Turaztv.az » Xəbərlər » MƏN NƏ DEYİRƏM?
Xəbərlər

MƏN NƏ DEYİRƏM?

21.11.2026, 22:28 7
İlqar İsmayılzadə

(Qısa təqdimat və ədəbi sahəyə aid düşüncələrim)

Təvazökarlıqdan bir azca kənar görünsə də böyüklər və bütün sayğılı-səmimi insanlardan üzrxahlıqla öncə qısa təqdimat edim:
Mən (İlqar İsmayılzadə) olaraq fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, tərcüməçi, araşdırmaçı, yazıçı-publisistəm. İndiyədək azərbaycan, ərəb və fars dillərində müxtəlif mövzulara aid 153 kitabın müəllifiyəm. Onlardan yalnız 55-i ölkə daxili və xaricində işıq üzü görüb. Bundan əlavə, 40-a yaxın ərəb və fars dillərindən azərbaycan dilinə çevirdiyim kitabın tərcüməçisiyəm. İki ölkədən rəsmi şəkildə elmi dərəcə almış bir aliməm.

İyirmi altı (26) ilə yaxın media sahəsində, 30 il isə ədəbiyyat sahəsində olan bir insan və Cəlilabad ədəbi mühitinin sadə və sıravi bir üzvüyəm. Ədəbiyyat sahəsində əsasən nəsr və tərcümə sahəsində olsam da, heç vaxt özümü şair kimi təqdim etməmişəm. Sadəcə həvəskarcasına ara-sıra şeirlər yazıram.
Otuz (30) ilə yaxındır ki, siiyasət, mədəniyyət, incəsənət, ilahiyyat və s. kimi müxtəlif mövzularda publisist yazılarımla çıxış edir, etika və səmimiyyət çərçivəsində ən doğru düşündüklərimi təqdim, mövcud problemləri isə tənqid edirəm.
Elm, publisistika, mədəniyyət, ədəbiyyat və ümumiyyətlə həyatda bu kimi heç bir uğuru özümdən deyil, hamısını Ulu Tanrımın mənə bəxş etdiyi uğurlar sayıram! Bunlara görə əsla özümə güvənib qürurlanmır, O Ulu Yaradana sığınıram...
Özümü heç vaxt ədəbi mühitimizin ağsaqqalı və ya rəhbəri saymamışam. Çünki ədəbi mühitimizin Ustad Zulfu Vellidağ, Ustad Əfrahim Abbas, Ustad Əfrahim Hüseynli və Ustad Elnur Qoca Türk kimi görkəmli ağsaqqalları, ləyaqətli Dədələri var. Mən isə özümü hər zaman onların mənəvi övladı və kiçik şagirdi olaraq təqdim edir, əllərini öpürəm. Bunu da yaxşı bilirəm ki, ləyaqətli böyüklərin, valideyn və ustadların əllərini öpmək həm Türk mədəniyyətinin bir nümunəsi, həm də davranış qaydalarında ən gözəl bir örnəkdir.
Mən əlimə qələm alıb nəsə tənqidi bir yazı yazanda, heç də özümü başqalarından daha ağıllı, daha dərin zəkalı hesab edərək nəsə yazmıram. Sadəcə etika və səmimiyyət çərçivəsində doğru bildiklərimi qələmə alır, başqaları ilə paylaşıram ki, daha yaxşı olaq və eyblərdən-qüsurlardan, rəzillikdən, pislikdən, haqsızlıq və ədalətsizliklərdən uzaqlaşa bilək...
Əsas sualın cavabı:
İndi isə keçirəm sırf ədəbi mühitlə bağlı əsas olan "Mən nə deyirəm?" sualının cavabına:
- Mən deyirəm ki, ağsaqqal, orta yaşlı və gənc olan hər kəs öz yerini bilsin. Yaşda böyüklər özlərindən yaşda kiçik olanlara ən gözəl örnək olsunar.
- Mən deyirəm ki, əgər kimsə ədəbi sahədə uzun müddət əmək sahibidirsə, çoxlu kitab və məqalələrin müəllifidirsə, bu onun istədiyi kimi davranmasına və qələm işlətməsinə bəraət qazandıra bilməz. Qısaca desəm, karifeylik adama etika və milli-mənəvi dəyərləri ayaq altına almağa icazə vermir.
- Mən deyirəm ki, yalnız istedadlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaq kafi deyil, bununla yanaşı həm də gözəl, mədəni və yaxşı insan olmaq lazımdır. Əziz Ustadımız Zulfu Vellidağ Dədəmin söylədiyi kimi, "ali təhsiliniz olmasa da, ali mədəniyyətiniz olsun!"
