Bəzi şairlər var ki, onların yaradıcılığı ilə tanış olduqca yalnız şeirlərini deyil, həm də sözlərin arxasında dayanan insanı tanımağa çalışırsan. Çünki poeziya təkcə qafiyəyə düzülmüş sözlər, misralara çevrilmiş fikirlər deyil. O, insanın həyata baxışının, duyğularının, narahatlıqlarının, sevgisinin və bəzən də heç kəslə bölüşə bilmədiyi düşüncələrinin ifadəsidir.
Şairin qələmindən çıxan hər misra onun daxili aləminə açılan bir pəncərə olmasa da, səmimi şeirlərdə müəllifin dünyaya münasibətini, hansı duyğulara daha həssas yanaşdığını, nələrin onu düşündürüb narahat etdiyini sezmək mümkündür.
Hələ bir müddət əvvəl şair dostum Hənifə Alışanoğlunun yaradıcılığı haqqında düşüncələrimi oxucularla bölüşərkən, onun yaradıcılığında duyub hiss etdiyimdən, birinci yazıda belə bir qənaətə gəlmişdim:

HƏYATIN ƏZƏMƏTİ SEVGİDƏN,SÖZÜN GÖZƏLLİYİ MƏHƏBBƏTDƏN DOĞUR.

Həmin yazıda onun poeziyasında insanı həyata bağlayan saf duyğularından, başqasının ağrısına şərik olmaqından, həyatın çətinlikləri qarşısında belə yaşamaq eşqinin qorumağından söz açmışdım.

Bu dəfə, dəyərli jurnalist dostum ELÇIN NƏSİBİN, "SUQOVUŞAN ƏDƏBI MƏCƏLLƏSİNİN" səhifəsində, "Hənifə Alışanoğlunua yeni-yeni yaradıcılıq uğurları arzulayırıq" başlıqlı yazısına rast gəldim. Yazını böyük maraqla oxudum. Paylaşıma Hənifə müəllimin yaradıcılığından seçilmiş paylaşdığı iki, "DÜŞMƏNƏ GÜLDÜRMƏ MƏNİ” və “PEŞMAN OLARSAN” şeirləri əvvəlki qənaətlərimi bu dəfə başqa bir tərəfdən düşünməyə məcbur qoydu. Çünki, hər iki şeiri oxuyub diqqət kəsiləndə gördüm ki, bu şeirlər mövzu etibarilə bir-birindən fərqlənsə də, hər ikisində insanın qəlbində yaşatdığı dəyərlərə bağlılığı duyulur. Birində Vətənə, doğma torpağa, yurda qovuşmaq arzusuna bağlılıq, digərində isə məhəbbətin qorunması, anlaşılmaq və könül yaxınlığını itirməmək istəyi var.
Bəlkə də, şairin dünyasını anlamağın yollarından biri elə budur?...
Onun müxtəlif mövzularda yazdığı şeirləri yanaşı oxumaq, şairin dünyasını anlamaq, bəlkədə ayrı-ayrı duyğuların arxasında dayanan mənəvi bağlılığı görməydən keçir? Çünki insanın Vətənə sevgisi də, bir insana bəslədiyi məhəbbət də fərqli mənbələrdən qidalansa belə, qəlbinin dərinliyindəki səmimiyyətlə ölçülür.
Uzun illərdir yaradıcılığını izlədiyim Hənifə Alışanoğlu poeziyasındakı bu şeirlər məni başqa ovqata köklədi. Vətən sevgisi, doğma yurda bağlılıq, insanın könül dünyası, məhəbbət və ayrılıq duyğuları özünəməxsus yer tutur. Bir tərəfdə xalqının, torpağının taleyini düşünən Vətən sevdalısı, digər tərəfdə insan qəlbinin incəliklərini, sevginin sevincini və ağrısını misralara köçürən həssas bir şair dayanır.

