Xəbərlər
11.10.2026, 02:10
BİR VAXT VAR İDİ...

BİR VAXT VAR İDİ...
Bəzən adamın yadına bir vaxt düşür. Nə təqvimdə yeri olur, nə də saatda. Elə bil ürəyin hansısa küncündə unudulmuş bir qapı var, külək əsir, qapı yavaşca açılır, sən də bilmədən çıxıb gedirsən o vaxtın içinə...
BİR VAXT VAR İDİ...
O vaxt dünyanın bu qədər tələsdiyini bilmirdik. Bəlkə dünya elə onda da tələsirdi, amma biz uşaq idik deyə onun ayaq səslərini eşitmirdik. Günlər uzun idi, axşamlar lap uzun. Səhərlər günəş evlərin damına qonanda elə bil kəndin, qəsəbənin, məhəllənin hamısına bir ovuc işıq səpirdi. Biz də o işığın içində böyüyürdük. Heç kimin ağlına gəlmirdi ki, bir gün gələcək, adamlar böyüyəcək, amma o günlərə çata bilməyəcəklər.
BİR VAXT VAR İDİ...
Evimizin qapısı döyüləndə anam əvvəlcə qapıya baxmazdı, üzümüzə baxardı. Elə bil qapının o üzündə kimin dayandığını bizim gözlərimizdən oxuyardı. Qapı açılardı, bir qonşu içəri girərdi, dalınca da evə bir az söhbət, bir az gülüş, bir az da dünyanın dərdi dolardı. Çay qoyulardı. Çayın yanında nə vardısa, süfrəyə gələrdi. Bəzən bir tikə pendir, bir neçə zeytun, bir az mürəbbə... Amma o süfrənin elə bir bərəkəti vardı ki, adam indi ən bahalı restoranlarda oturub da tapa bilmir.
İndi evlər böyükdür, otaqlar genişdir, pəncərələr hündürdür. Amma nədənsə, adamın içi daralır. O vaxt balaca evlərdə neçə-neçə adam yerləşərdi. Bir otaqda beş nəfər oturardı, hamının sözü biri-birinə çatardı. İndi hərənin öz otağı, öz telefonu, öz dünyası var. Hamı bir evdə yaşayır, amma bəzən biri-birindən xəbərsizdir. O vaxtın kasıblığı bizi bir süfrənin başına yığırdı, indiki bolluqsa bəzən hərəmizi bir küncə çəkir.
BİR VAXT VAR İDİ...
Çörək yerə düşəndə onu götürüb öpərdilər. Biz bunun mənasını çox sonralar başa düşdük. Uşaq vaxtı elə bilirdik, böyüklər çörəyə də adam kimi hörmət edirlər. Sonra gördük ki, məsələ təkcə çörəkdə deyilmiş. O çörəyin arxasında zəhmət dayanırmış, torpaq dayanırmış, yağış dayanırmış, əkinçinin əyri beli, biçinçinin çatlamış əlləri dayanırmış. Bir də insanın halal zəhmətə olan ehtiramı dayanırmış.

İndi çörək mağazadan alınır, torpaqdan xəbəri olmayan adamın da süfrəsinə gəlir. Amma o çörəyin qoxusu nədənsə uşaqlığımızdakı kimi deyil. Bəlkə çörək dəyişməyib, biz dəyişmişik. Bəlkə də adam yaşa dolduqca hər şeyin dadını yox, itirdiklərinin acısını duymağa başlayır.
BİR VAXT VAR İDİ...
Qışın öz qışı vardı. Soyuq adamın üzünü kəsərdi, qar dizə çıxardı, yollar bağlanardı. Amma evdə bir soba yanardı, sobanın üstündə çaydan qaynayardı, şüşələr buğlanardı. Biz barmağımızla şüşənin üstündə cürbəcür şəkillər çəkərdik. Çöldə külək ulayardı, içəridə anamın səsi eşidilərdi. O səsin elə bir istiliyi vardı ki, adam indi dünyanın bütün radiatorlarını bir yerə yığsa, yenə həmin istiliyi düzəldə bilməz.
Axşamlar atam işdən gələndə ayaqqabısının səsi həyətin o başından eşidilərdi. Biz qapıya qaçardıq. O, yorğun olardı, bəzən danışmağa da halı qalmazdı. Amma başımızı sığallayardı. Bizə elə gələrdi ki, atamızın əli dünyada ən güclü əldir. Çünki o əl bizi yıxılmağa qoymazdı. Sonra böyüdük, atamızın da yorulduğunu, onun da qorxuları olduğunu, onun da bəzən çarəsiz qaldığını anladıq. Amma onda gec idi. Adam bəzi həqiqətləri vaxtında öyrənmir. Həqiqət gəlib çatanda isə çox vaxt onu öyrədən adam artıq yanında olmur.
