Bir neçə gün əvvəl metronun Nərimanov stansiyasından 117 nömrəli avtobusla “İnşaatçılar”a sarı gəlirdim. “Gənclik” stansiyasının yan-yörəsindən avtobusa bir cavan xanım mindi. Mənə yaxınlaşıb Qan bankının, “Azərbaycan” Universitetinin yerini soruşdu. Əvvəlelə bildim oturmaq istəyir. Bir də təkrar soruşanda həmin suaqlı verdi. Mən isə təəsüflə dəqiq yerini bilmədiyimi onun nəzərinə çatdırdım. Mənimlə üzbəüz oturan orta yaşlı xanım dəqiq bilməsə də, həmin ünvanın buralarda olmadığını bildirdi. Mən həmin xanıma sürücüyə yaxınlaşıb soruşmasını məsləhət gördüm. Söz ağzımdan çıxmamış üzbəüz əyləşən həmin xanım “əşşi, onlar kənddən gələnlərdir”, “kəntoşdurlar” deyə cavab verdi. Bu söz məni titdi. İstədim avtobusun içindəkilərin yanında onun cavabını verim. Abır-həyamdan özümə qısılıb susdum. Ağzında saqqız çeynəyən həmin xanım isə özündən razı halda gülümsədi. Bu cavab və gülümsəmə mənə ağır gəldi. Belə hallar gündəlik həyatımızda demək olar ardıcılı olaraq davam edir. Və evə gələndə bu yazını yazmaq məcburiyyətində qaldım.
***

Bir insanın kənddən gəlməsini qüsur, şəhərdə doğulmasını isə üstünlük sayan düşüncə tərzi haqqında danışarkən, əslində, təkcə bir neçə kobud sözün üzərində dayanmırıq. Biz cəmiyyətin mənəvi ölçülərindən, insanın öz köklərinə münasibətindən, dilimizin daşıdığı dəyərlərdən və ziyalılıq anlayışının hansı səviyyəyə enməsindən danışırıq.

“Kəntoş”, “kənddən gəlib”

kimi ifadələr zahirən adi danışıq nümunələri təsiri bağışlasa da, onların arxasında bəzən insanı doğulduğu yerə, sosial mənşəyinə, danışıq tərzinə və həyat təcrübəsinə görə aşağılayan bir düşüncə gizlənir. Məhz burada dayanıb özümüzə sual verməliyik: İnsan hansı kənddən gəldiyinə görəmi dəyərlidir, yoxsa hansı mənəvi yüksəkliklərə çatdığına görə?
Kənddən gəlmək insanın taleyində bir başlanğıcdır, onun haqqında verilmiş hökm deyil. Kənd insanın alnına yazılmış bir ayıb yox, çox vaxt onun xarakterini formalaşdıran zəhmət məktəbidir. Torpağın qədrini bilmək, alın təri ilə yaşamaq, çörəyin necə qazanıldığını anlamaq, böyüyə hörmət, kiçiyə mərhəmət, qonağa ehtiram - bunlar minilliklər boyu xalqımızın mənəvi həyatını yaşadan dəyərlərdir. Bu dəyərlərin mühüm bir hissəsi kənd həyatında qorunub saxlanılıb. Elə isə insanı kənddən gəldiyinə görə kiçiltmək hansı düşüncənin məhsuludur? Öz xalqının mənəvi yaddaşını daşıyan bir mühiti kiçiltməklə insan özünü həqiqətən ucaltmış olurmu?
Təəssüf ki, bəzən şəhərlilik anlayışını mədəniyyət, bahalı geyim, müəyyən danışıq tərzi, eləcə də dəbdəbəli həyat ilə eyniləşdirənlər tapılır. Onların təsəvvürlərində şəhərdə yaşamaq avtomatik olaraq yüksək mədəniyyət sahibi olmaq deməkdir. Halbuki şəhərin küçələrini tanımaqla həyatın mənasını anlamaq, xarici görünüşünə fikir verməklə daxili aləmini zənginləşdirmək eyni şey deyil. İnsan dünyanın ən böyük şəhərlərində yaşaya, ən bahalı məkanlarda otura, bir neçə xarici dildə danışa bilər, amma daxilində mərhəmət, təvazökarlıq, ədalət hissi yoxdursa, bunlar onun mənəvi boşluğunu doldura bilməz.
Əksinə, ucqar bir kənddə böyüyən, imkansızlıq içində təhsil alan, həyatın çətinlikləri ilə mübarizə aparan bir insan öz biliyi, davranışı və vicdanı ilə cəmiyyətə nümunə ola bilər. Çünki ziyalılıq ünvan məsələsi deyil. Ziyalılıq insanın düşüncəsində, sözündə, əməlində, başqasının ləyaqətinə göstərdiyi münasibətdə üzə çıxır. Əsl mədəniyyət insanın özündən zəif hesab etdiyi biri ilə necə davranışından görünür. Özündən fərqli olanı alçaltmaqla üstünlük qazanmağa çalışan adamın üstünlüyü yalnız onun öz xəyalında mövcuddur.
Burada dil məsələsi də xüsusi əhəmiyyət daşıyır.