TANIŞLIQ:


1941-ci il dekabrın 5-də Sabirabad rayonunun Bulduq kəndində dünyaya göz açan Hənifə Alışanoğlu uzun və zəngin bir ömür yolu keçib. Onun həyatının böyük bir hissəsi təhsilə, müəllimliyə, gənc nəslin yetişdirilməsinə həsr olunub. Qırx iki ildən artıq pedaqoji fəaliyyəti, müəllim kimi qazandığı hörmət və nüfuz, müxtəlif mükafatlara layiq görülməsi bu ömrün mühüm səhifələridir.
Amma Hənifə müəllimin həyat yolu yalnız müəllimliklə məhdudlaşmır. Onun ürəyində başqa bir sevda da yaşayıb. Sözə, şeirə, poeziyaya olan sevda.
İlk şeiri hələ 1956-cı ildə mətbuatda dərc olunan şairin sonrakı yaradıcılıq yolu uzun illəri əhatə edir. Bu günədək 32 kitabının işıq üzü görməsi onun sözə bağlılığının, poeziyaya sədaqətinin göstəricisidir. İllər ərzində qəlbində gəzdirdiyi duyğuları, onu düşündürən məsələləri, həyatın müxtəlif üzlərindən doğan təəssüratlarını şeirə çevirərək oxucularına çatdırıb.
Məncə, insanın uzun illər müəllimlik etməsi ilə poeziya ilə məşğul olması arasında müəyyən mənəvi yaxınlıq da var. Müəllim insanlara bilik verir, düşünməyi öyrədir, onların dünyagörüşünün formalaşmasına çalışır. Şair isə bəzən bir misra ilə insanın qəlbinə toxunur, onu düşündürür, duyğulandırır, öz daxilinə boylanmağa sövq edir. Hənifə Alışanoğlunun yaradıcılığına nəzər salarkən bu iki fəaliyyətin onun ömründə necə yanaşı addımladığını düşünməmək olmur.
Şairin təqdim olunan iki şeiri də onun yaradıcılıq dünyasının fərqli tərəflərini görmək baxımından maraqlıdır. “DÜŞMƏNƏ GÜLDÜRMƏ MƏNİ” şeirində Vətənə bağlılıq və yurd həsrəti, “PEŞMAN OLARSAN” şeirində isə məhəbbətin incəlikləri, inciklik və ayrılıq təhlükəsi ön plana çıxır. Mövzular fərqli olsa da, hər iki şeirdə insanın qəlbində daşıdığı dəyəri itirmək qorxusu, gözlənti və mənəvi bağlılıq duyulur.

VƏTƏN SEVGİSİNİN DUASI

“Düşmənə güldürmə məni” şeiri ilk misralardan oxucunu özünə çəkir:

"Dərd daşıyır sağım, solum,
Bağlanıbdır əlim, qolum.
Tanrım, sənə qurban olum,
Düşmənə güldürmə məni!"


Burada şairin Tanrıya müraciəti sadəcə şəxsi bir yalvarış kimi səslənmir. Misraların arxasında Vətənin taleyi üçün narahatlıq, doğma torpağın ağrısını yaşayan insanın mənəvi iztirabı duyulur. Şair özünü çarəsiz hiss etdiyi məqamda belə, düşmən qarşısında məğlub görünmək istəmir. Onun duasında qürur da var, ağrı da, ümid də.
Şeirin sonrakı bəndlərində bu duyğular daha da dərinləşir:

"Dağım, daşım oyanmasa,
Al şəfəqə boyanmasa.
Sönən ocaqlar yanmasa,
Küsərəm... dindirmə məni!"


Bu misralarda diqqəti çəkən məqam odur ki, şair Vətən sevgisini yalnız ümumi sözlərlə ifadə etmir. Dağ, daş, şəfəq və ocaq kimi obrazlara müraciət edərək öz duyğularını konkretləşdirir. Doğma torpağın oyanması, şəfəqə boyanması, sönmüş ocaqların yenidən yanması arzusu azadlığa, dirçəlişə və həyata qayıdışa olan inamı ifadə edir.
Xüsusilə “Sönən ocaqlar yanmasa” misrası üzərində dayanmağa dəyər. Ocaq xalqımızın düşüncəsində yalnız evin istiliyi deyil, həm də ailənin, yurdun, davamlılığın rəmzidir. Ocağın sönməsi bir həyatın yarımçıq qalmasını, onun yenidən yanması isə ümidin bərpasını xatırladır.
Şeirin sonunda isə bütün bu duyğular bir arzu ətrafında birləşir:

"Yurdumuz azad olunca,
Torpağına baş qoyunca.
Üzüm gülməsə doyunca...
Nə olar, öldürmə məni!"


