Xəbərlər
10.07.2026, 01:36
AŞIQ ALIDAN QALAN SƏRVƏT
Salman Qaralar ( Balakişiyev )
Şair-tədqiqatçı,AYB-nin üzvü
XIX əsr aşıq poeziyasının, aşıqlıq sənətinin inkişafında böyük xidməti olan sənətkarlardan biri də Aşıq Alıdır. O, Ağ Aşıq Allahverdidən bu sənətin sirlərini mükəmməl öyrənmiş, onun yolunu davam və inkişaf etdirmiş, özü də ustadlıq məqamına çatdıqdan sonra bir çox şəyirdlər yetişdirərək sənətin inkişafına töhfələr vermişdir.
Aşıq Alının yaratdığı saz havaları müsiqi xəzinəmizə daxil olan dəyərli cəvahirlər kimi əhəmiyyətlidirsə, onun yaratdığı dastan da orta əsrlərdən gələn epos ənənəsinin davamıdır.
Aşıq Alı olduqca dəyərli əsərlər yaradan, aşıq poeziyasına gözəl şeirləri ilə öz töhfələrini verən yaradıcı aşıq - şairdir. O, aşıq şeir şəkillərinin hər birində gərəkli ədəbi nümunələr yaratmışdır.
Bu məqalədə Aşıq Alının bədii yaradıcılıq sahəsindəki fəaliyyətinə daha çox toxunulmuş, müxtəlif mövzularda və müxtəlif şeir şəkillərində düzüb - qoşduğu, araya - ərsəyə gətirdiyi əsərlərdən bir hissəsi təhlilə cəlb edilmişdir.
Açar sözlər: aşıq, saz, folklor, təcnis, divani, dastan, deyişmə, bağlama, gözəlləmə, ustad, şəyird,irfan, ariflik məqamı.
XIX əsr aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan, adı, sənəti bu gün də saz - söz adamları arasında tanınan Aşıq Alının, verilən məlumatlara görə, çox zil və ürəyəyatımlı səsi, avazı olmuşdur. Bir neçə saz havasının yaradılması da onun adı ilə bağlıdır. O, həm dini təhsil almış, həm də Ağ Aşıq Allahverdidən saz- söz sənətinin sirlərini öyrənmişdir. Dastan yaradan aşıqdır. "Aşıq Alının Türkiyə səfəri" adlı dastan Aşıq Hacı Bayramov, Aşıq Bəhman Kazımov və digər aşıqlar tərəfindən söylənilmiş, lentə alınmışdır. Bu kitabda verilmiş "Sədala tək - tək" qıfılbənd təcnisə İlham Qəhrəmanın verdiyi şərhdən məlum olur ki, Aşıq Alı İranda Aşıq Zəki ilə deyişən zaman bu şeiri söyləmişdir, Aşıq Sona ilə deyişmənin isə "Aşıq Alının Naxçıvan səfəri"ndə yarandığı haqqında məlumat alırıq. Deməli, Aşıq Alının ən azı üç dastan yaratdığı bəlli olur. Təəssüf ki, həmin dastanlar toplanıb nəşr edilməmişdir.
Ən etibarlı mənbə olaraq bu görkəmli el sənətkarının bir neçə aşıqla deyişdiyini, onlara qalib gəldiyini, hər hansı saz - söz yarışından çəkinmədiyini onun öz əsərlərindən öyrənirik.
Hikmət anlamayan, avazı olan,
Şəryətdən bixəbər, namazı olan,
Gəlməsin önümə hər sazı olan,
Şıx Alıya bir ər oğlu ər gərək . (1,səh.37)
Aşıq Alı "Gərək" rədifli başqa bir ustadnaməsində də rəqibi "çayda balıqla, özünü dəryada nəhənglə ( balina ilə ) müqayisə edərək deyirdi:
Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə bir gərək. ( 1,səh.36)
Biz bu məqalədə qocaman el sənətkarının yalnız poetik yaradıcılığından bəzi nümunələri təhlilə cəlb edərək onun şeiriyyət aləminə maraq göstərən yolçulara bələdçilik etməklə kifayətlənəcəyik.
Aşıq Alının yaradıcılığından bəzi nümunələr keçən əsrin 30 - cu illərindən ayrı -ayrı toplularda çap olunsa da, ayrıca kitab halında ilk dəfə 1975 - ci ildə nəşr edilmişdir. Bu fakt bir daha sübut edir ki, bu el sənətkarının şeirlərinin toplanmasına həmin vaxta kimi bir qədər laqeyd yanaşılmışdır. 1981 - ci ildə ümummilli lider Heydər Əliyev "Görkəmli el sənətkarı Aşıq Alının anadan olmasının 180 illiyinin təntənə ilə qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. 1981 - ci ildə "Aşıq Alı" adlı kitab nəşr edilmişdir. Ən son və təkmil nəşr olan İlham Qəhrəmanın tərtib etdiyi "Aşıq Alı "Nə qaldı" kitabında qocaman el sənətkarının müxtəlif mövzularda, aşıq şeirinin əksər şəkillərində dediyi şeirlər toplanmışdır. Rəngarəng mövzuları əhatə edən bu əsərlərin hər biri haqqında bir məqalədə geniş və ətraflı yazmaq mümkün deyil. Ancaq onun şeirlərindən yalnız bəzi nümunələrə toxunmaqla da Aşıq Alının yaradıcılığının istiqamətləri və əhatə dairəsi barədə müəyyən bir təəssürat yaradacağımıza ümid edirik. Aşıq şeir şəkillərinin böyük əksəriyyətində gözəl bədii əsərlər yaradan Aşıq Alı cinas təcnislərə daxil olmayan müstəqil şeir şəkli olaraq bağlama bayatılar və təsniflər də yaratmışdır. Folklorun lirik növünə məxsus 5 hecalı şeir şəklindən biri olan təsniflərin bu kitaba salınması da tərtibçinin uğurlarından sayılmalıdır.
Qəlbimdə odlar,
Qalandı, qalan.
Aşiq məşuqsuz
Nalandı, nalan.
Qürbətdə qalmaq,
Xəyala dalmaq,
Qeyrisin almaq
Yalandı, yalan. (1,səh.359 )
Kökü ilahi dəyərlərə bağlı olan aşıqlıq sənətinin mahiyyəti, məzmunu, əhatə dairəsi haqqında "Dərindi" rədifli qoşma - ustadnamə bu sənətin daşıyıcıları üçün əxlaq kodeksi, davranış qanun - qaydalarıdır. Ustad sənətkarın fikrincə, aşıqlıq sənətinin əxlaq və davranış kodeksindən, yazılmamış, ancaq ustaddan şəyirdə şifahi şəkildə ötürülmüş qanun - qaydalarından kənara çıxanın özünü aşıq adlandırmağa heç bir hüquqi və mənəvi haqqı yoxdur.
Müasir folklorşünasların "sinkretik sənət" adlandırdıqları aşıqlıq sənətinin, həqiqətən, özündə şairliyi, məzəkarlığı ( aktyorluğu, dastan söyləmə, rəqs etmə bacarığını, natiqliyi ), sazanlığı (saz, muğam, rəqs havaları çalma qabiliyyətini ) və xoş avazla oxuma bacarığını əhatə etdiyini - sinkretik sənət olduğunu Aşıq Alı görün nə qədər sadə, dəqiq və aydın ifadə etmişdir:
Elə müəmmadı aşıq sənəti,
Bir isimdə dörd hikməti dərindi.