BİR VAXT VAR İDİ...
Anamın səsini eşitmək üçün telefon lazım deyildi. O, o biri otaqdan adımızı çağırardı, biz də səsimizi qaldırıb cavab verərdik. İndi bəzən bir zəngə cavab verməyə vaxt tapmırıq. Sonra fikirləşirik ki, axşam zəng edərik. Axşam işimiz çıxır. Sabah zəng edərik. Sabah da öz dərdini gətirir. Beləcə, günlər biri-birinin ardınca düzülür. Bir gün telefonun o başından səs gəlmir. Onda adam başa düşür ki, bəzi zənglərin təkrarını gözləmək olmurmuş.
Analar da qocalırmış, atalar da. Biz elə bilirdik, onlar həmişə belə qalacaqlar. Atam həmişə qapının ağzında dayanacaq, anam həmişə mətbəxdə nəsə bişirəcək, evin içində həmişə bir səs olacaq. Heç ağlımıza gəlmirdi ki, bir gün həmin evə girəndə bizi qarşılayan səssizlik olacaq. Qapı yenə açılacaq, otaqlar yenə yerində duracaq, pəncərədən yenə işıq düşəcək. Amma evin içindən bir nəfərin yoxluğu boylanacaq.
Yoxluq qəribə şeydir. Əvvəl elə bilirsən, adam bir yerdədir, sadəcə, görünmür. Sonra onun oturduğu stula baxırsan, boşdur. Asılqanda paltarı yoxdur. Mətbəxdə stəkanı qalmayıb. Evin divarları yerindədir, amma evin özü sanki bir az uçub. Onda başa düşürsən ki, insanın böyüklüyü boyunda, çəkisində, var-dövlətində deyilmiş. Bir adam gedəndə onunla birlikdə evin bir hissəsi də gedirmiş…
BİR VAXT VAR İDİ...
Dostluğun da başqa cür mənası vardı. Dostun qapını döymədən içəri girərdi. Bir tikə çörəyini onunla bölərdin, cibindəki qəpiyin yarısını ona verərdin. Bəzən heç nədən küsərdiniz, beş dəqiqə sonra yenə bir yerdə olardınız. Çünki uşaqlıqda qürur balaca olur, sevinc isə böyük.
İndi adamların dostları çoxdur, amma dərdlərini danışmağa adam tapmırlar. Telefonun ekranında yüzlərlə ad var, ürəyinin qapısını döyən isə azdır. Bir vaxt bir dostun olması kifayət idi ki, özünü dünyanın ən varlı adamı hesab edəsən. İndi dünyanın yarısı ilə əlaqən var, amma bəzən özünlə əlaqəni itirirsən.
BİR VAXT VAR İDİ...
Bayram qabağı evlərdə ayrı bir həyəcan olardı. Anam günlərlə hazırlıq görərdi, ev təmizlənərdi, yeməklər bişərdi. Qonşular biri-birinə pay göndərərdi. Uşaqlar təzə paltarlarını geyinmək üçün səhəri səbirsizliklə gözləyərdilər. Bayramın özü bir gün idi, hazırlığı isə neçə gün çəkərdi. İndi hər şey hazır gəlir. Süfrəni də sifariş etmək olur, hədiyyəni də. Amma gözləməyin ləzzətini heç yerdən sifariş etmək mümkün deyil.
Bəlkə də xoşbəxtlik elə gözləməkmiş. Bir qonağın yolunu gözləmək, məktəbdən gələn uşağın səsini gözləmək, uzaqdan gələn məktubu gözləmək... İnsan gözlədiyi müddətdə ümid edirmiş. İndi hər şey bir toxunuşla qarşımıza çıxır. Ancaq əlimiz çatan şeylərin qiyməti gözümüzdə azalır. Əldə edə bilmədiyimiz şeylərsə içimizdə böyüyür.
BİR VAXT VAR İDİ...
Yay axşamları həyətlərdən adam səsi çəkilməzdi. Kimsə samovar qalayardı, kimsə stulunu küçəyə çıxarardı, kimsə qonşunun dərdini dinləyərdi. Uşaqlar qaçışar, böyüklər söhbət edərdilər. Söhbətlərin bir ucu dolanışığa, bir ucu keçmişə, bir ucu da sabaha gedib çıxardı. Heç kim sabahın bu qədər uzaqlaşacağını bilmirdi.
İndi küçələr işıqlıdır, maşınlar çoxdur, binalar göyə qalxır. Amma o köhnə həyətlərin yerində bəzən adamın xatirəsindən başqa heç nə qalmayıb. Bir divarın yerini şüşəli bina tutub, tut ağacının yerində dayanacaq salınıb. Uşaqların oynadığı torpaq sahəsində indi adamlar tələsik addımlayırlar. Hər şey dəyişir, deyirlər. Düz deyirlər. Ancaq adamın içində elə yerlər var ki, orada dəyişiklik olmur. Orada hələ də bir tut ağacı var, bir sınıq skamya var, bir də axşamçağı səni evə çağıran ana səsi.
