Turaztv.az » Xəbərlər » BİR TOYUN BƏHANƏSİ, BİR ÖMRÜN XATİRƏSİ - FOTO
Xəbərlər

BİR TOYUN BƏHANƏSİ, BİR ÖMRÜN XATİRƏSİ - FOTO

19.11.2026, 22:27 7
( Sənədli hekayə )

2019-cu ilin qızmar iyul günlərindən biri idi. Yayın istisi Bakının küçələrini bürüsə də, qəlbimizdəki tələbəlik illərinin hərarəti daha güclü idi. Yardımlının füsunkar Ərsilə kəndində yaşayan köhnə tələbə yoldaşımız Səftər müəllimdən şad xəbər almışdıq: o, bizi oğlu Rəşadın toy məclisinə dəvət edirdi. Bu dəvət sadəcə bir toy ziyafəti deyil, həm də illərin sınağından çıxmış dostların yenidən bir araya gəlməsi üçün gözəl bir fürsət idi.
Bakıda yaşayan üç tələbə yoldaşı bir yerə yığışıb səfər planını cızdıq. Sonra Biləsuvarda yaşayan Sədrəddin müəllimə və elə həmin rayonun ərazisindəki köçkünlər qəsəbəsində məskunlaşmış cəbrayıllı dostumuz Məhəmməd müəllimə zəng vurub xəbər verdik ki, bir saatdan sonra yola çıxırıq. Nəsir müəllim həmişəki şirin zarafatından qalmayaraq Sədrəddin müəllimə yarıciddi, yarızarafat səsləndi:
— Sədrəddin, həyətdə beçən varsa, bir-ikisini kəsdir, yaxşı bir soyutma hazırlat. Onsuz da toy sabahdır. Yolüstü Şəlalədə oturub nahar edərik, sonra qalxarıq kəndə.
Nəsir müəllim özü də hazırlıqlı idi; yol üçün bir neçə şüşə araq götürmüşdü. "Şəlalədə oturub boğazımızı yaşlayarıq", — deyirdi. Hüseyn müəllim spirtli içki qəbul etmədiyi üçün yolboyu zarafatla hesablayırdı ki, dörd nəfərə elə bir şüşə bəs edər.
Nəhayət, yola düzəldik. Bizimlə gedən, Şəmkirin Sərxan kəndindən olan şair tələbə yoldaşımız Adil Şamiloğlu yolboyu gözəl şeirləri ilə bizi feyziyab edirdi. Nəsir müəllimlə Adil müəllim düz beş il tələbə yataqxanasında bir otaqda qalmışdılar. Nəsir müəllim hərdən Adil müəllimə o illəri xatırladaraq gülə-gülə deyirdi:
— Adil müəllim gecənin bir aləmi işığı yandırardı. Mən də yuxulu-yuxulu soruşanda ki, "Ay Adil, niyə imkan vermirsən yataq?", o gülümsəyib deyərdi: "Başıma bir-iki kəlmə söz gəlib, onu kağıza köçürüm, indicə işığı söndürürəm".

Beləcə, Bakıdan üzü cənuba doğru yol aldıq. Maşın şütüdükcə söhbət söhbəti açır, tələbəlik xatirələri bir-birini əvəz edirdi. Salyana çatanda Nəsir müəllim yenidən Sədrəddinlə Məhəmməd müəllimə zəng edib, Biləsuvar–Astara yolunun kənarına çıxmalarını istədi. Sədrəddin müəllim nə qədər israr edib: "Əvvəl bizə gəlin, bir tikə çörək kəsək, sonra gedək", — desə də, Nəsirlə Hüseyn müəllim vaxt itirməmək üçün razılaşmadılar. Biz deyilən yerə çatanda dostlarımız artıq yol kənarında dayanıb bizi gözləyirdilər. İyul günəşinin qızmar istisi onları xeyli yormuş, birtəhər etmişdi. Maşından düşüb mehribanlıqla qucaqlaşdıq, hal-əhval tutduq və hamımız birlikdə üzü Talış dağlarının qoynunda yerləşən Yardımlıya tərəf istiqamət aldıq.
Saat 14:20 radələrində məşhur "Şəlalə" istirahət guşəsinə çatdıq. Maşını saxlayıb boş masalardan birinə yaxınlaşdıq. Orada qulluq edən cavan oğlandan xahiş etdik ki, masanın üstünü silib təmizləsin. Oğlan yaxınlaşıb nə sifariş verəcəyimizi soruşdu. Məhəmməd müəllim səmimiyyətlə izah etdi ki, özümüzlə yemək-içmək gətirmişik, sadəcə burada əyləşib çörəyimizi yemək istəyirik. Cavan oğlan isə soyuqqanlılıqla:
— Burada oturmaq üçün 25 manat ödəməlisiniz, sonra əyləşib yeyə bilərsiniz, — dedi.
Dostların qanı qaralmadı, əksinə, gülüşərək torbalarımızı götürüb maşına mindik. Bir qədər irəli gedib, şırıl-şırıl axan çayın kənarında, yaşıllığa bürünmüş sakit bir yamacda maşını saxladıq. Təbiətin qoynunda özümüzə elə bir süfrə açdıq ki, heç bir restoranın dəbdəbəsi onun yerini verə bilməzdi. Çayın səsi, dağların sərin mehi və dostların şirin söhbəti altında naharımızı edib, üzü Ərsilə kəndinə doğru yolumuza davam etdik.
Ərsilə kəndinə çatanda artıq axşamüstü idi, dağların sərin havası adamın ruhunu oxşayırdı. Bizi ev sahibi Səftər müəllim və qardaşı Yusif müəllim böyük səmimiyyətlə, gülərüzlə qarşıladılar. Dərhal evə dəvət edib süfrə açmaq istəsələr də, Nəsir müəllim əlini sinəsinə qoyub: "Çox sağ olun, heç nəyə ehtiyac yoxdur, biz yeyib-içib gəlmişik", — dedi.
Elə bu vaxt evdən beş-on metr kənardakı təndirxanadan ətrafa elə bir isti çörək ətri yayıldı ki, hamımız bir anlıq yerimizdə donub qaldıq. Nəsir və Hüseyn müəllim dərindən nəfəs alıb kövrəldilər. Bu qoxu onları uşaqlıq illərinə, analarının təndir başında çörək bişirdiyi o qayğısız, bərəkətli günlərə aparmışdı. Sədrəddin müəllim bu ətrin sirrini dərhal açdı:
— Bu çörəyin unu su dəyirmanında üyüdülüb, ona görə ətri belə aləmi bürüyüb.
Hüseyn müəllim bu mənzərənin qarşısında tab gətirməyib Səftər müəllimə üz tutdu:
— Səftər, evdə pendir varsa, bir-iki parça gətir. Bu isti təndir çörəyini bostandakı təzə göy soğanla yemək istəyirik.

