
Xəbərlər
4.08.2026, 14:29
"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU
30 yaşlı “Güllələnmiş qəzet”in baş redaktoru: “O cəsarəti göstərmək bizim taleyimizə yazılmışdı” - MARAQLI
4 Avqust 2019
4 Avqust 2019
Bu gün “Səhər” qəzetinin 30 yaşı tamam olur. Modern.az saytının məlumatına görə, “Səhər” qəzetinin 1-ci nömrəsi 1989-cu il avqustun 4-də nəşr olunub.
"Səhər" qəzeti müstəqilliyimizin ilk illərinin salnaməsidir. Məhz bu qəzet 1990-cı il 20 Yanvar qırğınından sonra - yanvarın 25-də 2 milyon tirajla çap olundu. O zaman informasiya blokadasını yaran “Səhər” bununla Azərbaycanın haqq səsini dünyaya çatdırmışdı.
"Səhər" 1990-91-ci ildə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet olub.
Qəzet fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynayıb...
"Səhər" qəzetinin məşhur 2 milyonluq sayı dərc olunmazdan əvvəl redaksiya bəyanat da yaymışdı. 20 Yanvar qırğınından dərhal sonra baş redaktor Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılmış, Tbilisidən nüfuzlu beynəlxalq informasiya agentliklərinə göndərilmiş bəyanatda deyilirdi: “Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaqdır”.
Yeri gəlmişkən, 20 Yanvar şəhidlərinin siyahısı da ilk dəfə “Səhər” qəzetinin 1990-cı il 3 fevral tarixli nömrəsində dərc edilmişdi.
“Biz bir neçə etibarlı mənbəyə, xüsusən Səhiyyə Nazirliyinə istinad edərək bu siyahını hazırlamışdıq, - deyə baş redaktor M.Süleymanzadə xatırlayır.
“Həmin nömrədə 20 Yanvar qırğını zamanı yaralananların da siyahısı “Səhər”in oxucularına təqdim olunmuşdu. Sonralar müvafiq orqanlar tərəfindən şəhidlərin siyahısı dəqiqləşdirildi. Nəhayət, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 137 Vətən övladına “20 Yanvar şəhidi” adı verildi”.
Məzahir Süleymanzadə o zamankı hadisələr, “Səhər qəzetinin 2 milyon tirajla çap olunmuş nömrəsinin hazırlanması haqda Modern.az-a danışıb:
- O zaman hər yerdə tətil elan olunmuşdu. Mətbəə də işləmirdi. Biz qəzeti çap etdirməkdən ötrü mütləq böyük jurnalistimiz Nəcəf Nəcəfovun icazəsini almalı idik. O isə axtarışda idi, tapılsa həbs edəcəkdilər. Nəcəfovu Əhmədlidən - gizləndiyi evdən tapıb gətirməkdən başqa çarəmiz yox idi. Ora isə yalnız general-mayor Aleksandrovun – “Azərbaycan” Nəşriyyatında senzura məsələlərinə nəzarət edən yüksək çinli zabirin xidməti maşınını göndərə bilərdik. Nəcəfovu axtaran şəxslərin öz maşınında bizə icazə verməsi üçün nəşriyyata gətirdik.
Aleksandrov soruşdu ki, bu, kimdir? Dedik “Səhər” qəzetinin şöbə müdiridir, köməyə gətirmişik.
Nəcəf Nəcəfov bir neçə şəklə baxan kimi dedi, necə ola bilər, bunları yaymaq üçün icazə almısınız? Artıq əmin olandan sonra qəzetin çapına yardım üçün yığdığımız mətbəə işçilərinə tapşırdı ki, “Rafael Nağıyev, Məzahir Süleymanzadə, Şakir Yaqubov nə desələr mənim adımdan deyəcəklər…”.
…O zaman “Səhər” qəzetini dərc edəndə və orada 20 Yanvara aid bəzi materialları verəndə general Aleksandrov bilərəkdən deyil, bəzi məsələlərə loyal yanaşdığına görə bundan sui-istifadə etmişdik. O, buna görə töhmət də almışdı. Aleksandrov həm də Belarus Ali sovetinin deputatı idi. O deyirdi: “Mən general-mayoram, bütün fəaliyyətim boyu “paqon”ları fəxrlə daşımışam, amma həyatımda ilk dəfə sizə görə mənə töhmət verdilər”. Mən isə dedim ki, sən o töhmətə görə iftixar hissi keçirməlisən.
- Hər halda böyük riskə girmişdiniz. Heç real ölüm təhlükəsi ilə üzləşmişdinizmi?
- Əlbəttə. Fevral ayının 3-də biz qəzetdə 20 Yanvar şəhidlərinin siyahısını dərc etdirmişdik. Beynəlxalq informasiya belə idi ki, “Bakıda bir neçə nəfər terrorist, saqqallı, ekstremist məhv edilib”. İlk dəfə olaraq, 20 Yanvarda öldürülən günahsız qurbanları “Səhər” qəzeti şəhid adlandırıb.
Biz bir səhifəlik siyahını dərc etməkdən ötrü çox çalışdıq. 20 Yanvardan sonra – yanvarın 25-də “Səhər” qəzetinin 2 milyon tirajla çap olunan nömrəsi çıxdı.
Bu buraxılışın razılığını o şərtlə vermişdilər ki, biz qəzetdə bir səhifə düşmən əmrini verməli idik. Biz isə bunu dərc etmək istəmirdik. Sözügedən müzakirələr olduğu vaxt Oljas Suleymanov bizimlə görüşə gəldi. O prosesdən xəbərdar olandan sonra dedi ki, 12 səhifəlik qəzetin 11 səhifəsində öz xalqınızın mənafeyini müdafiə edəcəksiniz, cəmi 1 səhifə düşmən sözü yerləşdirəcəksiniz. “Düşünün, nə qədər böyük şans qazanmısınız” dedi.
“Bundan imtina etmək lazım deyil. Hətta bu əksinə olsa, sizə cəmi 1 səhifə şans verilsə belə, maksimum istifadə edib, sözünüzü deməlisiniz” söylədi. Bu ağılllı söz olduğuna görə, bizim də razılaşmağımıza səbəb oldu. Həm də məcburiyyət qarşısında qalıb, həmin bir səhifəlik əmri dərc etdik. Amma onlar tələb etdikləri kimi, Azərbaycan dilinə tərcümə etmədik, rus dilində yayımladıq. Bu dolayısı yolla o demək idi ki, həmin materialın bizə aidiyyəti yoxdur. Digər səhifələrdə isə Şeyxülislam Allahşükür Paşazadənin bəyənatı, “Vətən bu gün ağı deyir” adlı tarixi reportaj, şəhidlərə ağı şeirləri, müxtəlif məqalələr dərc olunmuşdu.
- 2 milyonluq tiraj niyə faciədən 5 gün sonra – yanvar ayının 25-i dərc edildi?
- Biz şəhidlərimizin dəfnini gözləməli olduq. Çünki bu bir tarixi matəm idi. Azadlıq meydanından Şəhidlər xiyabanına qədər çiyinlərdə gedən şəhidlərin görüntülərini reportajlarda əks etdirdik. Həmin reportajları 11 jurnalist yazıb. Şair Vaqif Bəhmənli 11 nəfərin yazdığı ayrı-ayrı parçaları bir cümlə ilə ifadə etdi. Bu gün məşhur bir mütəxəssisə oğul deyərəm ki, 11 nəfərin yazdığı reportajı bir-birindən ayıra bilsin. Çünki hamı bir fikrə köklənmişdi, eyni cür düşünürdü. Amma 11 nəfərin imzası olmasına rəğmən, biz bu reportajı xalqa aid etmişdik.
Şəhidlərin siyahısını dərc edəndən sonra bir mülki şəxs və iki hərbçi məni evimdən götürüb, “Azərbaycan” televiziyasına apardı. Orada da vəziyyət gərgin idi, televiziyanın enerji bloku partladılmışdı, Bəxtiyar Vahabzadənin generalın üzünə tüpürməsi insident yaratmışdı.
