Turaztv.az » Xəbərlər » Allah sizi qorusun, illərimin dostları - FOTO
Xəbərlər

Allah sizi qorusun, illərimin dostları - FOTO

17.11.2026, 00:21 5
BELA ZƏNGİBASARLI

İLLƏRİMİN DOSTLARI
(həyatımda xeyirxahlığı, insanlığı və dəyəriylə izi qalan dostlarıma)
Ələnməyib qalıbsa ələyin bu üzündə,
Saxtalıq görmədimsə söhbətində, sözündə.
Səmimiyyət gördüyüm baxışında, gözündə,
Allah sizi qorusun, illərimin dostları.

Göstərirsiz sədaqət, etibarı, vəfanı,
Yaralı qəlbim yalnız sizdən alır şəfanı.
İnşallah, bu dostluqda bir sürərik səfanı,
Allah sizi qorusun, illərimin dostları.

Bənzəyirsiz günəşə, göydə ulduza, aya,
Təlatümsüz dənizə, duru axan bir çaya.
Ətrafımda çoxalın, gəlməyin tək-tək saya,
Allah sizi qorusun, illərimin dostları.

Məni yaxın dost bilib arxadan vurmayanlar,
Kələk, hiylə, hoqqayla min oyun qurmayanlar,
Pis əməli olanın yanında durmayanlar,
Allah sizi qorusun, illərimin dostları.

Çörəyi dizi üstə, ipi qırıq olmayan,
Dəyərli, insan kimi heç vaxt yeri dolmayan,
Laqeydlik göstərib, biganətək qalmayan,
Allah sizi qorusun, illərimin dostları.

,,Dost" sözüdür heç zaman hecalara bölünməz,
Yaxşının qoyduğu iz yaddaşlardan silinməz.
Dəyərsizin yanında qədir-qiymət bilinməz,
Allah sizi qorusun, illərimin dostları.


15.11.2026.

Oxşar xəbərlər