Turaztv.az » Xəbərlər » BƏHRUZ — NECƏ TANIDIQSA...
Xəbərlər

BƏHRUZ — NECƏ TANIDIQSA...

18.11.2026, 10:24 5
Bəhruz haqqında yazmaq mənim üçün həm xoş, həm də bir qədər məsuliyyətli işdir. Çünki bu yazıda haqqında eşitdiklərimi deyil, illər ərzində özümün tanıdığım, münasibətdə olduğum, dostluğuna güvəndiyim bir insanı qələmə almaq istəyirəm.

Bəhruzla tanışlığımız qəzetçilik fəaliyyətimiz dövrünə təsadüf edir. İlk tanışlığımız sonralar ilk kitabım — “Babadağa baxan ellər”in hazırlanması zamanı daha da yaxınlaşdı. Kitabın yığılması prosesində başlayan ünsiyyətimiz zamanla səmimi dostluğa çevrildi. Beləcə, aylar illəri əvəz etdi, tanışlığımızın yerini doğmalıq, qarşılıqlı hörmət və etibar aldı.
İllər keçdikcə insanın xarakteri, münasibətlərə yanaşması daha aydın görünür. Bəhruzun xarakterindən söz düşəndə ilk növbədə onun səxavəti, dostcanlılığı, səmimiyyəti, etibarlılığı və dürüstlüyü yada düşür. O, dostluğa ötəri münasibət bəsləyən insanlardan deyil. Onun üçün dostluq sözdə deyil, münasibətdə, diqqətdə, çətin və sevincli günlərdə yanında olmaqdadır.

Bəhruzun səxavəti yalnız maddi imkanla ölçülmür. O, diqqətini, vaxtını, əməyini, qayğısını əsirgəməyən insandır. Səmimiyyəti davranışında, dürüstlüyü sözündə, etibarlılığı isə illərin sınağından keçən münasibətlərində özünü göstərir.
Bu xüsusiyyətlərini mən öz həyatımda da dəfələrlə görmüşəm. “Babadağa baxan ellər-2” kitabımın hazırlanmasında, yaradıcılığıma göstərdiyi diqqətdə, yubiley tədbirimin daha gözəl və yaddaqalan keçirilməsi üçün göstərdiyi səydə onun bu münasibətini bir daha gördüm. O, əlindən gələni əsirgəmədi. Mənim sevincimə öz sevinci kimi yanaşdı. Bəzən insanın yaddaşında görülən işdən daha çox, həmin işin arxasında dayanan ürək qalır. Bəhruzun mənə göstərdiyi bu dəstək də yaddaşımda məhz belə qalıb.
Bəhruzun insani keyfiyyətləri ilə yanaşı, onun mənəvi dünyasında xüsusi yer tutan bir başqa məqam da var: doğma elinə və sözə bağlılığı. Onun poeziyaya sevgisinin köklərində isə doğma Musa Dədəyə — Musa Yaquba olan mənəvi yaxınlığın da öz yeri var.
Bəhruzun Musa Yaqub poeziyasına bağlılığından danışarkən onun Buynuzdan olduğunu da xüsusi vurğulamaq istəyirəm. Çünki bu bağlılığın arxasında yalnız şeirə, sözə olan sevgi dayanmır. Burada uşaqlıqdan gələn şəxsi tanışlıq, doğma elin yaddaşı, illərin gətirdiyi mənəvi yaxınlıq da var. Bəhruz Musa Yaqubu şəxsən uşaqlıqdan tanıyıb. Onun yaddaşında bir vaxtlar Buynuzun küçələrində, el-obanın içində gördüyü Musa Yaqubla sonralar xalqın sevimlisinə çevrilən, Xalq şairi ucalığına yüksələn Musa Yaqub obrazı yanaşı yaşayır.

Bir tərəfdə uşaqlıq xatirələrinin Musa Yaqubu, o biri tərəfdə böyük poeziya yolu keçmiş Xalq şairi... Bu iki obraz Bəhruzun yaddaşında bir-birindən ayrılmır. Bəlkə də, onun poeziyaya, sözə bu qədər doğma münasibətinin bir səbəbi də elə budur: o, Musa Dədənin misralarında təkcə poeziyanı deyil, öz doğma Buynuzunun nəfəsini, uşaqlığının izlərini, elinin ruhunu da duyur. Doğma Musa Dədəyə olan sevgi zamanla onun poeziyaya, sözə və ədəbiyyata bağlılığının da mənəvi dayaqlarından birinə çevrilib.
Doğma elin yaddaşı, uşaqlıqdan gələn duyğular və sözə bağlılıq, təbii ki, insanın öz yaradıcılığında da iz buraxır. Bəhruzun şairlik duyğusunu, həyata və insan ömrünə münasibətini onun “Xəzan yarpağı” şeirində də görmək mümkündür.
Bu şeirdə bir xəzan yarpağı şairi ömrün faniliyi, insan taleyi və torpaq haqqında düşüncələrə aparır. Budaqdan qopan yarpağın taleyində öz taleyini görən müəllif təbiətin adi bir mənzərəsindən dərin həyat fəlsəfəsi yaradır. Torpaq burada yalnız son mənzil deyil, insanın bütün yaxşı və yaman günlərinin qovuşduğu əbədi ünvan kimi təqdim olunur.
Bəhruzun “Xəzan yarpağı” şeirindən:

Bəhruz Məmmədov


Mənim də bu ömrüm bir yarpaq ömrü,
Körpə bir tumurcuq, sonunda xəzan.
Yaşayıb budaqda, torpaqda çürü,
Onunla bir yazıb bəxtimi yazan.

