Xəbərlər
Özümüzü yüksəkdə görməyək
Sənubər Səhər
Çünki həyat aşağıdadır.
Niyə?
Çünki həyatı biz qururuq?
Niyə aşağıdadır?
Yuxarıdan yol verilməyib.
Niyə?
Biz varıq.
Bəli, həyatı biz qururuq.
Bizə verilən imtiyazlardan bəhrələnərək.
İstəsək də, istəməsək də, edirik.
Niyə?
Borcumuz hesab edirik – həyata, yaşama, insanlığa, dünyaya və elmi yaranıma...
Bacarıqların saysız-sonsuz yaşam yönətimi həyat yollarımızın qurucusudur.
Bizi tanıyanların da, öz tanıdıqlarımızın da çoxluğuna sevinirik.
Sevincin ən yüksək zirvəsi isə bizi anlayanların və bizim anladıqlarımızın çoxluğudur.
Qarşılıqlı anlaşmalar da hörmətin, sevginin əsasını qoyur.
Özümüzü yüksəkdə niyə görməyək?
Çünki bu yol heç vaxt bitmir...
Əsas odur ki, bu yolla tək getməyək – bizi başa düşənlərlə birgə olaq.
Zirvədə olmaq istəyi bacarıqlarımızın, biliklərimizin, əməllərimizin, arzularımızın, sevdiklərimizlə birgə anlaşımına qovuşmaqdır.
Bu bitməz-tükənməz yolların son nöqtəsi nə vaxt, harada qoyulacaq, heç kəs bilmir.
Hər şeyi bilmək də heç kəsə nəsib olmayıb.
Sadəcə, bildiklərimizə, bacardıqlarımıza uyğun həyat yolumuzu tapanda şükür edirik.
Şükürü bacarmayanlar isə nə qazansalar, əldə etsələr, ürəkdən sevinmək və xoşbəxtliyin nə olduğunu bilmirlər.
Özünü yüksəkdə görənlər ümumiyyətlə varmı?
Məncə, ətraf dəyişdikcə bu durum da dəyişir. Əlbəttə ki, mənəvi dünyanın təsiri altında…
Saysız insan xisləti, həyati durumlar dünya yaşam fenomeninin saysız yollarından keçsə də, pis, yaxşı qiymətləri arasında qalırıq.
Qəlbimiz, ağlımız nəyi pis, nəyi yaxşı görürsə, o yola uyğun da irəliləyir. Ətrafı da o əməllərə uyğun toplanır.
Hər kəs dünyagörüşü, əməlləri, duyğuları uyğun gələn insanların əhatəsində olmaq istəyir. Özünü yüksəkdə görmək istəyən də, adi, sadə həyatı ilə razılaşanlar da…
Dünyəvi durumlar daim zirvədə olmaq arzusunu prezidentlər üçün də hər zaman həyata keçirmirsə, gəlin, özümüzə qayıdaq, çox uçmayaq, nəyimiz var, şükür edək.
Bu dünyada ən böyük var-dövlət sevdiklərimizin və bizi sevənlərin əhatəsində olmaqdır. Ən yüksək zirvə də budur.
Bu zirvəni görək.
Pulla əldə edilən zirvələrin altı uçurumdur.
Yaxşılıq, bilik və daim bunları paylaşmağın yaratdığı zirvələrin qurucusu olaq.













