Natella Nurun “Allahın hədiyyəsi” romanında ana xətt milli dəyərlərə sədaqətdir

Həyat möcüzələrlə doludur. Ulu Yaradan təbiətin əşrəfi sayılan insanın qarşısına zaman-zaman bu möcüzələrdən çıxarır ki, insan onlardan dərs alsın, ibrət götürsün, nəticə çıxarsın. Lakin çox vaxt insan bu məntiqi dərk etmir və düşüncəsi yetkin olmadığından qarşılaşdığı hadisələrin mahiyyətinə vara bilmir. Bəzən insan möcüzələrin öz-özünə yaranmalı olduğunu düşünür. Əslində isə belə deyil və heç vaxt da belə olmayıb. İnsan öz davranışları, min illərin sınağından keçərək formalaşmış mənəvi prinsiplərə düzgün əməl etməklə həyatındakı möcüzələrin yaranmasında birbaşa iştirak etməlidir. Əbəs yerə deməyiblər ki, filankəs öz həyatını cənnətə çevirib, bəhmənkəs isə özü-özünü quyunun dibinə salıb.
Bu barədə yüzlərlə film çəkilib, saysız-hesabsız əsərlər yazılıb. Azərbaycan ədəbiyyatında 2026-cı ildə filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin təqdimatı ilə oxuculara təqdim olunan Natella Nurun “Allahın hədiyyəsi” mini-romanı da insan münasibətlərinin, mənəvi dəyərlərə sədaqətin və düzgün davranışın həyatdakı müsbət nəticələrini ön plana çıxaran əsərlər sırasındadır. Bununla belə, roman hər hansı məlum süjetin təkrarı, davamı və ya oxşarı deyil. Əsər real həyat hadisələri üzərində qurulan, özünəməxsus dəst-xətti və orijinal süjet xətti olan bir nəsr nümunəsidir.

Əsərin əsas ideya xətti milli dəyərlərimizin, bəlkə də, ən mühüm dayaqlarından biri olan ailə modelini qoruyub saxlamaqdır. Üstəlik, müəllif sevgi üzərində qurulan ailənin məhz sevgi, sədaqət və qarşılıqlı anlayışla qorunmasının vacibliyini əsərin əsas dönüş nöqtələrindən birinə çevirir.
Natella Nur “Allahın hədiyyəsi” əsərində Arzu və Fərhad adlı iki yetkin insanın şüurlu şəkildə qurduğu ailədə və bu ailənin ətrafında baş verən hadisələri ardıcıl şəkildə, fəsil-fəsil nəql edir. Müəllif bir növ müəllim həssaslığı və qayğısı ilə oxucuya həyat üçün vacib olan mənəvi şərtləri çatdırır, daha doğrusu, onları təhlil edir. Hadisələr fonunda Tanrının bəxş etdiyi nemətlərdən, sağlam həyat tərzindən, düzgün davranış prinsiplərindən, sağlam qidalanmadan və faydalı meyvə-tərəvəzlərdən bəhs edən müəllif oxucunu yalnız hadisələrin gərginliyi içində saxlamır. O, eyni zamanda, baş verən üzücü hadisələrdən çıxış yollarını göstərir, bəzi hallarda isə oxucuya belə vəziyyətlərdən əvvəlcədən yayınmaq üçün konkret məsləhətlər verir.
Natella Nur romanında çoxsaylı personajlar yaratmaq və hadisələri müxtəlif istiqamətlərdə şaxələndirmək məqsədi güdmür. Əsas diqqət Arzu və Fərhadın iştirak etdiyi hadisələrə yönəldilir. İradə xanım, Zümrüd xanım, Sevinc həkim, Nadir kimi obrazların yaradılması isə əsərin bədii panoramını genişləndirir. Bununla belə, müəllif həmin personajların ailələrində və iş yerlərində baş verən hadisələri ətraflı təsvir etmir. Görünür, bununla o, əsas ideyadan uzaqlaşmamağa və oxucunu əlavə süjet xətləri ilə yormamağa çalışır.
Natella Nur poeziyasında duyğusal bir insan olduğunu lirik qəhrəmanlarının dili ilə ifadə etməyi bacarıb. O, nəsr əsərində də yaratdığı obrazların hiss və həyəcanını təsirli şəkildə göstərib və bununla da əsəri daha maraqlı şəklə sala bilib.
Əsərin ana xəttini sevgi, insanlıq, milli dəyərlərə bağlılıq, Yaradan qarşısında mənəvi məsuliyyət, min illərin sınağından keçmiş həyat prinsiplərinə və sağlam yaşam qaydalarına əməl etmək kimi məsələlər təşkil edir. Natella Nur bəzi məqamlarda hadisələrin gedişinə müəllif kimi birbaşa müdaxilə edir, çətin vəziyyətə düşən personajlarına öz şeirlərindən nümunələr təqdim etməklə mənəvi dəstək verir. Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin də qeyd etdiyi kimi, Natella Nur ədəbi mühitdə daha çox şeirləri ilə tanınır və “Allahın hədiyyəsi” onun ilk nəsr əsəridir. Müəllifin romanda öz poetik nümunələrindən istifadə etməsi də əsərin diqqətçəkən xüsusiyyətlərindən biri kimi qiymətləndirilə bilər.
Müəllif əsərdə yaratdığı personajları canlı şəkildə təqdim edir, onları hadisələrin içində hərəkətə gətirir və cəmiyyətə çatdırmaq istədiyi ibrətamiz fikirləri onların dili ilə səsləndirir. Məsələn, hələ ilk fəsillərdə Arzu ilə şair və rəssam İradə xanımı qarşılaşdırır və İradə xanımın dili ilə mühüm bir fikri oxucunun diqqətinə çatdırır: “Allahın bizə bəxş etdiyi hədiyyələrə – həyat yoldaşımıza, övladlarımıza necə münasibət bəsləsək, aqibətimiz də elə olar”.
Bu fikir, əslində, romanın ideya istiqamətini müəyyənləşdirən əsas tezislərdən biridir. Çünki əsərdə ailə yalnız birgə yaşayış məkanı kimi deyil, insanın mənəvi məsuliyyət daşıdığı, sevgi və qayğı ilə qoruduğu bir dəyər kimi təqdim olunur. Həyat yoldaşı və övladların “Allahın hədiyyəsi” kimi dəyərləndirilməsi də müəllifin ailəyə münasibətinin mənəvi-fəlsəfi əsasını ortaya qoyur.
Natella Nurun “Allahın hədiyyəsi” romanını təqdim edərək incələyən ədəbi tənqidçi Vaqif Yusifli müəllifin nəsr sahəsində atdığı ilk addımı uğurlu hesab edir. Məncə, əsərin ideya istiqaməti, ailə və milli-mənəvi dəyərləri ön plana çıxarması, müəllifin şeirdən nəsrə keçid cəhdi və həyat hadisələrinə özünəməxsus yanaşması nəzərə alınarsa, bu fikirlə razılaşmamaq çətin olardı.

Əli bəy Azəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Son xəbərlər

Ronaldoya görə 500 min izləyici itirdilər

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

“Birliyin Gücü – 2026” başa çatdı - Fotolar

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)

Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO

Daşdəmir Əjdəroğlu : SÜKUT DANIŞIRDI.... - FOTO

Sevinc Yunuslu : Məni sən gətirmisən... - FOTO

Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

Messi İspaniyanın “Eldense” klubunu satın aldı

Sumqayıtda 31 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Ailə modelinin qorunub saxlanması

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTOLAR

"Bütün həyatı məhv etməyə qadir silahlar var" - Putin həyəcan təbili çaldı

47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətinə xitam verilib

Güllü Muradovaya vəzifə verildi

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Röya, Natavan və Elnur bir arada - Fotolar

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

Əlimdən tutmaqla könlüm ram olmaz - FOTO

04.10.2026 tarixində saat 11- də MÜCİRƏDDİN BEYLƏQANİ adına ədəbi məclisin növbəti sayı gənc şair ARZU TAHİRQIZININ yaradıcılığına həsr olunacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Zaqatalada zəlzələ olub

Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031