
Xəbərlər
5.10.2026, 23:01
TƏNHA ÇİNARIN NAĞILI

Basqala, kənddəki Bazar meydanına gedən yolun üstündə, daha doğrusu, meydanın yuxarı başında, qədim hamama yaxın ərazidə qos-qoca bir çinar var. Onun nə vaxt əkildiyini heç kim dəqiq bilmir. Kəndin ən yaşlı sakinləri belə bu ağacı uşaqlıqdan xatırlayıblar. Deməli, Çinar bir neçə insan nəslinin həyatına şahidlik edib. Məlum ünvanda dayanmış bu ağac uzaqdan adi bir Çinar kimi görünür. Yaxınlaşanda isə onun gövdəsində zamanın izlərini görmək mümkündür. Qalın gövdəsindəki çatlar, qurumuş budaqlar, küləyin və yağışın açdığı yaralar uzun bir ömrün səssiz nişanələridir.
Vaxtilə Çinarın ətrafında həyat daha canlı olub. Kəndə gedib-gələnlər onun kölgəsində dincəlib, isti yay günlərində bir qədər nəfəs dəriblər. Uşaqlar ağacın ətrafında oynayıb, bəzən budaqlarına dırmaşmağa çalışıblar. Toy günlərində isə yolun səsi dəyişərdi. Atların ayaq tappıltısı, insanların danışığı və uzaqdan gələn musiqi çinarın yarpaqlarına qarışıb...
ÇİNAR BÜTÜN BUNLARI SƏSSİZCƏ İZLƏYİB...
...İllər keçdikcə kəndin görünüşü dəyişib. İnsanların bir hissəsi ayrı-ayrı məkanlara, ucqar şəhərlərə köçüb. Köhnə evlərin yerində yeniləri tikilib. Vaxtilə at-eşşəyin hərəkət etdiyi yol genişlənib, avtomobillərin sayı artıb. Əvvəllər piyada gedilən yoldan indi insanlar tələsik keçirlər.
ÇİNAR İSƏ ƏVVƏLKİ YERİNDƏ QALIB...
Artıq onun kölgəsində dayanıb söhbət edənlərin sayı azalıb. Uşaqların səsi əvvəlki kimi eşidilmir. Bir zamanlar kənd həyatının ayrılmaz hissəsi olan və Şah İsmayıl Xətainin qədəm basdığı ərazidəki ağac indi kəndin mərkəzində tək görünür. Amma onun tənhalığı boşluq deyil. Çinarın ətrafında insanlar azalsa da, onun yaşadığı illərin xatirələri çoxdur.
Bir vaxtlar bu ərazidən kəndin gəncləri əsgərliyə yola salınıb. Analar oğullarına, qadınlar həyat yoldaşlarına son dəfə baxıblar. Bəziləri illər sonra geri qayıdıb, bəziləri isə doğma kəndlərinə bir daha dönməyiblər.
ÇİNAR HƏMİN GÜNLƏRİ DƏ GÖRÜB...
Sonralar kəndə qayıdanların üzündə zamanın izlərini müşahidə edib. Onlar əvvəlki adamlar deyillər. Həyat onları dəyişdirib. Kimi sakitləşib, kimi qocalıb, kimi keçmişdə itirdiyi insanlardan danışaraq ömrünün qalan hissəsini yaşayıb, kimi də təklikdən ürəyi qubar bağlayıb bu dünyadan köçüb.
Çinar üçün isə zaman başqa cür keçib. İnsanların ömrü onun üçün qısa görünüb. Bir uşaq böyüyüb ata olub, sonra qocalıb. Onun uşaqları həmin ağacın altında oynayıblar. Beləcə, nəsillər bir-birini əvəz edib.
Xatırlayıram, bir neçə il əvvəl kəndin yaşlı sakinlərindən biri Çinarın yanına gəldi. Əlində əsa vardı. Ağacın gövdəsinə söykəndi və uzun müddət susdu.
Sonra asta səslə dedi:
— Sən hələ də buradasan...
Külək həmin anda yarpaqları tərpətdi.
Qoca gülümsədi.
— Yəqin çox şey görmüsən.
Bu sözlər sadə olsa da, böyük bir həqiqəti ifadə edirdi. İnsan ömrü ilə müqayisədə ağacların ömrü daha uzun olur. Buna görə də qədim ağaclar bir növ canlı tarix kimi görünürlər. Onlar kitab kimi danışmırlar, amma varlıqları özlüyündə keçmiş haqqında düşünməyə imkan verir.
Qoca bir müddət sonra ağacın yanından uzaqlaşdı. Çinar isə yenə əvvəlki kimi yolun kənarında qaldı.
