Xəbərlər
5.10.2026, 00:30
ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO
Qəhrəmanlıq nümunəsi gələcək nəslin əsrlər boyu təlim-tərbiyəsi üçün ən gözəl vasitələrdən biridir. Mən bunu illər öncə hərbi xidmətimi Əfqanıstan Demokratik Respublikasında çəkərkən, bütün döyüş xatirələrimi gündəlik şəklində qələmə alarkən düşünmüşdüm.
Bizim nəslin, eləcə də yaşlı nəslin yaxşı xatirindədir. Məktəblərdə, idarə, təşkilat və müəssisələrdə bir möhtəşəm ideoloji dəst-xətt vardı. Ən azı ildə bir dəfə şair və yazıçılarla, döyüş yolu keçmiş, sinəsini şücaət meydanında göstərmiş orden-medallı Böyük Vətən müharibəsi iştirakçıları ilə keçirilən təmtəraqlı görüşlər hər birimizin yaddaşında gözəl iz buraxmaqla yanaşı, özümüzü də onlara bənzətmək üçün tərbiyəmizdə mühüm rol oynayırdı.
Elə buna görə də mən bütün döyüşlərimdə olduğu kimi, hərbi xidmət zamanı qeydlər aparır, xidmətdən sonra həmin xatirələri bir kitab şəklində nəşr etdirib tədris müəssisələrində yaymaq kimi bir fikirlə yaşayırdım. Belə bir qənaətim də vardı: bu xatirələrin oxuyan hər bir insanın tərbiyəsində mühüm rol oynaya bilməsə belə, heç olmasa hər on oxucudan birinin düşüncəsində dəyişiklik yarada bilsək, bu özü böyük uğur və nailiyyət olardı.
Hərbi xidmətdən sonra müxtəlif tədbirlərə dəvət olunmağım, böyük görüşlərdə iştirak etməyim bir növ həmin düşüncələrimin davamı olaraq məni ruhlandırırdı. Hətta qardaşımın Moskva ətrafında hərbi xidmət etdiyi dövrdə onun yanına gedərkən, hərbi hissə komandirinin növbəti gəlişimdə orden və medallarımla gəlməyimi, milli zəminin qızışdığı həmin vaxtda əsgərlər qarşısında çıxış etməyimi planlaşdırması da bu qəbildən idi.
Amma SSRİ-nin süqutu, müstəqillik uğrunda gedən mübarizə və sonrakı mürəkkəb proseslər, demək olar ki, yaxşı nümunələrə münasibətdə də müəyyən boşluqlar yaratdı. Bir tərəfdən torpaqlarımızda kök salmış mənfur erməni ideologiyasının təsiri altında baş verən hadisələr, digər tərəfdən isə müharibə və işğal xalqımızın bütün həyatına ağır zərbə vurdu.
Ən ağrılısı isə o idi ki, bir müddət özümüz yeni nümunələr ortaya qoya bilmədik.
Torpaqlarımız işğal olundu. Kənd və qəsəbələrimiz barbarcasına dağıdıldı, soydaşlarımız dədə-baba torpaqlarından didərgin salındı. Qız-gəlinlərimizə, körpə uşaqlarımıza belə acımayan düşmən yüzlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdi. Əsgərlərimiz şəhid oldu. Bütün bunlar ölkənin qarşısında duran digər məsələlərin də ləngiməsinə gətirib çıxardı.
Bu boşluqdan istifadə edən bəzi işbazlar isə “ideologiyanın yeri deyil” deyərək bizi guya sivil dünyanın sıralarına çıxaracaqlarını söylədilər. Gözəllik müsabiqələri təşkil etdilər, milli-mənəvi dəyərlərin yerinə başqa meyarlar qoymağa çalışdılar. Amma nəticədə bizi sivil ölkələr sırasına çıxarmaq əvəzinə, mənəvi dəyərlərimizi də ucuzlaşdıran bir mühit yaratdılar.
Beləcə, gözəl nümunələr tapdaq altında qaldı.
Torpaqlarımızın böyük bir hissəsi işğal olundu, milyonlarla insanımız doğma yurdlarından didərgin düşdü, minlərlə insanımız qətlə yetirildi, minlərlə şəhid verdik.
DÜNƏNİMİZLƏ FƏXR ETDİK, BU GÜNÜMÜZDƏN UTANDIQ, SABAHIMIZIN NECƏ OLACAĞI İSƏ NAMƏLUM İDİ...
Babəklərin, Koroğluların nəvələri, yüzlərlə ərən-igidimizin nümunəsi getdikcə ağzımızda saqqız kimi çeynənirdi.
Belə bir zamanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına göstərdiyi qəhrəmanlıq dünyaya səs saldığı qədər, bizim millət kimi varlığımızı, mənliyimizi, qürurumuzu, kimliyimizi də bir daha özümüzə qaytardı. Onun göstərdiyi ruh bizim, torpaqlarımız kimi, itirilmiş və düşmən tərəfindən viran qoyulmuş mənliyimizi də özümüzə qaytardı.
Artıq düşmənə layiqli cavab vermək cəsarətimiz özümüzə gəlmişdi. İçərimizdə nə qədər satqın olsa da, düşmən zərbələrimizi hiss etməyə başlamışdı. Aprel döyüşləri bir daha gücümüzü ortaya qoydu. Düşmənə diplomatik dillə anlatdıq ki, gec-tez işğal etdiyi torpaqlardan çıxmalıdır.
