Xəbərlər
Sözün gözü ilə görünən ömür - FOTOLAR
Zaman amansızdır; o, illəri bir-birinin ardınca sıralayaraq insan ömrünün səhifələrini çevirir, hadisələri yaddaşların dərinliyinə gömür. Lakin elə dəyərlər var ki, zamanın axarına tabe olmur, əksinə, illər ötdükcə daha da cilalanır, məna yükü ağırlaşır. Bu dəyərlərin ən ucası Söz, ən dürüst şahidi isə elə Zamanın özüdür. Çünki zaman ötür, cismani varlıqlar dəyişir, amma həqiqi, saf və səmimi söz əbədi yaşayır.
Bu günlərdə Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, istedadlı şair-publisist Tapdıq Əlibəylinin anadan olmasının 65 illik yubileyinə həsr edilmiş "Sözün gözü ilə görünən ömür" kitabının möhtəşəm təqdimat mərasimi keçirildi. Paytaxtın "Xudafərin" şadlıq sarayında baş tutan bu ədəbi bayram sözə, sənətə və ziyalılığa verilən dəyərin bariz nümunəsinə çevrildi. Mərasimdə ölkənin tanınmış şair və yazıçıları, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, həkimlər, jurnalistlər və müxtəlif sahələrdə çalışan sözsevərlər iştirak edirdilər.
"Elm və təhsil" nəşriyyatında işıq üzü görən və nəfis tərtibatı ilə göz oxşayan bu kitab Tapdıq Əlibəylinin 65 illik ömür yoluna, zəngin yaradıcılığına və şəxsiyyətinə həsr olunmuş publisistik məqalələr toplusundan ibarətdir. Nəşrin adı da təsadüfi seçilməyib və dərin rəmzi məna daşıyır. "Sözün gözü ilə" ifadəsi sadəcə uğurlu bir poetik deyim deyil, həm də bir həyat fəlsəfəsidir. Sözün də öz gözü, öz baxış bucağı var; o, insanın zahiri görünüşündən daha çox daxili aləmini, əməllərinin mahiyyətini görür və tarixə həkk edir. Bu kitab məhz həmin "sözün gözü" ilə boylanılan şərəfli bir ömür yolunun salnaməsidir.
Ədəbi-bədii gecənin idarə olunması Milli Olimpiya Komitəsinin mətbuat katibi "Olimpiya dünyası "qəzetının baş redaktoru, Əməkdar jurnalist , şair Murad Fərzəliyevə həvalə olunmuşdu. Məclisi açan Sabir Rüstəmxanlı yubilyarın həyat və yaradıcılıq yoluna geniş nəzər salaraq onu səmimi bir ifadə ilə "Söz divanəsi" adlandırdı. Xalq şairi çıxışında vurğuladı ki, sözün əsl mənasında "söz pərvanəsi" olan, hər bir kəlmənin üstündə yarpaq kimi əsən, sözün şərəfini və ucalığını ömrü boyu qoruyan tanınmış şair-publisist, jurnalist Tapdıq Əlibəyli artıq ömür kitabının 65-ci səhifəsini ləyaqətlə tamamlamaqdadır.
Təqdimat mərasimində kitabın məzmunu, orada yer alan dəyərli yazılar və yubilyarın yaradıcılıq özəllikləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Ümumilikdə 50-dən çox söz adamının öz ürək sözlərini bölüşdüyü bu topluda qələm dostlarının və ədəbiyyatşünasların Tapdıq Əlibəyli yaradıcılığına verdiyi yüksək qiymət xüsusi yer tutur.
Belə ki, yazıçı-publisist Ramiz Göyüş kitabda yer alan "Tapdıq Əlibəylinin özü və sözü" adlı məqaləsində şairin doğulub boya-başa çatdığı torpağa – Yardımlıya olan tükənməz məhəbbətindən bəhs edir. Müəllif qeyd edir ki, Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza bəxş etdiyi ən dəyərli söz adamlarından biri məhz Tapdıq Əlibəylidir. Onun yurd sevgisi poeziyasında elə səmimi və obrazlı şəkildə əks olunub ki, bu misralar hər bir oxucunun qəlbində Vətən duyğusunu alovlandırır:
Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı,
Bağlayıb yurddaşı minilliklərə.
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı,
Bağlayıb yurddaşı minilliklərə.
Şair Yusif Nəğməkar isə "Tapdıq Əlibəylinin poeziyası: ənənə və səmimiyyət" başlıqlı məqaləsində yubilyarın bədii dil və üslub xüsusiyyətlərini təhlil edərək onun uğurunun sirrini sadəlikdə və təbiilikdə görür. Müəllifin fikrincə, Tapdıq Əlibəylinin dili son dərəcə sadə və aydındır; o, süni pafosdan və mürəkkəb sintaktik quruluşlardan bilərəkdən qaçır, fikrini oxucuya daha çox birbaşa, duru və anlaşıqlı şəkildə çatdırır. Məhz bu səmimiyyət və dil aydınlığı onun şeirlərini geniş oxucu kütləsi üçün doğma və əlçatan edir.
