İnsan dünyaya gələndə yalan danışmağı bacarmır. Körpənin dili söz tutmamışdan əvvəl gözləri danışır, ağlamağı danışır, susmağı danışır. O, acdırsa ağlayır, qorxursa qışqırır, sevinirsə gülür. Heç vaxt ac olmadığı halda çörək istəmək üçün ağlamır, heç vaxt sevmədiyi bir üzə xoş görünmək üçün gülümsəmir. Körpənin dünyasında həqiqət hələ özünə yer eləyib. Yalan isə qapının ağzında dayanıb adam gözləyir. Sonra həyat başlayır, insanlar başlayır, qorxular başlayır və bir gün insanın dilinə yalan gəlir. Həmin gün o, böyüdüyünü düşünür. Halbuki bəlkə də elə həmin gün özündən bir az uzaqlaşır.
Bəs biz niyə yalan danışırıq? Bizi yalan danışmağa kim məcbur edir? Həyatmı, cəmiyyətmi, qorxularımızmı, yoxsa özümüzün içində bəsləyib böyütdüyümüz balaca bir mənfəətpərəstlikmi?

Mənə elə gəlir ki, yalanın birinci müəllimi qorxudur. İnsan həqiqəti deyəndə nəyisə itirməkdən qorxur. Birinin sevgisini, birinin hörmətini, işini, çörəyini, bəzən də öz rahatlığını. Düşünür ki, həqiqəti desəm, məni qınayarlar, məndən üz döndərərlər, qapımı bağlayarlar. Ona görə də həqiqətin üstünə bir az yalan çəkir, sanki köhnə divarın çatını rəngləyir. Divar bir müddət gözə xoş görünür, amma çat öz yerində qalır. Üstəlik, indi həmin divarın üstündə bir də yalanın rəngi var.
Biz çox vaxt yalanı özümüzə sipər edirik. Halbuki sipər adamı düşməndən qoruyar, yalan isə çox vaxt adamı özündən qorumağa çalışar. İnsan başqasından gizlətdiyini bir gün özündən də gizlətməyə başlayır. Əvvəlcə “belə deməyə məcbur idim” deyir, sonra “başqa çarəm yox idi” söyləyir, axırda isə öz yalanına inanır. Bax, yalanın ən qorxulu yeri də buradır: İNSANIN ÖZ GÖZÜNDƏ TƏMİZƏ ÇIXMASI.
Həyatda elə adamlar var ki, yalan danışanda üzləri də qızarmır. Elə bil həqiqət onların evindən çoxdan köçüb, yalan isə qeydiyyata düşüb, evin sahibi olub. Belələri üçün yalan bir vasitə deyil, həyat tərzidir. Onlar həqiqəti əyib özlərinə uyğunlaşdırırlar. Əgər həqiqət onların xeyrinədirsə, onu bayraq edirlər; ziyanlarına işləyirsə, üstündən sükutla keçirlər. Belə adamların dilində söz çox, sözün çəkisi isə az olur. Çünki sözün çəkisini səsin ucalığı yox, insanın vicdanı müəyyənləşdirir.
Ancaq bütün yalan danışanları eyni tərəziyə qoymaq da düz deyil. Bir insan var, öz mənfəəti üçün yalan danışır. Bir insan da var, sevdiyi adamın qəlbini qırmamaq üçün həqiqəti gizlədir. Biri özünü ucaltmaq üçün başqasını alçaldır, o biri isə başqasını qorumaq üçün öz içində əzab çəkir. Deməli, yalanın da kölgəsi müxtəlifdir. Amma bir məsələ dəyişmir: yalanın niyyəti nə qədər yumşaq olsa da, onun nəticəsi həmişə gözlədiyimiz kimi olmur. Bəzən kimisə qorumaq üçün gizlətdiyimiz həqiqət elə həmin adamın ayaqlarının altından torpağı çəkir.
Bizi yalanlara sövq edən təkcə qorxu deyil. Bəzən bizi yalan danışmağa cəmiyyətin özü öyrədir. Elə bir mühitdə yaşayırıq ki, adamın necə olduğu yox, necə göründüyü daha çox əhəmiyyət daşıyır. Dürüst adamın səmimiyyəti bəzən sadəlövhlük sayılır, özünü tərifləyən adamın lovğalığı isə uğur kimi təqdim edilir. Birisi “bilmirəm” deməyə utanır, çünki elə bilir, bilməmək ayıbdır. Ona görə bilmədiyini deyir. Başqa biri səhvini etiraf etmir, çünki səhv etməkdən çox, səhvini boynuna almaqdan qorxur. Beləcə, hər kəs öz həqiqətini gizlədə-gizlədə başqasının yalanına təəccüblənir.
Bizim qəribə bir xüsusiyyətimiz var: öz yalanımıza bəraət qazandırırıq, başqasının yalanına isə hökm oxuyuruq. Özümüz yalan danışanda şəraitin çətinliyindən danışırıq, başqası danışanda onun xarakterindən. Özümüz səhv edəndə səbəb axtarırıq, başqası səhv edəndə günahkar. Elə bil hamının həyatında hakim olmaq istəyirik, amma öz həyatımızın məhkəməsində şahid kürsüsünə çıxmaq istəmirik.
Bəlkə də insanın ən böyük müharibəsi elə öz daxilində gedir. Bir tərəfdə həqiqəti deyən vicdan dayanır, o biri tərəfdə rahatlığı seçən ağıl. Vicdan deyir: “Düzünü danış!” Ağıl pıçıldayır: “Bir az gözlə, indi münasib vaxt deyil.” İnsan da bu iki səsin arasında qalır. Hərdən vicdanın səsini eşidir, amma eşitmirmiş kimi davranır. Çünki həqiqət bəzən baha başa gəlir. Yalan isə ilk baxışda ucuz görünür. Sonra məlum olur ki, yalanın ilkin qiyməti az olsa da, saxlanma xərci çoxdur. Bir yalanı qorumaq üçün ikinci yalan lazımdır, ikincini qorumaq üçün üçüncü. Axırda insan yalanlarının keşikçisinə çevrilir. Ömrünü həqiqət qurmağa yox, yalanın dağılmamasına sərf edir.
BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

