Xəbərlər
ƏSGƏR YOLDAŞLIĞININ ZAMAN TANIMAYAN DƏYƏRİ...
Şair, Əfqanıstan müharibəsinin iştirakçısı Aslan Ağaisaoğlu Əhmədova ad günü təbriki
Bilmirəm nədəndir, niyədir, amma bəzi xatirələr var ki, insanın yaddaşından heç vaxt silinmir. Zaman ötür, illər bir-birini əvəz edir, həyat öz axarı ilə davam edir, amma elə bir məqam olur ki, ötən günlərin hansısa hadisəsi yenidən göz önündə canlanır, insanı düşüncələrə qərq edir.
Bu gün də belə oldu...
1988-ci ilin hadisələri ərəfəsində, SSRİ-nin süqutuna doğru getdiyi mürəkkəb bir dövrdə, həqiqi hərbi xidmətini sovet qoşunlarının tərkibində Əfqanıstan Demokratik Respublikasında keçmiş ehtiyat əsgərlərin iştirakı ilə Türkmənistanın "Füruzə" istirahət mərkəzində "Voyın stoy stroy" devizi altında ümumittifaq toplantısı keçirilmişdi. Azərbaycandan gedən on nəfərlik nümayəndə heyətinin üzvlərindən biri də mən idim. Həmin toplantıdan hər birimizə o vaxt "polovoy" adlandırdığımız hərbi geyim forması ilə Vətənə qayıtmışdıq.
Sonralar, 1988-ci ilin meydan hadisələri zamanı, Əfqanıstanda xidmət etmiş, ictimai-siyasi proseslərdə fəallıq göstərən keçmiş əsgərlərin də xüsusi nəzarətə götürüldüyünü müşahidə edirdik. Mənim də "qismətimə" Belarus əsilli sovet KQB-sinin bir podpolkovniki düşmüşdü. Rayon hərbi komissarlığından telefon nömrəmi öyrənərək evimizə zəng etmiş, özünü guya Əfqanıstandakı əsgər yoldaşım kimi təqdim edərək mənimlə görüşmək istədiyini bildirmişdi.
Bir neçə günlük "gizlənpaç" oyunundan sonra nəhayət, görüşdük. İlk görüşdə o qədər səmimi görünməyə çalışdı ki, məni necə qucaqladısa, heç Əfqanıstanda hansı bölükdə, hansı taqımda xidmət etdiyini soruşmağa imkan tapmadım. Sonrakı görüşlərimizdə də ona təhkim olunmuş "Vilis" markalı avtomobildə saatlarla söhbət edirdik. Bir neçə gündən sonra isə gəldiyi kimi də yoxa çıxdı.
Ardınca dövlətimizin xüsusi əhəmiyyətli qurumlarından birinin rayon şöbəsinin rəhbəri mənimlə görüşmək istədiyini bildirdi. Bir neçə saat davam edən həmin görüşdə mənə ünvanlanan, mənim tərbiyəmə, mənəvi prinsiplərimə və şəxsi mənafeyimə zidd olan bir təklifə cavabım isə bu gün də yaddaşımdadır.
Əfqanıstanda xidmət etmiş əsgərlərdən söhbət düşəndə belə demişdim:
"Mən Əfqanıstanda xidmət keçmiş, bir daşın arxasında güllə altında oturmuş, araya qoyub lağ etdiyimiz ən zəif əsgərimizi hakimiyyətdə oturan ən yüksək vəzifəli şəxslə dəyişmərəm!"
Bu sözləri mən o zaman da ürəyimin hökmü ilə söyləmişdim, bu gün də həmin fikrin arxasındayam. Çünki Əfqanıstan bizim üçün təkcə hərbi xidmət yeri deyildi. Orada bölüşdüyümüz təhlükə, çəkdiyimiz əzab, yaşadığımız günlər, bir-birimizin həyatına görə keçirdiyimiz narahatlıq bizi görünməz tellərlə bir-birimizə bağlamışdı. O bağın adı əsgər yoldaşlığı idi!
Bax, bu gün Facebook vasitəsilə tanış olduğum, sonradan iki dost kimi görüşüb söhbət etdiyim şair dostum, Əfqanıstan müharibəsinin iştirakçısı Aslan Ağaisaoğlu Əhmədovun doğum gününü görərkən bütün bunlar yenidən yaddaşımda canlandı.
Düzdür, Aslan məndən yeddi il sonra Əfqanıstanda hərbi xidmət keçib. Bizim xidmət illərimiz üst-üstə düşməyib. Amma nə olsun? Axı bizi birləşdirən təkcə eyni səngərdə dayanmaq, eyni vaxtda xidmət etmək deyil. Bizi birləşdirən o torpaqda yaşanan müharibənin acı xatirələri, əsgər taleyi və bir-birimizi sözsüz anlayan insanların mənəvi yaxınlığıdır.
Bu gün onun timsalında bir daha əmin oluram ki, əsgər yoldaşlığı təqvimlə, illə, məsafə ilə ölçülmür. Bəzən insan illərlə tanıdığı birindən çox, heç vaxt eyni səngərdə dayanmadığı, amma eyni taleyin sınağından keçmiş birinə doğmalaşır.
Əziz Aslan Ağaisaoğlu!
Səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm! Sənə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, qələm dostlarına və oxucularına yeni-yeni yaradıcılıq töhfələri arzulayıram. Qoy şair qəlbinin işığı heç vaxt sönməsin, sözün daim ucalardan gəlsin, ömrünün bundan sonrakı illəri könül rahatlığı, sevinc və gözəl günlərlə dolu olsun.
Yaxşı ki, varsan, əsgər qardaşım!
Biz eyni illərdə xidmət etməmişik, amma eyni müharibənin yaddaşını daşıyırıq. Mənim üçün bu da əsgər yoldaşlığının bir başqa ifadəsidir.
Doğum günün mübarək, Aslan müəllim!
Səmimi dostluq və ehtiramla,
Elxas Comərd.