Dil xalqın yaddaşıdır, tarixidir…

dünyanı qavrama tərzidir. Bizim sözlərimiz yalnız fikirlərimizi ifadə etmir, həm də hansı mənəvi mövqedə dayandığımızı göstərir. Bir sözün zarafat kimi işlədilməsi onun hər zaman zərərsiz olduğu anlamına gəlmir. Əgər həmin söz insanın mənşəyini məsxərəyə qoymaq, onu cəmiyyətin gözündə kiçiltmək üçün işlədilirsə, artıq söhbət yalnız danışıq vərdişindən yox, dil vasitəsilə yaradılan ayrı-seçkilikdən gedir.
“Kəntoş” ifadəsinin arxasında hansı münasibətin dayandığını düşünmək lazımdır. Bu söz kiminsə sadəliyini, danışıq xüsusiyyətini və ya davranışını lağa qoymaq üçün işlədiləndə, kənd insanının bütöv bir obrazı təhqiredici çərçivəyə salınır. Beləliklə, fərdin xüsusiyyəti ümumiləşdirilir, bir insanın davranışından bütöv bir təbəqə haqqında yanlış qənaət yaradılır. Halbuki hər kəndin də, hər şəhərin də öz savadlısı və savadsızı, mədəni insanı və kobud insanı, zəhmətkeşi və məsuliyyətsizi var. İnsanın xarakterini coğrafi mənsubiyyətlə müəyyən etmək nə elmi, nə də mənəvi baxımdan əsaslıdır.
“Kənddən gəlib” ifadəsi də bəzən sadə bir məlumat olmaqdan çıxaraq, kiminsə guya cəmiyyətə uyğunlaşmadığını, geridə qaldığını və ya müəyyən mühitə layiq olmadığını bildirmək üçün işlədilir. Burada insanın hansı şəraitdə böyüdüyü deyil, onu hansı gözlə gördüyümüz əsas məsələyə çevrilir. Bəs niyə bir insanın kənddən şəhərə gəlməsi onun həyat təcrübəsinin dəyərsiz sayılmasına səbəb olmalıdır? Məgər şəhərin özündə qazandığımız bütün imkanlar kənddən gələn insanların əməyi, istehsalı, zəhməti və yaratdığı sərvətlərlə bağlı deyilmi? Şəhərin süfrəsinə çörək gətirən, bazarını ərzaqla təmin edən, torpağı becərən, məhsul yetişdirən KƏND İNSANINI hansı mənəvi əsasla aşağı görmək olar?
Kəndlə şəhər arasında qarşıdurma yaratmaq xalqın öz daxilində süni sərhədlər çəkməkdir. Halbuki bunlar biri-birinə qarşı qoyulmalı olan dünyalar deyil, biri-birini tamamlayan həyat məkanlarıdır. Şəhərin inkişafı ilə kəndin rifahı, müasir təhsil ilə milli köklərə bağlılıq, yeniliklə ənənə arasında sağlam tarazlıq qurulmalıdır.