Bakı səhərinin hərbi komendantının əmrlərini Azərbaycan dilində oxumağa adam tapmırdılar. Bir əsgər tapmışdılar, guya Azərbaycan dilini bilirdi, amma erməni ləhcəsi ilə pis gündə danışırdı. General-leytenant Ovçinnikov – Dövlət Televiziyasının binasında oturub, proseslərə rəhbərlik edən zabit “Səhər” qəzetini əlinə alır, görür ki, 20 Yanvarda şəhid olan 137 nəfərin adı qeyd olunub. Siyahının haradan götürüldüyünü, niyə dərc olunduğunu öyrənmək üçün məni çağırdılar.
- Doğrudan da, həmin siyahını haradan götürmüşdünüz?
- Polkovnik Rizvan Zeynalovun bir neçə nəfərdən ibarət qrupu var idi. Onlar ayın 22-nə qədər – təxmini 3 günə xəstəxanaları gəzərək, araşdırma apardılar, meyitlərin şəkillərini çəkdilər, şəxsiyyətlərini müəyyənləşdirdilər. O zaman nə material əldə olunsa, bizə verirdilər.
Çünki biz xarici ölkələrin informasiya agentliklərinin ən etibarlı mənbəsinə çevrilmişdik. Biz redaktor müavini olduğumuza görə, otağımızda dövlət telefonları var idi. Yeri gəlmişkən xatırladım ki, “Səhər” qəzeti o zaman “Kommunist”in əlavəsi kimi nəşr olunurdu.
Biz fürsətdən istifadə edib, dünyanın yarısı ilə əlaqə saxlayırdıq. Mülki şəxslərə də zəng edirdik. Əslində addımlarımız kortəbii idi. Məqsədimiz isə sadəcə daha çox insana 20 Yanvar faciəsini çatdırmaq idi ki, Bakıda əslində nə baş verdiyini bilsinlər. Heç olmasa 50-100 nəfər bunu bilsə, bizim üçün böyük rəqəm idi. Elə həmin gündən telefonlarımız susmadı. Müxtəlif xarici ölkələrdən mötəbər informasiya agentliklərindən zənglər gəlirdi.
“Səhər”in ilk nömrəsi 1989-cu il avqustun 4-də çıxıb. 5 ay sonra 20 yanvar hadisələri baş verdi. Belə görünür ki, faciəni işıqlandırmaq, bu cəsarəti göstərmək “Səhər”in taleyinə yazılmışdı.
O zamanlar indiki AZƏRTAC-a Peres adlı şəxs başçılıq edirdi. Biz onun Moskva ilə yazışmalarını ələ keçirəndə gördük ki, tamamilə düşmən mövqedədir. 20 Yanvar hadisələri ilə bağlı bütün informasiyalar Moskvaya, SİTA-ya göndərilir, orada SSRİ rəhbərliyinin istəyinə uyğun yenidən yazılaraq, AZƏRTAC-ın materialı kimi yayılırdı. O materialların bir neçəsinə “Qara Yanvar diqaloqu”nda istifadə etmişik. Sonra bizim uşaqlar Peresin yaxasından tutub dartmışdılar.
Həmin hadisədən sonra Peres burada qala bilmədi, İsrailə köçdü.
20 Yanvar hadisəsindən sonra təbliğat işlərinə Xarici İşlər Nazirliyimizi də qoşmuşduq. Hazırda İngiltərədə yaşayan Zülfüqar Rüfətoğlu materialları ingilis dilinə tərcümə etmişdi, materialları oraya aparmışdılar. “Səhər”in tarixi nömrəsi çıxandan iki gün sonra bizə göndərdilər ki, İranda fars əlifbası ilə qəzetimizi yenidən dərc ediblər. Eləcə də, Baltikyanı ölkələrdə və digər xarici mənbələrdə “Səhər” qəzeti tərcümə edilib, dərc olunmuşdu.
40 gün qəzetimiz şəhidlərə yas saxladı. Əzizə Cəfərzadənin bayatıları, Xalidə Hasilovanın yazıları, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilk dəfə bizim qəzetdə çap olunmuşdu. İşimiz yanvarın 25-dəki 2 milyon tirajla yekunlaşmamışdı.
Biz bir tərəfdən peşə vəzifəmizi yerinə yetirirdik, bir tərəfdən də peşmançılıq hissi keçirirdik. Bir neçə gün evimizə belə getməmişdik.
- Nəyə görə peşman idiniz?
- Dediyim kimi, şəhidlərin arasında olmadığımıza görə. O hiss bizi tərk etmirdi ki, o şəhidlərdən nəyimiz artıqdır? Aramızda qızlar da var idi. Flora Sadıqova göz yaşı tökürdü ki, niyə cavan jurnalistləri informasiya toplamağa göndərirsən, məni yox? Mən isə cavab verdim ki, sənin buradakı jurnalist qardaşlarının sonuncusu nə zaman şəhid olacaqsa, səni onda göndərərəm. Bu cür canımızı qoyaraq, işləyirdik, yazılarımızı göz yaşı ilə yazırdıq.
Mən partiya biletimi digər sakinlərlə birlikdə tonqala atmışdım. Amma son anda götürmüşdüm, kütlənin şillə-təpiyinə də məruz qalmışdım.
- Niyə tonqalın içərisindən partiya biletinizi götürmüşdünüz?
- Biz Şakir Yaqubovla Mərkəzi Komitənin qarşısından keçəndə gördük ki, böyük tonqal qalanıb, minlərlə partiya bilet ora atılıb. Filarmoniyanın yanından o zamankı Mərkəzi Komitənin binasına qədər olan ərazi adamla dolu idi. Biz də kütləyə qoşulub partiya biletimizi tonqala atdıq. Sonradan içimdən qəribə hisslər keçdi, əhvalım dəyişdi, soyuq tər basdı. Bu hissi nə yazmaq, nə də danışmaq olur. Elə bil kimsə mənə dedi ki, get biletini götür. Anidən, qeyri-ixtiyari irəli atılıb, tonqalın içindən bir çəngə bilet götürdüm. İçərisindən öz biletimi tapıb, cibimə atdım. İnsanlar az qalırdı məni tonqalın içərisinə atsınlar. Əməlli-başlı cəzamı aldım. Mənə şillə-təpik vurdular. Nəysə ki, birtəhər aradan çıxa bildik.
- O partiya bileti sonrada bir işə yaradı?
- O partiya bileti sonradan həyatımı da qurtardı. Məni evimdən götürüb Ovçinnikovun yanına aparanda partiya biletim cibimdə idi. O, şəhidlərin siyahısını dərc etdiyimizə görə bizə 30 sutka həbs cəzası kəsdi. Qorxdum. Dilim qurudu, ayaqlarım boşaldı. Ancaq onda qorxu hissinin nə olduğunu duydum. Bizi Ulyanovska göndərəcəkdilər. Bir anlıq düşündüm ki, evdə körpə uşağım var, 6 yaşlı oğlumun üzündən belə öpmədən çıxmışam. Qorxu məcbur etdi, partiya biletini çıxartdım, hirslə stolun üstünə atdım. Dedim: “Azərbaycanda muzeyə qoyulası yeganə kommunist mən qalmışam, hamı biletini atıb tonqala yandırıb. Mənim biletim isə cibimdə, ürəyimin başındadır. Qorbaçova şikayət edəcəyəm, sən Azərbaycanda yeganə kommunisti həbs edirsən”.
Bütün bunları qorxudan necə dilə gətirdiyimin fərqində belə deyildim. Soruşdu ki, bu nə siyahıdır, çıxartmısınız? Cavab verdim ki, o “Kommunist” qəzetinin əlavəsidir, mən də “Kommunist”in redaktoruyam. O inanmadı, zəng etdi kiməsə. Toğrul Rüstəmov içəri girdi. O Toğruldan soruşduki, bu şəxs düzmü deyir? Toğrul mənimlə görüşdü və dedi ki, bəli, Məzahir əslində redaktor müavinidir, amma baş redaktor işdən uzaqlaşdırıldığına görə, onun səlahiyyətlərini də icra edir. Bundan sonra zəng etdi ki, Məzahir Süleymanzadənin 30 sutkalıq cəzasını şərti cəza ilə əvəz edirəm. Mənə isə tapşırdı: “Yenə də bu qəzeti çap etdirsən, bunun müzakirəsi yoxdur. Söz verirsən?”. “Yox, nə olacağını hələ bilmirəm” dedim. Ondan sonra, dediyim kimi şəhidlərin qırxına kimi qəzet çap olundu.