Onda yastığımız, yorğanımız da,
Onda ümidimiz, gümanımız da,
Lap elə yaxşımız, yamanımız da,
Yamandan yorulmuş torpaq olacaq.


Bəhruzun şeirlərindəki duyğular, həyata və insana münasibəti onun dostluğa baxışında da özünü göstərir. Bunun ən gözəl nümunələrindən biri də mənə həsr etdiyi “Mən sənə nə yazım?” şeiridir. Bu şeirdə o, mənim gündəlik zəhmətimdən, dostların dərdinə şərik olmağımdan, iç dünyamdan, Babadağa baxan ellərlə bağlılığımdan söz açır. Ən əsası, bu misralarda özümü onun gözü ilə görürəm.

Bəhruz Məmmədov
Mən sənə nə yazım?
Mən sənə nə yazım?
Bəlkə bir şeir...

Bəlkə bir nəğmənin sözlərini yazım?
Tapasan özünü o sətirlərdə.
...Gecəni gündüzə qatıb işləyib,
Yorulub dincini alanda hərdən,
Çəkilib otağın uzaq küncünə,
Rahatlıq tapasan həmin şeirdən.

Biləsən köksünə o sığışmayan,
Özündən savayı hamıya yanan,
Dostun dərd yükünü öz yükü sanan,
O böyük qəlbinə mən də bələdəm.

...Qapından əliboş qayıtmayanlar,
Könlünü heç zaman ovutmayanlar,
Gözünün yaşını qurutmayanlar,
Biləsən, bilirəm nə qədərdilər.

Çiçəkdən bal çəkən arılar kimi,
Çoxunun dərdinə dərman, həkimi.
Bilirəm, sazının yox sarı simi,
Gileyin-güzarın çatmır heç kimə.

Arzular yaşadır, arzular bizi,
Yolun çətin yoldu, qoymusan izi.
Yelkənin fəth edib coşqun dənizi,
Bilirəm, amansız olur dalğalar.

Bir də biləsən ki, əsəndə yellər,
Babadağa baxan bizim o ellər,
Göndərir sənincün tər, qönçə güllər,
Şeirimin sonunda dəstələniblər.


Bu şeiri oxuyanda bir daha anlayırsan ki, insanın necə tanınması ilə özünü necə tanıması həmişə eyni olmur. Bəhruzun misralarında mənim özümə aid bildiyim cizgilərlə yanaşı, onun illər ərzində müşahidə edib yadda saxladığı xüsusiyyətlər də var. Bu, dostun dost haqqında yazdığı sadəcə bir şeir deyil, illərin gətirdiyi doğmalığın poetik ifadəsidir.
Beləliklə, Bəhruzun mənə həsr etdiyi şeir bu yazıda xüsusi bir məna qazanır. Mən onu öz gördüyüm, yaşadığım, münasibətlərimizdə tanıdığım Bəhruz kimi təqdim edirəmsə, bu misralar da onun məni necə tanıdığını göstərir. Bəlkə də, “Bəhruz — necə tanıdımsa...” adının mahiyyəti elə bu qarşılıqlı tanışlıqda, dostluqda və illərin yaratdığı doğmalıqda gizlənir.
Son söz əvəzinə
İllər insanları bir-birindən uzaqlaşdıra da bilər, daha da yaxınlaşdıra da. Bəzi münasibətlər isə zaman keçdikcə öz dəyərini itirmir, əksinə, sınaqlardan keçərək möhkəmlənir. Bəhruzla dostluğumuz mənim üçün belə münasibətlərdəndir.
Bu yazıda onu nə olduğundan artıq göstərmək, nə də haqqında ümumi təriflər söyləmək istədim. Sadəcə, illər ərzində tanıdığım, dostluğuna güvəndiyim, yaradıcılığına və insani keyfiyyətlərinə hörmət bəslədiyim Bəhruzu oxucuya təqdim etməyə çalışdım.
Mən Bəhruzu necə tanımışamsa, elə də qələmə aldım. Bu yazını həm də onun ad günü münasibətilə bir dost sözü, bir könül payı kimi qələmə aldım. Əziz dostuma möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı, yaradıcılıq uğurları arzulayıram. Qələmi daim yazsın, sözü oxucusuna çatsın, doğma Buynuzun, dostlarının və sevənlərinin əhatəsində neçə-neçə gözəl yaşlarını qeyd etsin.
Ad günün mübarək olsun, Bəhruz qardaşım! Dostluğumuz həmişə var olsun!

Təranə Əmir qızı Cəbiyeva
Yazıçı-publisist

Oxşar xəbərlər