
Xəbərlər
2.10.2026, 11:58
BİZİM GÜLNAR XANIM
O, qəzet yazılarının görünməyən memarlarındandır
Qəzetdə elə adamlar var ki, adları yazının başında görünmür, şəkilləri səhifələrə düşmür, özləri haqqında gurultulu cümlələr qurulmur. Amma onların zəhmətləri qəzetin hər sətrində, hər abzasında, hər sözündə görünür. Onlar yazının görünməyən memarlarıdır. Bir sözün yerini dəyişir, bir vergülün taleyini həll edir, bir cümlənin nəfəsini düzəldir, bəzən müəllifin diqqətindən yayınan kiçik bir səhvi aradan qaldırmaqla böyük bir məna yanlışlığının qarşısını alırlar. Korrektorun işi, əslində, kağız üzərində hərf düzəltmək deyil, sözə məsuliyyətlə yanaşmaq, cümlələri, fikirləri ustalıqla cilalamaqdır.
“Azərbaycan” qəzetinin təcrübəli korrektoru, Əməkdar Mədəniyyət işçisi Gülnar Novruzova da uzun illərdir bu məsuliyyətli işin keşiyində dayanır. Onun adı qəzetçilik mühitində ilk növbədə peşəkarlıq, diqqət, dəqiqlik və səliqə ilə assosiasiya olunur. O, sözün qədrini bilən, yazının məsuliyyətini anlayan, qəzet səhifəsinə adi kağız parçası kimi deyil, ictimai sözün ünvanı kimi baxan peşəkar insanlardandır.
Sözün keşiyində dayanan insan
Korrektor işi kənardan sadə görünə bilər. Səhifə də, mətn də qarşıdadır, oxuyursan, səhvi tapırsan, düzəldirsən. Vəssalam. Amma işin içində olan bilir ki, məsələ heç də bu qədər asan deyil. Bir cümlənin arxasında müəllifin fikri, redaktorun məsuliyyəti, qəzetin nüfuzu dayanır. Bəzən bir hərf sözün mənasını dəyişir, bir işarə cümlənin istiqamətini başqa səmtə çevirir. Korrektor isə bütün bunların arasında səssiz nəzarətçi kimi dayanır.
Gülnar xanımın peşəkar fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də məhz bu diqqət və məsuliyyətdir. O, sözə yalnız hərflərin düzülüşü kimi baxmır. Sözün mənasını, cümlənin məntiqini, üslubunu, ifadənin yerini və bütövlükdə mətnin daxili ahəngini duymağa çalışır. Çünki peşəkar korrektor yalnız səhvi görən adam deyil, yazının nəfəsini hiss edən adamdır.
Qəzetçilikdə illər keçdikcə insan çox şey öyrənir. Ən əvvəl öyrənir ki, mətbuat təkcə yazmaq deyil, həm də dinləməkdir, seçməkdir, yoxlamaqdır, məsuliyyət daşımaqdır. Hər gün yüzlərlə sözün arasından keçən insan sözün çəkisini zamanla daha gözəl anlayır. Gülnar Novruzovanın uzun illər ərzində qazandığı təcrübə də bu məktəbin məhsuludur. Onun qarşısından keçən yazılar, mövzular, müəlliflər, müxtəlif nəsillərin qələm sahibləri, qəzetin ayrı-ayrı dövrləri, səhifələri, başlıqları - bunlar insan ömrünün peşə yaddaşına çevrilir. Qəzetdə işləyən hər kəs bilir ki, peşəkar korrektorun yaddaşı da qəzetin yaddaşının bir hissəsidir. O yaddaşda sözlərin izi qalır. Bəlkə də korrektorun ən böyük xüsusiyyəti özünü yazının qarşısına çıxarmamasıdır. O, müəllifin fikrini öz fikri ilə əvəz etmir, özünü mətnin sahibi hesab etmir. Sadəcə, sözün doğru yerini tapmasına kömək edir. Bu mənada korrektor həm görünməz, həm də çox vacib sənət sahibidir.
Peşəkarlıqla insanlıq biri-birini tamamlayanda...
Gülnar Novruzovanı fərqləndirən cəhətlərdən biri də peşəkarlığı ilə insanlığının biri-birini tamamlamasıdır. İşdə tələbkar olmaq mümkündür, amma tələbkarlığı insanı incitmədən göstərmək böyük məharətdir. Çünki qəzet kollektivində peşə münasibətləri ilə yanaşı, insan münasibətləri də yaşayır. Birlikdə işlədiyin adamın səhvini düzəldərkən onun əməyinə hörmət etmək, sözünə qiymət vermək, zəhmətini nəzərə almaq vacibdir.
