TƏBRİK EDİRİK!

AŞIQ ELMAN MEHDİYEVIN 60 İLLİK YUBİLEYİNƏ DOST TÖHFƏSİ

... Paytaxtın istisindən, səs-küyündən aralanıb zirvələrə sarı yola çıxırıq. Solda, üfüqdə dənizin mavi zolağı, sağda isə tədricən sıra dağlar boy alıb gedir. İsmayıllı rayonuna gedən magistral yoldan Talıstana uzanan yolla yuxarı qalxdıqca hava soyuyur, adamı istisi ilə yandıran sərt yay mənzərələrinə tədricən baharın naxışları qonur. Sən isə sanki yol getmirsən, qızmar yayı incə bahara çevirən bir sehrli filmin tamaşaçısı olursan. Sanki paytaxtdan dağlara sarı yox, yayın istisindən, cırhacırından ucalarda çiçəkləyən çəmənlərin yazına qonaq gedirsən.
Bütün varlığınla dərk edirsən ki, həqiqətən də Azərbaycan Yer üzündə nadir təbiət mənzərələrinə malik olan ən gözəl ölkələrdən biridir. Bu qənirsiz mənzərələri qorumaq, onlardan zövq almaq və onları vəsf etmək hər birimizin vəzifəsidir. Vətən sevildikcə şirin olur və bu sevgi qanlı döyüşlərdən, ruhları vətənin səmalarına qanadlanan şəhidlərimizin təbəssümündən və bir də keçmişimizin dərinliklərindən həzin bulaq kimi sızıb gələn xatirələrdən ibarətdir. Vətən elə gözəl, duyğusal məhfumdur ki, onu səslə də, sözlə də, qoxu və mahnı ilə də qavramaq, hiss etmək mümkündür. Bu Vətənin parçalarından biri də Azərbaycanımızın mirvarisi İsmayıllıdır. İsmayıllının da dilbər, mənzərəli guşələrindən biri Talıstandır. O Talıstan ki, ustad Səməd Vurğun burada alıb, bu gözəl məkanı vəsf edib, şəninə poema yazıb. O Talıstan ki, burada el aşığı Elman yaşayır, yaradır, el şənliklərində iştirak edir...

Milli düşüncə və təfəkkürün parlaq ifadəsi

2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul olunmuş qərara əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Kökləri qədimlərə gedib çıxan aşıq sənəti sinkretikdir. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeiriyyət və musiqili improvizə. Bu cür rəngarəng bədii vasitələrlə silahlanmış və xüsusi istedada malik aşıq ifaçısı öz sənəti ilə çoxsaylı dinləyicini məftun edə bilər. Aşıqların ifası mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, saz və müəllif - aşıq vəhdətdədir.
Qədim aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin məhsuludur. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan aşıq sənəti öz mahiyyəti, etibarı ilə həmişə xalq həyatına yaxın olub, xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə həmahəng olub. Həmişə xalqla qırılmaz əlaqədə olan aşıq yaradıcılığı həyatın və zəmanənin tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçib, parlayıb və çiçəklənib. Aşıq sənətinin yüksəlişi və intibah mərhələləri bir qayda olaraq böyük, ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlıdır. Sevindirici haldır ki, aşıqların içində Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran şəxsiyyətlər də vardır. Əlbəttdə ki, bu barədə danışanda Abbas Tufarqanlını, Aşıq Əlini və xüsusən Aşıq Ələsgəri xatırlayırıq. Ələsgər poeziyası xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Bu barədə xeyli danışmaq, yazmaq, faktlar göstərmək bmümkündür. Çağdaş dövrümüzün Belə ustad sənətkarlarından biri də aşıq Elman (Talıstanlı) Mehdiyevdir. Bu yazını ustadın 60 illik yubileyinə həsr edirəm.
Saza, aşığa olan marağım azalmayıb

Yaman gündə öz elinin halına,
Yanan bilər, yanmayana nə fayda.
Vətən nədir, həsrətindən saralıb,
Solan bilər, solmayana nə fayda.
... Ustadından kamilliyin dərsini,
Alan bilər, almayana nə fayda.

