Xəbərlər
FƏDAKAR VƏ QAYĞIKEŞ İNSAN İDİ...
Gülnişan Zeynalabdin qızı Əhmədova ömrünün 45 ilini tibb sahəsinə həsr etmiş, zəhmətkeşliyi və işgüzarlığı ilə hər zaman ətrafındakılara örnək olan unudulmaz bir insan idi. Öz peşəsinə dərindən bağlı olan, işinə böyük məsuliyyət və həvəslə yanaşan nümunəvi mütəxəssis kimi tanınırdı.
Sabirabad rayon Nəsimi kənd həkim məntəqəsinin müdiri kimi ona təhkim olunmuş ərazidə yaşayan əhaliyə ilkin tibbi-sanitariya yardımı, vaxtında və keyfiyyətli ambulator-poliklinik, həmçinin təxirəsalınmaz tibbi xidmət göstərirdi. Əhali arasında peyvəndləmə (immunoprofilaktika), dispanserizasiya, ana və uşaq sağlamlığının mühafizəsi və yoluxucu xəstəliklərin qarşısının alınması işlərini nümunəvi təşkil edirdi. Xəstələrin müayinə və müalicəsini aparır, ehtiyac yarandıqda ixtisaslaşmış tibbi yardım üçün rayon mərkəzi xəstəxanasına və ya digər tibb müəssisələrinə göndərişlər verirdi. Ərazidə sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət edir və əhali arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işləri aparırdı.
Gülnişan xanımın həyat yoldaşı Abbas Əhmədov da öz işinə ürəkdən bağlanan, halal zəhmətlə dolanan, yorulmaz və işgüzar bir insan kimi yaddaşlarda qalıb. Ömür-gün yoldaşı ilə birlikdə Vətənə layiqli beş övlad böyüdüb boya-başa çatdırmışlar.
Belə ailəcanlı, səmimi, zəhmətkeş və işinə sadiq insanların xatirəsi həmişə hörmətlə yad edilir. Allah rəhmət eləsin, ruhu şad olsun.
Gülnişan xanım gülərüz, istiqanlı, mehriban, fədakar və qayğıkeş insan idi. Hər kəsə qarşı səmimi münasibəti, xoş rəftarı və böyük ürəyi ilə ətrafındakıların dərin hörmətini qazanmışdı. 2026-cı il sentyabrın 18-də dünyasını dəyişməsəydi, bu il oktyabrın 15-də 70 yaşı tamam olacaqdı. Onun işıqlı xatirəsi qəlblərdə daim yaşayacaq...
Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri behişt olsun.


