Bir neçə gün sonra həmin yerdən gənc bir tələbə keçirdi. O, Çinarın kölgəsində dayanıb ağaca diqqətlə baxdı. Gövdənin üzərindəki qırışlara, budaqların qurumuş hissələrinə nəzər saldı. Sonra düşündü ki, bu ağacın ömrü insan ömründən çox fərqlidir.
İnsan keçmişi xatırlamaq üçün yaddaşa ehtiyac duyur. Ağac isə keçmişin içində yaşayır. Bu fikir gənci uzun müddət düşündürdü...
O, başa düşdü ki, zaman yalnız illəri dəyişmir. Zaman insanları, şəhərləri, kəndləri, hətta insanların dünyaya baxışını da dəyişir. Dəyişməyən isə çox az şeydir. Bəzən bir ağac həmin dəyişikliklərin fonunda öz varlığı ilə sabitliyin rəmzinə çevrilir.
ÇİNARIN TALEYİ DƏ BELƏ İDİ...
Həmin gün tələbə torpaqda balaca bir çuxur qazıb çinar toxumu əkdi. Toxumu torpağa qoydu və üstünü örtdü.
- Görəsən, sən böyüyəndə bu çinar hələ burada olacaqmı? - deyə düşündü. Bu sualın cavabını isə heç kim bilmirdi. Bəlkə qocaman Çinar daha bir neçə il yaşayacaqdı. Bəlkə də daha uzun. Amma bir gün onun da ömrü sona çatacaqdı. Bu, təbiətin dəyişməz qanunudur. Heç bir canlı əbədi deyil. Əsas məsələ isə həyatın davam etməsidir.
Əkilən toxum torpağın altında görünməz şəkildə öz gələcəyini hazırlayırdı. Çinarın yanında yeni bir həyatın başlanğıcı vardı. Qocaman ağacdan bir az aralıda böyüyəcək balaca çinar bir gün onun yerini tuta bilərdi. Bu mənzərə insan həyatına da bənzəyirdi.
Bir nəsil öz ömrünü başa vurur, başqa nəsil onun ardınca gəlir. Böyüklərin başladığı işi gənclər davam etdirir. İnsanlar dəyişir, zaman dəyişir, lakin həyatın özü dayanmaq bilmir.
ÇİNARIN ƏN BÖYÜK DƏRSİ DƏ BƏLKƏ BUNDAN İBARƏT İDİ…
O, insana zamanın qarşısında dayanmağın mümkün olmadığını, amma özündən sonra gələnlər üçün yaxşı bir iz qoymağın mümkün olduğunu göstərirdi.
İnsan dünyadan köçür. Onun səsi bir gün susur, addımları bir gün dayanır. Lakin yaratdığı dəyər, yetişdirdiyi insanlar, verdiyi yaxşılıq və qoyduğu xatirə ondan sonra da yaşaya bilər. Ağac da belədir. Onun kölgəsi bir gün çəkilə bilər, amma toxumu torpaqda qalır. Tənha Çinarın nağılı buna görə təkcə bir ağacın hekayəsi yox, zamanın qarşısında insanın mövqeyi haqqında düşüncəyə çevrilir.
ÇİNAR HƏLƏ DƏ YERİNDƏDİR…
Yaz gələndə yenidən yarpaqlanır. Yayda kölgə salır. Payızda yarpaqları saralır, qışda isə budaqları çılpaq qalır. Təbiətin bu dəyişməz dövrü onun həyatının bir hissəsinə çevrilib. O ərazidə yay aylarında, isti havalarda çox turist, gəlmə adam olur. Buradan keçənlərin bəziləri ağaca baxır, bəziləri isə heç fərqinə varmadan ötüb gedirlər.
ÇiNAR iSƏ SAKiTCƏ DAYANIB…
Onun qarşısında nə qədər yollar açılıb, nə qədər yollar bağlanıb. Neçə insan gəlib keçib, neçə ev tikilib və dağılıb. Zaman öz işini görüb. Çinar isə öz yerində qalıb. Bəlkə də onu qiymətli edən yalnız qocalığı deyil. Onu qiymətli edən, dəyişən dünyanın içində öz varlığını qorumasıdır.
İnsan üçün də həyatın mənası yalnız uzun yaşamaqdan ibarət deyil. Əsas olan yaşadığı müddətdə nə yaratması, kimə fayda verməsi və özündən sonra hansı izləri qoymasıdır.
Kəndin mərkəzindəki tənha Çinar bunu sözsüz deyir. O, danışmır. Amma onun uzun ömrü bir həqiqəti anlatmağa kifayət edir: İnsan gedir, zaman keçir, nəsillər dəyişir. Yaşadılan həyatın mənası isə gələcəyə ötürülən dəyərlərdə qalır. Bəlkə də Çinarın əsl nağılı elə budur!..

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