Gülnar xanımın haqqında danışarkən “gözəl insan” ifadəsinin işlədilməsi də təsadüfi deyil. Çünki insanın peşəsi haqqında çox şey demək olar, onun xarakteri haqqında danışanda isə artıq başqa ölçülər meydana çıxır: münasibət, səmimiyyət, təmkin, xeyirxahlıq, insanlara hörmət. Əslində, insanın illər boyu qazandığı ən böyük titul onun haqqında başqalarının ürəyində yaratdığı xoş təəssüratlardır.
Əməkdar Mədəniyyət işçisi fəxri adı da Gülnar Novruzovanın uzun illər davam edən əməyinə verilən qiymətin ifadəsidir. Bu ad yalnız görülən işin deyil, həmin işə sədaqətin, mədəniyyət və mətbuat sahəsinə verilən töhfənin göstəricisidir. Çünki mədəniyyət yalnız səhnədə, kitabda, muzeydə, ekranda yaranmır, həm də sözə münasibətdən başlayır. Düzgün yazılmış söz, yerində işlənmiş ifadə, qorunmuş dil qaydası da milli mədəniyyətin ayrılmaz parçasıdır.
“Azərbaycan” qəzetinin səhifələri müxtəlif illərin ictimai-siyasi, mədəni və mənəvi həyatının salnaməsidir. Bu salnamənin görünən tərəfini müəlliflər, redaktorlar, jurnalistlər yaradırlarsa, görünməyən tərəfdə onların əməyini tamamlayan insanlar dayanırlar. Gülnar Novruzova həmin görünməyən əməyin təmsilçilərindən biridir.
İnsan bəzən bir qəzet səhifəsini oxuyub keçir. Başlığın gözəlliyinə, yazının məzmununa, müəllifin fikrinə diqqət yetirir. Amma o səhifənin çapdan əvvəl neçə dəfə oxunduğunu, neçə xırda yanlışın düzəldildiyini, hansı söz üzərində neçə dəqiqə düşünüldüyünü bilmir. Bilməyə də bilər. Onsuz da peşəkar əməyin qəribə bir taleyi var: yaxşı görüləndə görünmür.
Kollektivdə xətrini istədiyimiz, özünün mehribançılığı, xoş səmimiyyəti ilə geniş rəğbət qazanmış Gülnar Novruzovanın illər ərzində gördüyü iş də belədir. Onun əməyinin ən böyük göstəricisi bəlkə də odur ki, oxucu ilə əlbir iş görür, oxucu haradasa görünməyən səhvlərin düzəlişində bir nömrəli köməkçisi olur. Bu da qəzetin işinin düzgün nizamlanmasına korrektur-oxucu töhfəsidir...
Bu gün texnologiyanın, elektron redaktənin, müxtəlif proqramların həyatımıza daxil olduğu bir zamanda belə peşəkar insan təcrübəsinin əhəmiyyəti azalmır. Çünki heç bir proqram sözün arxasındakı mənanı, cümlənin içindəki niyyəti, mətnin üslubunu və insan dilinin incəliklərini tam əvəz edə bilmir. Korrektorun gözü, zövqü və məsuliyyəti yenə də lazımdır.
Gülnar Novruzovanın peşə yolu bizə bir həqiqəti xatırladır: böyük işlərin hamısı gurultu ilə görülmür. Bəzən böyük bir iş bir səhifənin küncündə qoyulan kiçik bir düzəlişdir. Bəzən bir hərfin yerinə qoyulmasıdır. Bəzən bir cümlənin mənasının qorunmasıdır. Və bəzən də illərlə eyni məsuliyyətlə, eyni səbrlə, eyni vicdanla işləməkdir.
İllər keçir, qəzetlərin nömrələri dəyişir, yazılar unudulur, bəzi adlar zamanın yaddaşından çəkilir. Amma peşəsinə sədaqətlə xidmət edən insanların izi başqa cür qalır. Onlar qəzetin yalnız bu gününə yox, sabahına da xidmət edirlər. Gülnar Novruzova da sözə göstərdiyi ehtiram, sənətinə bağlılığı və insanlara münasibəti ilə “Azərbaycan” qəzetinin peşə yaddaşında özünəməxsus iz qoymuş insanlardandır.
Xeyirxahlıqdan yoğrulan insan
Xeyirxahlığın bir gözəl xüsusiyyəti var: o, səs-küy sevmir. Böyük sözlərə, nümayişə ehtiyac duymur. Bəzən bir fincan çayın yanında deyilən səmimi cümlədə, bəzən dar məqamda uzadılan kömək əlində, bəzən də heç kimin görmədiyi yaxşılıqda özünü göstərir. Gülnar xanımın insanlara münasibətində də bu səssiz, təmənnasız xeyirxahlığın izlərini görmək mümkündür.
Redaksiyada hər kəsin öz işi, öz qayğısı, öz tələsikliyi var. Belə bir mühitdə mehribanlıq və diqqət insan üçün sanki nəfəs qədər vacibdir. Gülnar xanım da öz davranışı ilə həmin mühitə istilik gətirən insanlardandır. Onun səmimiyyəti bəzən bir söz, bəzən bir təbəssüm, bəzən isə, sadəcə, vaxtında göstərilən diqqət şəklində üzə çıxır.
