Xəbərlər
11.10.2026, 00:01
Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Otağın küncündə,
Zamanın susduğu bir bucaqda,
Sakitcə dayanıb nənəmin işləyəndə cırıldayan cəhrəsi.
Üzərində illərin tozu,
Bir də keçmişin silinməz izi.
Fırlanmır daha o taxta təkər,
Suyu qurumuş dəyirman kimi.
Amma ona baxanda,
Qulağıma bir səs gəlir.
İplərin bir-birinə sarılan pıçıltısı,
Bir də nənəmin söylədiyi bayatılar.
O cəhrə adi taxta deyil,
Hər dövrəsində bir ömür gizlənib.
O fırlandıqca-
Namnazik ip süzülərdi nənəmin barmaqlarından,
Dükçəyə çevrilərdi.
Həmin ipdən xalçalar toxunardı,
İlmə-ilmə,
Naxış-naxış.
İndi nə nənəm var, nə də ki, həmin keçmiş.
Cəhrə isə xatirələrin keşiyini çəkir.
Və dayandığı yerdə zamanı geriyə fırladır
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