Ovçinnikov məni ikinci dəfə də ilişdirdi. Daxili İşlər Nazirliyində çalışan Mehman Mehmanov bir materialı bizə təqdim etmişdi – rus əsgərləri Bakıda neynirlər? Materialda qeyd olunmuşdu ki, əsgərlər mağazaların vitrinlərini sındırıb, ərzaq oğurlayırlar. Bunlar DİN tərəfindən cinayət işi kimi qeydə alınmışdı. Biz həmin yazını dərc etdik. Aləm yenə bir-birinə dəydi. Həmin materialın dərc olunmasına hərbi senzor möhürlə icazə vermişdi. Məqalə dərc olunan günün səhərisi bir asiyalı redaksiyamıza gəldi. Mübahisəmiz yarandı. Mən ona möhürü, yazıya icazə verilməsini göstərdim. O dedi, möhürü ver, aparım. Nə qədər təkid etdisə, möhürü vermədim. Ondan sonra Aleksandrova töhmət verdilər.
Azərbaycan Hərbi Komissarlığınınm siyasi idarəsinin rəisi Abdulla Ələsgərov adlı şəxsə zəng etdilər ki, “Səhər” qəzeti ilə bacara bilmirik. Qeyd edirdilər ki, çətinlik Azərbaycan dilini bilməməkləridir, onlar bizi aldadırlar. Ələsgərovdan xahiş etdilər ki, Azərbaycan dilli bir nəfəri göndərsin. Abdulla müəllim isə bir mayoru yanına çağırıb, tapşırıq verib ki, sənin rəhbərin də, senzorun da, generalın da Məzahir Süleymanzadədir. Oxuduqlarını deyil, onun dediklərini tərcümə et. Bu cür qeyrətli insanların köməyi ilə biz ata bilirdik.
2 milyon tirajlıq qəzet 12 böyük yük maşınına ancaq yerləşmişdi. Bu qəzetləri maşınlara dolduran, əhaliyə paylayan bizim qeyrətli dostlarımız, könüllülər idilər. Onlar avtomatın, güllənin altında müxtəlif yerlərə istiqamət alırdılar. Əsasən də milyon yarıma qədər adamın toplaşdığı Şəhidlər Xiyabanına tərəf maşınlar gedirdi. Qəzeti bir-bir deyil, dəstə ilə insanlara paylayırdılar. “Səhər” bir göyərçin kimi havada uçurdu.
- “Səhər”i niyə "güllələnmiş qəzet" adlandırılar?
Qəzetin güllələnməsi hadisəsindən də danışım. “Səhər” qəzetini bizim redaksiya ilə üzbəüz parça mağazasının vitrininə vurmuşduq. Zülfüqar və Araz Qurbanov qəzeti yapışdıran kimi minlərlə insan meyitlərin şəklinə baxmağa yığıldı. Bu zaman əvvəl havaya, insanların dağılışmadığını görəndə isə vitrinə atəş açdılar. “Səhər” qəzetinə də məhz onda güllə dəydi. Şəhid oldu qəzetimiz. Mən gələndə Zülfüqar və Arazı maşına mindirib, polisə aparmaq istəyirdilər. Onları azad etdirdim.
Bu hadisələrdən 29 il keçib. Tez-tez evə getmədiyimiz, redaksiyada gecələdiyimiz günləri xatırlayırıq. Mən ayın 19-dan 23-nə kimi evə getməmişdim. 4 gecə redaksiyada yatdım. Yazı yazmaq, onu çap etdirməkdən asan idi. Bir şəkildə çap etdirəndən sonra isi onu yaymaq, xalqa çatdırmaq, xalqı inandırmaq da çətin idi. İnsanların göz yaşı qurumamışdı. İlham və Fərizəgilə ilk dəfə Flora Sadıqovanı göndərmişdim. Ən birinci o gedib, İlhamgilin qapısını döyüb, ilk reportajı yazıb, insanlara İlham və Fərizəni tanıdıb.
20 Yanvarda “Moskva” mehmanxanasının qabağından Şəhidlər xiyabanının axırına qədər yerə “qərənfil xalçası” sərilmişdi. Dağüstü parkda şəhid məzarlarının çoxu boş qaldı. Dünyasını dəyişənlərin bir qismi rayon adamı olduğuna görə, rayonlarda dəfn edilmişdilər. Dəqiq informasiyalar olmadığına görə, kütləvi şəkildə 200-250 məzar qazmışdılar.
Şəhidlər xiyabanı kimi həmin ərazinin seçilməsi, kütləvi qəbirlərinin qazılması sıravi vətəndaşların təşəbbüsü idi. Bu özü də böyük məsuliyyət və cəsarət tələb edən iş idi.
“Səhər” qəzeti il yarım ərzində ölkədə nəşr olunan yeganə gündəlik qəzet olub. Biz məcbur olub bu qəzeti həm də rusca dərc etdirmişik. Taleyimizə Xocalı faciəsi də düşdü. Xocalı haqqında da ilk məlumatı biz yaymışıq. Çox əziyyətlərlə həqiqətləri xalqa çatdırmağa çalışmışıq.
"Səhər" qəzetinin adı çəkiləndə hansı jurnalistlər yada düşür?
- Bu gün - avqustun 4-də "Səhər"in birinci nömrəsinin çapdan çıxmasının 30 illiyi tamam olur. Bu münasibətlə qəzetin bütün əməkdaşlarını və oxucularını ürəkdən təbrik edirəm! Şübhəsiz, hər səhərimizin "Səhər"lə açıldığı günləri xatırlayanlar var. "Səhər" haqqında kitablar, dissertasiyalar yazılıb, sənədli filmlər çəkilib. Hər halda, dönüb geriyə baxanda iftixar hissi keçiririk, Vətənimiz, xalqımız üçün çox çətin illərin sınağından şərəflə, peşəkarlıqla, üzüağ çıxmışıq. "Səhər"in adının mətbuat tariximizə qızıl hərflərlə yazılmasında xidməti olan bütün əməkdaşlarımıza və oxucularımıza qəlbən "ÇOX SAĞ OLUN!" deyirik!
"Səhər" haqqında danışanda və yazanda "mən" ifadəsini çox işlədirəm. Əslində, burada təəccüblü heç nə yoxdur. Mən həqiqətən "Səhər"in yaradıcısı, birinci və sonuncu baş redaktoruyam. Amma mənim yazılarımdakı "MƏN" qətiyyən "Məzahir Süleymanzadə" anlamına gəlməməlidir. "Səhər"dən danışarkən işlətdiyim "MƏN" Cəmil Əlibəyov, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Əhməd İsayev, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Elman Qədirov, Bəxtiyar Sadıqov, Akif Qəhrəmanlı, Etibar Etibarlı, Rafiq Hacıyev, Tahir Aydınoğlu, Vaqif Bəhmənli, Əfqan, Flora Sadıqlı, Aidə Məmmədova...deməkdir. Bu "MƏN"i Mehdi Alıyev, Nəsimi Həbiboğlu, Süleyman Qaradağlı, Rövşən Binnətli, Rizvan Hilaloğlu, Oqtay Məmmədov, Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Mahir Süleymanov, Tofiq Yusifov, Zöhrab Əmirxanlı, Surxay Hüseynov, İmran Bədirxanlı, Şahin Abasəliyev, Rauf Umudov,Rasim Sadıqov, Dilavər Nəcəfov, Yavər Əsədov, Bəybala Bəybalayev, Azadə Hüseynova, İlhamə Qasımlı, Səriyyə Müslümqızı, Şamıl Sabiroğlu, Seyidağa Cabbarov, Ələskər Cabbarov, Şahin Əliyev, Amalya Qasımova, Şamama İsmayılova...kimi də oxumaq olar. Gözəl xanımlarımız Pərinaz, Sevda, Reyhan,Sofiya, Xuraman, Nailə, Ofelya, Sədilə, Dilarə, Siddiqə, sürücülərimiz Ramiz Abdullayev və Əzim kişi də bu "MƏN"in içindədir. Yaşlı adamam, adlarını çəkmədiklərim məni bağışlasınlar...