Həyətdəki yamyaşıl otların üstünə süfrə salıb əyləşdik. İsti təndir çörəyi, kənd pendiri və təzə göy soğan bizi yenidən uşaqlıq illərimizə qaytardı. O anlarda nə şəhərin səs-küyü var idi, nə də illərin yorğunluğu. Nəsir müəllim fürsəti fövtə verməyib Masallıda yaşayan tələbə yoldaşımız Allahşükür müəllimə zəng vurdu və artıq Səftər müəllimin qonağı olduğumuzu bildirdi. Allahşükür müəllim təəccüblə: "Axı toy sabahdır, nə tez gəlmisiniz?" — deyə soruşdu. Nəsir müəllim onu da yanımıza çağırmaq üçün nə qədər dil töksə də, Allahşükür müəllim həmin gün gələ bilmədi.
Həmin gecə Səftər müəllimin qonaqpərvər ocağında, səmimi söhbətlər içində keçdi. Səhər gözümüzü dağ kəndinin təmiz havasına və xoş ovqata açdıq. Səhər yeməyindən sonra hamımız birlikdə Masallının məşhur "İstisu" deyilən səfalı guşəsinə yollandıq. Toy məclisi də elə İstisuya yaxın yerləşən şadlıq saraylarının birində keçirilirdi.
Toyun başlanmasına bir qədər qalmış artıq bütün tələbə yoldaşlarımız şadlıq sarayının qarşısında toplaşmışdı. Kimi qucaqlaşır, kimi zarafatlaşır, kimi də illərin həsrətini gözlərindəki sevinc işığı ilə əridirdi. Deyib-gülərək, rəqs edərək gözəl bir toy məclisi yola verdik.
Toy başa çatdıqdan sonra da dostların bir-birindən ayrılmağa heç həvəsi yox idi. Həmin axşam Yardımlı rayonunun Avaş kəndindən olan tələbə yoldaşımız Allahbaxış müəllimin israrlı dəvəti ilə onun qonağı olduq. Süfrə başında yenidən tələbəlik illərinin şirin xatirələri canlandı, səmimi söhbətlər gecə yarıyadək davam etdi.
Ertəsi gün səhər tezdən yola çıxıb geri dönməyə başladıq. Biz artıq Cəlilabad rayonunun ərazisindən keçib üzü Bakıya doğru hərəkət edirdik ki, telefon zəng çaldı. Zəng edən Yardımlının Göryədi kəndindən olan tələbə yoldaşımız Zeyni müəllim idi. O, böyük səmimiyyət və mehribanlıqla: "Bu gün də mənim qonağımsınız, mütləq bizə gəlməlisiniz!" — deyə israr edirdi. Artıq Cəlilabadı keçib paytaxta xeyli yaxınlaşdığımız üçün təəssüflə geri qayıda bilməyəcəyimizi bildirdik, amma bu zəngin özü belə qəlbimizi isitməyə bəs etdi.
Həmin səfər bizim üçün sadəcə bir toy ziyafəti deyil, dostluğumuzun, qonaqpərvərliyimizin və birliyimizin tarixinə yazılan unudulmaz bir xatirə oldu. İndi də nə vaxt tələbə yoldaşları bir araya gəlsək, mütləq o səfəri — çay kənarındakı süfrəni, Ərsilənin təndir ətrini, Avaşdakı səmimi gecəni və Göryədidən gələn o mehriban dəvət zəngini xoş təbəssümlə xatırlayırıq.

Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Oxşar xəbərlər