Azərbaycanın çoxəsrlik aşıq sənəti tarixində Şirvan aşıq mühitinin özünəməxsus çəkisi, bənzərsiz xalları və fərqli ifaçılıq ənənələri var. Bu zəngin məktəbin yetirdiyi, səsini və sazını elin yaddaşına əbədi həkk etmiş dahi sənətkarlardan biri də məşhur el aşığı, ustad Aşıq Bilal məktəbinin layiqli yetirməsi olan Aşıq Şakir Hacıyevdir. O, təkcə ifaçı deyil, sənəti, əxlaqı və fəlsəfəsi ilə xalqın qəlbinə yol tapan həqiqi bir el sənətkarı, sənət fədaisi olmuşdur.

Ustad sənətkar 1922-ci ildə qədim Şirvan torpağının dilbər guşələrindən birində – Ağsu rayonunun Xəlili kəndində dünyaya göz açmışdır. Doğulduğu dövrdə bu ərazilər Kürdəmir rayonunun inzibati tərkibində olsa da, sonralar Ağsu rayonu təşkil edilərkən Xəlili kəndi də yeni rayonun tərkibinə daxil edilmişdir. Beləcə, həm Kürdəmirin, həm də Ağsunun doğma övladı olan Şakir, gənc yaşlarından bu torpaqların zəngin folklorundan və saz-söz atmosferindən bəhrələnmişdir. O, 1939-cu ildə Ağsu rayonunun Ərəbmehdibəy kənd məktəbinin səkkizinci sinfini bitirir. Şakirin qəlbində çağlayan saz-söz sevgisini, aşıqlıq sənətinə olan sonsuz həvəsini duyan valideynləri onun gələcəyini bu yolda görürlər. Onlar gənc Şakiri sənətin sirlərinə yiyələnməsi üçün Göyçaylı məşhur Aşıq Mürsəlin yanına şəyird verirlər. Ustad yanında keçən illər Şakirin gələcək bir sənətkar kimi püxtələşməsində, Şirvan məktəbinin incəliklərini dərindən mənimsəməsində böyük bir məktəbə çevrilir.
Aşıq Şakirin gənclik illəri İkinci Dünya Müharibəsinin çətin sınaqları ilə üst-üstə düşür. O, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində igidliklə iştirak edir, vətən qarşısında əsgəri borcunu yerinə yetirdikdən sonra 1947-ci ildə ordudan tərxis olunur. Doğma yurduna – Kürdəmir rayonuna qayıdan sənətkar, yarımçıq qalmış sənət yolunu davam etdirmək üçün yerli Mədəniyyət Evində işə düzəlir. Sazın sehrli səsi çox keçmir ki, paytaxt Bakıdan da eşidilir. Onun fitri istedadı və xalq musiqisinin yaşadılmasındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilir. 1950-ci ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə ona gənc yaşlarında ustadlığın təsdiqi olan "Xalq Aşığı" adı verilir. İctimai nüfuzu və el-oba tərəfindən sevilməsi onun siyasi arenada da təmsil olunmasına yol açır; 1955-ci ildə Aşıq Şakir Kürdəmir rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilir.
Sənətdə hər zaman yenilikçi, həm də ənənəyə sadiq bir ustad kimi tanınan Aşıq Şakir 1961-ci ildə keçirilən Azərbaycan Aşıqlarının III qurultayına nümayəndə seçilir və oradakı geniş, məzmunlu çıxışı ilə ölkə aşıqları arasında tanınmış simalardan biri olduğunu bir daha sübut edir. Ömrünü sazın və sözün təbliğinə həsr edən sənətkarın yaradıcılıq yolu fəxri adlarla zəngindir. 1967-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə onu "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı layiq görülür. Elə həmin il Ümumittifaq Özfəaliyyət İncəsənəti Festivalının respublika baxışında böyük yaradıcılıq uğurları qazanır. 1972-ci ildə keçirilən respublika miqyaslı təntənəli müsabiqədə isə yüksək ifaçılıq məharətinə görə birinci dərəcəli diplomlarla təltif olunur.
Aşıq Şakir yalnız ifaçı və bənzərsiz səs sahibi deyil, həm də melodiyaya can verən bəstəkar ruhlu sənətkar idi. Onun yaratdığı şux, oynaq və könüloxşayan havalar musiqi tariximizin qızıl fondunu təşkil edir. Saz-söz sərrafları yaxşı bilirlər ki, ustadın sənət süzgəcindən keçən "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi, nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı" və "Bala nərgiz" kimi bənzərsiz havalar bu gün də aşıqların repertuarının bəzəyidir, sazsevərlərin qəlbində əbədi yuva qurmuşdur. Ustad aşıq həm də yaradıcılığında toxunulmaz bir prinsipə malik idi: halal yol və kamil sənətkarlıq. O, özünü "söz xiridarı", "söz sərrafı" adlandırır, əsl aşıqlığı insani keyfiyyətlərlə və cəmiyyət içində ağüzlü olmaqla səsləyırdı. Öz sənət manifestini misralara düzərək ustad yazırdı:

Əgər kamil sənətkarsan,
İnci kimi sözün olsun.
El içində günəşdən ağ,
Hər cəhətdən üzün olsun.

Bir sadəcə söz deyim mən,
Günəş nurdan düşmür nədən?
Şakir deyir, çalış ki, sən,
Bu dünyada izin olsun.