Ən böyük təbrik isə, şübhəsiz, "Səhər"in sədaqətli oxucularına düşür. Çünki, "SƏHƏR"İ yaşadan, məni "MƏN" eləyən onlar - hər səhərlərini "Səhər"lə açanlar olub.
Səhər – güllələnmiş qəzet!
08.09.2025
Yanvar 1990`da Bakıya yeridilən sovet ordusunun güllələrinin hədəfində sadəcə günahsız insanlar deyil, “Səhər” qəzeti də var idi. “Kommunist”in iqtisadi əlavəsi kimi yayına başlayan “Səhər” o gün iqtisadiyyatdan yox, Bakıdakı matəmdən yazırdı. Elə bu, sovet əsgərinin xoşuna gəlməmiş, vitrinə yapışdırılmış “Səhər”i güllələmişdi. Ancaq sovet əsgərinin bu vəhşiliyi nəticəsiz qaldı, “Səhər” Bakıda törədilən qırğından sonra informasiya blokadasını yararaq yaşananlar barədə məlumat yaya bildi…
İqtisadi əla
və
“Kommunist”ə həftəlik əlavə buraxmaq zərurəti yarananda redaktor Cəmil Əlibəyovun Mərkəzi Komitəyə müraciəti nəticəsiz qalır, yeni qəzet açmağa icazə verilmir. 1989-cu ilin aprelində isə Azərbaycan KP MK-nın qərarı çıxır ki, iqtisadi məsələlərə diqqəti artırmaq üçün “Kommunist” qəzetinin həftədə bir dəfə 6 səhifə çıxmasına icazə verilsin. İki səhifəlik iqtisadi materialın hazırlanması redaktor müavini Məzahir Süleymanzadəyə tapşırılır.[1] Lakin iş elə gətirir ki, “Səhər” adlı ayrıca qəzet ərsəyə gəlir. Məzahir Süleymanzadə: “Azərbaycan mətbuatında yeniliyə, təzə sözə ehtiyac var idi. Mən bunu yaxşı hiss edir, oxucuların əhval-ruhiyyəsini duyurdum. Di gəl ki, o vaxt qəzet açmaq mümkün deyildi. Bundan ötrü birbaşa Moskvanın razılığı tələb olunurdu. Amma mən yollar axtarır, ruhdan düşmürdüm. Nəhayət, 1989-cu ilin avqustunda “Kommunist”in iqtisadi əlavəsi kimi “Səhər” qəzetinin ilk nömrəsini oxuculara təqdim edə bildim. Bu balaca qəzet müstəqil olmasa da, partiya mətbuatından çox fərqlənirdi. Yüksək tirajla çap olunmasına baxmayaraq günortaya qədər satılıb qurtarırdı. Başlıcası isə gənc, müasir düşüncəli jurnalistlər, alimlər söz demək, əhali ilə sərbəst ünsiyyədə olmaq imkanı qazanmışdılar”.[2]
Qəzetin ilk sayında iqtisadi əlavənin məqsədi belə açıqlanırdı: “Kommunist” qəzetində respublikamızın iqtisadi inkişafı, bu sahədəki problemlər və vəzifələrlə bağlı vaxtaşırı məqalələr, “Dəyirmi stol” ətrafında söhbətlər dərc edilir. Lakin müasir dövrdə iqtisadi münasibətlərin inkişaf dinamikası o qədər genişdir ki, onu qarşısında digər vacib vəzifələr duran respublika qəzetinin səhifələrində müntəzəm izləmək olmur. Buna görə də “Kommunist”ə iqtisadi əlavə nəşr etmək zərurəti meydana çıxdı”.[3]
Ayrıca qeyd edilirdi ki, fikir mübadiləsi, elmi-iqtisadi mübahisələr üçün tribuna gərəkdir və “Kommunist”in məqsədi “Səhər”i belə bir tribunaya çevirməkdir.[4]
“Kommunist”in əlavəsi kimi “Səhər” qəzetinin cəmi 37 nömrəsi çıxdı. 1991-ci ilin yanvarından “Səhər” müstəqilləşdi və baş redaktor Məzahir Süleymanzadə “Kommunist”dən getdi. Onunla bərabər “Kommunist”in 22 əməkdaşı da “Səhər”ə keçdi.
Öncə bəyanat
20 yanvar 1990 günü redaksiyaya toplaşan “Kommunist”in redaktor heyətini “Nə etməli?” sualının cavabı düşündürürdü. Qəzetin çıxıb-çıxmayacağı barədə düşünməyə dəyməzdi, çünki “Kommunist” nəşriyyatının mətbəəsi bağlı idi. Dərhal ağla Bakıda baş verənlərlə bağlı məlumatları dünyaya çıxarmaq gəlir.
Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri Hacı Hacıyevin iştirakı ilə “Dünya xalqlarına müraciət”in mətni tərtib edildi: “Azərbaycanın paytaxtı qana qəltan edilib. Moskvanın göstərişi ilə göndərilmiş tanklar adamları amansızcasına basıb keçmişlər. Bakının küçələri azərbaycanlıların meyitləri ilə doludur. Azərbaycan jurnalistləri dinc əhaliyə qarşı vəhşi terrora hiddətli etirazlarını bildirir və bütün dünya xalqlarını öz azadlığı, istiqlaliyyəti, Vətəninin ərazi bütövlüyü uğrunda çarpışan Azərbaycan xalqı ilə həmrəy olmağa çağırırlar”.[5]
Azərinforum direktorunun müavini Saveli Perets müraciəti SİTA[6]-ya verməyə boyun olsa da, SİTA bu məlumatı qəbul etməyəcək və yaymayacaqdı. Bəs, nə etməl? Təklif Zülfüqar Rüfətoğlundan gəlir: xarici işlər nazirliyi vasitəsilə yayaq! Şakir Yaqubov: “Təklif ağıla batdı. Hökumət telefonu ilə naziri axtarmağa başladıq. Nəhayət, nazirliyin hansısa bir əməkdaşı ilə razılaşdıra bildik: qoy İran və İraq konsulluqlarından nümayəndə çağırsınlar, müraciəti rəsmi şəkildə təqdim edək. Bəlkə onların vasitəsilə sözümüz SSRİ sərhədini aşa bildi. Zülfüqar və daha bir nəfər nazirliyə yollandılar. Soraq gəldi ki, MK-nın qabağında mitinq olacaq. Müraciətin bir nüsxəsini Tahir Rüstəmova verib ora göndərdik - qoy oxusun, qoy xalq bilsin ki, Azərbaycan jurnalistləri, hər halda, “Kommunist”in işçiləri, təsəvvür olunduğu kimi, mütiqul deyillər. Bütün bunlar dəryada damla idi. Daha bir variant ağıla gəldi: SSRİ-nin hansı şəhərində kimin tanışı varsa, zəng vuraq, həqiqəti deyək. İndi sovet mətbuatının, Mərkəzi televiziya və radionun həmin axşam M. S. Qorbaçovun deyəcəyi sözlərdən savayı bir söz deməyəcəyi yəqin idi. Burasını da bilirdik ki, dediklərimizi çap etməyəcəklər. Hər halda, ürəyimizi boşaldırdıq...”.[7]
22 Yanvar 1990`da redaksiya toplantısında yekun qərar verilir: “Kommunist”i buraxmaqdan söhbət gedə bilməz, ona görə “Səhər” hazırlanacaq. Şəhidlərin dəfn mərasimindən reportaj hazırlanır. Başlığı Şakir Yaqubov qoyur: “Vətən bu gün ağı deyir…”.