Şairdir, məzəkar, sazan, xoş avaz,
Fəhm eylə, cəmini bəhrə dər indi.
Kamil sənətkar üçün bu ilkin şərtləri ödədikdən sonra daha vacib şərtlər - islam dininə məxsus dəyərləri bilmək və onlara əməl etmək şərtləti gəlir:
Bu məqamda əhsənlər var, minnət var,
Bir dərgahdı, içrə zülmət, cənnət var.
Firuddin var, suliddin var, sünnət var,
Al matahın, taybataydı dər indi.
Hikmət yüklü bu bənddəki mənanın dərinliyinə baxın: ey aşıqlıq arzusu ilə qanadlanan gənc, Haqq dərgahının qapısı taybatay açıq olduğundan müqəddəs islamın 2 sütunu üzərində firuddinin 10, üsuliddinin isə 5 hökmünə əməl etməyə, zülmətdən (cəhənnəmdən ) qaçıb cənnətə yönəlməyə çalış.
"Gülüstan" və "Bustan" kimi fəlsəfi - dini - didaktik məzmunlu əsərləri oxuyan (1, səh. 40 ) Aşıq Alı ustadnamənin üçüncü bəndində İrfanda olan dörd məqamdan bəhs edərək aşığın şəriət və təriqət məqamlarından keçərək mərifət məqamına çatmasını arzu edir. Bu məqam aqillər məqamı, ariflər məclisidir. Elm arayanlar bu məqama gəlib çatmağı bacarsalar, bundan sonra onların üzlərinə Həqiqət qapısı açıla bilər:
Aşıq oldun, aqillərdən elm ara,
Arif məclisində gələrsən kara.
Hər hikmət söylənsə, tapmasan çara,
Çulğayar qəlbini dərdi - sər indi. ( 1, səh. 27 )
Ariflik məqamına yetən aşığın təsvir olunan əlamətləri əsasında deyə bilərik ki, Aşıq Alı burada əlinə saz alıb hər yoldan ötən, dınqıltı salan aşıqlardan söhbət açmır, İlahi vergi sahibi olan Haqq aşıqlarından bəhs edir.
Altı bəndlik bu ustadnamənin "Adəmdən Xatəmə sazda dəlil var" misrası ilə başlayan son bəndini oxuyanda Molla Cümənin "Aşıqlıq Adəmdən icad olubdu, ol Adəm Atanın nəvəsiyəm mən" misralarını da yada salmağı lazım bilirik. Aşıq Alıdan sonra Dədə Ələsgərin də, Bozalqanlı Aşıq Hüseynin də... Dədə Qorqud sənətinin davamçılarının əxlaq və davranış qaydalarına həsr olunmuş nəsihətləri - ustadnamələri olmuşdur.
"Sərrafam, bazarım xiridar istər" ( 1, səh. 51 ) deyən Aşıq Alının ustadnamələrində həyatın, cəmiyyətin müxtəlif sahələrinə aid gərəkli öyüdləri, məsləhətləri gənclər üçün ən gözəl didaktik material, tərbiyəvi mətnlər hesab oluna bilər.
Hikmətdən yapıldı xilqət əndamı,
Axırda qalacaq bacasız damı.
Elə ömr eylə ki, yad etsin hamı,
Sində cismin mura, mara lazımdı. ( 1, səh. 39 )
Böyük bir bənzərsizliklə dini - irfani əsərlər yaradan Aşıq Alının bu mövzuda olan yaradıcılığını bir qırağa qoysaq, "Birdi, bir" divanisindən "Yeddidi" divanisinə qədər olan yeddi möhtəşəm əsəri heyrət doğuracaq dərəcədə dərin məzmuna və mənaya malikdir. O bu əsərlərdə islam dininin əsaslarına, Qurana, yerin və səmanın vahid qanun, ilahi dəyərlərə uyğunluq əsasında dövriyyəsinə və s.-ə aid elmi bilikləri 3 -5 bəndlik şeirlərdə ifadə etməyi bacarmışdır. Bu şeirləri təhlil etmək üçün yüksək bilik sahibi olan din və ədəbiyyatşünas alimlərin birgə aparacağı böyük bir tədqiqat əsərinə ehtiyac vardır. "Üçədir" rədifli divanisindən öyrənirik ki, müəllif bu əsərləri ömrünün müdriklik, yaşının ahıl çağlarında söyləmişdir.
Uşaqlıq illərimdən yaddaşımda qalan ən xoş xatirələrdən biri də Kəlbəcərdə toyların sazla, zurna ilə keçirilməsi və bu toylarda aşıqların hikmət yüklü kəlamları oxuması idi. Aşıq məclisdə oxuya - oxuya o baş - bu başa getdiyindən hər şeirin bütün bəndlərini eşidib yadımda saxlamaq imkanım olmurdu. Bir dəfə Aşıq Alıdan oxunan ustadnamədən bir neçə misra yadımda qalmışdı:
Göydə Allah, yerdə padşah, evdə ata birdi, bir,
Hökm eyləyən ərşi - kürsü, kainata birdi, bir.
Aradan uzun illər keçdi. Mən Aşıq Alının şeirlərini kitablardan oxuyanda "Birdi, bir" divanisinin aşağıdakı kimi başladığını gördüm:
Ərşdə xaliq, yerdə züllah, evdə ata birdi, bir,
Bəzək vuran, qurğu quran kainata birdi, bir. ( 1, səh. 335 )
Bu fərq folklora məxsus olan çox variantlılıqdanmı irəli gəlirdi, yoxsa ifaçı aşığın bəzi sözləri sadə, anlaşılan sinonimlərlə əvəz etmək "xeyirxahlılığındanmı"? Bilmirəm. Bildiyim odur ki, bu divani, eləcə də ondan sonra gələn 6 divani dini - irfani mövzuda yaradılan aşıq ədəbiyyatında ən mükəmməl əsərlər sırasında öncül yerlərdən birini tutur.
Dirili Qurbanidən üzü bəri gələn ənənə əsasında Aşıq Alı da Pənc Ali Əbaya, imamlara böyük məhəbbət və ehtiram bəsləmiş, öz şeirlərində onları, xüsusən də İmam Əlini tərənnüm etməkdən doymamışdır:
Şahi - mərdan bayram günü geyindi don qırmızı,
İsmayıla gəldi qurban, töküldü qan qırmızı.
Oxudu "İsmi - əzəm"i, bağladı Zülfüqarı,
Çaldı qılıncı Əntərə, oldu meydan qırmızı. ( 1, səh. 331 )
Aşıq Alının bir insan və bir sənətkar kimi kimliyini bilməkdən ötrü ən etibarlı mənbə onun öz yaradıcılığıdır. Ustadın öz şeirləri əsasında onun dərin dini bilik aldığını, aşıqlıq sənətini Ağ Aşıq Allahverdidən öyrəndiyini, Bəsdi xanımı sevdiyini və onula evləndiyini, oğlunun yeniyetmə çağında vəfat etdiyini, dövrünün bir neçə saz - söz biliciləri ilə deyişdiyini, Alosmana səfər etdiyini öyrənirik.