Ağlım kəsəndən, özümü qanandan rəhmətlik atamın sayəsində saz və söz vurğunu olmuşam. Saz görəndə içim içimdən keçib. Aşığa, şairə könül vermişəm həmişə... Özü saza meyilli olmasa da, sazlı, zurna-balabanlı, aşıqlı toylarda iştirak edib. Çox vaxt məni də özü ilə həmin məclislərə aparırdı.
Atamın xalası oğlu Vidadinin 1970-ci illərdəki toyunu yaxşı xatırlayıram. Bu toyu kəndimizin tanınmış xanəndəsi Mansur Əliyevlə tağlabiyanlı aşıq Şamilin birləşmiş dəstəsi aparırdı. Bu ansamblda İsmayıllının müxtəlif kəndlərinin sənətkarları cəmlənmişdi. Onda mənim haradasa 7-8 yaşım olardı. Toy 3 gün davam etdi. Əvvəllər 40, 7 günlük toylar həmin dövrdə 3 günə endirilmişdi. Hər gün bir məkanın – ilk günü qonşu kəndlərin, ikinci günü bir az uzaq kəndlərin, rayonun adamları, sonuncu gündə isə yerli sakinlər və Bakıda yaşayan qohumlar çağırılırdı. Çünki bəy gəlinini məhz həmin gün gətirirdi.
Bəli, 3 günlük toyda böyük maraq var idi, toya toplaşanlar aşığın söylədiyi dastanlara, balabançı ilə oynamalarına, məclisdə müxtəlif adətlərin nümayişinə hamılıqla heyran olur, bu peşəkarların ifasına əhsən deyirdilər. Aşıq Şamilin dəstəsinə yaxın bir yerdə əyləşmişdik atamla. Birdən atam xanəndənin qulağına nəsə pıçıldadı. O da etiraz etmədi, uca səslə məni yanına çağırdı. Mən də hörmətsizlik etməyib Mansur əminin oturduğu stola yaxınlaşdım. Çatan kimi soruşdu ki, qoşa nağarada ifa edə bilirsənmi? Utana-utana, sıxıla-sıxıla “bəli” dedim. Qoşa nağara çalanı yerindən durquzub məni orada oturtdu. İnanın, utandığımdan başımı dik tuta bilmirdim. İlk ritmləri ayırd edə, ansamblın ifaçılarına qoşula bilməsəm də, sonradan nağaraçı ilə “dil tapdım”, mahnının birini yola verdim. Qəfildən hiss etdim ki, bir əl çiynimin üstündədir. Başımı qaldıranda gördüm rəhmətlik aşıq Şamildir. Xoşhal münasibəti ilə razılığını bildirmək istəyirdi. Kənardan seyr edən Mansur əmi “əhsən” sözünü deməklə məni daha da ruhlandırdı, dəstək verdi. Bu maraqlı səhnədən sonra aşıq olan toylara gedirdim. Özümü irəli verirdim ki, bəlkə məni görərlər. Amma məni görən yox idi sanki...
Ağlım kəsəndə dərk etdim ki, o bir-iki mahnını ifa etməyə elə atama görə şərait yaradıblar. Amma saza, aşığa olan marağım azalmadı. Hansı ifada ki, nağara, qoşa nağara olurdu, mən o havaları daha çox dinləyirdim. Saz və balabanla olan ifanı ali məktəb illərində daha çox izləməyə başladım. Bu istəyi, marağı əslən gürcüstanlı tələbə yoldaşım Rəşid Faxralı oyatdı. Bundan sonra sazı bütünlüklə sevməyə başladım...
Aşıq Şamilin qeyri-adi səsi və çalğısı, saz-söz sərrafı olan Şirvan ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilməyib. Nə yaxşı ki, fitrət sahibinin haqqında xatirələr bu günümüzəcən gəlib çatıb, qədirbilən insanların xatirində yaşayır…

