birliyi” medalına layiq görülüb.

Özbəkistanda keçirilən “Dəyərin yüksək olsun, ana dilim” beynəlxalq müsabiqəsində “Özbək dilinin xaricdə təbliği nominasiyası”nda dünyanın 60-dan çox ölkəsi arasından Azərbaycana birincilik gətirib. Qırğızıstanda şairə G.Möminovanın yubileyi şərəfinə keçirilən şeir müsabiqəsinin baş mükafatçısı olub.

2021-ci ildə özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibəti ilə “Əlişir Nəvai-580” yubiley madalı və “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif olunub.

Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, Mədəniyyət və Yaradıcılıq Elmləri Akademiyasının 24 fevral 2024-cü il tarixli qərarı ilə akademik elmi dərəcəsinə layiq görülüb. Azərbaycan Yazıçılarının XIII qurultayının nümayəndəsi olub.

Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, Mədəniyyət və Yaradıcılıq Elmləri Akademiyasının 24 fevral 2024-cü il tarixli qərarı ilə akademik elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyəti dövründə dəfələrlə rayonun, eləcə də çalışdığı müəssisə, təşkilat, idarə rəhbərləri tərəfindən Fəxri fərman və Təşəkkürnamələr alıb.
Şahməmməd Dağlaroğlunun jurnalist, şair və ictimai xadim kimi
qazandığı təcrübə bu fəaliyyət sahələrinin hər birində biri-birini tamamlayır. Jurnalist cəmiyyətin problemlərini görür, şair onların insan qəlbində yaratdığı duyğuları yaşayır, ictimai xadim isə imkan daxilində həmin problemlərin həllində iştirak etməyə çalışır.


Bu üç istiqamətin bir ömürdə birləşməsi onun fəaliyyətinə özünəməxsus məzmun verir.

İnsan həyatında bir də ailə deyilən müqəddəs bir dünya var. İctimai fəaliyyətin, yaradıcılığın, qələm zəhmətinin arxasında çox vaxt ailənin mənəvi dayağı dayanır. Ailəli olan, üç övlad böyüdən Şahməmməd müəllim üçün ailə də həyatının mühüm dəyəridir. Çünki insanın cəmiyyətdə qazandığı hörmətin ən səmimi ölçülərindən biri onun ailəsində, doğmalarının yanında qazandığı mənəvi ehtiramdır. Övladların uğuru, ailənin mehribanlığı, doğmaların duası ömrün ən qiymətli sərvətlərindəndir.

70 yaşlı insanın həyatına baxanda bir həqiqət aydın görünür: ömrün dəyəri onun neçə il davam etməsində deyil. 70 ilin içərisində nə qədər xeyirxah işin, neçə mənalı təşəbbüsün, neçə insan taleyinə toxunan əməlin olması ilə müəyyənləşir. Şahməmməd Dağlaroğlunun

70 illik ömür yolunda

müxtəlif sahələr biri-birini tamamlayır: müəllimlik, jurnalistika, poeziya, tərcüməçilik, redaktorluq, nəşriyyat işi, ictimai-siyasi fəaliyyət və bələdiyyə işi. Bu sahələrin hər birində onu birləşdirən ümumi bir məram var – insanlara, doğma yurda, sözə və mənəvi dəyərlərə xidmət.
Əlbəttə, heç bir ömür yalnız uğurlardan ibarət deyil. Hər yolun öz çətinliyi, hər zəhmətin öz ağrısı, hər yaradıcılıq axtarışının öz tərəddüdü var. Əsas məsələ bütün bunların içərisində öz yoluna sədaqət göstərməkdir. Şahməmməd müəllimin ömrünün ən diqqətəlayiq cəhətlərindən biri də budur: o, müxtəlif həyat sınaqlarından keçərək öz qələminə, sözünə, doğma İsmayıllıya bağlılığını qoruyub saxlayıb.
Bu gün onun 70 illik yubileyini qeyd edərkən yalnız bir şairi, jurnalisti, redaktoru, ictimai-siyasi xadimi təbrik etmirik. Biz həm də bölgə mətbuatının yaşaması, yerli ədəbi mühitin inkişafı, söz adamlarının tanınması, İsmayıllının ictimai-mədəni həyatının salnamələşməsi naminə çəkilən zəhmətə ehtiramımızı bildiririk. Məncə, insanın ən böyük mükafatı arxasında qoyduğu yaxşı addır. Vəzifələr dəyişir, zaman keçir, illər biri-birini əvəz edir. Amma xeyirxah əməllər, yazılan kitablar, qorunan xatirələr, işıq üzü görən qəzetlər, insanlara verilən mənəvi dəstək yaşayır. Bir gün bu günün qəzet səhifələri də arxivə çevriləcək, orada yazılanlar tarix olacaq. Həmin tarixin yaradıcılarından biri kimi Şahməmməd müəllimin də öz yeri olacaq.

Davam edən ömür və yaradıcılıq

Əziz Şahməmməd müəllim!


70 yaşınız mübarək! Arzu edirəm ki, bu yubiley həyatınızın yeni və daha məhsuldar mərhələsinin başlanğıcı olsun. Qələminizdən yeni şeirlər, publisistik yazılar, tərcümələr, “İsmayıllı xəbərləri”nin səhifələrindən doğma yurdumuzun uğurlu xəbərləri əskik olmasın. Təsisçisi olduğunuz ədəbi birlik daha çox istedadı üzə çıxarsın, redaktorluğunuzla işıq üzü görən kitabların sayı artsın.
Sizə möhkəm cansağlığı, ailə səadəti, övladlarınızın xoş günlərini görməyi, dostlarınızın əhatəsində mənalı və bərəkətli ömür arzulayıram. Çünki insanın ömrü yalnız yaşadığı illərlə bitmir. O ömür yazdığı kitablarla, yaratdığı qəzetlə, yetişdirdiyi ədəbi mühitlə, xidmət etdiyi insanlarla davam edir.
Əziz Şahməmməd müəllim, siz ömrünüzün 70 ilini yaşamısınız, amma sözə və elə xidmət yolunda hələ qarşıda yazılacaq nə qədər səhifəniz var.
Qoy o səhifələr sağlamlıqla, yaradıcılıqla, uğurlarla və doğma İsmayıllının sevgisi ilə dolsun!
70 yaşınız mübarək, sözün və elin fədakar xidmətçisi!

Daşdəmir ƏJDƏROĞLU




Oxşar xəbərlər