Xəbərlər
4.10.2026, 01:10
Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO
İki gündür yağış yağır. Payızın səssizliyinə qarışan bu yağış mənə qəribə bir həsrətin qapısını açır.
Pəncərəyə toxunan hər damla sanki ürəyimdə gizlənmiş bir xatirəni oyadır. Kirpiyimdən süzülən hər damlada səni axtarıram. Bilmirəm, bu yağışın damlalarıdır, yoxsa içimdə yığılıb qalan həsrət...
Payız küləkləri küçələrdə dolaşdıqca, onların səsində sənin nəfəsini duyuram. Elə bilirəm, küləklə bəhsə girən o səs uzaqlardan gəlib pəncərəmə toxunur. Pəncərədə axan damlalara baxıram. Hər biri sanki sənin rəsmini çəkir. Bir damla yana doğru süzülür, bir başqası onun ardınca düşür. Mən isə bu səssiz rəsmin qarşısında dayanıb səni düşünürəm.
Yağış yalquzaq küçələrin izlərini yuyur. Küçələr boşaldıqca şəhər də sanki mənim qədər tənha görünür. Kədər dizlərimə çökür, düşüncələrim isə sənsizliyin yollarında dolaşır. Yağışın səsi getdikcə yaxınlaşır, sənin yoxluğun isə daha dərindən hiss olunur.
Bəlkə də sevginin ən qəribə möcüzəsi budur — insan sevdiyini itirsə də də onun yoxluğuna inana bilmir, bəlkə haçansa gələcək deyə elə hey onun üçün darıxır...
Bu gecə də yağış yağır. Mən isə pəncərənin önündə dayanıb onun səsinə qulaq asıram. Bilirəm, sabah küçələr quruyacaq, damlalar yox olacaq. Amma sənin izlərin içimdə qalacaq. Çünki bəzi yağışlar torpağı isladır, bəziləri isə insanın ürəyinə yağır...
04. 10. 26.


Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


