
Xəbərlər / Nesr
2.11.2023, 00:01
Olduğu kimi görünən Adil İrşadoğlu 70 yaşında - FOTOLAR
Olduğu kimi görünən Adil İrşadoğlu 70 yaşında
70 il öncə onu bu dünyaya çağırdılar, o da gəldi... Çağırmasaydılar, bəlkə də gəlməzdi. Rahat yoxluğu qoyub narahar varlığa niyə gəlməli idi axı?
70 il öncə bir payız günündə ağlaya-ağlaya, hay-həşir qopara-qopara cənnətməkan Ağdamda dünyaya gəldi. Ürəyinin söz can atdığını duyanda nə üçün gəldiyini anladı. İndi 70 ildir ki, bu dünyanın qonağıdır. Hər sözün körpə kimi nazını çəkir. Bu dünyada yaşaya-yaşaya öz könül dünyasında baş-başa qalır, öz-özü ilə dərdləşir, söhbətləşir, daxili əzəmətini saxlamağa çalışır...
***
Söhbət 70 yaşının şirin çağlarını yaşayan Adil İrşad oğlu Əliyevdən gedir. 52 il öncə Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla yanaşı 1968-1972-ci ilərdə Üzeyir bəy Hacıbəyli adına Ağdam şəhər orta ixtisas musiqi məktəbində təhsil alıb, tar ixtisasına yiyələnib.
1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə (indiki BDU -ya ) daxil olub və 1977-ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurub. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyini nəzərə alaraq onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinə siyasi təhsil almağa göndərib. 1982-ci ildə həmin universiteti əla qiymətlərlə başa vurub. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkilində və fəaliyyət göstərməsində əlindən gələni əsirgəməyib. Teleradio Verilişləri Komitəsində işlədiyi müddətdə 3000-dən çox veriliş hazırlayıb efirdə göstərib. 1988-ci ildə başlamış Qarabağla bağlı hadisələrdə yaxından iştirak edib. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.
Ailəliyəm. İki oğlu, bir nəvəsi var.
Hazırladığı verilişlərə görə müxtəlif mükafatlara layiq görülüb. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyinə görə SSRİ XTNS-nin xüsusi medalı ilə təltif olunub. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığına görə Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülüb. Məhsuldar və keyfiyyətli əməyimə görə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Ordumuzun formalaşmasında yaxından iştirakına "N" saylı hərbi hissənin Fəxri fərmanına layiq görülüb. Mükafatlar çoxdur. "Şah İsmayıl Xətai" adına Fəxri fərman, Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm", “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birliklərinin təqdim etdiyi Fəxri Diplom bu sıradandır.
1980-ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı, bu ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.
Teleşirkətdə işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış edib. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara-ekspress" qəzetinin məsul katibi, "Olaylar", "Şans" qəzetlərinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" və Qarabağ Azadlıq Təşkilatının orqanı - "Azad Qarabağ" qəzetlərinin məsul redaktoru, eləcə də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti olub. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləyib. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür.
O, hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist-Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyəti ilə məşğuldur.
***
Bu kiçik biblioqrafiq tanıtmadan sonra 5 il əvvəl feysbuk səhifəsində paylaşdığım “Olduğu kimi görünən Adil İrşadoğlu” oçerkimdən bir sitatı da bu yazıma daxil etməklə bəzi məqamları xatırlatmaq istəyirəm: “Onun haqqında yazmağım heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yolumuza nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram. Onunla tanışlığım ötən əsrin sonlarından – “Yeni dünya”, daha sonra isə “De-fakto” qəzetlərində çalışdığı dövrlərdən başlayır. Onu bu qəzetlərdən qabaq da tanıyırdım, amma uzaqdan-uzağa. Lakin işbirliyimiz olandan sonra münasibətimiz əvvəlcə yoldaşlığa, sonralar isə zaman-zaman bir-birini üstələyən dostluğa, həmkarlığa çevrilən bu tanışlığın 30 ilə yaxın tarixçəsi var. Bu illər ərzində yollarımız uzun müddət paralel uzanıb, müxtəlif zamanlarda kəsişən, üst-üstə düşən məqamları olub...