Əsl inkişaf


insanın kənddən qaçıb öz keçmişindən utanması deyil, harada yaşamasından asılı olmayaraq, daha savadlı, daha azad və daha ləyaqətli həyata qovuşmasıdır.
Bəzən insanın öz keçmişindən utanması ona başqalarının münasibəti ilə təlqin edilir. O, danışığını dəyişməyə, böyüdüyü mühiti gizlətməyə, uşaqlıq xatirələrini dilə gətirməməyə başlayır. Sanki uğur qazanmaq üçün əvvəlcə öz mənşəyindən imtina etməlidir. Bu, cəmiyyət üçün də təhlükəli mənəvi meyildir. Çünki öz köklərindən utanmağa öyrədilən insan zaman keçdikcə başqalarının qəbul etdiyi obrazı öz həqiqi kimliyindən üstün tutmağa başlayır. Halbuki insanın inkişafı keçmişini danmaqla deyil, keçmişindən aldığı gücü yeni bilik və təcrübə ilə birləşdirməklə mümkündür.
Ziyalı bu nöqtədə susmamalıdır. Onun vəzifəsi yalnız kitab yazmaq, elmi məqalə hazırlamaq, tribunadan çıxış etmək deyil, cəmiyyətin düşüncəsində yaranan yanlışlıqları görmək, insan ləyaqətini zədələyən münasibətlərə etiraz etmək, sözün mənəvi məsuliyyətini xatırlatmaqdır. Ziyalı təhqiri təhqirlə qarşılamamalı, lakin təhqiri də adi bir hadisə kimi qəbul etməməlidir. O, insanları mənşəyinə görə bölən düşüncənin mahiyyətini açmalı, cəmiyyəti daha sağlam meyarlara çağırmalıdır.
Əsl ziyalı insanın haradan gəldiyini soruşanda onun keçmişini öyrənmək istəyər, onu alçaltmaq yox. Bir insanın kənddən gəlməsi onun qarşısında hansı qapıların bağlanmasına səbəb olmamalıdır. Əksinə, həmin insanın hansı çətinlikləri keçdiyini, necə təhsil aldığını, hansı zəhmətlə özünə yol açdığını anlamaq lazımdır. Bəzən hazır imkanların içində böyüyən birinin asanlıqla əldə etdiyini başqa bir insan illərlə davam edən zəhmət hesabına qazanır. Belə bir mübarizənin arxasında iradə, dözüm və həyat təcrübəsi dayanır. Bunları görmək üçün insanın gözündə yalnız zahiri görünüşü deyil, düşüncəsində ədalət hissi də olmalıdır.

Milli kimlik məsələsi

də bu müzakirənin ayrılmaz hissəsidir. Xalqın kökü ilə əlaqəsini itirməsi yalnız tarix kitablarını unutması demək deyil. Bu, xalqın öz insanına münasibətində də üzə çıxır. Əgər biz kəndimizi yalnız gerilik rəmzi kimi təqdim ediriksə, kəndin danışığını məsxərəyə qoyur, kənd adamının sadəliyini zəiflik sayırıqsa, onda öz milli həyatımızın mühüm bir hissəsinə yad münasibət bəsləyirik. Milli özünüdərk yalnız keçmişimizlə fəxr etməkdən ibarət deyil, keçmişimizi, dilimizi, adət-ənənələrimizi və insanlarımızı təhqir predmetinə çevirməmək də bu özünüdərkin tərkib hissəsidir. Əlbəttə, kənd həyatında da dəyişməli olan ənənələr, aradan qaldırılmalı olan problemlər, tənqid edilməli olan davranışlar var. Şəhər həyatında olduğu kimi, kənd həyatında da savadsızlıq, xurafat, stereotiplər və haqsızlıqlar mövcud ola bilər. Lakin bunları tənqid etmək başqa şeydir, kənddən gələn insanı mənşəyinə görə alçaltmaq başqa. Tənqid konkret problemə yönələndə cəmiyyətin inkişafına xidmət edir, təhqir isə insanın ləyaqətini hədəfə alır. Ziyalı düşüncəsi bu fərqi qorumağı bacarmalıdır.

