Xəbərlər
19.09.2026, 01:38
MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Bu xəstə halımda, bir payız günü,
Ömür yollarıma duman, çən düşür!
Ötən günlərimin xatirəsinə,
Bəyaz qar ələnir, saça dən düşür!
Gəlimli-gedimli dünyadır demə,
Daha yol tapmayır arzu könlümə,
Qapımı bağlayıb, açan sim-simə,
Kəlməm yetişməyir, sözüm yan düşür!
Özüm də bilmirəm nədir bu məlal,
Yetişməz imdada nə var, cah-cəlal,
Dolanıb başıma, qadam alsalar,
Könlümə sevinc yox, kədər-qəm düşür!
Ruhumun yeridir o göy səmalar,
Sağ olun çəmənlər, dumanlı dağlar,
Bir yarpaq ömrümün xatirəsi var,
Gülümsər gözümə çisək, nəm düşür!
Nağıldır, yeri var hər bitən sözün,
Aylı gecələrin, nurlu gündüzün,
Ölsəm, dərdlərimi qəbrimə düzün,
Həyat sona yetir, ömür kəm düşür!
18-09-2025
BAKI

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