- Mən deyirəm ki, heç kim başqasının yaradıcılığına həqarətlə yanaşıb qəlb qırmasın. Hər kəs insan qəlbini Tanrının toxunulmaz hərəmi sayaraq, hər kəslə nəzakətli və mehriban davransın.
- Mən deyirəm ki, kimsə həyatda süni intellektlə deyil, öz bacarığı və qələmi ilə yalnız bir gözəl və samballı şeir, nəsr və ya ədəbi təhlil nümunəsi yazıb təqdim edə bilirsə, bu onun daxilində olan böyük potensialın göstəricisidir. Buna görə də, həmin adama ədəbiyyat adamı (şair, nasir və ya ədəbi təhlilçi və tənqidçi) demək olar.
- Mən deyirəm ki, beş barmağın beşi də bir olmadığı kimi ədəbi mühitin nümayəndələri də ədəbi yaradıcılıq sahəsində bərabər deyillər. Bu baxımdan hər kəsin bacarığı və yaradıcılığına sayğı ilə yanaşmaq, mövcud qüsurları isə etika və səmimiyyət çərçivəsində, həm də bir-başa qarşı tərəfin özünə demək lazımdır.
- Mən deyirəm ki, hər kəsin şəxsi həyatı var və hər şəxsi həyatda da yanlışlıq və qüsurlar ola bilər. Lakin ədəbi camiə artıq şəxsi həyat deyil. Bu baxımdan, hər kəs ədəbi camiədə ictimai və etika-davranış qaydalarına riayət etməlidir.
- Mən deyirəm ki, kimin "ulduz" sindromu varsa, psixi və nevroloji sağlamlıq üzrə tibbi xidmətlər göstərən Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə müraciət edib, özünü müalicə etdirsin. Özlərini Himalay dağının başında hiss edib, başqalarının şəxsiyyəti və yaradıcılığına yuxarıda aşağı baxmasınlar.
- Mən deyirəm ki, ədəbi mühitdə mövcud olan yad ünsürlər, əxlaqsız, ədəbsiz və əqli qüsurlu şəxslər, müalicə ilə sağala bilməyən psixi və nevroloji xəstələr isə tədriclə ədəbi mühitdən təcrid edilsin.
- Mən deyirəm ki, ədəbi mühitdəki münasibətlərlə bağlı yalan, saxtakarlıq, şoumenlik, ara vurmaq, göndərilmiş xüsusi mesajı onun sahibinin icazəsi olmadan üçüncü şəxsə ötürüb fitnə salmaq, adamın üzünə gülüb tərifləmək, arxasınca isə qeyri-insani davranmaq, görülən gözəl işlərə ağız-burun əyib qaralamaq və gözdən salmaq, mənəm-mənəmlik, təkəbbür, paxıllıq, qeybət etmək, ədəbi mühitdə ədəbiyyata yaraşmayan addımlar atmaq və s. kimi xoşagəlməz əməllərdən çəkinək.
- Mən deyirəm ki, ədəbi mühitdə kişilər kişi kimi, xanımlar da xanım kimi davransınlar. Hansısa xanım özünü kadın kimi aparmasın! Xanımlıq adına kölgə salınmasın.
- Mən deyirəm ki, qadınlar kişilərlə sosial şəbəkələr üzərində meyxana deyişməsinə çıxmasınlar. Öz davranış və danışıqlarına, yazıb paylaşdıqları statuslara (yazı, video və fotolara) diqqət yetirsinlər. Özlərini əlçatan etməsinlər...
- Mən deyirəm ki, ədəbiyyat sahəsində hər kəs öz danışığı, davranışı və qələminə sahib çıxsın. Nə dediyini, nə etdiyini və nə yazdığını düşünərək həyata keçirsin.
- Mən deyirəm ki, ədəbi mühitdə baş verən əyrilik və xoşagəlməz hərəkətlər qarşısında yaşından və statusundan asılı olmayaraq hər kəs etika və səmimiyyət çərçivəsində qarşı tərəfə irad bildirsin. Kiminsə səhvini onun ardınca danışıb, sabahsı günü həmin adamla qucaqlaşıb riyakar davranmasın.
- Mən deyirəm ki, ədəbi mühitdə hər kəs baş verən xoşagəlməz olaylara ikibaşlı formada deyil, tam şəffaf, qətiyyətli və aydın mövqe bildirib, susqunluq və etinasızlıqdan çəkinsin.
- Mən deyirəm ki, ədəbi mühitdə hər kəs məsuliyyətli davransın.