Onun haqqında yazmağı özümə bir də ona görə borc bilirəm ki, tanıdığım, ancaq adını unutduğum şəxsiyyətlərdən birinin önəm verdiyi bir fikri heç vaxt yadımdan çıxmır. Söhbət elm, mədəniyyət, ədəbiyyat aləmindən, ictimai xadimlərdən, tarixi şəxsiyyətlərdən, bu və ya digər sahədə xidmətləri olan insanlardan gedir və o şəxsiyyətin də fikri yadıma düşür: “Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun. Belə insanların adlarını qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur”.
Əslində Adil müəllim Bakıda yaşasa da, şəhərli ola bilmir. 30 il idi ki, göz açdığı doğma yurduna – Ağdamına həsrətli idi, nisgilini gizlədə, ürəyinin yurdsuzluq ağırısını, soydaşlarının Vətənsizlik dərdini həzm edə, bir sözlə, Ağdamsızlığa, Qarabağsızlığa dözə bilmirdi. İlərdir Bakıda yaşasa da, burnunun ucu Ağdamı, vaxtilə qarış-qarış gəzdiyi Qarabağı üçün göynəyirdi. Həqiqi sözümdü, onu yaxından tanıyan biri kimi, deyə bilərəm ki, iki qarabağlı tanıyıram ki, bu yurd yerləri üçün həmişə darıxıb, havaxtsa oraya qayıtmaq ümidlərini, inamlarını öldürməyib. Biri şəhid atası Hacı Əkbər Rüstəmovdur, biri də haqqında söz açdığım Adil İrşad oğlu Əliyevdir. İkisinin də dilindən şəhərə sığışa bilmədiklərini, yurdsuzluğa görə heç bu dünyaya da sığışmadıqlarını eşitmişəm. Bu dünya onları sıxır, gözlərindən od çıxarır, elə həmin dünyanın rəngləri gözlərini də qamaşdırırdı... Bu dünyanın havasında boğulur, laylasına uyuya bilmir, cəhənnəm əzablarına dözə bilmirdilər...
Dünya öz kökündən qopmaqda, dünya yıxılmaqdadır. Zəif və zərif çiyinlərini dünyaya dayaq eləyib dünyanın yıxılıb dağılmasını heç vədə istəməyib Adil müəllim. Bu müqəddəs və şərəfli, həm də sonsuz əzablı işdə qələmi köməyinə çatıb. O da halal qələmi ilə dünyanın dağılmağa qoymayan söz adamlarından biridir. Söz adamları olmasaydılar, dünya bütünlüklə zülmətə bürünərdi... Və Adil müəllim də düz 50 ildir ki, müqəddəs Sözün keşiyində KİŞİ kimi dayanıb, haqq sözün, qələmin, ağ vərəqlərin keşiyini KİŞİ kimi çəkir. Yıxılmaqda olan dünyamızda sevindirici haldır ki, belə KİŞİlər az olsa da, var. Hər sözə, hər sətirə, hər beyin məhsuluna ruhunu hopdurub Adil İrşadoğlu. Hər sözün uğrunda canını qoyub. Hər halal sözə görə başından keçməyə hazır olub. Öz qələminə güvənib təmənnasız bir ömür yaşayır. Yaşının üstünə yaş gəldikcə müdrikləşir, ağır taxtalı olur, özünün və sözünün yerini bilir.
İnanıram ki, Adil İrşad oğlu Əliyevin içindəki şam hələ çox illər yanacaq, yana-yana qaranlıqları aydınlaşdıracaq, o şamın işığına yığışanların sayı daha da çoxalacaq, o hisslərini, duyğularını, düşündüklərini, fikirlərini, duyduqlarını, yaşantılarını.... bundan sonrakı yaradıcılığında, genişsahəli fəaliyyətində anlatmağa çalışacaq...
Və sonda...
“Azərbaycan” qəzetinin şöbə müdiri, iş yoldaşım İradə Əliyevanın 5 il əvvəl yazdığı bir yazıdan sitat gətirmək istəyirəm. O yazmışdı: “Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...” Bəli, Adil müəllim belə bir kişinin ocağında göz açıb. Bu ailənin üzvü kimi, o, İrşad müəllimin ruhunun və mənəviyyatının daşıyıcısı olub, istər öz şəxsi həyat nümunəsi ilə, istərsə də ictimai həyatda rolu ilə bütövlükdə cəmiyyətin saflığına xidmət edib və bu gün də o missiyanı şərəflə davam etdirir...
Lap sonda...
Ömrünüzün 70-ci payızı – müdriklik yaşınız mübarək olsun, Adil müəllim!
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay