Xəbərlər
12.10.2026, 00:59
HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Alıcan İsgəndərli
Arxamca söz qoşan deyildir susan,
Kədər- qəm göynədir, didir içimi.
Belə dərdə dözmək deyildir asan,
Həmişə öz itim qapır qıçımı.
Üzümə irişib daim dost deyir,
Süfrəmdə şanıma yağlı tost deyir.
Fürsət qazananda sui- qəsd deyir,
Həmişə öz itim qapır qıçımı.
Sirrimi almaqçın sirdaşam deyir,
İnsanlar içində dürdaşam deyir.
Yalandan qımışıb qardaşam deyir,
Həmişə öz itim qapır qıçımı.
Qeybətdən uzağam, lalam, susaram,
Haqqın hər sözünə qulaq asaram.
Olsun duz- çörəyim nankora haram,
Həmişə öz itim qapır qıçımı.
Yaddan işıq alar, yandırmaz lampa,
Sir- sümük yeməklə böyüdüb omba.
Böhtanlar yağdırır bu qanmaz, qaba,
Həmişə öz itim qapır qıçımı.
12.10.2026.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