- Mən deyirəm ki, ədəbi mühitdə hər kəs öz milli kimliyini qələmlə və yaradıcılıqla qoruyub-saxlasın və bu sahədə heç bir səhlənkarlığa yol verməsin.
- Mən deyirəm ki, ədəbiyyatın adını uca tutaq. Milli kimliyin ayrılmaz və əsas hissəsi olan Ana dilimizi bayağılıqdan, əcnəbi ifadələr içiində itib-batmaqdan qoruyaq.
- Mən deyirəm ki, ədəbiyyat və qələmi bazar və alver vasitəsinə (noxud-mərci, buğda-arpa, toyuq-cücə alverinə) çevirməyək.
- Mən deyirəm ki, ədəbi mühitdə yaşda kiçik olanlar böyüklərimiz və ustadlarımız olan ağsaqqallar və müdrik dədələrimizin qarşısında tərbiyə və etikadan kənar davranmasınlar. Onların öyüd-nəsihətini diqqətlə dinləyib, doğru-düzgün nəticə çıxarsınlar.
- Mən deyirəm ki, kimsə ədəbi mühiti öz şəxsi kefi, əyləncəsi, yeyib-içmək, çal-çağır və deyib-gülmək şoularına çeivirməsin.
- Mən deyirəm ki, ədəbiyyat sahəsində olan hər kəs ədəbiyyatın ədəb-ərkan və etikadan gəldiyini əsla unutmasın!
- Mən deyirəm ki, ədəbiyyat sahəsində yazının ehtivası və mənasına diqqət yetirilsin. Ədəbi nümunələr təkcə görüntü kimi deyil, həm də etik, gözəl və dərin mənalarla təqdim edilsin.
- Mən deyirəm ki, kimsə ədəbiyyat sahəsində bir-başa və ya dolayısı yolla başqasının şəxsiyyəti, şərəf və ləyaqəti və inancını aşağılamasın. Məsələn Tanrı barədə nəsə yazanda, O müqəddəs Zata öz doğma xala və ya bibisi kimi müraciət etməsin. Və ya kimsə həcv adı altında öz iç aləminin iyrəncliyini biruzə verib, insanlığa yaaşmayan şeylər yazmasın. Bir sözlə, yazılarımıza etikanı hakim edək.
- Mən deyirəm ki, ədəbi mühitdə etika və səmimiyyət çərçivəsində söz deyib müəyyən işlər görənlərə daş atılmasın.
- Mən deyirəm ki, ədəbi məclis adı altında təşkil edilmiş sosial qrup, birlik və s. kimi yerlərə ayrı-ayrı sahələrin adamları daxil edilməsin və ədəbiyyata aid olmayan şəxslər bu sahədə söz sahibi edilməsinlər.
- Mən deyirəm ki, ədəbiyyat sahəsində kimsə özünü avara, bekar və mənasız bir ünsür kimi aparmasın. Hər kəs bu mühitdə ədəbli və gözəl nümunə olmağa çalışsın.
- Mən deyirəm ki, ədəbiyyat sahəsində qələm maddiyyata, həvəsbazlığa, kin-küdurətə, mənəm-mənəmliyə, kibrə, paxıllığa və ədəbsizliyə bulaşmasın.
- Mən deyirəm ki, ədəbi mühitdə olan kişilər ədəbi mühitimizin xanımlarını öz namusu kimi sayıb onları qorusunlar. Kimsə ədəbi tədbir, layihə və s. bu kimi sahələrdə öz namusuna rəva görmədiyini onlara da, rəva görməsin.
- Mən deyirəm ki, ədəbi mühitdə birlik və mehribançılıq olsun. Amma bunun üçün hər kəs ilk öncə mənəm-mənəmlik, şəxsiyyətpərəstlik, "ulduz" xəstəliyi, dəstəbazlıq, dikbaşlıq, dələduzluq və inadkarlıq kimi xoşagəlməz xislətləri və işləri bir kənara atmalıdır.
Mən deyirəm ki... Əslində mən çox sözlər deyə və çox şeylər yaza bilərəm. Amma bir şeyə tam əminəm ki, dediklərimi yalnız valideyn və məktəb tərbiyənə malik olan sayğılı-səmimi və ağıllı insanlar olduğu kimi dərk edir və dəyərləndirə bilirlər. Mən də elələrini qəlbən çox sevir, bütün varlığım və imkanlarım çərçivəsində onların yanında olmağı, adları və dəyərlərini uca tutmağı özümə borc, həm fəxarət sayıram!
Yazıda "mən" ifadəsi çox olduğundan əziz oxuculardan üzr istəyirəm! Lütfən bunu mənəm-mənəmlik kimi deyil, sadəcə şəxs əvəzliyi kimi qəbul edin! Əsənliklər!

21.11.2026

Oxşar xəbərlər