"Olmuşam" rədifli şeir sənətkarın həyata baxışını və ömür yolunu ümumi şəkildə təsvir edir:
Dərsimi almışam kamil ustaddan,
Mərdlərin şahına mən qul olmuşam.
Səxam var, səvabım, sövmü - səlatım,
Sidqiylə ümməti - rəsul olmuşam.
Atamı, anamı - san qibləgahım,
Bir bəd əməlim yox, heçdi günahım.
Əhli - Quran oldum, rəvandı rahım,
Nəğməkar içində üsul olmuşam.
Alı çox məğrurlar eylədi şikar,
Bu fəna dünyada durmadı bekar,
Ruzisin xudadan istədi aşkar,
Nə varı çox, nə də yoxsul olmuşam. ( 1, səh. 185 )
İlahinin qüdrətini bir güldə, çiçəkdə görmək hikmət sahiblərinin işidir. Dini ayinləri formal olaraq icra etmək ariflər üçün, həqiqət məqamına çatanlar üçün şərt deyil.
Aşıq Alı yaşadığı zaman XIX əsr Çar Rusiyasının Qafqazı qan içində boğduğu, amansız, yad bir idarəetmə sistemini tətbiq etdiyi bir zaman idi. Aşıq Alının yaşadığı məkan üçtərəfli istismar boyunduruğu altında əzilən insanların yaşadığı bir məkan idi: çarizmin yerlərdəki nümayəndələrinin qeyri - məhdud səlahiyyəti, rusların kölgəsində yatıb azərbaycanlılara diş qıcayan ermənilərin milli ayrı - seçkilik siyasəti və yerli bəylərin, din xadimlərinin dinc əhaliyə qarşı zalımanə münasibəti. Belə bir zamanda, belə bir məkanda yaşayıb yaradan ustad sənətkarın əsərlərində ictimai - siyasi motivlər həddən artıq güclüdür, real həyat hadisələrindən qüvvət alan bədii sənət nümunələridir:
Fələyin felindən olmadım halı,
Gətirdi başıma min qeylü - qalı.
Mahalım Göyçədi, öz adım Alı,
Qapı - bacam dəyirmana dönübdü, - ( 1, səh. 93 )
deyən Aşıq Alı yalnız özünü nəzərdə tutmurdu, var - yoxu əlindən alınan bütün kasıb zümrənin dolanışığını, evini, həyətini suyu sovulmuş dəyirmana bənzədirdi.
Klassik aşıq sənətinin əsasını qoyan Dirili Qurbaninin ictimai münasibətlərin astar üzünü göstərən, var -dövlətə, vəzifəyə görə dəyişən insan xarakterlərini incələyən "Gülərmiş" qoşmasında:
Endirib qaldıran nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmiş, - ( 11 ).
kimi dəyərli kəlamına, real həyat hadisələri əsasında yaranan fəlsəfi qənaətinə bərabər olacaq bir deyimə, bir ümumiləşdirilmiş nəticəyə Aşıq Alının "Dolandırır" rədifli qoşmasında rast gəlirik.
Ay ağalar, gəlin sizə söyləyim,
Yəqin bu dünyanı pul dolandırır.
...Evdə arvadına sözü keçməyən,
Kənddə koxa olub el dolandırır.
...Binamus qohumdan namuslu düşman
Öldürsə, qəbrimdə gül dolandırar. ( 1, səh. 34 )
Orta əsrlərlə müqayisədə XIX əsrin ortalarından sonra Azərbaycanda feodal münasibətlərinin tədricən qırılması, kapitalist düşüncə və yaşam tərzinin yaranma mərhələsi başladığından pula hərislik də artmağa başlayır. Məsələnin ən çətin tərəfi isə ondan ibarətdir ki, çarizmin iyrənc siyasəti nəticəsində ən yaramaz adamları xalqa rəhbər təyin edirdilər. Bu əyri əməllərin nəticəsi insanlar arasında sosial münasibətlərin də əyilməsinə, ailələr, fərdlər arasında isti münasibətlərin soyumasına səbəb olurdu. Ailələr, insanlar arasında maddi fərqlər get - gedə artır, əhalinin böyük hissəsi maddi sıxıntılar içində güzəran keçirirdi. Aşıq Alı kimi Dədə Ələsgər də xalqın çəkdiyi bu ağrı - acıları, yoxsulluğu, şəraitsizliyi görür və romantik düşüncələrini telli sazın qulağına pıçıldayırdı:
İnsan payız ölə, yazda dirilə,
Zimistanda boran, qarı çəkmiyə.
... Mərd iyidə ölüm haqdı dünyada,
Yoxsul olub ahü zarı çəkmiyə. ( 6, səh. 34 )
Aşıq Alının "Bax" ( 1, səh. 161 - 162 ) rədifli qoşması XIX əsr Azərbaycan cəmiyyətində mövcud olan eybəcərlikləri, nöqsanları cəsarətlə tənqid edən ən dəyərli satiralardan biridir. M. P. Vaqifin "Görmədim" müxəmməsindən, Q. Zakirin "Bir bax" satirasından sonra bu əsərdə ictimai həyatın bir çox sahələrində olan qüsurlar satira atəşinə tutulmuşdur.
Aşıq Alının yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyinə həsr olunmuş şeirlər geniş yer tutur. Bu əsərlərin bir çoxunda obrazlılıq, bənzərsiz ifadələr, orijinal deyimlər elə yüksək səviyyədə verilmişdir ki, dinləyicini, oxucunu ilk misralardan, bəndlərdən özünün sehrli cazibəsinə alıb aparır. "Bənzərsən" qoşmasında Göyçə mahalının məşhur yaylaqlarının, bulaqlarının təsvirini oxuduqca oxucu o ilahi gözəlliklərlə süslənmiş yerləri gəzib görmüş kimi olur. "Yaylaq" qoşmasında "min büsata, min sovqata məkan" olan yaylaqların rəssam fırçasından daha məharətlə çəkilmiş qeyri - adi təsvirini, tərənnümünü görürük və bədii sözün yaratdığı qüdrətə heyranlığımızı gizlədə bilmirik.
Bir mələk misallı atsa oxunu,
Kənar olmaz, can evimə toxunu.
Yağdı yağış, şirinlətdi yuxunu,
Büründü mehmanın qumaşa, yaylaq. (1, səh. 108 )
Bəh- bəh - bəh!!! Nə qədər sənətkarlıqla təsvir olunmuş bir həyat lövhəsidir. Narın yağış zamanı alaçıqda yatan zaman, həqiqətən, insanın yuxusu çox şirin olur. "Bir mələk misallı"nın baxışıyla atdığı sevgi oxu Aşığın "can evinə toxunur", onun qəlbini yaralayır. Aşığı "yaraladığının" fərqinə varmayan el gözəli alaçığa gedir. Bir qədər sonra yağan yağış altında qumaşa bürünən "mələk misallının yuxusu şirinləşir".