Burada yaşamaq arzusu doğma torpağa qovuşmaq istəyi ilə birləşir. Şairin dilindən səslənən “öldürmə məni” çağırışı, məna etibarilə, azadlığı görmək, yurda qayıtmaq, həmin sevincin içində yaşamaq istəyini ifadə edir.
Beləliklə, şeirin başlanğıcındakı ağrı sonda ümidsizliyə deyil, bir arzuya bağlanır. Şairin istəyi yalnız dərddən qurtulmaq deyil; o, yurdunun azadlığını görmək, torpağına qovuşmaq və qəlbindəki həsrəti sona çatdırmaq istəyir.
MƏHƏBBƏTİN SƏSİ, İNCİKLİYİ AĞRISI
Hənifə Alışanoğlunun “Peşman olarsan” şeiri isə tamam başqa bir duyğu müstəvisində qurulub. Burada Vətənin taleyindən deyil, insanın şəxsi münasibətlərindən, sevilmək və anlaşılmaq ehtiyacından danışılır.

"Ala gözlüm, az naz eylə, sən Allah,
Daha məndə can qalmadı dözməyə.
Sevirsənsə... gəl, az incit qəlbimi,
Dilim gəlmir bir də sənə söz deyəm,
Mən gedərəm... sən peşman olarsan."


Şeirin ilk bəndində sevən insanın həm məhəbbəti, həm də incikliyi duyulur. “Ala gözlüm” müraciətində nəvaziş, yaxınlıq və doğmalıq var. Ardınca gələn misralarda isə gözləməkdən yorulmuş, qarşı tərəfin laqeydliyindən incimiş bir qəlbin səsi eşidilir.
Bu şeirdə diqqəti çəkən əsas cəhət sevginin yalnız xoş sözlərdən, şirin etiraflardan ibarət təqdim edilməməsidir. Şair münasibətin içindəki soyuqluğu, görüşə gəlməməyi, yaxınlığın azalmasını, qarşılıqlı diqqətin itirilməsini də göstərir.

"Saçlarında əlim gəzmir nə vaxtdır,
Daha bunun nəyi sevgi oldu ki...
Dodaqlarım dodağında alışmır,
Yanğım,odum dodağımda dondu ki."


Bu bənddə əvvəlki yaxınlığın yerini soyuqluğun tutduğu hiss olunur. “Yanğım, odum dodağımda dondu ki” misrasında məhəbbətin alovu ilə onun sönməsi arasında maraqlı qarşılaşdırma yaradılıb. Alov insanın içindəki ehtirası, istiliyi və bağlılığı ifadə edirsə, donmaq həmin duyğuların qarşılıqsızlıqdan və ya uzaqlaşmadan təsirləndiyini göstərir.
Şeirin daha bir maraqlı obrazı isə tanış cığırlarla bağlıdır:
"Bizə tanış cığırları ot basıb,
Bir özün de, axı sənə nə deyim?"
Bir zamanlar iki insanın birlikdə keçdiyi yollar indi əvvəlki mənasını itirib. Cığırların ot basması münasibətdə yaranan məsafəni, unudulmağa üz tutan xatirələri yada salır. Bu, şeirin ən yaddaqalan məqamlarından biridir. Çünki bəzən ayrılığın ağrısını uzun izahlarla deyil, vaxtilə iki insanı birləşdirən yolun səssizliyini göstərməklə ifadə etmək mümkündür.
Şeirin bütün bəndlərini birləşdirən əsas misra isə budur:
"Mən gedərəm... sən peşman olarsan."
Bu təkrar hər dəfə yeni bir emosional çalar qazanır. İlk baxışda ayrılıq xəbərdarlığı kimi səslənsə də, şeirin ümumi məzmunu göstərir ki, danışan insan hələ sevgidən üz döndərməyib. Əksinə, o, qarşı tərəfin dəyişməsini, münasibətin əvvəlki istiliyinə qayıtmasını istəyir. Getmək fikri onun üçün son qərardan çox, duyğularının eşidilməsi üçün bir çağırışdır.
Bu baxımdan şeirdə sevgi ilə qürur, bağlılıqla inciklik, ayrılmaq istəyi ilə qalmaq arzusu yanaşı dayanır. İnsan bəzən ən çox sevdiyi adama qarşı incik olur, çünki ondan daha çox diqqət, anlayış və sədaqət gözləyir.