Müasir cəmiyyətin əsas meyarı


insanın hansı ünvanda doğulması yox, hansı biliklərə yiyələnməsi, hansı dəyərləri müdafiə etməsi və başqalarının həyatına necə təsir göstərməsidir. Əgər biz doğulduğu yerə görə insanları sıralamağa başlasaq, onda savadı, vicdanı, istedadı, zəhməti və əxlaqı ikinci plana keçirərik. Belə bir yanaşma isə nə müasirliyə, nə demokratik düşüncəyə, nə də milli-mənəvi dəyərlərə uyğundur.
İnsanları fərqləndirən kənd və şəhər ünvanları deyil, onların mənəvi ünvanlarıdır. Birinin mənəvi ünvanında mərhəmət, dürüstlük, elmə hörmət və insan sevgisi dayanır, digərinin mənəvi ünvanında isə lovğalıq, təkəbbür və başqasını alçaltmaq ehtiyacı. Bu ünvanları heç bir xəritədə tapmaq mümkün deyil. Onları insanın sözü, davranışı və seçdiyi həyat yolu göstərir.
Bəs biz gələcək nəsillərə hansı düşüncəni ötürmək istəyirik? Uşaqlarımıza insanı danışığına, geyiminə, yaşadığı yerə görə mühakimə etməyi öyrədəcəyik, yoxsa onun şəxsiyyətinə, biliyinə və əməlinə qiymət verməyi? Bir gənc kənddən şəhərə təhsil almağa gələndə ona özünü yad hiss etdirəcəyik, yoxsa yeni mühitə uyğunlaşması üçün dəstək göstərəcəyik? Cəmiyyətin mədəni səviyyəsi məhz bu suallara verdiyi cavablarda üzə çıxır.
Unutmayaq ki, bu torpağın böyük şəxsiyyətlərinin, alimlərinin, şairlərinin, dövlət adamlarının, sənətkarlarının yetişdiyi mühitlər müxtəlif olub. Onları birləşdirən cəhət hansı kənddə və ya şəhərdə doğulmaları deyil, düşüncələri, istedadları, əməkləri və xalqa verdikləri töhfələrdir. İnsan öz köklərindən güc alaraq dünyaya açıla bilər. Kökə bağlılıq dünyadan təcrid olunmaq demək deyil; əksinə, kim olduğunu bilən insan başqasının kimliyinə də daha çox hörmət göstərə bilir.
Nəticə etibarilə, “kəntoş” deyib insanı alçaltmaq, “kənddən gəlib” ifadəsini qınaq və istehza vasitəsinə çevirmək yalnız bir nəfərin xətrinə dəymək məsələsi deyil. Bu, cəmiyyətin hansı dəyərlərə üstünlük verdiyinin göstəricisidir. Biz ya insanı mənşəyinə görə mühakimə edən köhnə təfəkkürün içində qalacağıq, ya da onu biliyinə, əxlaqına, əməyinə və şəxsiyyətinə görə qiymətləndirməyi öyrənəcəyik.
Ziyalının sözü burada xüsusi məsuliyyət daşıyır. O, nə kəndi romantikləşdirib bütün problemlərdən kənarda göstərməli, nə də şəhəri tərəqqinin yeganə ünvanı kimi təqdim etməlidir. Onun işi həqiqəti görmək, ayrı-seçkiliyi ifşa etmək, insanı insan olduğu üçün dəyərli sayan düşüncəni müdafiə etməkdir. Bir də hazırda rayonlarımızın çoxu, elə kəndlərimiz də yüksək səviyyədə inkişaf edib. Sadəcə, rayon, kənd yerində işə düzəlmək, özünə normal iş tapmaq bir az qəlizləşib. Ona görə də belə üzdəniraq insanların “kəntoş”, “kənddən gəlib” kimi ifadələrlə KƏND ADAMInı alçaltmaları qəbul edilməzdir. Onlar şəhərə çörək dalınca, ailə üzvlərinin ruzilərini əldə etmək üçün gəliblər. Kənddən gəlmək insanın keçmişidir, gələcəyinin sərhədi deyil. Kənddə böyümək insanın başlanğıcıdır, düşüncəsinin son həddi deyil. Şəhərdə yaşamaq isə insanı öz-özünə ziyalı etmir. İnsanı ucaldan onun mənəvi səviyyəsi, sözünün çəkisi, əməlindəki dürüstlük və başqasının ləyaqətinə münasibətidir.
Əsl ziyalılıq öz köklərini unutmadan yüksəlmək, başqasını alçaltmadan fərqlənmək, insanın mənşəyində deyil, mənliyində dəyər axtarmaqdır. Cəmiyyət olaraq bu həqiqəti nə qədər tez anlasaq, sözümüz də, düşüncəmiz də, münasibətlərimiz də bir o qədər saflaşar. Çünki insanı ucaldan onun haradan gəlməsi deyil, gəldiyi yerdən hansı mənəvi yüksəkliklərə doğru yol almasıdır.

Kənddən gələn əsl kənd adamı
KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Daşdəmir ƏJDƏROĞLU










Son xəbərlər

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031