Aşıq Alının təbiət mövzularında yazdığı dəyərli şeirlər içərisində dağlara həsr olunmuş şeirlər xüsusi yer tutur. Onun dağları tərənnüm edən qoşma və gəraylılarından yalnız bir qoşması haqqında bəhs etməklə kifayətlənəcəyik. "Dağlar" rədifli bu qoşmada elə saytal, samballı sözlər seçilib işlənmişdir ki, bu sözlər şeirə bütövlükdə ağır, ləngərli bir axar verir. Sözlər, ifadələr gözəl bir nizamla sıralanıb axır, oxucunun ruhuna əfsanəvi bir qanad taxır. Bu şeiri oxuyan yaxında, uzaqda bir dağ varsa, istər - istəməz dönüb o dağa baxır.
Sədrin səfalıdı, sərin sevdalı,
Aləmi imkanda sədalı dağlar.
Tufana yenilməz, şaha baş əyməz,
Vüqarlı, cüssəli, ədalı dağlar.
İnsanlar yaz olanda, yay gələndə dağların ətəklərinə qalxırlar, sinələrində məskən salıb dincəlirlər, otundan, suyundan, havasından həm özləri, həm də mal - qoyunları bəhrələnirlər. Dağların zirvəsi isə həm günəş şüalarını, həm də ildırımı, küləyi özünə doğru çəkir. Günəş də, qar da, tufan da, ildırım da daha çox dağların başında fırlanır, təhlükəli vəziyyət yaradır, yamaclar, sinələr isə yaylamaq üçün əlverişli olur. Dağların təbiətindəki bu rəngarəngliyi ustad söz sərrafı olduqca qısa, qısa olduğu qədər də mənalı ifadə etməyi bacarmışdır: dağların sinəsi səfalı, başı sevdalıdır. Bundan sərrast , bundan obrazlı ifadə tapmaq mümkün deyil.
Aşıq Alı elmi biliklərə, savada malik olan bir söz adamı olduğundan bu şeirdə dağların yaranmasını elmi əsas üzərində bədii dillə xalqa bəyan edir, dini biliklərə yiyələndiyindən Tur və Mina dağlarının müqəddəs olduğunu dilə gətirir, dağlar diyarında yaşadığından, elatın gəldiyi haziran ( iyun ) ayında dağların cənnətə döndüyünü söyləyir. Heyhat, qış aylarında dağlara üz tutan, qarlı keçidlərdən aşmaq istəyənləri qəfil qadanın gözlədiyini də xəbərdar etməyi unutmur:
Təlatüm zərbindən olundun bina,
Müqəddəs yerindi Turunan Mina.
Haziranda döndü rövzü - rizvana,
Zimistanda qəfil qadalı dağlar.
Altı ay zülcəlal, altı ay kəmin,
Ellər yığnağından yaranar dəmin.
Dəyişsə halını asiman, zəmin,
Çəkər bir- birindən bad alı dağlar. ( 1, səh. 133 )
"Dağlar qoşmasının dördüncü bəndində də dağların yaylaq mövsümündə böyük və əhəmiyyətli rolundan bəhs olunur. Beşinci - sonuncu bənddə isə bir kədərli ruh hiss olunur, bahar və xəzan üzərində bədii təzad yaradılaraq bu dünyada hər şeyin keçəri olduğunu, neçə - neçə xotkarların, paşaların gəlib - getdiyini bildirir. Ən kədərli lövhə isə bülbül gülü vəsf etdiyi kimi dağların vəsfkarı olan Ağ Aşığın həyatdan getməsidir və Aşıq Alının da sağ qalacağına inamın olmamasıdır.
Aşıq Alının yaradıcılığı ilə bağlı bir məsələyə də diqqət yetirməyi vacib hesab edirəm.Təhlilə cəlb etdiyimiz "Dağlar" şeirində elmi fikirlərin olduğunu görürük. Bu da ustadın şeirlərinin bir çox aşıq və şairlərin şeirlərindən fərqli olaraq elmi poeziya olması ilə bağlıdır.. "Ağrıdağ" şeirində 1840 - cı ildə həmin ərazidə baş verən zəlzələnin təsviri tarixi gerçəkliyə uyğun formada, ancaq elmi - poetik dillə verilmişdir:
Aşıq Alı insanatın sirridi,
Tozun qalxıb İrəvanı bürüdü.
Axşamüstü bir tərəfin yeridi,
Etdi Axuranı xar Ağrı dağı. ( 1, səh. 67 )
İnsan həyatı və məişəti ilə bağlı bir sıra elmi fkirlər Azərbaycan xalqının atalar sözləri və məsəllərində sadə və yığcam formada verilmişdir: "qozbeli ( əyri qaməti, pis niyyəti olanı ) qəbir düzəldər", "suyun lal axanı, adamın yerə baxanı", "südlə gələn sümüklə çıxar" və s. Aşıq Alı xalqın təcrübədən çıxardığı bu cür elmi fikirləri bədii söz şəklində cilalayaraq yenidən xalqa qaytarmağı bacaran sənətkardır.
Qəzaya sövq edən nəhr lal axar,
Südlə gələn məcaz sümüklə çıxar.
İblis əməllilər ayağa baxar,
Həmdəminə quyu qazar, düzəldər. ( 1, səh. 42 )
"Olar" rədifli ustadnaməsində Aşıq Alı dürrün (mirvarinin ) "bəhri - ümman içində" bərkidiyini, yetişdiyini, nəməkin (duzun ) isə su dəyən kimi xarab olduğunu, əridiyini, büllurun daşa dəydiyi zaman sındığını obrazlı dillə təsvir edir:
Mən bir dürrəm, bəhri - ümman içində,
Sən nəməksən, çəkmə yaşa, zay olar.
Beymürvət, xanəmə gəl atma daşı,
Büllurum toxunar daşa, zay olar. ( 1, səh. 43 )
Qədim elmi, fəlsəfi və dini inanclara görə kainatın və maddənin əsasının dörd ünsür üzərində yaradıldığını Aşıq Alı da qəbul və təsdiq etmiş, insanın da "dövranının" - yaşayışının səbəbkarının su, od, torpaq və havadan ibarət olduğunu söyləmişdir:
Aşıq Alı zikr eyləyər, abı, atəş, xaki, bad,
Aşkar etdim dövranımın səbəbkarı dörddü, dörd. ( 1, səh. 338 )
İslam dinində, eləcə də təsəvvüfdə Allah Təala "Kun" - "Ol"( "Yaran" ) deməklə aləmləri yaratdı, daha sonra isə insanı yer üzündəki xəlifəsi, iradə və ağıl sahibi olan bir varlıq kimi xəlq etdi. Ərəb mənşəli insan sözünün mənası haqqında iki ehtimal irəli sürülmişdür:
1. İnsan sözü "Nəsiyə" ( unutmaq ) felindəndir.İnsan Allahın onunla bağladığı əhdi unutduğu üçün bu adı almışdır.
2. İnsan sözü "unusə" ( ünsiyyət ) sözündəndir. İnsan təklikdə yaşaya bilməyib, daim ünsiyyətdə olmağı sevdiyi üçün belə adlanmışdır. ( 12, https//zikr.az "İnsan sözünün mənası nədir?" )
Aşıq Alı "Sədaqətindən" adlı təcnisində kainatın və insanın yaradılışını elmi və dini mənbələrə uyğun olaraq verir və insan sözünün üns sözündən törədiyini qəbul edir:
Kainat üns ilə yerbəyer oldu,
Qeys oldu divanə sədaqətindən. ( 1, səh. 293 )
"Kainatın üns ilə yerbəyer olmasını" insanın cəmiyyət içində mövcudluğu, sosial sistemin bir parçası olduğu kimi də qəbul etmək olar. Cəmiyyətdən kənarda böyüyən insan ünsiyyət qurmağı bacarmayacaq, nitq qabiliyyətinə yiyələnə bilməyəcəkdir.