Ən pisi də budur ki, yalan yalnız iki insanın arasında qalmır. O, evlərə keçir, ailələrə keçir, dostluqlara, iş yerlərinə, münasibətlərə yayılır. Bir evdə uşağa dürüstlük öyrədilir, amma telefon zəng çalanda ona “de ki, evdə yoxdur” tapşırılır. Uşaq həmin an böyük bir dərs alır. Ona deyilən sözlə gördüyü əməl biri-birinə uyğun gəlmir. O, kitabdan yox, həyatdan öyrənir ki, həqiqət bəzən danışılmalı deyil, vəziyyətə uyğun dəyişdirilməlidir. Sonra böyüyür, özü də yalan danışır. Biz də təəccüblənirik ki, bu uşaq belə olmağı haradan öyrəndi. Bəlkə də bizdən, özümüzdən.
İnsanlar bəzən yalanı xilas yolu hesab edirlər. Halbuki hər yalan adamı bir az da dalana salır. Həqiqət acı ola bilər, amma acı dərman da bəzən insanı sağaldır. Yalan isə şəkərə batırılmış zəhər kimidir: əvvəlcə dadı xoş gəlir, sonra içəridə nə baş verdiyini anlamaq çətinləşir. Bir dəfə yalan danışan adamın qarşısında seçim dayanır: ya etiraf edib həqiqətin məsuliyyətini daşıyacaq, ya da yalanı davam etdirib onun yükünü artıracaq. Birinci yol çətin ola bilər, ikinci yol isə insanı özündən uzaqlaşdırar.
Bəs yalan danışmamaq mümkündürmü? Bəlkə hər şəraitdə, hər vəziyyətdə asan deyil. İnsan mürəkkəbdir, həyat da onun qədər mürəkkəbdir. Ancaq dürüst olmaq heç də hər ağlına gələni düşünmədən söyləmək demək deyil. Həqiqəti nəzakətlə demək olar, susmaq olar, sözün zamanını gözləmək olar. Susmaqla aldatmaq, nəzakətlə yalan danışmaq eyni şey deyil. Əsas məsələ odur ki, insan öz susqunluğunun arxasında hansı niyyətin dayandığını özü bilsin.

