Turaztv.az » Xəbərlər » YAXŞILIQ : İNSANIN DÜNYADA QOYDUĞU ƏN GÖZƏL İMZADIR...
Xəbərlər

YAXŞILIQ : İNSANIN DÜNYADA QOYDUĞU ƏN GÖZƏL İMZADIR...

20.11.2026, 12:43 5
YAXŞILIQ : İNSANIN DÜNYADA QOYDUĞU ƏN GÖZƏL İMZADIR...
Cəmil Zəbhullaoğlu

Yaxşılıq etmək hər insanın bacara biləcəyi, amma hər kəsin dəyərini dərk edə bilmədiyi böyük bir mənəvi sərvətdir. Yaxşılıq nə var-dövlətlə ölçülür, nə də insanın cəmiyyətdə tutduğu mövqe ilə. Bəzən bir xoş söz, bir səmimi təbəssüm, çətin anında kiminsə əlindən tutmaq, dərdinə şərik olmaq ən böyük yaxşılığa çevrilir.
Həyat qəribədir... Bu gün kiminsə köməyinə ehtiyac duyan insan sabah başqasının ümid yerinə çevrilə bilər. Ona görə də heç vaxt yaxşılıq etməkdən yorulmayaq. Çünki yaxşılıq etdiyimiz insanın kim olmasından, hansı mövqedə dayanmasından asılı olmayaraq, biz ilk növbədə öz insanlığımıza sahib çıxırıq.
Yaxşılıq edərkən qarşılıq gözləmək, təşəkkür ummaq, etdiyini hər fürsətdə dilə gətirmək yaxşılığın mənəvi gözəlliyini azaldır. Əsl yaxşılıq səssiz ediləndir. Elə yaxşılıq var ki, onu heç kim görmür, heç kim bilmir, amma bir insanın qəlbində ömürlük minnətdarlıq hissi yaradır.
Təəssüf ki, bəzən yaxşılığı zəiflik, mərhəməti sadəlövhlük hesab edənlər də tapılır. Yaxşı insanların qədrini bilməyənlər, onların səmimiyyətindən istifadə edənlər də az deyil. Ancaq bütün bunlar bizi yaxşılıqdan uzaqlaşdırmamalıdır. Çünki başqasının pisliyi bizim yaxşı olmaqdan imtina etməyimizə səbəb olmamalıdır. İnsan öz xarakterini başqalarının davranışına görə deyil, öz vicdanına görə formalaşdırmalıdır.
Unutmayaq ki, insan bu dünyada əbədi deyil. Nə topladığımız sərvət, nə qazandığımız şöhrət, nə də tutduğumuz vəzifə bizimlə qalacaq. Bir gün hər şey geridə qalacaq. Amma etdiyimiz yaxşılıqlar, qəlblərdə yaratdığımız sevgi, insanların yaddaşında qoyduğumuz xoş xatirələr yaşayacaq.
Mənə görə, insanın ən böyük uğuru çoxlarının tanıdığı biri olmaq deyil, heç olmasa bir insanın həyatında unudulmaz yaxşılıq sahibi kimi qalmaqdır. Elə yaşayaq ki, adımız çəkiləndə kiminsə üzündə təbəssüm yaransın, qəlbində minnətdarlıq oyansın.
Gəlin, bir-birimizin həyatını çətinləşdirmək yox, gözəlləşdirmək üçün yaşayaq. Bir könül almağın, bir dərdi yüngülləşdirməyin, bir ümidi yaşatmağın nə qədər böyük savab və insanlıq nümunəsi olduğunu unutmayaq.
Çünki yaxşılıq insanın dilində söylədiyi söz deyil, əməlləri ilə təsdiqlədiyi mənəvi dəyərdir.
Yaxşılıq edin! Bəlkə də sizin bu gün etdiyiniz kiçik bir yaxşılıq kiminsə sabaha olan inamını xilas edəcək...

Oxşar xəbərlər