Aşıq Alı əgər "Dörddür, dörd" divanisində həyatın mövcudluğu üçün vacib olan dörd ünsürdən danışırsa, "Gəlmişəm" rədifli qoşmasında altı cəhətdən bəhs edir:
Piranlıq hünərdi, son köç şərəfdi,
Hökmü var aləmin, o şeş tərəfdi.
Bir qoynu gülüstan, bir qoynu bərfdi,
Geymək üçün mən al - xara gəlmişəm. ( 1, səh. 180 )
Dünyanın dörd ünsürdən - su, od, torpaq və havadan yaranması və altı cəhətin - tərəfin (şərq, qərb, şimal, cənub, aşağı, yuxarı ) olması haqqında Aşıq Alının fikirləri N, Gəncəvinin, İ. Nəsiminin, M. Füzulinin elmi - fəlsəfi mülahizələri ilə səsləşir.
Əslində "elmilik klassik Şərq, o cümlədən Azərbaycan poeziyası üçün də səciyyəvidir. Orta əsrlərdən bəri Azərbaycan şairləri, ədibləri də elmlə məşğul olmuş, onların yaradıcılığında elmi əsərlər xüsusi yer tutmuşdur... Şərq ədəbiyyatında tərcümə nəzəriyyəsi haqqında ilk nəzəri, fəlsəfi fikir söyləyən Nizami Gəncəvi də, əsərlərinin miqyasına, mahiyyətinə görə Məhəmməd Füzuli də şair olmaqla yanaşı, alim idi". ( 8 )
Məhəmməd Füzuli türkcə "Divan"ın müqəddiməsində yazırdı :
Elmsiz şeir əsası yox divar olur,
Əsassız divar qayət bietibar olur.
Aşıq Alının Bəsdi xanıma olan məhəbbəti orta əsrlərdə yaranmış məhəbbət dastanlarında olan məhəbbət səhnələri ilə oxşardır. Niftalı bəyin şərtlərini ödəmək üçün Türkiyəyə getməli olan Aşıq Alı bir neçə sınaqdan keçir, Əsmər xanımı deyişmədə məğlub edir, ancaq onun evlənmək təklifini qəbul etmir. Bəsdi xanımı başqa adama vermək ərəfəsində gəlir, sevgilisinə qovuşur. Aşıq Alının sevgilisinə qoşduğu gözəlləmələrin biri - "Bəsdi yar" qoşayarpaq qoşması onun öz eşqi yolunda çəkdiyi əzabları, iztirabları çox gözəl ifadə edir:
Artırdın məlalım, həm qeylü - qalım,
Tərk etdim mahalım, sərf etdim malım.
Ya ölüm, ya alım, "yox" desən, zalım,
Aşkar oldu son sualım, Bəsdi yar. ( 1, səh.89 )
"Bəsdi" qoşmasından öyrənirik ki, "məlakə surətli Bəsdi" Aşıq Alı ilə aralarına düşən bir illik firqətdən inciyib usanmır. Bir - birinə sadiq olan sevgililər xəyalən danışırlar, qürbətin, hicrətin yaratdığı qüssəyə, ağrıya tab gərirərək dözürlər:
Bəşər deyil, məlakəsən surətdən,
Nə incidin, nə usandın firqətdən.
Xəyalda görürdüm səni qürbətdən,
Gecəni gündüzə qatmışam, Bəsdi. ( 1, səh. 88 )
Şeirin sonrakı bəndlərində Aşıq Alı verdiyi vədəyə yubandığı üçün özünü xəcalətli sayır, ara (məsafə ) uzaq olsa da, könül yaxınlığı olduğunu bildirir, bəxtinin yeyin olduğu, yarına qovuşduğu üçün şükürlər oxuyur.
Əhdə vəfalı, ilqara düz olan Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazını mükəmməl yaratmaqdan ötrü Aşıq Alı tərənnüm etdiyi gözəli geyimi, bəzək - düzəyi ilə təqdim edir:
Badilə nimtənə, hillədən çuxa,
Mirvaridən düzə, incidən taxa.
Ay kimi bərq vura, gün kimi çaxa,
Baxanda gözlərin qamaşa gərək.
Ustad sənətkarın vəsf etdiyi obrazın gözəlliyinin həddi - hüdudu yoxdur. Bədirlənmiş ay çöhrəli, şəfəq saçan günəş üzlü gözəlin camalına baxan aşiqin gözləri qamaşır. O, canını bu gözəlin yolunda qurban verməyə hər an hazırdır:
Alı deyər, canım sənə sadağa,
O büllur buxağa, lalə yanağa.
Sallanıb gedəndə gülşənli bağa,
Tamaşa boyuna tamaşa gərək. ( səh. 115 )
"Tamaşa boyuna tamaşa gərək" misrasının axıcılığı, ekspressivliyi dinləyicinin, oxucunun xəyal dünyasını qanadlandırır, qoşmanın şəhdi - şirəsini bir qədər də artırır, tamamlayır.
Aşıq Alınım "Yetişdim" rədifli qoşmasında sözlərin sığalı, bir - birinə uyarı elə məharətlə düzülmüşdür ki, bircə hərfi, intonasiyanı belə tərpətmək mümkün deyildir. "Min cövrü - cəfa çəkərək iqbalını xab evindən oyadan" Aşıq "ömrünə nəqş olan ad -sana yetişir":
Min cövrü - cəfayla yarıma çatdım,
Ömrümə nəqş olan sana yetişdim.
İqbalımı xab evindən oyatdım,
Vəsli - yarla bir zamana yetişdim. (1, səh. 79 )
Bəsdi xanıma Aşıq Alının həsr etdiyi bir neçə adlı - ünvanlı şeirləri var və bu şeirlərdən biri - "Bəsdi yar" qoşayarpaq qoşma, ikisi güllü qafiyə şeir şəklində deyilmişdir. Bundan başqa, ustadın ünvanlı deyilməyən bir neçə şeirinin də Bəsdi xanıma deyildiyini təxmin etmək mümkündür. Bu da Aşıq Alının sevgisinə sadiqliyini, ailə dəyərlərinə böyük önəm verdiyini bir daha sübut edir.
Təəssüf ki, onun İsmayıl adlı oğlunun cavan vaxtlarında öldüyünü və bu faciənin ustada böyük təsir göstərdiyini görürük:
Fərzəndi - şərəfim köçdü dünyadan,
Fələyin boynuma qəhri kəsildi.