Əməkdar jurnalist, "Yeni təfəkkür" qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova "Sözə sədaqətlə yaşanan ömür" adlı yazısında 65 yaşın Tapdıq Əlibəyli üçün bir yekun deyil, əksinə, yeni yaradıcılıq üfüqlərinin başlanğıcı olduğunu vurğulayır. Baş redaktor qeyd edir ki, Tapdıq Əlibəyli bu müdrik çağını yeni düşüncələr və yeni əsərlər üçün növbəti başlanğıc kimi qarşılayır və qarşıda onun hələ yazacağı, söyləyəcəyi, oxucuları ilə bölüşəcəyi çox sözünün olduğuna hər kəs inanır.
Bu fikri şair-publisist Elxas Comərd də "Tanıdığım şair Tapdıq – sözə söykənən ömür" başlıqlı məqaləsində davam etdirərək yubilyarın gənclik enerjisinə diqqət çəkir: "Ömrün 65 yaşı tamam olur. Doğrusu, bu rəqəm onun ruhuna uyğun gəlmir. Elə illər əvvəl, 60 yaşında yazıb dediyim kimi, bu gün də demək istəyirəm: Tapdıq müəllim, bu duruşla 65 yaş nədir hələ..."
Şair Fərman Borçalı "Şərəflə yaşanan şair ömrü" məqaləsində yubilyarın tükənməyən ilhamından söz açır: "Bu gün də Tapdıq Əlibəyli yaradıcılıq eşqi ilə yaşayır, yazır, yeni poetik nümunələri ilə oxucularını sevindirir. Onun qələmi yorulmur, ürəyi Vətən sevgisi ilə döyünür, sözü isə insanlara işıq, ümid və mənəvi güc bəxş edir."
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə "Tapdıq Əlibəyli poeziyasının enerjisi" adlı məqaləsində şairin yaradıcılığını ədəbi-estetik müstəvidə dəyərləndirir. O yazır: "Yaradıcılıq zamanla ölçülmür; hər bir misrada yeni nəfəs, yeni həyat, yeni üfüq açılır. Onun poeziyası həm klassik ənənələrə sadiqdir, həm də çağdaş oxucuya yaxın yeni ritmlərlə nəfəs alır."
Nəğməkar şair Vüqar Əhməd də "Mənəvi yüksəlişlə söz ucalığı" məqaləsində yubilyarın ədəbiyyatımıza verdiyi töhfələri yüksək qiymətləndirərək qeyd edir ki, yaratdığı əsərlərlə Azərbaycan poeziyasını zənginləşdirən şairin həyatında 65 yaş həm də mənəvi yüksəlişlə söz ucalığında olmaq zamanıdır.
Kitabda təkcə Tapdıq Əlibəylinin poeziyası deyil, onun yüksək insani keyfiyyətləri, dostluğa sədaqəti və ailəcanlılığı da səmimi boyalarla təsvir edilib. Şair-publisist Əzizə Ağahüseynqızı "Dağ saflığına bələnən şairin söz işığında" məqaləsində onun cəmiyyətdəki nüfuzunun sirrini belə açıqlayır: "Onu yaxından tanıyanlar ilk növbədə sadiqliyini, səmimiyyətini, xeyirxahlığını, ziyalılığını və insanlara qayğıkeş münasibətini yüksək qiymətləndirirlər. Qazandığı nüfuz və hörmət də məhz bu yüksək mənəvi keyfiyyətlərin nəticəsidir."
Nəşrin ən kövrək və səmimi yazılarından biri isə şairin ömür-gün yoldaşı, həkim Zivər Bağışqızının qələmə aldığı "Olmasaydın, heç olmazdım mən sanki..." başlıqlı məqalədir. O, yubilyarın ailə başçısı kimi obrazını böyük sevgi və ehtiramla canlandırır: "Mənim üçün Tapdıq Əlibəyli yalnız şair-publisist deyil. O, ailəmizin möhtərəmidir. Oğullarımız Röyal və Xəyalın atasıdır. Duyğu, Uğur və Əlinin sevimli babasıdır."
Bəli, "Xudafərin" şadlıq sarayında keçirilən bu möhtəşəm təqdimat mərasimi və "Sözün gözü ilə görünən ömür" kitabı bir daha sübut etdi ki, ömrünü sözə həsr edən, xalqının, yurdunun dərdini və sevincini misralara köçürən sənətkar heç vaxt unudulmur. 65 yaşın zirvəsindən boylanan Tapdıq Əlibəyli həm dəyərli ziyalı, həm gözəl ailə başçısı, həm də sözün keşiyində duran əsl şair kimi oxucularının və qələm dostlarının qəlbində özünə əbədi taxt qurub.
Biz də bu əlamətdar yubiley münasibətilə dəyərli şair-publisist Tapdıq Əlibəylini səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü
