Məncə, insanın böyüklüyü heç vaxt yalan danışmamağı ilə deyil, yalan danışdığı an özünü haqlı çıxarmağa çalışmaması ilə də ölçülür. Səhvini etiraf etmək, üzr istəmək, itirdiyin hörməti yenidən qazanmaq üçün çalışmaq - bunlar zəiflik deyil. Əksinə, insanın öz içindəki qorxaqlığa qalib gəlməsidir. Çünki həqiqəti söyləmək üçün bəzən böyük cəsarət, yalan danışmaq üçün isə bir anlıq zəiflik kifayət edir.
Sonda yenə həmin sualın qarşısında dayanırıq: bizi yalanlara kim sövq edir? Həyatmı? Cəmiyyətmi? Qorxularımızmı? Bəli, bunların hərəsinin payı var. Amma insanın əlindən seçim haqqını tam almaq da olmaz. Çünki bizi yalan danışmağa sövq edən səbəblər nə qədər çox olsa da, yalanın qapısını açan əlimiz çox vaxt öz əlimizdir.

Dünya həqiqət danışanların hesabına dəyişir, yalan danışanların səs-küyünə görə yox. Həqiqət bəzən tək qalır, amma tək qalmaq onun yanlış olduğunu göstərmir. Yalan isə ətrafına çox adam toplaya bilər, amma izdiham həqiqətin yerini vermir.
İnsan bir gün güzgünün qarşısında dayanıb öz gözlərinə baxmalıdır. Nə başqasının gözünə, nə cəmiyyətin üzünə, nə də dünyanın hökmünə. Elə öz gözlərinə. Özündən soruşmalıdır: “Mən kimə yalan danışdım? Nəyi gizlətdim? Nədən qorxdum? Bu yalanla nə qazandım, nə itirdim?”
Bəlkə də həqiqətə gedən yol elə bu suallardan başlayır. Çünki insan başqasını aldadanda bir adamı aldadır, özünü aldadanda isə içindəki bütöv bir dünyanı. Və ən ağır həqiqət budur: bir gün hamını inandırmaq mümkündür, amma insanın öz vicdanını susdurmaq həmişə mümkün olmur. Vicdan gec-tez danışır. Bəzən bir gecənin səssizliyində, bəzən bir baxışın içində, bəzən də illər sonra xatırladığın bir sözün ağrısında. Onda insan anlayır ki, yalanla qazandığı hər şeyin içində görünməyən bir itki var. Həqiqətlə itirdiyi şeylərin içində isə bəzən görünməyən bir qazanc - özünə hörmət etmək imkanı qalır.

Bəlkə də insanın əsl azadlığı istədiyini etməkdə deyil, qorxduğu halda da həqiqətin yanında dayana bilməkdədir. Çünki həqiqət insanı hər zaman xilas etməyə bilər, amma yalanın əsirinə çevrilməmək üçün ona yol göstərə bilər.
Və bir gün bu dünya dəyişəcəksə, o dəyişiklik böyük tribunaların gurultusundan yox, bir insanın başqa bir insana qorxmadan “Mən səhv etmişəm” deməsindən başlayacaq. Həmin gün yalan bir az kiçiləcək, həqiqət bir az böyüyəcək. Bəlkə dünya elə bu qədər sadə, elə bu qədər çətin bir şeydir.
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031