Necə əl götürüm həmdi - sənadan,
Şəkər dəhanımda zəhri kəsildi. ( 1, səh. 164 )
Aşıq Alının məhəbbət mövzusunda olan əsərlərindən söhbət açanda gəraylı şeir şəklində bədahətən deyilən şeirlərinin xüsusi dəyəri olduğunu qeyd etməmək mümkün deyil. Son nəşrdə ustadın 36 gəraylısı verilmişdir ki, bu şeirlərdən də 13 - nün cinas gəraylı olması Aşıq Alının sənətkarlıq qabiliyyətinin əyani sübutudur. Bu gəraylılardan yalnız birinin - "Gözlərəm səni" gəraylısının bədii dəyəri, yüksək sənətkarlıq xüsusiyyəti haqqında danışmaq kifayət edər ki, onun söz gülşəninin nə qədər geniş və rəngarəng olduğunu müəyyən etmək mümkün olsun. Oxucunu ilk misralardan heyran edən bu şeirdə "görünməyən" bir süjet xətti də var. Aşiq yol gedən "boyu bəstə"nin gözəlliyinə vurulur, onu kim olduğunu bilənə qədər gözləmək qərarına gəlir. Bunun üçün dayanıb o gözəli getdiyi yerdən gələnə qədər gözləməkdən usanmır, yorulmur.
Kimsən gedən boyu bəstə,
Bilincə gözlərəm səni.
Dayanaram yolun üstə,
Gəlincə gözlərəm səni.
Şəbnəm üstə aydın izin,
Mehman mənəm, diyar sizin.
Sürünərəm dizin - dizin,
Yolunca gözlərəm səni.
Ustad sənətkar "boyu bəstə" gözəlin kimliyini bilənə, getdiyi yoldan gələnə qədər gözləyən aşiqin əhval - ruhiyyəsini olduqca obrazlı bir dillə təsvir edir. Aşiq sevgilisinin yolu üstündə dayanmaqla kifayətlənmir, onun izi ilə dizin - dizin sürünərək yol boyunca gözləməkdə davam edir. Şeirin sonrakı bəndlərində emosionallıq, ekspressivlik get - gedə yüksəlir:
Həftəyə, aya gəlməsən,
Dönüb bu taya gəlməsən,
Bahara, yaya gəlməsən,
İlincə gözlərəm səni.
İstər klassik ədəbiyyatda, istərsə də aşıq poeziyasında Məcnunun Leyli eşqi ilə aylarla, illərlə görüş yerində gözləməsi haqqında şeirlər yazılmışdır. Bu tipli əsərlər içərisində Çoban ( Şair ) Məhəmmədin məşhur qoşmasından aşağıdakı misralarda Şair sevgilisini "Leyli vüsallı" adlandırmaqla özünün də Məcnuna bənzədiyinə işarə edir:
İlə ilqar verdi Leyli vüsallı,
Oncun məskənimdi bu dağlar mənim.
Aşıq Alı isə tamamilə yeni bir formada məşuqun verdiyi vədə aşiqin əməl etməsini Məcnunun adını çəkmədən söyləmiş, öz eşqini "Məcnunsayaq" ifadə etmişdir. Əgər məşuq yazda, yayda aşiqin görüşünə gəlməsə, aşiq onu il ərzində gözləməyə qərarlıdır.
Gəraylının sonrakı bəndlərində də həmin ton, həmin intonasiya azalmır. əksinə artan templə davam edir. Bu "şəhla gözlünün" kipriklərindən çıxan oxlardan çoxları səssiz - küysüz dünyadan köç eyləmişdir. Aşiq də səbirlə ölüm fərmanını gözləməkdədir. Və həmin ölüm anı gələnə qədər dəryanı göz yaşları ilə doldurmaqdadır:
Gözün şəhla, kiprik oxdu,
Köçən köçür, gələn yoxdu.
Darıxmaram, səbrim çoxdu,
Ölüncə gözlərəm səni.
Alıyam, həsrət çəkərəm,
Qəmi biçib, dərd əkərəm.
Dəryaya qan - yaş tökərəm,
Dolunca gözlərəm səni. ( 1, səh. 201 )
Tufarqanlı Aşıq Abbasın cinas gəraylılıarı kimi Aşıq Alının da həmin şeir şəklində yaratdığı əsərlərin mənası aydındır, məzmunu yerindədir. Qocaman sənətkar əsasən xalqın canlı danışıq dilindən alınmış sözlərdən məharətlə bəhrələnərək gözəl sənət nümunələri yaratmağa nail olmuşdur:
Ya tökülüb, ya dolanda,
Sirr söyləmə yad olanda.
El sərində yad olanda
Yaxşı adı qala yaxşı. ( 1, səh. 226 )
Aşıq Alı əsərlərinin sənətkarlıq xüsusiyyətləri haqqında qısaca olaraq demək mümkündür ki, bu şeirlər bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə bəhrələnərək, ədəbi dil normalarına riyaət edilərək yaradılmış sənət nümunələridir. Bu şeirlər ilham bulağından süzülüb gəldiyindən dağlardan axan bulaq suyu kimi dinləyicinin, oxucunun ürəyinə yayılır, ruhuna dinclik gətirir. Aşıq Alı şeirlərində yazılı poeziya ilə aşıq şeiriyyətinin vəhdətindən yaranan bir möhtəşəmlik, bir əzəmət var. Buna görə də bu cür bədii çəkisi ağır, məna yükü böyük, ifadə tərzi orijinal olan ədəbi nümunələri dinləməkdən, oxumaqdan böyük mənəvi zövq alınır:
Camalın şəmsidi, xilqət səcdədə,
Dövrəndə dövranı bir adət eylər.
Könlümün baharı virandı sənsiz,
Nəzərin min bəhrə kəramət eylər. ( 1, səh. 184 )
Gözəlin camalını günəşə, aya bənzətmək bir təşbeh kimi çox şairlər tərfindən işlədilmişdir. Ancaq bu günəş camallıya "xilqətin səcdə" etməsi və bu günəş camallının dövrəsində dövranın bir adət halını alması Aşıq Alı poeziyasının orijinallığından, bənzərsizliyindən xəbər verir. Bu qoşmada obrazlılıqla bərabər bir elmilik də var. "Günəş və onun cazibə qüvvəsinin təsirində 8 planetlə onların məlum 423 təbii peyki, 5 cırtdan planetlə onların məlum 6 peyki və milyardlarla kiçik göy cisimləri var". (9)
Gözəlləmənin I bəndinin III-IV misralarında yenə bənzərsiz bir ifadənin, qeyri - adi mübaliğənin işləndiyini görürük. Gözəlin bir "nəzərinin min bəhrə kəramət etməsi" Ustadın özündən əvvəl və sonra deyilməmiş ifadədir. Qoşmanın ikinci və üçüncü bəndləri də yüksək sənətkarlıqla yaradılmışdır.
Təcnislərin müxtəlif şəkillərində Aşıq Alının bir - birindən dəyərli şeirlərini oxuduqca bir daha əmin olursan ki, qocaman söz sərrafına verilən "Şeyx ( Şıx ), Təbib, Dədə, Loğman ləqəb adlar içində "Təcnis" ləqəbinin də olması yerinə düşür. (1, səh. 22 )
Məlumdur ki, təcnis cinas sözlər üzərində qurulduğundan formanın mükəmməlliyi ilə bərabər məzmunun zənginliyini də qorumaq əsas şərtlərdən hesab olunur. Cığalı təcnisdə bu şərtlər bir qədər də çətinləşir. Şair, aşıq əgər deyəcəyi şeirdə dodaq samitlərini də işlətməmək qərarına gələrsə, şeirin formasına diqqət xüsusi ilə artırılır. Beləliklə, 11 hecalı qoşma + cinas qafiyələr + cinas cığalar ( bayatılar ) + qoşa dodaq samitlərinin (m, b, p ), daha yüksək sənətkarlıq məqamında diş və dodaq samitlərinin də ( v, f ) işlənməməsi + müəyyən bir mövzu seçərək nəzərdə tutulan məzmun və ideyanı həmin qəlib əsasında təqdim etmək lazım gəlir və dodaqdəyməz cığalı təcnis yaranır.