Bəzən fikirləşirəm ki, biz keçmiş üçün darıxmırıq, keçmişdəki özümüz üçün darıxırıq. Hər şeyi ilk dəfə gördüyümüz, hər şeyə inandığımız, sabahın qabağında qorxudan çox maraq hiss etdiyimiz vaxtlar üçün. Bir konfet bizi sevindirməyə bəs edərdi. Bir məktub günlərlə ürəyimizi döyündürərdi. Bir adamın gəlişi bayram olardı. İndi əlimizdə hər şeydən var, amma sevincə çatmaq üçün daha çox yol gedirik.
Böyümək, deyəsən, bir az da itirmək imiş. Əvvəl oyuncaqlarını itirirsən, sonra uşaqlığını, sonra dostlarının bir qismini, sonra böyüklərini... Axırda bir gün güzgüyə baxıb öz üzündə də itirdiyin illərin izlərini görürsən. Onda anlayırsan ki, zaman heç kimin qapısını döymür. Sakitcə içəri girir, divardan bir şəkil götürür, masanın üstündən bir xatirə aparır, saçına bir az ağlıq qoyur və çıxıb gedir.
Amma qəribədir, bütün bunlara baxmayaraq, keçmiş tam ölmür. Bəzən köhnə bir mahnı səslənir, ürəyində illərdir bağlı qalan qapı açılır. Bəzən küçədən gələn bir çörək qoxusu səni uşaqlığına aparır. Bəzən yağış yağır, torpağın qoxusu burnuna dolur və sən özünü yenə o balaca həyətin ortasında görürsən. Elə bil zaman bir anlığa dayanır, sən də itirdiklərinin hamısını yenidən tapırsan.
Sonra mahnı bitir. Yağış kəsir. Küçədəki adamlar öz yollarına gedirlər. Sən də qayıdırsan indiki günə. Amma ürəyində nəsə dəyişmiş olur. Bir az kövrəlirsən, bir az susursan. Bəlkə kiməsə zəng etmək istəyirsən. Bəlkə köhnə bir şəkli çıxarıb baxırsan. Bəlkə də heç nə etmirsən, sadəcə, pəncərənin qabağında dayanıb uzaqlara baxırsan.
BİR VAXT VAR İDİ...
Bu sözün özü də qəribədir. Həm bir qapıdır, həm bir ayrılıq. Həm insanı sevindirir, həm də içini göynədir. Çünki hər dəfə “bir vaxt var idi” deyəndə, arxasınca “indi yoxdur” fikri gəlir. Amma bəlkə hər şey tamamilə yox olmur. Bəlkə yaşadığımız gözəl günlər bizim içimizdə başqa bir həyata çevrilir. Anamızın səsi danışığımızda, atamızın əli davranışımızda, dostlarımızın gülüşü yaddaşımızda yaşayır.
İnsan bəzən elə bilir ki, keçmişə qayıtmaq istəyir. Əslində isə istəyir ki, keçmişdə qalan adamlar bircə dəfə də olsun qayıtsınlar. Bir dəfə də süfrənin başında otursunlar. Bir dəfə də adını çağırsınlar. Bir dəfə də soruşsunlar: “Ay bala, nə olub, niyə belə fikirli oturmusan?”
Sən də heç nə olmamış kimi başını qaldırıb deyəsən: “Heç nə, ana... Elə-belə”.
Və dünyanın bütün dərdləri bir anlığa yaddan çıxsın. Amma həyatın öz qaydası var. Gələn gəlir, gedən gedir. Biz qalırıq. Qalanlar da bir gün gedənlərin sırasına qoşulur. Ona görə bəlkə bu gün sevdiklərimizin üzünə bir az diqqətlə baxaq. Anamızın səsini bir az artıq dinləyək. Atamızın yanında bir az artıq oturaq. Dostumuza səbəbsiz yerə zəng edək. Uşaqların oyununa mane olmayaq. Bir stəkan çayı tələsmədən içək. Axşamın necə gəldiyini hiss edək. Çünki bu günün də sabah bir adı olacaq.
O gün də kimsə haradasa oturub uzaqlara baxacaq, köhnə bir mahnı eşidəcək, ürəyində nəsə qırılacaq və asta səslə deyəcək:
BİR VAXT VAR İDİ...
Və bəlkə də həmin vaxt elə bu gündür. Sadəcə, biz hələ onun içindəyik deyə, qiymətini bilmirik.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