Reportaj Vaqif Bəhmənlinin “Günahsız, qana bələnmiş, taleyi zülm və zülmkarlar əlində oyuncağa çevrilmiş xalqımızın dərdini sözə çevirmək ölmək qədər çətindir. Azərbaycan anaları qara bağlamışlar! Üç gündür Bakının göz yaşları qurumur. Haqqa üz tutduğumuz yerdə nahaq qana düşmüşük.” sözləri ilə başlayırdı.[8]
Reportajı 11 jurnalist hazırlamışdı: Rəfail Nağıyev, Şakir Yaqubov, Hidayət Elvüsal, Vaqif Bəhmənli, Əfqan Əsgərov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Rusvat Bayramov, Dilman Musayev, Zülfüqar Rüfətoğlu, Araz Qurbanov.
Nəcəf Nəcəfovun köməyi
O gün – 22 yanvar 1990`da materillar hazır olsa da, qəzeti çap etmək mümkün olmadı. Yanvarın 24-də isə yalnız axşam tərəfi mətbəənin açılmasına güman yarandı. Şakir Yaqubov: “Nəşriyyata yollandıq. Müxtəlif iş sahələri üzrə 10- 15 fəhlə və ustanı direktorun qəbul otağına yığa bilmişdilər. Deyilənə görə, bunlar əsasən üzüyola, böyük-kiçik yeri bilən və nəşriyyatın nisbətən yaxınlığında yaşayan (həmin günlərdə bu, heç də az əhəmiyyətli amil deyildi) işçilər idi. Nəşriyyat rəhbərliyinin onları yola gətirmək cəhdləri bir-birinin ardınca puça çıxırdı. AXC-nin ümumrespublika etiraz aksiyasına çağırışı təsirini göstərirdi: Heç bir vəchlə işə başlamağa razı olmurdular. Şərt qoydular: qoy Xalq Cəbhəsinin rəhbərlərindən biri gəlsin, sözümüzü onlara deyək...”.[9]
İşçilərin tələb etdiyi şəxs Nəcəf Nəcəfov idi. Xalq hərəkatının digər liderləri kimi Nəcəf Nəcəfov da axtarışda idi. Nəcəf Nəcəfov işçilərə məktub göndərsə də, qəbul etmirlər, onun şəxsən gəlməsini tələb edirlər. Məzahir Süleymanzadə: “Gecə vaxtı komendant saatında Nəcəf Nəcəfovu nəşriyyata necə gətirək? Üstəlik, onu həbs edə bilərdilər. Amma başqa əlac da yox idi. Rəfail müəllim şəxsi münasibətlərindən istifadə edib general Aleksandorvun maşınını Əhmədliyə-Nəcəf Nəcəfovun gizləndiyi mənzilə göndərdi. Onu hərbiçilərə “Səhər” qəzetinin şöbə müdiri kimi təqdim etdik. Allah Nəcəfə rəhmət eləsin, fəhlələrlə danışdı, qəzetin çapının vacibliyini başa saldı. Yalnız bundan sonra “Səhər”in ərsəyə gəlməsi prosesi başlandı. Qəzetin ilk nüsxələrini əlimizə alanda artıq hava işıqlanmaşdı”.[10]
2 milyon tirajlıq matəm nömrəsi
Matəm nömrəsinin bir çox özəllikləri var idi. O günə qədər “Səhər” xırda formatda, həftədə bir dəfə 4 səhifədən ibarət çıxırdı. İlk dəfə qəzet 12 səhifədən ibarət idi. Ona kimi 50 min nüsxə ilə çap olunan qəzet, 2 milyon tirajla çap olundu. Qəzet kommunist mətbuatının tarixində ilk dəfə “Bütün ölkələrin proletarları, birləşin!…” şüarı olmadan çıxdı.
Birinci səhifədə “qəm karvanı” fotosu ilə açılan qəzet, sonuncu səhifədə zirehli transportyor və tanklarla kəsilmiş yolda əli qalxanlı hərbçilərin fotosu ilə tamamlanır və həmin fotonun altında hərbi komendantın rus dilində 1 nömrəli əmri verilib. Qorbaçovun fərmanı və çıxışı ilə eyni səhifədə, müsahibəsi dərc olunub. Orta (6-7-ci) səhifələrdə fotoşəkillər və ölənlərin, yaralananların sayı barədə rəsmi məlumat verilib. Dağlıq Qarabağda vəziyyətə dair xəbərlər verilib. Sonrakı səhifələrdə isə Naxçıvandan, İran - Sovet sərhədindən reportaj, “Literaturnaya qazeta”ya və onun icmalçısı İ.Belyayevə cavab və “Kommunist”in iki müxbirinin - Firudin Rəsulovla Araz Qurbanovun Ermənistan ərazisindəki Nüvədi kəndindən reportajı: “Nüvədililər deyirlər: “Bu torpaqdan köçdü yoxdur!” reportajı və digər materilar yer alıb.
Şakir Yaqubov yazırdı ki, qəzetdə gedən materillarla bağlı Rəfail Nağıyevlə K. Qluşkov (“Bakinskiy raboçiy”in redaktoru - B.N.) baş hərbi senzorla əsl alver etmişdilər: “Nəticədə E.M.Qafarovanın bəyanatını yox, sessiyanın müraciətini yox, rəsmi məlumatı və sessiyanın qərarını, M.S. Qorbaçovun fərmanı və televiziya ilə çıxışı müqabilində şeyxülislamın tarixi məktubunun xülasəsini, hərbi komendantın əmri müqabilində fotoittiham kimi ürəyimizdən olan şəkli və, s. verməyə icazə aldıq.”[11]
Nömrənin sonunda aşağıdakı qeyd verilib: “Bu nömrənin qonorarı şəhidlərin şərəfinə ucaldılacaq abidənin fonduna köçürüləcəkdir”. “450 manat. Yəqin ki, o müqəddəs fonddakı ilk ianə elə bu məbləğ olub – “Şəhidlərə abidə fondu”nu ağıla gətirən, mətbuata gətirən “Səhər”in yaradıcılarının köməyi”.[12]
20 Yanvar şəhidlərinin siyahısı ilk dəfə “Səhər” qəzetinin 3 fevral 1990-cı il nömrəsində dərc edildi. Siyahını Azərbaycan Səhiyyə Nazirliyi təsdiq etmişdi. Həmin nömrədə 20 Yanvar qırğını zamanı yaralanlarının da siyahısı “Səhər”in oxucularına təqdim olunub.
Səhər güllələndi!
“Səhər”in matəm nömrəsi yanvarın 25-i günortaya hazır idi. Qəzetlər paylanmaq üçün yük maşını ilə Şəhidlər Xiyabanına və Bakının digər yerlərinə göndərildi.
Həmin dövrdə “Kommunist”in əməkdaşı olan Flora Sadıqova sonralar Məzahir Süleymanzadə ilə söhbətində o günü belə xatırlayırdı: “…həmin gün səhər saatlarında Şəhidlər Xiyabanına gələn hər kəsin əlində “Səhər” var idi. Şəhərin müxtəlif yerlərində dayanmış yük maşınlarından dərdli xalq “Səhər” paylanırdı. Qəzetin nüsxələri müxtəlif vasitələrlə başqa respublikalara, İrana, Türkiyəyə də göndərildi. Bir gün sonra doctor Cavad Heyət Tehrandan zəng vurmuşdu. “Səhər” tanınmış ziyalı Aqşin Ağkəmərliyə də çatmışdı. O bildirdi ki, qəzetimizi ərərb əlifbası ilə nəşr etdirib Təbrizdə və Ərdəbildə də yayıblar”.[13]
Ayrıca, qəzet sovet əsgərlərinin hədəfi oldu. “Səhər” redaksiya ilə üzbəüz parça mağazasının vitrininə vurulmuşdu. Qəzetin gənc əməkdaşları Zülfüqar Əhmədzadə və Araz Qurbanov qəzeti yapışdıran kimi minlərlə insan qəzetdə yer almış şəhidlərin fotolarına baxmağa yığıldı. Bu zaman sovet əsgəri əvvəl havaya, insanların dağılışmadığını görəndə isə vitrinə atəş açdılar və beləcə “Səhər” qəzeti də güllələndi.
Araz Qurbanov xatırladı ki, “Səhər” mağazaya vurulduqdan sonra sovet əsgərlərinin gülləsinin hədəfi oldu. “Ümumiyyətlə, qəzeti mağazaların vitrinlərinə yapışdırırdıq və əhali dərhal oxumaq üçün toplaşırdı.”, - deyə Araz Qurbanov bildirdi.[14]
20 Yanvar faciəsindən sonra “Kommunist” sözünün özünə belə qıcıq yaranmışdı. Ona görə də, yuxarıda da qeyd olunduğu kimi, qəzetin redaksiya heyəti “Kommunist”i yox, “Səhər”i çıxarmağa qərar vermişdilər. “Kommunist” bu dəfə Araz Qurbanov və qəzetin digər gənc əməkdaşı Tahir Rüstəmovun (Aydınoğlu) hədəfi oldu. Araz Qurbanov: “Redaksiya binasının damında neon lampalarla “Kommunist” yazılmışdı. Hətta 20 Yanvar faciəsi günlərində də o söz işıqlanırdı. Mən və Tahir Rüstəmov (Aydınoğlu) heç kimə demədən dama qalxaraq bilyard kiyləri ilə həmin löhvəni sındırdıq. Səs ətrafa yayıldı, binanın qarşısında dayanan əsgərlər əl-ayağa düşdülər. Yanvarın 22-də mənimlə Tahir Rüstəmovun Kommunist Partiyasından çıxarılmaq məsələmizi qaldırdılar. “Kommunist” qəzetinin şöbə müdiri İlham Rəhimli dedi ki, bunun heç bir mənası yoxdur, ümumi xalqın düşüncəsini ifadə ediblər, digər tərəfdən bunlar heç partiyanın üzvü deyillər”.[15]
“Səhər”i Kirova görə bağladılar
1991-ci il yanvarın 5-də “Səhər”i bağladılar. Səbəb Kirovun bədənindən qoparılmış başının fotosunun verilməsi idi. Azərbaycan KP MK-nin ikinci katibi Viktor Polyaniçko özü baş redaktora zəng vurmuşdu. Məzahir Süleymanzadə: “Çox hiddətli idi. Səbəbini də açıq-aydın söylədi: “Kirovun bədənindən qoparılmış başını bu şəkildə verməklə Azərbaycanda ruslara qarşı nifrət oyadırsınız”.[16]
Mərkəzi Komitənin tələbi məqalənin müəllifi Hidayət Elvüsalın işdən azad olunması idi.
Baş redaktor Məzahir Süleymanzadə öz usulu ilə həll etdi: “Osman müəllim (Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Osman Mirəzeyev. – B.N.) dedi ki, sən səbrli ol, mən Ayaz Mütəllibovla bir də danışaram. İki saat sonra zəng vurdu: Məsələni birtəhər yoluna qoymuşam. Bir şərtlə ki, bu gün məqalə müəllifi Hidayət Elvüsalın işdən çıxarılması haqqında əmr birinci katibin stolunun üstündə olmalıdır. Dedim ki, problem yoxdur, mən Hidayı Elvüsalın əmrini sizə göndərərəm. Əmri imzalayıb Hidayəti şöbə müdiri vəzifəsindən azad etdim. Sənədi Osman Mirzəyevə göndərən kimi yeni əmr imzaladım: “Hidayət Elvüsal redaktor müavini vəzifəsinə təyin olunsun.” Mərkəzi Komitədə bu əmrdən xəbə tutmadılar. Qəzetin buraxılışına icazə verdilər. Bir neçə gündən sonra Hidayət Elvüsal imzası yenidən “Səhər”in səhifələrində göründü”.[17]
Hidayət Elvüsal “Proşşay, Serqey Mıroniç!” başlıqlı məqaləsində yazırdı: “Neçə ildir dağın başında məğrur-məğrur dayanaraq, əlini harasa uzadıb bizə yol göstərirdin. Neftini daşıtdırdığın, oğlanlarını zindanlara saldırdığın Bakı sənin ayaqların altda əzilirdi. Qanla yoğrulmuş torpaq səni öz çiyinlərində saxlamadı, Mironıç. Yavaş-yavaş sürüşməyə başladı. Sən də bala-bala sürüş o dağın zirvəsindən orada qanına bələnmiş qardaş-bacılarım uyuyur. Belə, Segey Mironıç. Əlini tuşlayıb, göstərdiyin yol boş bir xəyal imiş. Bizi aldada-aldada çıxıbsanmış çiynimizə. Düş, əzizim, düş, get işinin-gücünün dalınca. O zirvədə Azərbaycanımın ən ləyaqətli övladlarından biri dayanmalıdır. Nəhayət, özün gördün ki, ora sənin yerin deyil. Başını götür qaç! Xalqın qəzəbi yaman olur. Həm də fikir eləmə. Azərbaycanda adına o qədər kənd, qəsəbə, rayon, küçə, prospekt, kitabxana, ali məktəb, kolxos-sovxoz…nə bilim, nə….nə…var. Səni unudan deyilik! Əlvida, Sergey Mironıç!”.[18]
“Səhər”in rubrikası qəzetə çevrildi
Oxucuların qəzeti əllərinə aldıqlarında ilk olaraq nəzər yetirdiyi səhifələrdən biri dördüncü səhifə idi. O səhifədə “Belə-belə işlər” rubrikasında Hidayət Elvüsalın həm güldürən, həm də düşündürən felyatonlarını oxyurdular. Gün gəldi, eyni adla qəzet yayınlamaq qərarı verildi. Hidayət Elvüsalın redaktorluğu ilə eyni adlı qəzetin birinci sayı 7 may 1993-cü ildə yayınlandı. Hidayət Elvüsalla birgə “Səhər”in daha dörd əməkdaşı – Sədiqə Bəşirova, Şahin Əliyev, Nəsimi Həbiboğlu və Rizvan Hilaloğlu da yeni qəzetə keçdilər.
Qəzetin əməkdaşlarından Nəsimi Həbiboğlu xatırladı ki, rubrikanın ayrıca qəzet kimi çıxarılması “Səhər” qəzetinin durumu ilə bağlı idi: “Səhər qəzetinin çətin vaxtları idi. Gec-gec, bəzən həftədə iki, ya da bir dəfə çıxırdı. O dövrdə belə bir qərar verdik ki, o rubrikanı ayrıca bir qəzet kimi çıxardaq. Böyük bir kollketiv deyildik”.[19]
Bu qəzetin yayın həyatı uzun ömürlü olmadı.
* * *
Qəzet 1995-ci ilədək ölkə mətbuatında aparıcı mövqeyimizi qoruyub saxlaya bildi. Sonra gündəlik qəzetimizi dövriliyini əvvəlcə həftədə dörd, sonra üç, daha sonra iki dəfəyə endirdi.
1995-ci ildə “Səhər”ə əlavə kimi “AFFA nyus” qəzetini buraxılmağa başlandı. Qəzet 1998-ci ildən sonra adda-budda çıxırdı, 2003-cü ildə isə dayandı.
“Səhər” qəzetinin 35 illiyi qeyd olunub
Bakı, 5 avqust, AZƏRTAC
1989-cu ilin avqustunda ilk nömrəsi çapdan çıxan “Səhər” qəzeti Azərbaycan mətbuatı tarixində özünəməxsus iz qoyub. Gündəlik-informasiya qəzeti kimi işıq üzü görən qəzet mövzu seçimi, fakta, hadisəyə münasibəti, üslubu və tərtibat forması ilə də maraq doğururdu. Qəzet köşkləri önündə onu əldə etmək üçün növbələr düzülür, işə tələsən hər kəs onu oxuyaraq ölkədə və dünyada baş verən yeniliklərdən xəbər tutmağa çalışırdı. Necə deyərlər, hər səhər “Səhər”lə açılırdı...
AZƏRTAC xəbər verir ki, bu barədə “Səhər” qəzetinin 35 illiyinə həsr olunan mərasimdə danışılıb.
Mərasimdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ötən əsrin 90-cı illərində çoxsaylı mətbuat orqanları arasında qəzetin özəllikləri, peşəkarlığı və oxunaqlılığı ilə seçilən üstün keyfiyyətlərindən bəhs edib. Qeyd edilib ki, 20 Yanvar faciəsi zamanı informasiya blokadasının hökm sürdüyü günlərdə ilk dəfə olaraq çox böyük zəhmət və çətinliklər bahasına məhz “Səhər” qəzeti 2 milyon nüsxə tirajla çap edilib və qanlı şənbə gecəsi haqqında həqiqətləri çatdırıb.
Qəzetin əməkdaşlarından Mahir Süleymanov, Nəsimi Həbiboğlu, Zemfira Ələkbərova, Sveta Şıxəliyeva və Süleyman Qaradağlı çıxış edərək Xocalı faciəsi və 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində dövlət və hökumət nümayəndələrinin olduğu Mİ-8 vertolyotunun vurulması barədə də ilk dəfə əsl həqiqət onun səhifələrində yayımlandığını vurğulayıblar.
Əməkdar mədəniyyət işçiləri Məzahir Süleymanzadənin, Şakir Yaqubovun və tanınmış jurnalist Hidayət Elvüsalın “Səhər”in fəaliyyətindəki rolu xatırlanıb, onlarla bağlı xatirələr çözələnib.
Azərbaycan Jurnalistlər Birliyinin Fəxri fərmanı redaksiya heyətinin üzvlərinə təqdim olunub, bir qrup əməkdaşa təşəkkürnamələr verilib.
Xocalıda qətliam faktı ictimaiyyətdən necə gizlədilib?
21 fevral 2017
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri cinayətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi barədə indiyədək çox yazılıb. Ermənistanın 366-cı motoatıcı alayın birbaşa dəstəyi ilə həyata keçirdiyi bu soyqırımını sovet Rusiyasının hər vəchlə gizlətməyə çalışması indi də müzakirə mövzusudur. Hətta Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi də Xocalıda qətliamın törədilməsi faktını gizlətməyə çalışıb və məhz bunun nəticəsində ölkə ictimaiyyəti bu qanlı hadisədən yalnız iki gün sonra xəbər tutub. Xocalıda Azərbaycan əhalisinə qarşı soyqırımı törədildiyi barədə ilk məlumatları isə o vaxt “Səhər” qəzetində tanınmış jurnalistlər Süleyman Qaradağlı və Şamil Sabiroğlu yazmışdılar. Aradan 25 il keçsə də, Xocalı qətliamı barədə ilk informasiyanın qəzet səhifəsinə çıxmasının tarixçəsi bu gün də maraq doğurur. Həm də ona görə ki, həmin məlumatlar Xocalı şəhəri işğal olunduqdan və xocalılıların qətliamından düz bir sutka sonra dərc olunmuşdu.
“İki sahil”in əməkdaşı həmin vaxt “Səhər” gündəlik informasiya qəzetinin müxbiri olmuş Süleyman Qaradağlı və Xocalıda olan bölgə müxbiri kimi çalışmış Şamil Sabiroğlu ilə görüşərək Xocalıda baş verənlərlə bağlı ilk məlumatların necə əldə edildiyinə aydınlıq gətirməyə çalışıb.
“Səhər” qəzetinin 27 fevral 1992-ci il tarixli sayında dərc olunmuş “Xocalı da işğal olundu” başlıqlı ilk məqalənin müəllifi Süleyman Qaradağlı suallarımıza belə cavab verib:
- Əvvəla, o vaxt indiki kimi müasir rabitə vasitələri yox idi. Adəti üzrə mən hər iş gününün əvvəlində cəbhə bölgələrindəki vəziyyəti öyrənmək üçün “07”-yə - rayonlararası danışıq məntəqəsinə zəng vurur, rayon polis şöbələrinin rəisləri, müavinləri və ya növbətçiləri ilə telefon əlaqəsi saxlayaraq ötən gün ərzində baş verən xəbərləri toplayıb qəzet səhifəsinə çıxarırdım. Fevralın 26-da da işə gəlib eyni qayda ilə rayonlara sifariş verdim və məlum oldu ki, Xocalı ilə telefon əlaqəsi saxlamaq mümkün deyil. Telefonçu xanımın cəhdlərinə baxmayaraq, əlaqə alınmadı. Belə olan halda mən Şuşa Rayon Polis şöbəsi ilə əlaqə saxladım. Xocalıda baş verənləri birinci olaraq oradan eşitdim. Bir qədər sonra Ağdamdan redaksiyaya dalbadal telefon zəngləri daxil oldu. “Xocalının səsi” qəzetinin redaktoru, mərhum Sərdar Mehdiyev gecə baş verənlər və Ağdama gətirilən şəhid və yaralılar haqqında məlumat verdi. Onun ardınca “Qarabağ” qəzetinin müxbirləri Eyvaz Əliyev Ağdamdan, Kərim Kərimli Şuşadan zəng edərək həmin məlumatı təsdiqlədilər. İndi adını unutduğum adamlar da “Səhər”ə zəng edərək Xocalıda törədilən qətliam barədə həyəcanla danışdılar.
- Bütün bunlardan sonra ayrı-ayrı mənbələrdən topladığınız xəbərlər əsasında məqalə hazırladınızmı?
- Bəli, “Xocalı da işğal edildi” sərlövhəli məqalə yazdım. Baş redaktorun müavini Hidayət Elvüsal materialı oxuyan kimi faktların dəqiqliyini yoxlamaq üçün informasiyanı hansı mənbələrdən aldığımı soruşdu. Mən xəbəri aldığım mənbələri sadalayandan sonra materialı mətbəəyə göndərdi. Həmin gün axşam saatlarında “Səhər”in bölgə müxbiri, Xocalı əlahiddə özünümüdafiə taborunun döyüşçüsü Şamil Sabiroğlu zəng edərək baş verənlər haqqında daha müfəssəl məlumat verdi və hər iki informasiya qəzetin 27 fevral tarixli sayında baş xəbər kimi dərc olundu. O vaxt mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dinləyicisi idim. Səhəri gün dərsə gedəndə mənimlə bir qrupda oxuyan yoldaşlarım qəzetin 27 fevral tarixli nömrəsində Xocalının işğal olunması barədə dərc olunmuş məqalənin həqiqəti əks etdirmədiyini bildirdilər. Çünki ölkənin rəsmi informasiya vasitələri hadisə barədə ya susur, ya da cəmi iki nəfərin həlak olduğunu yazırdılar. Həm də camaat belə bir hadisənin baş verdiyinə inanmaq istəmirdi. Ona görə də bu cür ikili məlumat çaşqınlıq yaratmışdı. Hətta həmin gün institutda məni o qədər qınaq obyektinə çevirdilər ki, sonrakı mühazirələrdə iştirak etmədən çıxıb getdim.
- İnstitutdan işə gəldiniz?
- Bəli, işə qayıtdım, həmin gün növbətçi idim. O vaxt redaksiyalarda qayda belə idi ki, növbətçi qəzet çapa imzalananadək bütün proseslərə məsuliyyət daşıyırdı. Biz mətbəədə qəzeti çapa hazırlayanda “Azərbaycan” nəşriyyatının yığım sexinə telefon zəngi daxil oldu. “Səhər” qəzetinin buradakı əməkdaşlarını telefona çağırırdılar. Yadımdadır ki, məsul katib Mehdi Alıyev, korrektor Nəsimi Həbiboğlu və mən sətirtökən maşınların gurultusu altında xəttin o başında həm Şamil Sabiroğlu, həm də Xocalı rayon prokuroru Atakişi Atakişiyevlə danışdıq. Onlar ermənilərin 26 fevral gecəsi Xocalıda törətdikləri vəhşiliklər barədə çox böyük həyəcan və hiddətlə danışdılar, hadisə barədə xeyli fakt və məlumat verdilər. Gecə “Səhər”in redaktoru Məzahir Süleymanzadə və redaktor müavini Hidayət Elvüsal da mətbəəyə gəldilər və telefonla verilən məlumatları hazırlayıb qəzetdə dərc etdik. Həmin informasiyada Xocalıda qətlə yetirilən, yaralanan, itkin və girov götürülənlər barədə daha dolğun məlumat verilmişdi.