Qəddah qəhr eyləsə, dərdi sər artar,
Sədasından həsrət qalar yara yar -
misraları ilə başlayan "Yara yar" rədifli dodaqdəyməz cığalı təcnis yalnız Aşıq Alının yaradıcılığında deyil, ümumən aşıq poeziyasında ən mükəmməl şeirlərdən biridir. Məhəbbət mövzusunda deyilmiş bu təcnisdə obrazlılığın fonetik səviyyədə təzahürləri də yüksəkdir.
Qəhrin sədasına tərsalar ağlar,
Can naçar qalanda tər salar, ağlar.
Aşiq, tərsalar ağlar,
Yaylıq tər salar, ağlar.
Haqqına ar alana,
Desən, tərs alar, ağlar.
Alı yaddan çara tərs alar, ağlar,
Yar yaranda sayalanar yara, yar. ( 1, səh. 315 - 316 )
Aşıq Alı şeirlərinin bədii məziyyətləri yüksək, dili obrazlı, ifadə etdiyi fikirlər orijinaldır. Ustadın özünün qeyd etdiyi kimi qoşduğu sözlərin (şeirlərin ) sayı da çoxdur və bu şeirlər "Xudanın adı"na layiq əsərlərdir.
Söz qoşmuşam min bir qatar,
Min bir Xudamın adıdı. ( 1, səh. 192 )
Yaşadığı cəmiyyətin ictimai münasibətlər sisteminə yaxından bələd olan, müsbət və mənfi tərəflərini incəliklərinə qədər bilən Aşıq Alı kamil sənətkar kimi püxtələşdikdən sonra "Düşər" ( 1, səh. 57 ) qoşmasında təbiət, "Gözəllər" ( 1, səh. 109 ) qoşmasında qadın gözəllikləri, "Keçibdi" (1, səh.84 ) qoşmasında dünya, "Görmüşəm" ( 1, səh.91 ) qoşmasında Türkiyə haqqında düşüncələrini təsvir etmişdir. "İstərəm" ( 1, səh. 76 ) qoşmasında o zamankı toy - nişan adətlərinə yumoristik etiraz, "Olacaqdı", ( 1, səh.112 ) "Bax" (1, səh. 161- 162 ) qoşmalarında satirik etiraz əlamətləri görünür. "Dünya" ( 1, səh.156 ), "Hələ" ( 1, səh. 158 ) şeirlərində ictimai - siyasi mühitdəki dəyərlər sistemi tənqid olunur. Bu tipli şeirlərin ən azı 5 bənddən ibarət olması müəllifin həmin mövzularda fikir və düşüncələrinin genişliyi ilə bağlı ola bilər.
Aşıq Alının şeirlərində bədii təsvir və ifadə vasitələrindən istifadəyə geniş yer verildiyindən bu əsərlərin sənətkarlıq keyfiyyəti daha da yüksək olur.
Qısa nümunələr göstərməklə kifayətlənək.
Şadnak gördüm, sonu vaydı,
Ömür gördüm, qışı yaydı.
Gözəl gördüm, ağlı zaydı,
Gördüm mah - camal birisin. ( 1, səh. 206 )
Gəraylı şəklində deyilmiş bu bəndin hər misrasında təzaddan istifadə edilmişdir. Təkrirdən istifadə etməklə də bədiilik yaradan nümunələrə ustadın əsərlərində tez - tez rast gəlmək olur. "İçdim mərd əlindən eşqin badəsin" misrası ilə başlanan qoşmada anaforadan geniş istifadə edilmişdir:
Biri saldı məni qafil inada,
Biri cəlil oldu həmdü - sənada.
Biri əyal atıb uyanda yada,
Biri sirr verəndə qırağa, yazdım. ( 1, səh.100 )
Aşıq poeziyasında, o cümlədən Aşıq Alının şeirlərində mübaliğə yolu ilə hadisəni daha canlı təsvir etmək geniş yayılmışdır:
Abı - çeşmim leysan oldu, süzüldü,
Ömrümdən məhşərin çağları keçdi. ( 1, səh.135 )
"Dədə sənətkarı şəxsən görənlərdən" alınan məlumata görə, "məclislərdə ən çox təcnis, divani oxumağı sevən" ( 3, səh. 15 - 16 ) Aşıq Alının digər şeir şəkillərində yaratdığı əsərlər kimi təcnislərinin də, divanilərinin də böyük hissəsi yüksək poetik nümunələr kimi dəyərlidir.
"Bir ay əməndə" rədifli təcnisində Ustad özünün sənət qüdrətini, gücünü yaxşı bilir və yaratdıqları əsərlərin yazılı poeziyamızın məşhur nümayəndələri ilə bir səviyyədə olmasını arzu edir:
Birdir bu aləmdə nizam, ikimi?!
Nizam olmaz dünya nizamı kimi.
Nəsimi , Füzuli, Nizami kimi
Alıyam, kaş yazam bir ayə mən də. ( 1, səh.305 )
"Ey dilim, gəl qafil olma, bir sirri sübhan da var" misrası ilə başlayan divanisində Aşıq Alı güclü bir metafor yaradaraq İmam Əlinin islam dininin yayılmasındakı böyük rolunu məhəbbətlə təsvir etmişdir:
Əyləşdi Merac yolunda, Mustafa etdi xitab,
Həbiblə Meraca gedən bir əziz mehman da var. ( 1, səh. 342 )
Qoşmanın qoşayarpaq və güllü qafiyə (dedim - dedi) şəkillərində əsər yaratmaq müəllifdən xüsusi diqqət və istedad tələb edir. Ustad sənətkar bu şeir şəkillərində də özünü sınamış, mənalı və oxunaqlı əsərlər yaratmışdır. "Get - get" rədifli qoşmada "əli xinalı" qalan el gözəli Aşıq Alını günahkar hesab edir:
Dedim: mərhəmətsiz, heç insafın var?!
Dedi: sən eylədin, olsun sənə ar.
Dedim: sənsiz boğur məni ahu - zar,
Dedi: ölməlisən sən, Alı, get - get. ( 1, səh. 191 )
Şair - publisist İlham Qəhrəmanın tərtib etdiyi "Aşıq Alı "Nə qaldı" kitabı əvvəlki illərdə nəşr olunmuş kitablarla müqayisədə çox təkmilləşdirilmişdir. Tərtibçinin ən mühüm işlərindən biri ifaçı aşıqlar, naşı katiblər və tərtibçilər tərəfindən pozulmuş cinasların bərpa edilməsidir. Yeni nəşrdə olan bəzi nöqsanları da Aşq Alı ruhuna və İlham Qəhrəman şəxsiyyətinə hörmət olaraq, eyni zamanda, növbəti nəşrlərin daha təkmil olacağına ümid edərək deməyi lazım bilirik.