O, rəhmətlik aşıq Yanvar Bədəlovun sağlığında ondan, haqqdan vergisini alıb


Aşıq Şamilin şəyirdi tircanlı aşıq Yanvar Bədəlov də Basqala tez-tez toya dəvət edilir, məclisləri aparırdı. Basqalda, Basqala bitişik qonşu kəndlərdə qurulmuş toylarda, həmçinin rayon səviyyəli müxtəlif tədbirlərdə aşıq Yanvarın ifasını dinləmiş, onun şirin səslə oxuduğu havaların, zəngulələrinin, xoş avazının vurğunu olmuşam. Rəqsinə isə heç bir aşığın oynamağı çata bilməzdi. Bu barədə hələ də mətbuatda çıxış etməməyimi özümə bağışlaya bilmirəm.
Sonradan tanıdığım bu aşıqların cərgəsinə, saz-söz sahiblərinin sırasına çoxunun yaxından tanıdığı aşıq Bilal-Şamli-Yanvar sənətinin layiqli, istedadlı davamçısı aşıq Elman Mehdiyevi də əlavə etdim. Aşıq respublikamızın axarlı-baxarlı bölgələrindən olan İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin məzunu olub, ali təhsili alıb. Savadı və biliyi sayəsində ağlı söz kəsəndən aşıq sənətinə qarşı böyük məhəbbət bəsləyib. Saz-söz aşiqi olub. Ustadı rəhmətlik aşıq Yanvar Bədəlovun sağlığında ondan, haqqdan vergisini alıb. Aşıq sənəti ilə bağlı elə maraqlı, tutarlı məlumatlar verir ki, elə bil hansısa alim danışır. Qədim tarixə malik aşıq ədəbiyyatımıza olan istəyinin sayəsində ustadlarımızın yaradıcılığını sevə-sevə öyrənib. Onlardan mənəvi güc alaraq, qəlbində çətirinə sığınılası şeir-sənət işığı yandıra bilən bir sənətkara çevrilib. Şirvan mahalında aşıq Elman Talıstanlı kimi tanınıb. El məclislərini aparıb, rəsmi tədbirlərdə yaxınlarda iştirak edib, müxtəlif telekanallara, xüsusən də “Mədəniyyət” telekanalında folklorçu-alim Məhərrəm Qasımlının aparıcısı olduğu verilişə dəfələrlə öz dəstəsi ilə dəvət olunub. Qeyd etdiyim kimi, ali təhsili onu hər zaman çətin məqamlarda xilas edib. Bu el aşığının, el sənətkarının ifa etdiyi hər bir havacatı, İlahi verən qüdrətin, ilhamın sayəsində yazdığı hər bir şeiri dinlədikcə bütün saz-söz aşiqləri kimi, mən də daxilimdən axıb gələn şirin duyğuların axınında axmaya bilmirəm.
O, məharətlə ifa etdiyi hansısa bir havacat, yazdığı hər hansı bir şeiri ilə könülləri anındaca fəth etməyi bacarır. Elmanın könül çırpıntılarının sədasına qulaq asdıqca ilhamının sehrindən nə qədər çalışsan da, çıxa bilmirsən.
Aşıq Elmanın çoxşaxəli yaradıcılığının dərinliyinə vardıqca, incələdikcə görürsən ki, onun qəlbi ən ali insani duyğulara bələnib. Müxtəlif məzmunlu, formalı şeirlərində Vətənə sevgi, torpağa məhəbbət, yurd yerinə bağlılıq hissləri daha bariz şəkildə çalarlanıb.
Elə yurda bağlılığının, sənətə hörmətinin, ustadlarına ehtiramının nəticəsidir ki, bu yaxınlarda o, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, folklorşünas-alim Məhərrəm Qasımlının təşəbbüsü və xeyir-duası, İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Aşıqlar ansamblını yaradıb. Aşıq Elman Talıstanlı ansamblın bədii rəhbəri kimi, ətrafına müxtəlif sənətkarları toplaya bilib. Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva, aşıq Cavid Əmiraslanov, xanəndə Qalib Güləliyev, aşıqlar Mətləb Məmmədov və Elçin Məmmədov, ustad balabançı, Əməkdar Mədəniyyət işçisi Rasim Ələsgərov, dəmkeş Çingiz Bayramlı, nağaraçalanlar Nəriman Mehdiyev, Amil Talıbov kimi el sənətçiləri hazırda bu ansambldadırlar.
Ötən ilin dekabrında ansamblın təqdimatına səhhətimlə bağlı gedə bilmədim. Amma sonradan Elmanla görüşüb söhbət etdik. Bildirdi ki, ansambl çox çətinliklə yaranıb. Bu işlərinə sonadək dəstək verənlərdən, böyük əziyyət çəkənlərdən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun, rayon regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfovun, el-obamızın istedadlı sənətçisi, özünün maraqlı ifaları ilə az qala respublikanı fəth edən xanəndə Sahibə Abdullayevanın adlarını xüsusi vurğuladı. Qeyd etdi ki, pandemiya dövrü olmasına baxmayaraq təqdimatda böyük coşqu var idi, saz, aşıq sevənlərin hamısı zalda idi. Folklorçu-alim, Aşıqlar Birliyinin Məhərrəm Qasımlı, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, AMEA-nın Folklor İnstitutunun müəllimi, professor Atəş Əhmədli və saz-söz dünyasının heyranları burada iştirak edirdilər.
Bu arada, yəni fevralın 8-də ilk dəfə olaraq “Mədəniyyət” telekanalında folklorşünas-alim M.Qasımlının müəlliflik etdiyi “Saz-söz axşamı” verilişinin qonağı olmuş ansambl bir saat çıxış edib, saz, söz adamlarına, aşıqsevərlərə bir növ hesabat verib. Və bu veriliş martın 26-da yayaımlanacaq. Hələ də o verilişdə səslənmiş mahnıların, havaların ecazkar təsirindəyik. Bu isə o deməkdir ki, aşıq Elman Mehdiyev özünün ustadları olmuş aşıq Bilal, aşıq Şamil, aşıq Yanvar yaradıcılığına sadiqliyini, ümumiyyətlə, Azərbaycan aşıq sənətinə istəyini bir daha agah edib, bu bir saat ərzində həm özünün, həm də ansamblın ifaçılıq məharətini, bacarığını tamaşaçılar qarşısında göstərə bilib. Bu ifalardan sonra Aşıqlar ansablının yaradılması üçün çəkdikləri əziyyətin heç də hədər getməyi bir daha sübut olunub.
İnsan amili, xalqın mənafeyi onun yaradıcılığında daim öndə durub

