BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANIN NƏCİB MİSSİYASI


Dünyada elə insanlar var ki, onların gördüyü işləri yalnız vəzifə, titul, rəsmi fəaliyyət sözləri ilə ölçmək olmur. Çünki insanın həqiqi qiyməti tutduğu kreslonun hündürlüyü ilə yox, başqasının dərdinə əyiləndə nə qədər insan olduğuyla ölçülür. Həyatın ən böyük həqiqətlərindən biri də budur: insanın əlinin böyüklüyü onun nə qədər şeyi tutmasında deyil, nə qədər insana əl uzatmasındadır. Haqqında söz açdığımız birinci xanım
Mehriban Əliyevanın ictimai fəaliyyətinə nəzər salanda bu fikir adamın yadına düşür. Onun fəaliyyətinin müxtəlif istiqamətləri, - mədəniyyət, təhsil, səhiyyə, sosial qayğı, humanitar layihələr, - əslində, biri-birindən o qədər də uzaq deyil. Hamısının ortasında bir insan dayanır. Daha doğrusu, insanın ləyaqəti, onun yaşamaq, oxumaq, sağalmaq, sevinmək və özünü cəmiyyətin dəyərli bir üzvü kimi hiss etmək haqqı dayanır. Xeyirxahlıq da elə buradan başlayır.


Xeyirxahlıq böyük söz deyil. Bəzən bir stəkan su qədər sadədir. Bəzən bir yetimin başını sığallamaq qədər səssizdir. Bəzən xəstə uşağın gözündə yenidən ümid görməkdir. Bəzən məktəbə gedə bilməyən uşağın qarşısında yeni qapı açmaqdır. Bəzən də illərin yükü altında yorulmuş insanın “məni də düşünən var” hissini yaşamasıdır. Böyük humanitar missiyanın gücü də bundadır: insanı statistik rəqəmə çevirməmək!
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində təhsil, səhiyyə, mədəniyyət, sosial və humanitar layihələrin mühüm yer tutması təsadüfi deyil. Fondun fəaliyyəti məktəblərin və uşaq bağçalarının yaradılması, səhiyyə müəssisələrinin dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinə diqqət yetirilməsi, mədəni irsin qorunması kimi çoxsaylı istiqamətləri əhatə edir. Məktəb tikmək, əslində, divar hörmək deyil. Məktəb gələcəyə yol açmaqdır. Məktəbin qapısından içəri girən uşağın sabah kim olacağını heç kim bilmir. Bəlkə həkim olacaq, bir gün bir ananın övladını həyata qaytaracaq. Bəlkə müəllim olacaq, yüzlərlə uşağın yoluna işıq salacaq. Bəlkə alim olacaq, dünyanın hansısa böyük probleminə cavab axtaracaq. Bəlkə də sadəcə yaxşı insan olacaq. Amma bəzən ən böyük peşə elə yaxşı insan olmaqdır. Çünki savad insanı bilikli edə bilər, amma mərhəmət onu insan edir.

Daim sadə insanlar arasında olan Mehriban Əliyevanın fəaliyyətində də uşaqlara, ailələrə, qadınlara, yaşlılara və xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət məhz bu mənəvi baxışın ifadəsi kimi görünür. Burada söhbət yalnız maddi yardım göstərməkdən getmir. Əsas məsələ insanın cəmiyyət qarşısında tək olmadığını hiss etdirməkdir.
İnsanın ən ağır dərdi bəzən çörəksizlik deyil, unudulmaqdır.
Bir insan biləndə ki, onun dərdini eşidən var, o dərdin ağırlığı bir az azalır. Bir uşaq biləndə ki, onun gələcəyi böyüklər üçün də əhəmiyyətlidir, o uşaq həyata başqa cür baxır. Bir xəstə biləndə ki, onun sağlamlığı kiminsə diqqətindədir, ümidin özü bəzən dərmanın yarısına çevrilir. Nəciblik də burada başlayır: öz rahatlığından kənara baxmaqda.
Ölkə Prezidenti İlham Əliyevin çiyindaşı, ölkə rəhbərinin dayağı Mehriban Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın mədəni irsinin qorunması və dünyada tanıdılmasıdır. İlk baxışda bunun xeyirxahlıqla nə əlaqəsi olduğu sual doğura bilər. Əslində isə əlaqə çox böyükdür. Çünki millətin keçmişini qorumaq gələcək nəsillərə edilən mənəvi yaxşılıqdır.

DAŞIN DA YADDAŞI OLUR


Qədim bir abidə yalnız daşdan ibarət deyil. Onun divarlarında əsrlərin nəfəsi, insanların ayaq səsləri, duaları, arzuları, sevincləri və kədərləri yaşayır. Bir muğam yalnız musiqi deyil. Bir xalça yalnız ilmələrdən ibarət deyil. Bir qədim sənət yalnız peşə deyil. Bunların hamısı bir xalqın “mən kiməm?” sualına verdiyi cavabdır. Ona görə mədəni irsi qorumaq insanın yaddaşını qorumaq kimidir.
Mədəniyyətimizin dostu Mehriban Əliyevanın UNESCO ilə fəaliyyəti, Azərbaycanın mədəni və qeyri-maddi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan muğamının, aşıq sənətinin, xalçaçılıq ənənələrinin və digər milli dəyərlərin beynəlxalq mədəniyyət məkanında tanınması xalqın mənəvi sərvətlərinin dünyaya təqdim edilməsinə xidmət edib.
Mədəniyyət xalqların bir-birinə göndərdiyi ən gözəl məktubdur.

Bu məktubda sərhəd olmur. Dil bilməyən adam muğamın nisgilini duya bilir. Azərbaycan xalçasının naxışlarına baxan insan onun içindəki qədim dünyanı hiss edə bilir. Tarixi abidənin qarşısında dayanan insan bəlkə onun dilini bilməz, amma zamanın sükutunu eşidə bilər.
Xeyirxahlığın bir başqa tərəfi də budur: insan yalnız öz dövrünün insanı olmur. O, özündən sonra gələnlər üçün də məsuliyyət daşıyır. Bu mənada təhsil məktəblə, mədəniyyət abidə ilə, səhiyyə xəstə ilə məhdudlaşmır. Bunların hamısı gələcəyə münasibətdir.
M.Əliyevanın ictimai fəaliyyətində nəcibliyin görünən tərəflərindən biri də qadın və ana obrazına xüsusi həssaslıqdır. Ana dünyanın ən qədim sözlərindən biridir. Ana deyəndə insanın yadına ilk növbədə qorumaq gəlir. Ana uşağın əlinin isti-soyuğuna baxır, xəstələnəndə başının üstündə dayanır, yıxılanda əlindən tutur. Cəmiyyət də bir mənada böyük ailədir.
Orada zəifin güclü tərəfindən qorunması, ehtiyacı olanın unudulmaması, uşağın gələcəyinə sahib çıxılması, yaşlıya hörmət göstərilməsi, xəstənin yanında dayanılması həmin cəmiyyətin mənəvi sağlamlığının göstəricisidir.
Bəlkə də nəcibliyin ən sadə tərifi budur: gücün çatdığı halda incitməmək, imkanın çatdığı halda kömək etmək, yüksəldiyin halda aşağıdakını unutmamaq.
Mehriban Əliyevanın fəaliyyətini bu mənəvi ölçü ilə qiymətləndirəndə qarşıya yalnız layihələrdən ibarət bir siyahı çıxmır. Qarşıya bir düşüncə çıxır:

İNSANIN HƏYATINI YAXŞILAŞDIRMAQ DÜŞÜNCƏSİ


Və insan həyatını yaxşılaşdıran hər işin içində azacıq işıq olur.
Dünyada qaranlıq çoxdur. Müharibələr, xəstəliklər, yoxsulluq, tənhalıq, ümidsizlik insanın ürəyini yorur. Belə bir dünyada xeyirxahlıq bəzən çox kiçik görünür. Amma işığın böyüklüyü onun nə qədər uzağı işıqlandırması ilə deyil, qaranlıqda olub-olmaması ilə ölçülür. Bir insanın həyatına işıq salmısansa, deməli, dünyanın bir yerində qaranlığı azaltmısan.
Mehriban xanımın humanitar fəaliyyətinə də bu prizmadan baxmaq mümkündür. Onun müxtəlif sahələri əhatə edən təşəbbüslərinin mərkəzində insan amilinin dayanması bu missiyanın əsas mənəvi məzmununu təşkil edir. Çünki yaxşılıq özünü reklam etməyi sevmir. Yaxşılıq sakitlikdir.
O, qapını döyür və içəri girir. Bir uşağın əlindən tutur. Bir xəstənin ümidini artırır. Bir məktəbin qapısını açır. Bir tarixi abidəni gələcək nəsillərə qaytarır. Sonra da səssizcə çəkilib gedir. Amma izi qalır. İnsanın həyatda qazandığı ən böyük sərvət də bəlkə elə həmin izdir.
Pulun ömrü qısa, şöhrətin ömrü dəyişkəndir. Vəzifələr gəlir və gedir. Zaman heç kəsi öz yerində saxlamır. Amma bir insanın başqa bir insan üçün etdiyi yaxşılıq yaddaşda yaşayır. Hətta bəzən yaxşılığın kim tərəfindən edildiyi unudulur, özü isə qalır.
Mehriban Əliyevanın xeyirxahlığa və nəcibliyə xidmət edən missiyasının əsas mənası da məhz burada görünür: insanı diqqətə almaq, onun ləyaqətini qorumaq, gələcəyə ümid vermək və milli-mənəvi dəyərləri yaşatmaq.
Bu missiyanın ən gözəl tərəfi isə odur ki, xeyirxahlıq yalnız bir nəfərin işi deyil. Bir insan yaxşılıq edəndə başqasına da yaxşılıq etmək cəsarəti verir. Bir ürəkdə mərhəmət oyananda başqa ürəklərə də yol tapır. Bəlkə də insanın dünyada qoyduğu ən böyük miras budur: özündən sonra yaxşılığa inanan insanlar qoymaq. Çünki həyatın son hesabında nə qədər yüksəkdə dayanmağın yox, nə qədər insanın əlindən tutduğun soruşulacaq.
Və insanın adı bəzən bir kitabda yox, bir insanın ürəyində yazılır.Ürəkdə yazılan isə uzunömürlü olur.
Xeyirxahlığın və nəcibliyin şərəfli daşıyıcısı Mehriban Əliyevanın ictimai və humanitar fəaliyyətinin mənəvi mahiyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək olar:

İNSANA VERİLƏN DƏYƏRİ ƏMƏLƏ ÇEVIRMƏK


Xeyirxahlığı söz olaraq saxlamamaq, onu məktəbə, xəstəxanaya, mədəniyyətə, təhsilə, qayğıya, ümidə çevirmək! Çünki dünya yalnız böyük ideyalarla dəyişmir. Bəzən bir insanın həyatına toxunan kiçik bir yaxşılıqla dəyişir. Və yaxşılıq varsa, insan var.
İnsan varsa, ümid var...
Ümid varsa, gələcək var...
Və sonda. Xeyirxahlıq və nəciblik missiyasının ləyaqətli daşıyıcısı Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona səmərəli fəaliyyətində, gündəlik həyatında hədsiz uğurlar arzu edirik.
Daşdəmir ƏJDƏROĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31