Turaztv.az » Xəbərlər » Minirə Dadaşqızı : ,, Tənha ağac " - FOTO
Xəbərlər

Minirə Dadaşqızı : ,, Tənha ağac " - FOTO

23.11.2026, 00:25 10
(Lirik-fəlsəfi poema)
Bir yol kənarında tənha bir ağac,
Dayanıb boylanır hey qərib - qərib...
Görəsən tarixin hansı küləyi,
Onu bu kimsəsiz çölə gətirib?!

Nədən ayrı düşüb öz ormanından,
İndi bir hayı yox hay verə haya.
Tənha ağac belə görünüş ilə,
Bənzər öz qatarın azmış durnaya.

Lakin hələ körpə fidan ikən o,
Durub tab gətirib hər bir sınağa.
Görünür göylərin nizamı üçün,
Məhkum olunmuşdur o yaşamağa.

Nə isti qızmar yay, nə boranı qış,
Onun inadını qıra bilməmiş
Beləcə bu tənha, kimsəsiz ağac,
Tale oyununda bişib - bərkimiş.

Alışmış beləcə kimsəsizliyə,
Alışmış beləcə o tənhalığa...
Hərdən də özütək qərib yolçuya,
Yayın istisində kölgə salmağa.

Budaqlar sığınmış öz gövdəsinə,
Gövdə də sığınmış budaqlarına.
Onlar bax beləcə tab gətirmişlər
Taleyin ən çətin sınaqlarına.

Bir yol kənarında tənha bir ağac,
Dayanıb boylanır hey qərib - qərib...
Görəsən tarixin hansı küləyi,
Onu bu kimsəsiz çölə gətirib?!

Avtobus yol gedir, mən isə ruhən,
Qopub bu dünyadan uzaqlaşıram.
O qərib ağactək qəribləşirəm,
O tənha ağactək tənhalaşıram.

Xəyallar aparır məni qoynunda,
Düşürəm kimsəsiz qərib adaya.
Burda hava da var, torpaq da, su da,
Təkcə insan yoxdur hay versin haya.

Darıxır ürəyim, sıxılır qəlbim,
Ayılıram tezcə düşüncələrdən.
Tənhalaşan ruhu qaytarıram mən,
Cismən dayandığım yerə yenidən.

Baxıram sağımda, solumda insan,
Hər tərəf insandır, hər tərəf insan.
Ozüm də bilmədən qəfil bir nida,
Qopur pıçıltıyla dodaqlarımdan.
,, Şükür olsun sənə uca Yaradan! ".

Sən demə bu tənha, qərib ağacın,
Nə boyda fəlsəfi hikməti varmış,
Sən demə insanın ruhu da hərdən,
O qərib ağactək tənhalaşarmış...
Sən demə dünyanın ən böyük varı,
Ən böyük bəzəyi elə insandır.

Deyirəm ya Rəbbim , çox şükürlər ki,
İnsanın insandan dayağı vardır.
Bəs nədən görəsən bəzən biz insan,
Bu uca varlığın qədərin bilmirik?!

Bəzən də özümüz öz içimizdə,
Başqa birisinin ruhun didirik...
Bəs nədən görəsən axı biz insan,
O topu, bonbanı icad edirik?!
Sonra da bu tənha, yeganə Yerin,
Bağrını min yerdən dəlib - didirik?!

Axı kimə lazım müharibələr?!
Axı nəyə lazım qanlı savaşlar?!
Axı kimə lazım günahsız ölüm?!
Axı nəyə lazım acı göz yaşlar?!...
Gəlin ey insanlar, gəlin birləşək!

Anamız dünyanı yaşatmaq üçün.
Gəlin ey insanlar, gəlin birləşək!
Hərdən ruhumuzu boşaltmaq üçün.
Həyatda yaxşılar azdır onsuz da,
Gəlin yamanları yola gətirək!

Qəlblərdə xəyanət, nifrət yerinə,
Ləyaqət, sədaqət, hörmət bitirək.
Gəlin eyinsanlar, gəlin birləşək!
Gələcək naminə, sabah naminə,
Gəlin ey insanlar, gəlin birləşək!

Səadət naminə, rifah naminə.
Nə müharibə olsun, nə top, nə tüfəng,
Nədə ki, analar oğul itirdin.
Əsgərlər əlinə silah yerinə,
Sevdiyi qız üçün çiçək götürsün.
Gəlin ey insanlar, gəlin birləşək!

Bizdən uzaq olsun seytan ilə şər,
Qırx il öncə atam yazan bir şeir
Yəqin bu məqamda yerinə düşər.
Tələbə bir dostum soruşdu məndən,
De! nədir həyatda heç dəyişməyən?!..

Doğrusu qəfildən verilən sual,
Mən də dərin maraq oyatdı dərhal.
Niyə belə sual verdin sən mənə?!
Bunu fəlsəfədən deyiblər sənə.

Həyatda gördüyün bütün hər nə var,
İstər cansız olsun, istər canlılar.
Nə var materiadır, hər an dəyişir,
Həyatda müxtəlif şəkilə düşür.

Yeni anasından doğulan uşaq,
Yetişib bəlkə də alim olacaq?!
Bu gün qar örtürsə bu Yer üzünü,
Sabah o bahara verər yerini.

Lakin bir arzu var mənim qəlbimdə,
Məni düşündürür yeri gələndə.
Deyirəm dəyişsə Yer də, insan da,
Keçsə dəqiqələr, ötsə zaman da,
Hər hey dostluqdan deyib gülənlər,
Dostluğun, sevginin qədərin bilənlər,
Keçsə dəqiqələr, ötsə də illər,
İnsanlıq naminə dəyişməyirlər!
Mənsə deyirəm ki, siz ey insanlar!
Biz əl-ələ verib gəlin birləşək!

Nəyin xatirinə dəyişsə də biz,
İnsanlıq naminə tək dəyişməyək!
Bütün maraqları bir yana qoyub,
Dünyamız naminə gəlin birləşək!
Bir yol kənarında tənha bir ağac,
Dayanıb boylanır hey qərib- qərib...
Görəsən tarixin hansı küləyi,
Onu bu kimsəsiz çölə gətirib?!
Sən demə bu tənha, qərib ağacın,
Nə boyda fəlsəfi hikməti varmış,
İnsan da bir birin anlamayanda
O qərib ağactək tənhalaşarmış,
O tənha ağactək tənhalaşarmış...
2006-cı il
Minirə Dadaşqızı : ,, Tənha ağac " - FOTO

Oxşar xəbərlər