Amma dünyanın bəzi güc dövlətlərindən havadarlıq hiss edən düşmən, əksinə, daha da harınlaşmağa, yerli-yersiz əsəblərimizi tarıma çəkən hərəkətlərə rəvac verməyə başladı. Bizimlə ultimatum dilində danışmağa cəhd etdi. Müxtəlif istiqamətlərdən havadarlarına güvənərək əlavə ərazi itkisinə gətirib çıxara biləcək hücumlar etdi.
Belə hücumlardan birində generalımız Polad Həşimov öz silahdaşları ilə birlikdə şəhidlik zirvəsinə ucaldı.
Artıq xalq əsəblərinin dözüm notu üzərində son akkordlarını vurmağa başlamışdı. Küçələrə, meydanlara tökülüşüb “Daha bəsdir!” deyərək döyüş üçün səfərbər olmağa hazır olduğunu göstərdi.
44 günlük Vətən müharibəsi bizə minlərlə igidimizin şəhidlik zirvəsinə ucalması, yüzlərlə oğulun sağlamlığını Vətən yolunda itirməsi bahasına başa gəldi. O müharibədə minlərlə döyüşçümüzü bu günümüzə və sabahımıza nümunə ola biləcək qəhrəmanlar kimi tanıdıq.
Bəli, məhz belə...
Dahi qəzəlxanımız Əliağa Vahidin “Vətən yaxşıdı” qəzəlini gözəl təsnif üzərində oxuyaraq öz möhürünü vuran, gələcək nəsillərə əsrlər boyu nümunə ola biləcək igidimiz Xudayar Yusifzadə haqqında bir neçə kəlmə demək istəyirəm.
Xudayar Yusifzadənin dayısı Şirxan Məmmədovla iyirmi ilə yaxındır ki, tanışıq. Bu illər ərzində münasibətlərimiz səmimiyyət, yoldaşlıq və dostluq üzərində qurulub. Hərdən zəngləşib, görüşüb hal-əhval tutmaqla yanaşı, bəzi məsələlərdə məsləhətləşməyi də çox sevirdik. Bu baxımdan Şirxanla görüşlərimiz tez-tez olurdu.
Şirxanın vasitəsilə onun kiçik qardaşı, Xudayarın kiçik dayısı Orxanı da tanıyıram. Ağdam rayonundan məcburi köçkündürlər. Şirxanın dediyinə görə, ata-anası Bərdə şəhərində məskunlaşıb. Sonralar ailəyə yeni salınmış qəsəbədə dövlət xətti ilə ev də verilib.
44 günlük müharibə dövründə Şirxan Facebook-da bir paylaşım etdi:
“Bacım oğlu Xudayar, ürəyimi parçaladın...”
Bu sözləri oxuyub tanışlarımızdan birinə zəng edərək vəziyyəti öyrəndim. Sonralar döyüş yoldaşları tərəfindən çəkilmiş videoları görəndə “Qoç igid dayısına oxşar” deyib, tanıdığım Şirxanın məhz belə bir bacısı oğlu ola biləcəyini düşündüm.
Xudayar həqiqətən haqqında danışılan, deyilən, yazılanlardan daha yuxarıda dayanan minlərlə igidimizdən biridir.
Onun şücaəti, ruhu xalqın qəlbinə necə hopubsa, eləcə də bütün gələcək nəsillər üçün gözəl bir nümunəyə çevrilib. Xudayarın ifasında səslənən “Vətən yaxşıdı” təsnifi müasir cəngimiz, döyüş ruhumuzu qaldıran, torpaqlarımızı bir daha yağı düşmən tapdağına verməməyə səsləyən bir himn kimidir.
Biz uşaqlarımızı məhz bu ruhda tərbiyə etməli, onların qəlbində Vətənə Xudayar sevgisi aşılamalıyıq.
ÇÜNKI QƏHRƏMANLIQ YALNIZ KEÇMİŞİN XATİRƏSİ DEYİL. QƏHRƏMANLIQ GƏLƏCƏYİN TƏRBİYƏSİDİR.
Onda biz Vətənimizin bütövlüyünü qorumağa, babalarımızdan bizə miras qalan torpaqlara sahib çıxmağa daha layiqli ola bilərik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
XUDAYAR
Lap çoxdan, təxminən iyirmi ilə yaxın tanıdığım, bu illər ərzində səmimi yoldaşlıq və dostluq etdiyim Şirxan Məmmədovun bacısı oğlu, şəhidlik zirvəsinə ucalan, məlahətli səsi ilə bu gün ürəklərdə öz yerini tutan şəhid Xudayar Yusifzadənin səsinə qulaq asarkən ürəyimdən keçirdiyim hisslər...
Gözəl yurdu xəyalından keçirib,
Dağlarında duman gördün, Xudayar.
Otuz ildə o yerlərin həsrətin
Çəkənlərdə güman gördün, Xudayar.
Talan olmuş, viran qalmış obanın
Xoş səsinlə möcüzəsini yaratdın.
Bağlılığın, məhəbbətin yurduna,
Hər ürəkdə sevgisini oyatdın.
Ürəklərə məlhəm oldu avazın,
Qürur verdi o xoş səsin çoxuna.
Bir ənənə sən yaratdın, Xudayar,
Şəhidliyə gedən yolda oxuna.
Dağ döşündə bir seyrangah yaradıb,
Son qoydunuz o həsrətli illərə.
Budur artıq, bütün istək doğrulub,
Hünərindən dastan düşüb dillərə.
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