FƏRQLİ MÖVZULAR, ORTAQ DUYĞULAR


Bu iki şeiri yanaşı oxuyanda bir məqam üzərində dayanmaq istərdim. Birində şair Vətənin azadlığını, doğma torpağa qovuşmağı arzulayır, digərində isə məhəbbətin itirilməməsi üçün qarşı tərəfə üz tutur. Birinin mərkəzində yurd, digərinin mərkəzində könül dayanır.
Amma hər iki şeirdə insanın dəyər verdiyi bir şeyə bağlılığı hiss olunur. “Düşmənə güldürmə məni” şeirində bu bağlılıq Vətənə, torpağa və milli qürura yönəlir. “Peşman olarsan” şeirində isə sevilmək, anlaşılmaq və duyğularına qarşılıq görmək istəyində ifadə olunur.
Bu müqayisə bizə şairin duyğu dünyasının yalnız bir mövzu ilə məhdudlaşmadığını göstərir. O, bir şeirdə Vətənin dərdini dilə gətirir, digərində insan qəlbinin incikliyini ifadə edir. Mövzu dəyişir, müraciət ünvanı dəyişir, amma insanın mənəvi ehtiyacları, bağlılıq və itirmək qorxusu kimi duyğular qalır.
Əlbəttə, iki şeir əsasında şairin bütün yaradıcılığı haqqında qəti hökm vermək doğru olmaz. Bununla belə, bu nümunələr Hənifə Alışanoğlunun poeziyasında həm ictimai, həm də şəxsi duyğuların ifadəsinə yer verildiyini görməyə imkan yaradır.
Məncə, poeziyanın dəyəri də müəyyən mənada buradan başlayır: şairin öz duyğusundan doğan misra oxucuda başqa bir duyğunu oyada, bir insanın şəxsi düşüncəsi başqasının xatirəsinə, ağrısına və ümidinə çevrilə bilir.
Hənifə Alışanoğlunun uzun illər ərzində qələmə aldığı şeirlərin oxuculara çatması, kitablarının nəşr olunması və müxtəlif mükafatlarla təltif edilməsi onun yaradıcılıq yolunun ayrı-ayrı göstəriciləridir. Lakin şairin söz dünyasını daha yaxından anlamaq üçün, hər şeydən əvvəl, onun misralarına diqqətlə qulaq asmaq, həmin misraların hansı duyğulardan doğduğunu və oxucuda hansı düşüncələri oyatdığını araşdırmaq lazımdır.
Bu kiçik yazımla Hənifə müəllimə möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy qələmindən doğan misralar Vətən sevgisini, insanın mənəvi dünyasını və həyatı gözəlləşdirən ülvi duyğuları ifadə etməkdə davam etsin.
Çünki şairin ömrü yalnız yaşadığı illərlə ölçülmür. Onun sözünün oxucu qəlbində nə qədər yaşaması da bu ömrün mənəvi davamıdır.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.

Son xəbərlər

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Cüdoçularımız fərdi yarışları 7 medalla bitirdilər

Kobaxidze yanacağın qiymətinin artmasından danışdı

İnsan ömrünün son həddi bəlli oldu - Alimdən diqqətçəkən açıqlama

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031