Yaradıcılıq insanın özünütəsdiq əzmindən qaynaqlanan ali duyğu, nəcib keyfiyyətdir. Bu potensialı qədim sənətin bənzərsiz qüdrəti, sehri və mözücəsi ilə canlandırmaq qeyri-adi, fitri istedaddır. Bu keyfiyyət sonradan qazanılmış bilik və vərdişlərlə, dünyagörüşü ilə zənginləşə, püxtələşə bilər. Lakin dərin istedad və intellekt yaranışından ulu Tanrının insana verdiyi paydır. İstedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli xidmət amalı ilə birləşəndə yaradıcı insanı əsl şəxsiyyətə, ziyalıya çevirir.
Aşıq Elman Mehdiyevin çılğın təbiətinin, hiss və həyəcanlarının obyektiv əksini onun sazı dilləndirməyində, özünün səsində, sənətində, hətta oynamağında görürük. Bu hərəkətlərdə, mahir ifaçılıqda ustad aşığın varlığının ən dərin, bəzən də gözəgörunməyən telləri, qəlbinin kövrəkliyi, əsl sənətçiyə xas olan həssaslığı qabarıq duyulur. Bəli, aşıq Elman Mehdiyev mənəvi dünyasından qaynaqlanaraq şövq və fəhmlə yazıb-yaradır, onun saz-söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalqın mənafeyi hər zaman öndə durub. Və zaman keçəcək, bu mövqe o yüksəklikdə, ucalıqda da qalacaq!
Və sonda bir məsələni demək istəyirəm.
Aşıq deyəndə telli saz yada düşür: Telli saz deyəndə Yanıq Kərəm, Zarıncı Kərəm, Dilqəmi, Gəraylı, Göyçə gülü, Qəhrəmanı, cəngi Koroğlu... gözəlləmələr yada düşür...
Aşıq deyəndə saz yada düşür: Qurbaninin boynubükük «Bənövşə»si, Abbasın gəraylıları, Xəstə Qasımın, Valehin indi də açılmamış bağlamaları, Alının, Şəmşirli Hüseynin, Ələsgərin nəsihətləri, ustadnamələri yada düşür...
Aşıq deyəndə qədim bir sənət məbədi yada düşür, saz yada düşür, söz yada düşür...
Aşıq deyəndə aşıq Bilal, aşıq Şamil, aşıq Yanvar, .... bir də bu gün də son nəfəsini bu sənətin inkişafına qoyan aşıq Elman düşür...

Yorulmayasınız, əziz qardaşım!
Daşdəmir ƏJDƏROĞLU




















Son xəbərlər

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930