İNSANLIĞIN ƏN BÖYÜK EHTİYACI - BİRİ-BİRİNİ ANLAMAQDIR


Bəzən adama elə gəlir ki, bu dünyada insanın ən böyük düşməni yad adam deyil, elə özünə bənzəyəndir. Eyni torpağın çörəyini yeyən, eyni səmanın altında yaşayan, eyni dilin şirinliyini duyan, eyni dərdin ağrısını çəkən insanlar nədənsə biri-birinin sevincinə sevinə, dərdinə şərik ola bilmirlər. Qəribədir, düşmən qarşısında bir yumruğa dönməyi bacaran cəmiyyət öz içində min yerə parçalanır. Bəs niyə? Niyə bizi birləşdirən dəyərlər ayıran səbəblərdən az görünür? Niyə qardaşın uğuru qardaşa sevinc deyil, bəzən narahatlıq gətirir? Niyə bir insanın yüksəlişinə sevinmək əvəzinə, onun ayağından tutmağa çalışırıq? Bəlkə də ona görə ki, biz biri-birimizlə yaşamağı öyrənmişik, amma biri-birimizi anlamağı tam öyrənməmişik.

İNSAN ÜRƏYİ QƏRİBƏ BİR ALƏMDİR...


Orada həm məhəbbətə, həm mərhəmətə, həm də kinə yer var. Hansını böyütsən, o da böyüyəcək. Təəssüf ki, bəzən qəlbimizdəki yaxşılığı qorumaq əvəzinə, başqasının qüsurunu axtarmağa daha çox vaxt sərf edirik. Birinin bir səhvini illərlə unutmur, on yaxşılığını bircə cümlə ilə silib atırıq. Özümüzün yanlışına bəhanə tapır, başqasının nöqsanına hökm kəsirik. Özümüzə qarşı anlayışlı, başqalarına qarşı amansız oluruq. Halbuki insan olmaq yalnız özünü düşünmək deyil, başqasının ağrısını da öz içində duymaqdır.
Bizi biri-birimizdən uzaqlaşdıran səbəblərdən biri də paxıllıqdır. Başqasının uğurunu öz məğlubiyyətimiz kimi qəbul edirik. Elə bilirik ki, qonşunun çırağı yananda bizim evimiz qaranlıq qalacaq. Unuduruq ki, işıq bölüşdükcə azalmır, əksinə, qaranlıq çəkilir. Bir insanın yüksəlməsi başqasının alçalması demək deyil. Birinin hörmət qazanması bizim hörmətimizi əlimizdən almır. Dünyanın nemətləri kimi, insanlığın gözəllikləri də bölüşdükcə artır. Amma biz bəzən çörəyimizi bölməkdən daha çox kinimizi bölüşməyə həvəs göstəririk. Bir söz eşidirik, üstünə bir söz də əlavə edirik. Bir şübhəni həqiqətə, bir narazılığı düşmənçiliyə çeviririk. Sonra da özümüz yaratdığımız uçurumun qarşısında dayanıb soruşuruq:

BİZİ KİM AYIRDI?

Bizi ayıran təkcə başqaları deyil, bəzən özümüzük. Öz dilimiz, öz münasibətimiz, vaxtında deyilməyən bir üzrxahlıq, vaxtında uzadılmayan bir əl, vaxtında göstərilməyən bir mərhəmət bizi biri-birimizdən uzaqlaşdırır. İnsan münasibətləri bir gündə dağılmır; onlar hər gün bir az diqqətsizlikdən, bir az qürurdan, bir az da sevgisizlikdən aşınır.
Ən ağırı isə budur ki, biz bəzən doğmalarımıza yadlardan daha sərt davranırıq. Küçədə tanımadığımız adama gülümsəyir, evə gələndə ən əzizimizin qəlbini qırırıq. Yadın xətrinə dəyməmək üçün sözümüzü ölçür, doğmamızın qəlbini isə düşünmədən yaralayırıq. Sanki yaxınlıq bizə hər cür kobudluq üçün icazə verir. Halbuki insanın böyüklüyü yadların yanında necə görünməsində deyil, doğmalarının yanında necə insan olmasındadır.
Bəs bizi yenidən birləşdirə biləcək nədir? Məncə, ilk növbədə, özümüzdən başlamaq lazımdır. Hər kəs dünyanı dəyişmək istəyir, amma çox az adam öz içindəki qaranlığa işıq salmağa çalışır. Hamı başqasının səhvini düzəltmək istəyir, amma öz səhvi ilə üzləşməkdən çəkinir. Halbuki böyük dəyişikliklər bəzən çox kiçik bir addımdan başlayır: bir üzrxahlıqdan, səmimi bir salamdan, kiminsə uğuruna ürəkdən sevinməkdən, haqsız olduğumuzu etiraf etməkdən...