Son nəşrə I bəndi ilə II - III bəndləri bir - biri ilə bağlanmayan "Tək - tək" rədifli kimi şeirlərin daxil edilməməsini, "Musa bəy", "Zeynalın" kimi şeirlərin isə daxil edilməsini arzu edərdik.
Kitabda müəyyən texniki, orfoqrafik və durğu işarələri səhvləri var və bu səhvlər mühüm əhəmiyyət daşımır. Ancaq müəyyən istisnalar da var. "Sədrin səfalıdı, sərin sevdalı" misrası ilə başlayan "Dağlar" şeirinin son bəndində "də" bağlayıcısının işlənməməsi oxunuş zamanı möhtəşəm akustika - səs sisteminin pozulmasına səbəb olur. Əvvəlki bəndlərdə gələn sədalı, ədalı,qadalı... qafiyələrinə uyğun olaraq son bənddə "nə də Alı" olmalıdır. Şübhəsiz ki, oxuyanda, tələffüz edəndə isə "nə d(ə) Alı" şəklində deyilməlidir.
Vəsfkarı köçən bir bülbül tanı,
Qalmaz nə Ağ Aşıq, nə də Alı, dağlar. ( 1, səh. 133 )
Azərbaycan dilinin fonetik hadisə və qanunlarına əsasən iki sait səs yanaşı gələndə tələffüz zamanı qoşa saitdən biri düşür. Bu qayda bəzən saitlə bitən sözdən sonra saitlə başlanan mürəkkəb sözdə və söz birləşməsində də özünü göstərir: Əli Əkbər - Ələkbər, Dəli Alı - Dəlalı.
Bəzi kitablarda "Ayə məndədi" təcnisinin Aşıq Alıdan başqa Ağ Aşığın adına getməsi haqqında bu kitabda qeyd yazmağa zərurət yox idi. Çünki bu təcnisin Aşıq Alıya məxsus olduğunu şeirin III bəndi sübut edir:
Aşıq Alı pirdən içdi nə cami,
Nə axunddu, nə molladı, nə cami...
Nə Firdovsi, nə Səyyadi, nə Cami,
Təcnis sinədəftər, ayə, məndədi. ( 1, səh. 301 )
"Aşıq Alının təcnisində adı çəkilən Səyyadi Osmanlı dönəmində Türkiyədə geniş yayılmış "Rifai" təriqətinin qollarından birinə rəhbərlik etmiş şəxsin adıdır". ( 7, səh.182 ). Osmanlıya gedərək paşanın aşığını, Əsmər xanımı bağlayan Aşıq Alı orada dini - irfani məqamda olan şəxsləri tanıya bilərdi və öz əsərinə gətirə bilərdi.
"Eylədi" rədifli gözəlləmənin II bəndi aşağıdakı kimi çap olunmuşdur:
Asidi ayətin həcdə tapanlar,
Nadandı iqbalın gecdə tapanlar.
Siyah qaşlarına səcdə tapanlar,
Kəbeyi - beytullah ziyarət eylər. ( 1, səh.184 )
Bu bəndin II misrasında məna uyğunsuzluğu var. Şahanə şeirlərdən biri olan "Eylər" qoşmasının "Ustad Aşıq Alı" vatsap qrupunda müzakirəsi zamanı bu misra haqqında müxtəlif fikirlər söylənmişdir. Bizim fikrimizcə, "eşqini ilahi vəcdə tapanlar" variantı daha məqbuldur və bəndin ümumi məzmunu ilə uzlaşır: ayətini həcdə, eşqini ilahi vəcdə tapanlar asidirlər, sevgili gözəlin siyah qaşlarına səcdə edənlər isə Allahın evini ziyarət etmiş kimi olurlar. Bəndin düzgün deyilişi, böyük ehtimalla, aşağıdakı şəkildə olmuşdur:
Asidi ayətin həcdə tapanlar,
Eşqini ilahi vəcdə tapanlar.
Siyah qaşlarına səcdə tapanlar,
Kəbeyi beytullah ziyarət eylər.
Burada ariflik məqamı başlayır, həqiqətə gedən qapılar açılır. Allahın yaratdığı bir güldə , çiçəkdə, bir ağacda, bir gözəlin siyah qaşlarında Ulu Yaradanın qüdrətini görmək var, vəhdəti - vücud fəlsəfəsini anlamaq və onu qəbul etmək var.
Oxşar fikirləri Aşıq Alının başqa şeirlərində də görmək mümkündür:
Afəti - dövran da amansız oldu,
Cövrü - cəfaları gümansız oldu.
Mübtəla Şıx Alı imansız oldu,
Axır tapdı din - imanı Şafada . (1, səh. 177 )
"İmansız olan Aşıq Alının din - imanı Şafada tapması" Ustadın özünü, bəşəriyyəti, dünyanı və Allahı arifanə dərk etməsidir, bir şəxsin timsalında Tanrının qüdrətini, varlığın mahiyyətini görməsidir, anlamasıdır.
"Oldu" rədifli 8 bəndlik qoşmasında ustadı Ağ Aşığı böyük ehtiramla yad edən, onun sənətkar və bir insan kimi müsbət keyfiyyətlərini sadalayan Aşıq Alının özü də 20 -dən artıq şəyird yetişdirmişdir ( 4, səh. 16 ). Bu şəyirdlərdən Aşıq Məhərrəmin, Aşıq Alşanın, Aşıq Qulunun, Aşıq Mehdinin, Aşıq Cəlilin ( 7, səh. 240 ) sənət taleləri daha uğurlu olmuşdur. Haqq aşığı olan Dədə Ələsgər də aşıqlıq sənətinin sirlərini Aşıq Alıdan öyrənmişdir. Ustad sənətkarın dastanlar və saz havaları da yaratdığı məlumdur.
"Bu dünyanın varın, dövlətin yığanlardan nə qaldığını" sorğu - sual edən Aşıq Alıdan maddi deyil, olduqca dəyərli mənəvi söz xəzinəsi qalıbdır.
Gəlib keçər yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?!
Səndən qalan qatar - qatar söz oldu. ( 1, səh. 29 )
İstifadə olunmuş ədəbiyyat
1. Aşıq Alı "Nə qaldı", İkinci nəşr, "Qanun", Bakı - 2025
2. Aşıq Alı "Nə qaldı", "Qanun", Bakı - 2020.
3. Aşıq Alı "Əsərləri", "Avrasiya Press", Bakı - 2006.
4. Aşıq Alı "Şeirlər", "Yazıçı", Bakı - 1982.
5. Açıq Alı "Şeirlər", "Azərnəşr", Bakı - 1975.
6. Aşıq Ələsgər "Əsərləri", "Şərq - Qərb", Bakı- 2004.
7. Salman Qaralar "Adım Ələsgərdi", "Elm və Təhsil", Bakı -2024
8. https://az.vikipedia.org , ( "Elmi poeziya" ).
9. ( https//az. vikipedia.org )
10. H. Mirzəyev "Dərələyəz folkloru", "Elm", Bakı - 2006.
11. https://az.vikisource.or, ( Aşıq Qurbani ).
12. https://zikr.az ( İnsan sözünün mənası nədir ? )
8. 02. 2025 - ci il.
Şair-tədqiqatçı,AYB-nin üzvü
Xülasə.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay