Xəbərlər
SÖZÜNƏ SƏDAQƏTLİ, RUHU GÖZƏL İNSAN — QƏZƏNFƏR MÜƏLLİM!
Bu gün sözünə söz, ruhuna duyğu, şəxsiyyətinə hörmət bəslədiyim dəyərli şair dostum Qəzənfər Məsimoğlunun doğum günüdür!
İnsanları tanımağın müxtəlif yolları var. Bəzən bir insanı illərlə tanıyırsan, amma onun mənəvi dünyasına bələd ola bilmirsən. Bəzən isə bircə misrası, bircə kəlməsi sənə onun qəlbinin qapısını açır. Mən Qəzənfər müəllimi əvvəlcə sözündən tanıdım. Şeirlərini oxuduqca qəlbinin dərinliklərinə baş vurdum, sözlərinin ətrini duyduqca ruhunun gözəlliyinə bələd oldum. Sonra şəxsən tanıdım və gördüm ki, şeirlərində duyduğum səmimiyyət insanlığında da öz əksini tapır.
Həmişə düşünmüşəm ki, istedad Tanrının hər insana bəxş etmədiyi ən böyük nemətlərdəndir. Şairlik isə sadəcə sözləri misralara düzmək deyil. Şairlik ruhun gördüyünü, qəlbin duyduğunu sözə çevirə bilməkdir. Hər kəs söz yaza bilər, amma hər kəs sözə ruh verə bilməz. Qəzənfər müəllim məhz sözə ruh verə bilən, duyğularını oxucusunun qəlbinə çatdırmağı bacaran şairlərdəndir.
Onun yaradıcılığında məni ən çox cəlb edən səmimiyyət, təbiilik və sözün özünəməxsus poetik nəfəsidir. Təbiətin bir yarpağında ömrün payızını, bir çiçəyin rəngində sevginin gözəlliyini, gecənin səssizliyində insanın həsrətini görə bilir.
"Gecəm gözlərimdən asılı qalıb", — deyən şair, bircə misrada nə qədər duyğunu, nə qədər yaşanmamış arzunu, nə qədər ömür nisgilini ifadə edir.
"Payızı asmışam yarpaqlarından" deyərək zamanı öz poetik təxəyyülünün süzgəcindən keçirir, insan ömrünün yaşanmış və itirilmiş anlarını bir payız lövhəsində canlandırır.
"Halallıq" şeirində isə sözün başqa bir zirvəsinə yüksəlir. Halallığı müqəddəs amal, ali məram, həyat və ömür dəyəri kimi təqdim edir. Bununla da yalnız şair düşüncəsini deyil, insan mövqeyini ortaya qoyur.
Mənim üçün Qəzənfər Məsimoğlunun yaradıcılığının gözəlliyi təkcə poetik ifadələrində deyil, sözün arxasında dayanan mənəvi dəyərlərindədir. Çünki insanın sözü də, özü də onun ruhundan xəbər verir.
Qəzənfər müəllim, Sizə həsr etdiyim yazılarda bir fikri dəfələrlə vurğulamışam: sözün ətri var və o ətri hər qələm sahibi daşıya bilmir. Sizin poeziyanızda mən həmin ətri duymuşam. Sözünüzün işığında gəzişmək, duyğularınızın dərinliyində öz düşüncələrimə cavab axtarmaq mənə həmişə xoş olub.
Bu gün Sizin ömür təqviminizə daha bir yaş yazılır. Arzu edirəm ki, bu yaş ömrünüzə qocalıq deyil, müdriklik, yaradıcılığınıza yeni nəfəs, qəlbinizə yeni sevinc gətirsin. Qoy yazdığınız hər misra bir könülə toxunsun, hər kitabınız oxucusuna mənəvi pay olsun, hər yeni gününüz bir uğurla yadda qalsın.
Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı, sözünüzə və şəxsiyyətinizə layiq ehtiram arzulayıram. Tanrı qələminizə qüvvət, ruhunuza işıq, könlünüzə sevinc versin!
Qoy ömrünüzün baharı heç vaxt solmasın, sözünüzün payızı heç vaxt yarpaqlarını tökməsin!
Doğum gününüz mübarək, əziz Qəzənfər müəllim!
Hörmət və səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü.
Şair-publisist.