“Səhər” qəzetinin bölgə müxbiri olmuş Şamil Sabiroğlu isə hələ hadisədən xeyli əvvəl Xocalıya getdiyini və özü bu faciənin şahidi olduğunu deyir:
-1991-ci ilin oktyabrında mərhum Tofiq Hüseynovun rəhbərliyi ilə Xocalı əlahiddə özünümüdafiə taboru yaradılanda mən də döyüşçü kimi orada xidmətə başladım. Eyni zamanda “Səhər” qəzetinin müxbiri idim və paralel olaraq “İki sahil” qəzeti ilə də əməkdaşlıq edirdim. Dəfələrlə həm “Səhər”, həm də “İki sahil” və “Aydınlıq” qəzetlərində yazırdım ki, Xocalıya kömək edilməsə şəhər işğal olunacaq. Ermənilər Xocalıda qətliam törətməmişdən bir qədər əvvəl “İki sahil” qəzetində yazmışdım ki, nə qədər Azərbaycanı başsız rəhbərlər idarə edir, bizim belə bəlalarımız çox olacaq. Bu yazı “İki sahil” qəzetinin 29 yanvar 1992-ci il tarixli sayında dərc olunmuşdu. Fevralın 26-da günün ikinci yarısında könüllü döyüşçü kimi Naxçıvanikdən və Şellidən gələn yaralıları çıxarırdıq. Həmin gün axşama qədər təxminən 30-40 meyiti Xocalıdan çıxardıq. Axşam yadıma düşdü ki, Xocalıda qətliam törədilməsi, şəhərin işğal olunması barədə Bakıya məlumat verməmişəm. Halbuki qəzetlərin artıq nəşrə gedən vaxtıdır. Amma necə olur-olsun, mən Bakıya, redaksiyaya xəbər verməliydim. Ona görə də Bakıya, “Səhər” qəzetinin redaksiyasına zəng etdim. Dedilər ki, baş redaktor Məzahir Süleymanzadə yerində yoxdur. Dedim onda məni baş redaktorun müavini Hidayət Elvüsalla calaşdırın. Hidayət müəllim dedi ki, bizə Azərinform-dan yazı gəlib, orada Xocalının işğal edilmədiyi və cəmi 2 nəfərin həlak olduğu yazılıb. Həmin material qəzetin əsas yazısı kimi səhifəyə qoyulub, sabahkı, yəni fevralın 27-nə olan nömrədə çap olunacaq. Mən ağladım, dedim ki, Hidayət müəllim, bölgə müxbiri kimi mənə inanmırsınız? Axı, mən öz gözlərimlə şahidəm ki, Xocalı işğal edildi, dinc əhali kütləvi şəkildə qətlə yetirilib. Hətta həlak olan bir neçə məşhur şəxslərin adlarını çəkdim. Hidayət müəllim dedi ki, ağlama, biz sənə inanırıq, Azərinform-un yaydığı məlumatı çıxarırıq, sənin söylədiyin xəbərdən yazı hazırlayıb onun yerinə qoyacağıq.
- Hansı ki, Azərinform yaymışdı ki, cəmi 2 nəfər həlak olub?
-Bəli, heç Xocalının işğal olunması faktını da yazmamışdılar. Yazmışdılar ki, Xocalı bizdədir, işğal olunmayıb. Amma qəzet çapa hazırlanarkən Azərinform-un həmin məlumatını səhifədən çıxarıb Süleyman Qaradağlının hazırladğı məqaləni yerləşdirmişdilər. “Xocalı da işğal olundu” sərlövhəli həmin məqalə “Səhər” qəzetinin 27 fevral tarixli sayında çap olundu. Bu məqalənin aşağısında isə mənim Xocalıdakı son vəziyyətlə bağlı verdiyim ən son məlumatlar dərc edilmişdi. Fevralın 28-də Bakıda 300-dən çox qız-gəlini “Azərbaycan” nəşriyyatının qarşısına yığdılar ki, bəs, “Səhər” qəzeti dezinformasiya yayıb, Xocalı işğal edilməyib. Redaksiyamızın rəhbərləri həmin öyrədilmiş insanların qarşısına çıxaraq deyiblər ki, qəzetdə yayılan məlumatlar yalan deyil, bizim bölgə müxbirimiz hadisə yerindədir və Xocalı şəhərinin işğal edildiyi, dinc əhalinin qətlə yetirildiyi barədə məlumatlara heç bir şəkk-şübhə yoxdur. Amma bizə yenə də inanmırdılar, hətta Xocalıda faciənin baş verməsi barədə məlumatlar dərc olunandan sonra “Səhər” qəzetini Ali Sovetin müzakirəsinə çıxardılar. Ancaq martın 3-də “Səhər” qəzetində Xocalı qətliamı barədə şəkillər dərc edildikdən sonra başa düşdülər ki, artıq bu faktı gizlətmək mümkün deyil. O zaman Rusiya Xocalıda baş verənlərin gizlədilməsi, dünyaya yayılmaması üçün əlindən gələni edib.
- Ermənilərin Xocalıda qanlı faciə törətmələri barədə başqa qəzetlərdə çalışan jurnalist həmkarlarınız xəbər tutmamışdı?
-Məlumatlı olan jurnalistlər var idi. Hətta məndən əvvəl orada fotoçəkiliş aparanlar da olub. Məsələn, indiki “Xalq qəzeti”nin müxbiri Elxan Rüstəmov Azərinform üçün “Xocalı buz içərisində” adlı şəkillərlə zəngin bir yazı hazırlamışdı, amma Azərinform-da bu materialı dərc etməmişdilər. Yaxud Azərbaycan radiosunun əməkdaşı, Türkiyənin “Milliyyət” qəzetinin Bakıdakı müxbiri və daha bir neçə həmkarlarımız ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ilk məlumatları hazırlamışdılar. Lakin o materialları anındaca dərc etməkdən imtina etdilər. “Səhər” qəzeti isə böyük bir riskə gedərək bu məlumatı ilk dəfə ictimaiyyətə çatdırdı. Hətta mən yazmışdım ki, Xocalıda yüzlərlə insan qətlə yetirilib, redaksiyada ehtiyat edərək bu rəqəmi “İlkin məlumata görə 100 nəfərdən çox” sözləri ilə əvəz etmişdilər. Çünki qorxurdular.
- Xocalıda artıq hadisə baş verib: fakt var, ermənilər dinc insanları qırıb, meyitləri öz gözlərinizlə görmüşünüz, şəkillər çəkmisiniz. Bəs, nədən ehtiyat edirdilər ki, sizin göndərdiyiniz məlumatlarda bu cür “düzəlişlər” edirdilər?
- Heç kəs belə bir hadisənin baş verməsinə inanmırdı. Mənim verdiyim xəbər dərc olunandan sonra Bakıdan redaksiyadan mənə zəng vurub məsələni dəqiqləşdirmək istəyirdilər. Dəqiq xatırlamıram, ya Süleyman Qaradağlı idi, ya da Çingiz Ələsgər - mənə zəng edib dedilər ki, Xocalının prokurorunu tap, ondan Xocalının işğal olunması xəbərini dəqiqləşdirək. Dedim necə yəni, siz mənə inanmırsınız? Dedilər ki, inanırıq sənə, amma Xocalının işğal olunması kiçik hadisə deyil, axı. Təsəvvür edirsiniz, Xocalı işğal olunub, yüzlərlə insan qətlə yetirilib, “Səhər” qəzetində məqalə dərc olunub, lakin Bakıda yenə də buna inanmaq istəmirlər. Prokuror Atakişi Atakişiyevlə danışandan sonra inandılar ki, doğrudan da Xocalı işğal olunub.
Elxan Salahov, “İki sahil”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



















