Xəbərlər
12.10.2026, 23:02
Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu
AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.
Bu dəfə söhbət “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və rabitə” zalında nümayiş etdirilən 1834-cü ilə aid kiçik qlobusdan gedir.
Yer kürəsinin bu kiçik modeli Vyanada xəritə və qlobusları nəşr etməsi ilə tanınan Trankvillo Mollo tərəfindən hazırlanıb. Ölçüləri 47×30 santimetr olan eksponat ağac və misdən hazırlanıb. O, üçayaqlı taxta dayaq üzərində yerləşdirilib və mis meridian halqa ilə əhatə olunub. Üfüq halqasında da astronomik məlumatlar əksini tapıb.
Qeyd edək ki, Mollo adı XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Vyanada xəritə və qlobusların hazırlanması və nəşri sahəsində tanınan adlardan biri olub. “Suraxanı” gəmi-muzeyində qorunan 1834-cü ilə aid bu nümunənin coğrafi biliklərin və kartoqrafiyanın inkişafını əks etdirən tarixi eksponat kimi dəyəri var.
Qlobusda məşhur dəniz səyyahı Ceyms Kukun üç ekspedisiyasının marşrutlarının göstərilməsi xüsusi maraq doğurur. Birinci səyahət 1768–1771-ci illərdə, ikinci səyahət 1772–1775-ci illərdə baş tutub. Üçüncü səyahət isə 1776-cı ildə başlayıb, Kukun 1779-cu ildə həlak olmasından sonra da davam edib və 1780-ci ildə başa çatıb.
Qlobusda göstərilən marşrutlar XVIII əsrin coğrafi kəşflərini əks etdirir və uzaq dəniz səfərlərinin nəticələrinin sonrakı onilliklərdə nəşr olunan xəritələrdə necə əks olunduğunu göstərir.
Qlobusda, həmçinin həmin dövrdə istifadə olunan ölkə və coğrafi ərazilərin adları qeyd edilib. Bu adlar XIX əsrin birinci yarısında dünya coğrafiyasının necə təsəvvür edildiyini, ayrı-ayrı bölgələrin hansı adlarla tanındığını və Yer kürəsi haqqında məlumatların necə sistemləşdirildiyini izləməyə imkan verir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


