Hər bir insanın həyatında elə şəxsiyyətlər olur ki, onların buraxdığı iz illər keçsə də silinmir, əksinə, zaman keçdikcə daha da dəyərlənir. Mənim üçün belə unudulmaz və müqəddəs simalardan biri, beş il Hacılar kənd orta məktəbində bizə Azərbaycan dili və ədəbiyyatın sirlərini öyrədən, qəlbimizə vətən sevgisini nəqş edən dəyərli müəllimim Məhərrəm Həmzə oğlu Bağırovdur.

Məhərrəm müəllim 1939-cu ildə Gədəbəy rayonunun dilbər guşələrindən olan Turşsu kəndində anadan olub. 1958-ci ildə Çay Rəsullu kənd orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, daxilindəki elm və bilik işığı onu Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirib çıxarmışdır. 1969-cu ildə ali təhsilini başa vuran gənc mütəxəssis, hələ tələbə ikən – 1963-cü ildən etibarən Hacılar kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, ömrünün 29 ilini (1992-ci ilə qədər) bu məktəbə həsr etmişdir. 1992-ci ildən ise Cahangir Rüstəmov adına Çay Rəsullu kənd orta məktəbinə dəyişərək əvvəlcə müəllim, sonra isə tədris işləri üzrə direktor müavini kimi gənc nəslin yetişməsində böyük zəhmət çəkmişdir. Həm Hacılar, həm də Çay Rəsullu kənd məktəblərində silinməz izlər qoyan fədakar pedaqoq yüzlərlə gəncə elmin, irfanın yollarını göstərmişdir.

Məhərrəm müəllim təkcə qara lövhə qarşısında dərs deyən bir pedaqoq deyil, həm də ruhu sözlə, poeziya ilə yoğrulmuş bir sənətkar olub. Yaradıcılığa kiçik yaşlarından başlayan ustadın bu günə qədər oxucuların ixtiyarına verilmiş üç möhtəşəm kitabı işıq üzü görüb: "Bu dünyanın açarıdır məhəbbət" (2011), "Ümid bir çıraqdır" (2013) və "Ömürdən keçən günlər" (2020). Bu gün 87 yaşını qeyd edən müəllimimin zəhmətini heç vaxt unutmaq olmaz. Onun bizim üzərimizdəki tərbiyəvi rolunu, təmənnasız əməyini hər zaman minnətdarlıqla anıram. Elə buna görədir ki, hər ay bir neçə dəfə onunla telefonla əlaqə saxlayır, hal-əhval tutur, o müqəddəs səsdən mənəvi güc alıram. Əlamətdar haldır ki, Məhərrəm müəllim bu müdrik yaşında da ruhdan düşmür, hal-hazırda da yaradıcılıqla fəal şəkildə məşğul olur, yeni-yeni incilər ərsəyə gətirir. Məhərrəm müəllim olduqca vətənpərvər bir insan idi və bu vətənpərvərlik onun hər bir misrasından boylanır.
Onun "Ömürdən keçən günlər" kitabını vərəqləyərkən qarşıma çıxan "Azərbaycan" şeri məni düz 40 il əvvələ, o doğma məktəb illərinə, müəllimimin sinifdə bizə vətən mövzusunu necə böyük coşğu ilə keçdiyi anlara qaytardı. Müəllif bu şerdə doğma yurdun əzəmətini, sönməz ocağını belə vəsf edir:

Sönmez odun, alovun var,
Şölə saçan bir çıraqsan.
Xalqımızın ümid yeri,
Haqq qapısı - sən o haqsan.
Hər tərəfin gül - çiçəkli,
Bəxtiyarsan Azərbaycan!

Bir dil və ədəbiyyat müəllimi üçün ana dilinin müqəddəsliyi hər şeydən ucadır. Məhərrəm müəllim şeirində dilimizə olan sonsuz sevgisini və sadiqliyini vətənin al bayrağı ilə vəhdətdə tərənnüm edir:

Ən saf əqidəm, şərəfim,
Sən mənim ana dilimsən.
Sınaqlardan keçə-keçə
Vicdanımsan, əməlimsən.
Al bayrağın başın üstə
Daim varsan Azərbaycan!


Şair Azərbaycanın adını dünyaya yayan Üzeyir dühasını, musiqimizi, muğamımızı və ulu öndərin bu torpaq üçün qoyduğu silinməz izləri bədii dillə çox gözəl ifadə etmişdir:

Bu dünyaya səs salıbdır,
Üzeyirin musiqisi.
Könülləri məst edibdir
Mugamatı, şikəstəsi.
Heydərin şah əsərisən,
Xoş diyarsan Azərbaycan!


Məhərrəm müəllimin vətənpərvər qəlbi təkcə torpağın gözəlliyini deyil, həm də onun müstəqillik tarixini, xilaskar liderlərini vəsf etməkdən yorulmur. Onun dövlətçilik tariximizə həsr etdiyi "Heydər yolu" şeiri bu baxımdan olduqca qiymətlidir. Müəllif xalqın ulu öndərə olan inamını və bu yolun işığını poetik dillə belə ifadə edir:

Səmamıza günəş doğdu
İşıq saçdı hər tərəfə.
İnsanlığı tez qurtardı
Məhkumluqdan neçə dəfə,
Xalq inandı, xalq gördü ki,
Həqiqətdi Heydər yolu.

Tarixin sınağından günlərlə çıxdı,
Dünyanı isidən bir günəş oldu.
Ürəyi döyündü xalqla birlikdə
Ümumi birliyə bir çağırış oldu.
Xalqla böyük sevgi verdi
Məhəbbətdi Heydər yolu.


Şair Heydər Əliyev şəxsiyyətini tarixin böyük qəhrəmanları ilə müqayisə edərək, onun ölkəyə gətirdiyi siyasi baharı qürurla qeyd edir:

Doğmadı vətəni Azərbaycandan,
Qürurla dayandı keşməkeşlərdə
Cavanşir qüdrətli, Babək qeyrətli
Bahar torpağına bahar gətirdi.
Sədaqətdi Heydər yolu.


Vətənpərvərliklə yanaşı, Məhərrəm müəllimin yaradıcılığının çox böyük bir hissəsini məhəbbət mövzulu lirik şeirlər təşkil edir. Təsadüfi deyil ki, onun ilk kitabının adı da məhz "Bu dünyanın açarıdır məhəbbət" adlanır. Onun saf, təmiz və emosional hisslərlə zəngin olan "Eylə" şeiri oxucunun qəlbinə birbaşa yol tapır. Şair öz sevgisini, xalq poeziyası ənənələrinə sadiq qalaraq, olduqca həzin və səmimi bir dillə bəyan edir:

Yandırma qəlbimi ay el gözəli,
Uzaşma yanımdan bir aman eylə.
Elə vurulmuşam sənə əzəldən,
Qəlbimi qəlbinə gəl həyan eylə.

Bürüyüb könlümü çənin, çiskinin,
İstəmirəm artıq bu yoldan dönüm.
Gəl, gəl insafa gəl, imanım, dinim
Mübarək eşqini tez bəyan eylə.


Şairin lirik qəhrəmanı bəzən hicranın acısını çəkir, doğmalar, dostlar və gözəl günlər üçün qəlbinin dərinliklərindən gələn bir intizarla haray çəkir. Müəllif "Darıxmışam" şeirində bu həsrəti həm təbiətin gəlişinə, həm də ülvi hisslərə bağlayaraq belə ifadə edir:

Bu ayrılıq yordu məni,
Evimdən apardı məni,
Kökümdən qopartdı məni,
Gələn yaza darıxmışam.

Bax qəlbimdə aman aha,
Batmışammı gör günaha,
Yalvarıram o Allaha
Xumar gözə darıxmışam.

Dağ vüqarlı axarımla,
Öyünəydim baharımla
Yaxın, uzaq dostlarımla
Söhbət, sözə darıxmışam.


Eşqdə sədaqət bəsləyən ustad sənətkar, vəfasızlıq görəndə dərdini yenə qələmə şikayət edir. "Ay vəfasız, ay vəfasız" və digər lirik qoşmalarında sevgiyə gələn insafsızlığı qınayır, qəlbinin sızıltısını səmimi misralara köçürür:

İlqar, ümman saxlamışıq,
Sevgi, məhəbbət qarışıq.
Şirin söhbət, xoş danışıq,
Ay vəfasız, ay vəfasız.

İnsaf, mürvət yoxdur səndə,
Hicran yanğısı sinəmdə
Tərs danışdın hər dönəndə,
Ay vəfasız, ay vəfasız.

Həmzəoğlun çəkmə dara,
Ciyər olar para-para
Bacar dərdə eylə çarə,
Ay vəfasız, ay vəfasız.

Sevgilinin vədəsinə xilaf çıxması, aşiqin qəlbinə vurduğu yaralar şair qələmində poetik bir suala çevrilir:

Görüş üçün vədə verdin,
Gəlməməyin insafdırmı?
Qəlbimin ahu-zarını,
Bilməməyin insafdırmı?

İnsafsızlıq nədir səndə,
Ay qaş-gözü gözəl bəndə,
Qoşalaşıb cüt gəzəndə,
Gülməməyin insafdırmı?


Məhərrəm Bağırovun yaradıcılığı təkcə hisslərin tərənnümü ilə məhdudlaşmır, o, həm də bir ağsaqqal, bir filosof-müəllim kimi cəmiyyətə, insana doğru yol göstərir. Onun "Deyilməsin" qoşması hər bir insan üçün həyat meyarı, ləyaqət dərsləridir:

Yaşadığın ömrü elə yaşa ki,
Heç zaman adına pis deyilməsin.
İnsan ol, ayaqlaş vaxtla, zamanla
Qəfildən səsini kəs deyilməsin.

Gərək tanıyasan haqqın yolunu,
Tale büdrətməyə sənin qolunu,
Elə qur, elə tut bəxt, yığvalını
Yaşadıqca yaşa, bəs deyilməsin.


Şair insanın daxili aləminin təmizliyinə, el gözündəki ucalığına böyük önəm verir. Əgər bir insanda mənəviyyat, bəxt və dürüstlük yoxdursa, zahiri lovğalığın heç bir mənası olmadığını "Nə faydası" şeirində kəskin və düşündürücü misralarla bəyan edir:

Bəxtin üzə gülməyəndə
Döyünməyin nə faydası?
Kiçilibsə el gözündə,
Öyünməyin nə faydası?

Hamı görür axarını,
Üzə çıxan paxrını.
Çölə tökdün naxrını,
Sevinməyin nə faydası?

Məhərrəm Bağırov kimi ziyalılarımızın ömür yolu hər birimiz üçün bir örnək məktəbidir. Onun "Ömürdən keçən günlər"i təkcə özünün şəxsi həyatı deyil, həm də xalqına, təhsilinə və Azərbaycan ədəbiyyatına bəxş etdiyi işıqlı günlərin salnaməsidir. Bizə qədirbilənliyi, vətəni sevməyi, dilimizi qorumağı və sözün qüdrətinə inanmağı vəsf edən, bu gün də əlində qələm yazıb-yaradan əziz müəllimimə uca Tanrıdan uzun ömür, cansağlığı arzulayıram! Yaxşı ki, varsınız, dəyərli Məhərrəm müəllim!

Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Son xəbərlər

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031