SEVMƏK YALNIZ GÖZƏL SÖZLƏR SÖYLƏMƏK DEYİL...


Sevmək başqasının haqqını öz haqqın qədər qorumaqdır. Sənin kimi düşünməyən insanın da fikrinə hörmət etməkdir. Səndən fərqli yaşayanı alçaltmamaq, səndən geri qalanı əzməmək, səndən irəli gedəni gözdən salmamaqdır. Əsl sevgi insanları özümüzə bənzətmək cəhdi deyil, onların fərqləri ilə birlikdə yaşamağı bacarmaqdır.
Bizim Azərbaycan adlı Vətənimiz var. Bu Vətənin torpağında şəhid qanı, anaların göz yaşı, ataların duası, əsgərlərin alın təri var. Bu torpaq uğrunda canından keçənlərin arzusu yalnız sərhədlərin qorunması yox, həm də xalqın birliyi, insanların biri-birinə dayaq olmaları idi. Vətən sevgisi yalnız bayrağı sevməklə bitmir. Vətəni sevmək onun insanını da sevməkdir. Çünki torpağı müqəddəs edən onun üzərində yaşayan insanların taleləri, xatirələri və gələcəkləridir.
Bir düşünək: şəhid məzarının önündə hamımızın səsi titrəyir, hamımızın başı aşağı əyilir. Orada nə vəzifə qalır, nə var-dövlət, nə də şöhrət. Hamımız eyni ağrının qarşısında dayanırıq. Bəs niyə o müqəddəs yerdən uzaqlaşan kimi biri-birimizə qarşı bu qədər mərhəmətsiz oluruq? Niyə bizi birləşdirən dərdləri unudub, ayıran xırda məsələlərin əsirinə çevrilirik?

İNSAN ÖMRÜ ÇOX QISADIR...

Bu qısa ömrü kin saxlamaqla, başqasının uğuruna kölgə salmaqla, qəlb qırmaqla keçirmək nə qədər ağır itkidir! Bir gün hamımız bu dünyadan gedəcəyik. Ardımızca nə qədər sərvət qoyduğumuzdan çox neçə insanın qəlbində yaxşı xatirə kimi qaldığımız önəmli olacaq. Heç kim qəbrinin başında onun kimə qalib gəldiyini xatırlamayacaq. Amma kimsə deyəcək: bu insan mənə çətin günümdə əl uzatmışdı, məni dinləmişdi, dərdimə şərik olmuşdu, ümidimi qaytarmışdı.
Bəlkə də insanın dünyada qazana biləcəyi ən böyük qələbə elə budur: kimisə özünə düşmən etmək yox, bir qəlbdə özünə yer tapmaq. Biz niyə bir-birimizi sevmirik? Bəlkə sevməyi bacarmadığımızdan deyil, sevgimizin qarşısına çoxlu şərt qoyduğumuzdandır. Bizə bənzəyəni sevir, bizdən fərqli olanı mühakimə edirik. Bizə yaxşılıq edəni ucaldır, səhv edənə ikinci şans vermirik. Özümüzə mərhəmət istəyir, başqasına hökm oxuyuruq. Halbuki sevgi insanın yalnız layiq olana verdiyi mükafat deyil, bəzən layiq olmayanı da yaxşılığa qaytaran mənəvi qüvvədir.
Gəlin bir-birimizə bir az daha çox inanaq. Sözümüzü qılınca çevirməyək, qürurumuzu mərhəmətdən üstün tutmayaq. Başqasının sevincinə kölgə salmaq əvəzinə, onun işığına öz işığımızı qataq. Axı bu dünyada onsuz da kifayət qədər ağrı, ayrılıq və tənhalıq var. Bizim vəzifəmiz onların üstünə yenisini əlavə etmək deyil.
Biri-birimizi sevmək üçün mükəmməl olmağımız lazım deyil, sadəcə, insan olduğumuzu unutmamağımız kifayətdir.
Bəlkə də dünya elə bir gündə dəyişməyəcək. Nə kin bir gündə yox olacaq, nə də bütün incikliklər unudulacaq. Amma hər birimiz öz qəlbimizdə kiçik bir qapı açsaq, o qapıdan mərhəmət keçər, anlayış keçər, sevgi keçər. Bir evdən başlar, bir küçəyə yayılar, bir kəndə, bir şəhərə, nəhayət, bütöv bir Vətənə çatar. Və onda bəlkə bir gün özümüzə bu sualı verməyə utanarıq:

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?


Çünki anlayarıq ki, biri-birini sevə bilməyən insanın ən böyük itkisi başqasını yox, öz insanlığını itirməsidir.













Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? - CƏZALAR

Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Единая школьная форма: равенство, свобода и ответственность

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031