Turaztv.az » Xəbərlər » Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır
Xəbərlər

Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır

20.11.2026, 10:54 2
Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır


Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə müasir universitetin gəncləri ölkənin gələcəyi qarşısında məsuliyyət daşımağa hazırlamalı olduğunu bildirib.

Məleykə Abbaszadə ona göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ilk addımlar mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır:

"Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır. İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub.

Oxşar xəbərlər