Ustadın fikrincə, əsl sənətkar yersiz söhbətlərdən, cəfəngiyyatdan uzaq durmalı, sazı ilə çiyin-chiyinə verib xalqa, zəhmətə, işə və sənətə nur saçmalıdır. Sazına müraciətlə dediyi bu misralar onun sənətə olan müqəddəs baxışının sübutudur:

Gəl sinəm üstündə verək səs-səsə,
Bu gecə sübhədək yatmayaq, sazım.
Ağıla batmayan boş həngamədən,
Cəfəngi söhbətlər atmayaq, sazım.

Mən sənlə cüt gəzdim şəhərdə, köydə,
Şakir mahnı qoşmaz sənsiz bir bənd də,
Günəş tək parlayaq işdə, sənətdə,
Səhər çıxıb, axşam batmayaq, sazım.


Aşıq Şakirin poeziyası həm də Şirvanın təbiəti, baharı və zəhmətkeş insanı ilə nəfəs alırdı. Onun şeirlərindəki lirika insana saf duyğular aşılayır. Sazın tellərində nəğməyə çevrilən məşhur "Nə bağ bildi, nə də bağban" qoşması bunun bariz nümunəsidir:

Səhər-səhər bağa girdim,
Nə bağ bildi, nə də bağban,
Əl uzadıb bir gül dərdim,
Nə bağ bildi, nə də bağban.

Bağın bərəsindən aşdım,
Süsən-sünbülə dolaşdım,
Oynadım, güldüm, danışdım,
Nə bağ bildi, nə də bağban.

Dedim “bu bağ əcəb yerdi”,
Çiçəkləri təzə-tərdi,
Yarım mənə busə verdi,
Nə bağ bildi, nə də bağban.

Şakir deyir: oxum atdım,
Küllü-aləmi oyatdım.
Gül-çiçəkdən yüküm tutdum,
Nə bağ bildi, nə də bağban...


Doğma yurdunun, zəhmətlə qurulan bəxtiyar günlərin tərənnümü onun poetik ruhunun əsas qayəsi idi. O, ilhamını ancaq öz xalqından alırdı və bu bağlılığı belə tərənnüm edirdi:

Saz götürüb dastan yazım hüsnünə,
Bahar güllərindən təzə kəndimiz.
Güllü yaylaqların, meyvə bağların,
Hər şeydən əzizdir bizə, kəndimiz.
Nə gözəldi, nə göyçəkdi kəndimiz,
Hər bir yanı gül-çiçəkdi kəndimiz.

Şakir ilham alır eldən, obadan,
Bu bəxtiyar ağ günləri yaradan,
Xalqımızın zəhmətilə açılan,
Yurdumuzun növbaharı şirindir.


Aşıq Şakir Hacıyev yaradıcılığının və fiziki qüvvəsinin tam çiçəkləndiyi bir dövrdə – 1979-cu ilin aprel ayının 10-da, 57 yaşında gözlərini əbədi yumdu. Vaxtsız gələn ölüm onu çox sevdiyi sazından, canından əziz bildiyi elindən-obasından ayırdı. Ustad aşıq doğma yurdu olan Kürdəmir qəbiristanlığında dəfn edilsə də, onun sənəti, ruhu və ölməz əsərləri heç vaxt ölmədi. Çünki o, hələ sağlığında xalqın sevgisinə arxalanaraq öz əbədiyyətinin bəyanatını bu misralarla möhürləmişdi:

Mən bir söz xiridarı, söz sərrafıyam,
Onunla pərvazda könül, yaşaram.
Heç vaxt bəd əmələ verməm meylimi,
Halal yola edib meyil, yaşaram.

Adım Aşıq Şakir, mahalım Şirvan,
Yazıb-yaratmışam çox şeir-dastan.
Sözlərim ellərdə qalsın ərməğan,
Ölmərəm, inanın min il yaşaram.


Bəli, Aşıq Şakir cismən aramızdan getsə də, yaratdığı məktəb, dillər əzbəri olan şeirləri və musiqi yaddaşımıza həkk etdiyi şux havaları ilə bu gün də yaşayır və ustadın özünün də dediyi kimi, inanın min il yaşayacaqdır

Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü

Son xəbərlər

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq

Nəriman Axundzadə yenə ehtiyatda qaldı

Üç ildən sonra bu seriala çəkilir

ŞAİR HƏNİFƏ ALIŞANOĞLUNUN POEZİYA DÜNYASINDA VƏTƏN SEVGİSİ VƏ KÖNÜL DUYĞULARI...

BİZ NİYƏ YALAN DANIŞIRIQ, BİZİ YALANLARA KİM SÖVQ EDİR?

BİR VAXT VAR İDİ...

Əli Vahid Çaylı : EŞİTSİN ŞİRVANLILAR - FOTO

Noyerin səhvi tarixi qolla nəticələndi

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Mərmərə dənizində zəlzələ oldu

Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

"Olduqca həssas və məsuliyyətli bir dövrdən keçirik" - Deputat

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

Adil Cəfakeş : Nənəmin Cəhrəsi - FOTO

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Rihanna övladları ilə - Fotolar

“Düşünürəm ki, Ukraynanın yeni prezidenti seçməsinin vaxtı çatıb”

Azərbaycanlı gənc Polşada vəfat edib

“Sumqayıt” ilk qələbəsini qazandı

"Arsenal" "Lids Yunayted"ə qalib gəldi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031