Gülnar xanım kollektivin, o cümlədən birlikdə çalışdığı iş yoldaşlarının daim yanında olur, xeyir-şər məclislərində özünün fəallığını nümayiş etdirir, hansısa işçinin problemlərinə xüsusi diqqət yetirir, onu özününküləşdirir. Bu sözü xüsusi vurğulamaq istəyirəm ki, Gülnar xanım insanın problemini sir-sifətindən, görünüşündən, yaşantılarından hiss edir. Bəlkə də bu cəhəti onu başqalarından fərqləndirir. O andaca özünü narahatlığı olan insan yetirir, onun problemlərini qarşılamağa çalışır.
İnsan haqqında ən doğru sözləri onun özü deyil, ətrafındakılar deyir. Çünki insanın əsl siması vəzifəsində, tutduğu mövqedə deyil, başqalarına münasibətində görünür. Gülnar Novruzovanın da mənəvi portretini bir sözlə ifadə etmək lazım gəlsə, bu söz “xeyirxahlıq” olardı.
Hər gün yüzlərlə sözün üzərində çalışan bir korrektorun özünün də həyatda yazdığı bir cümlə var: “Yaxşılıq insanı ucaldan ən gözəl sözdür”. Gülnar xanım isə bu sözü sadəcə demir, davranışı ilə yazır.
Sözün son dayanacağında
Qəzet mətbəəyə gedənə qədər neçə əldən keçir, bunu oxucu bilmir. Yazı yazılır, redaktorun masasından keçir, yenidən oxunur, cilalanır, səhifəyə düzülür. Amma bütün bunlardan sonra da onun bir dayanacağı qalır - sonuncu baxış. Elə baxış ki bəzən bir hərfin, bir vergülün, hətta bir sözün taleyini həll edir.
Gecənin bir vaxtı qəzet redaksiyasının işıqları bir-bir sönür... Dəhlızlərdə addım səsləri azalır... Telefonlar susur... Kompüter ekranlarının işığı da tədricən çəkilir... Amma haradasa masanın üstündə hələ bir qəzet səhifəsi açıq qalır. Sözlər biri-birinin ardınca düzülüb. Başlıqlar yerindədir. Mətnlər hazırdır. İndi onları sonuncu dəfə oxuyan bir göz var. O göz illərin təcrübəsindən keçib. Bir sözə baxıb onun səhv olduğunu görür, bir cümləni oxuyub nəyinsə çatmadığını hiss edir. Bəzən müəllifin böyük zəhmətlə yazdığı yazıda yalnız bir hərfi dəyişir. Bəzən heç nəyi dəyişmir, sadəcə, əmin olur ki, söz öz yerindədir. Bu, “Azərbaycan” qəzetinin təcrübəli korrektoru, Əməkdar Mədəniyyət işçisi Gülnar Novruzovanın iş dünyasıdır.
Onun adı qəzet səhifələrində böyük başlıqlarla görünmür. O, yazının müəllifi deyil. Amma yazının taleyinə cavabdeh olan adamlardan biridir. İllərdir sözün son dayanacağında dayanıb onu oxucuya olduğu kimi, düzgün və səliqəli çatdırmağa çalışır.
Korrektorun işi səssiz işdir. Səsini qəzetin içində eşitməzsən. İmzasını hər yazının altında görməzsən. Amma onun zəhməti bir səhifənin təmizliyində, bir cümlənin aydınlığında, bir sözün doğru yazılışında yaşayır. Bəlkə də buna görə korrektorun ən böyük uğuru onun görünməməsidir...
Gülnar Novruzova da uzun illərdir öz işini belə görür — sakit, tələbkar, diqqətli və ən əsası, sözə hörmətlə. Çünki söz adi şey deyil. Söz qəzetdə yazı olanda həm də məsuliyyətə çevrilir. Və o məsuliyyətin sonuncu keşikçilərindən biri Gülnar Novruzovadır.
Söz çox şeydir. Bəzən bir millətin yaddaşıdır, bəzən bir insanın etirafı, bəzən bir dövrün sənədi. Sözün keşiyində dayanmaq isə adi iş deyil. Bunun üçün səbr, zövq, bilik, məsuliyyət və ən başlıcası, sözə sevgi lazımdır.
Gülnar Novruzova illərdir sözün keşiyində dayanır. Bəlkə də onun gördüyü işin ən gözəl tərəfi elə budur: qəzetdə öz adını böyütmədən, sözün özünü qorumaq! Çünki bəzi insanlar özləri haqqında çox danışmırlar; onların yerinə gördükləri iş danışır. Gülnar xanımın uzun illərə söykənən peşə yolu da məhz belə bir səssiz, amma mənalı zəhmətin tarixçəsidir.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





