Xəbərlər
4.10.2026, 23:37
QIZIL HARRİBALDİ ORDENLİ ADAM

Bəzi adamlar dünyadan köçəndən sonra da elə bil, haradasa yaşayırlar. Küçənin başında görünürlər, köhnə bir evin qapısı açılır, içəridən səsləri gəlir, bir stəkan çayın buxarında üzləri görünür. Onları torpaq özünə götürür, amma xatirə götürə bilmir. Xatirə inadkar şeydir. Adamı yaşadır.
Böyük Vətən müharibəsinin iştirakçısı olmuş basqallı Məmməd Səməd oğlu Bağırov da belə adamlardan idi. O, 1922-ci ildə dünyaya gəlmişdi. Ömrünün üstünə bir əsrə yaxın zaman kölgəsi düşmüşdü. 1997-ci ildə dünyadan köçdü. Aradan illər keçdi. Amma onun adı çəkiləndə adamın gözünün qabağına, sadəcə, bir insan yox, bütöv bir həyat yolu gəlir.
İtaliya müqavimət hərəkatının qəhrəmanı... Bu sözlərin özü bir ömrün neçə-neçə səhifəsini açır.
M.Bağırov İkinci Dünya müharibəsinin odlu-alovlu illərində İtaliyada faşizmə qarşı müqavimət hərəkatında iştirak etmişdi. Ona İtaliyanın ən məşhur azadlıq mübarizlərindən birinin - Cüzeppe Haribaldinin adını daşıyan Qızıl Harribaldi ordeni verilmişdi.
Bir az fikirləşəndə adamın ağlına qəribə bir sual gəlir: Basqal torpağında doğulan bir insanın taleyi necə olub ki, onu İtaliyanın dağlarına, meşələrinə, partizan yollarına aparıb çıxarıb? Həyatın özünün yazdığı romanlar var. Onların müəllifi bilinmir. Məmməd əminin həyatı da elə romanlardan biri idi. O, uzaq bir ölkədə müharibənin içindən keçmişdi. Amma müharibə bitəndən sonra Bakıdakı evinə qayıtmışdı. İnsan müharibədən geri dönəndə özü ilə təkcə xatirələr gətirmir. Bəzən danışmadığı sözləri, gecələr yuxudan oyadan səsləri, itirdiyi adamların üzlərini də gətirir. Bəlkə də buna görə bəzi müharibə adamları çox danışmırlar. Danışmağa başlayanda isə bir adamdan yox, yüz adamdan danışmalı olurlar.
Məmməd Bağırovun həyatı haqqında düşünəndə mənə ən çox onun ordeni yox, ordenin arxasında dayanan insan maraqlı gəlir. Çünki ordeni sinəyə taxmaq olar, amma insanın içində daşıdığı yükü heç bir medal yüngülləşdirə bilmir. Onun ailəsi də bu həyatın başqa bir səhifəsi idi.
Həyat yoldaşı Şəfiqə xanım stomatoloq idi. Bu iki insanın bir evdə yaşaması, bir ailənin yükünü çiyin-çiyinə daşıması ayrıca həyat hekayəsidir. Bir tərəfdə müharibədən keçmiş, tarixə toxunmuş bir kişi; o biri tərəfdə öz peşəsi, öz zəhməti, öz dünyası olan bir qadın...
Ailə dediyimiz şey bəzən böyük tarix kitablarından daha vacib olur. Tarixdə müharibələrin adları yazılır, ailədə isə həmin müharibədən qayıdan adamın susduğu gecələr.
Şəfiqə xanım stomatoloq idi. Bəlkə də onun əlləri gün ərzində insanların diş ağrılarını sakitləşdirirdi, evdə isə ərinin illərlə içində saxladığı ağrıları səssizcə dinləyirdi.
Ailənin dörd övladı var: Gülər xanım, Aydın, Mehdi və Rüstəm.
Dörd övlad...
Dörd ayrı tale…
Dörd ayrı yol…
Amma hamısının başlanğıcında eyni ev, eyni ata, eyni ana dayanırdı. Uşaqlar böyüyür. Sonra evin divarları onların boyuna çatmır. Hərəsi öz həyatının ardınca gedir. Ata-ana isə bir gün baxıb görür ki, evin içində əvvəlki səs-küy yoxdur.
Uşaqlıq belədir: gələndə evə səs gətirir, gedəndə evdən sükut aparır.
Məmməd Bağırovun ailəsində də zaman öz işini görüb. Övladlar böyüyüb, həyatlarını qurublar. Amma ata ocağının adı onların yaddaşında həmişə qalıb.
Bu gün həmin ailənin sağ qalan kiçik oğlu Rüstəmdir. O, Bakının 8-ci kilometr qəsəbəsində yaşayır.
8-ci kilometr... Bakının elə yerləri var ki, onların adı çəkiləndə şəhərin özündən əvvəl adamların həyatı yada düşür. Həyətdə samovar qaynayan, qonşunun səsi divardan o tərəfə keçən, uşaqların küçədə böyüdükləri, adamların biri-birinin dərdindən xəbər tutduqları illər...
İndi şəhər də, küçələr də, evlər də, asamların danışıq tərzi də dəyişib. Amma bəzi evlər var ki, onların divarlarında zamanın səsi qalır. Rüstəmin evi də bəlkə belə evlərdəndir. Orada atasının şəkli varsa, o şəkil adi şəkil deyil. Şəkildəki adam bir vaxtlar İtaliya dağlarında faşizmə qarşı döyüşüb. Sonra Bakıya qayıdıb. Ailə qurub, övlad böyüdüb, həyat yaşayıb və nəhayət, 1997-ci ildə gözlərini bu dünyaya yumub.
İnsan öləndə onun həyatı bitmir. Əksinə, bəzən əsl həyat elə bundan sonra başlayır. Çünki insanın sağlığında onun barəsində danışanlar çox vaxt özüdür. Ölümündən sonra isə onun haqqında başqaları danışır. Kimisi xatirə söyləyir, kimisi hadisə danışır, kimisi bir şəkilə baxıb susur… Ən uzun ömür də budur: adamın başqalarının yaddaşında qalması.
Məmməd Səməd oğlu Bağırovun adı da yaddaşda qalmağa layiq adlardan biridir. Çünki o, yalnız öz taleyini yaşamayıb. Bir xalqın oğlunun başqa bir xalqın azadlığı uğrunda mübarizəyə qoşulduğu böyük bir tarixin içindən keçib.
Qaribbaldi ordeni onun sinəsinə taxılan nişan idi. Amma əsl orden insanın ömrüdür. Onu heç kim çıxara bilmir.
İllər keçir, ordenin qızılı bir az solur, şəkillərin kənarları saralır, köhnə sənədlərin mürəkkəbi rəngini itirir. Amma yaxşı adamların adı köhnəlmir…
M.Bağırov övladları üçün ilk növbədə ordenli qəhrəman deyildi, ata idi. Bəlkə səhər süfrəsində çay içən, uşağın başını sığallayan, evdə bir sözə gülən, bir sözə əsəbiləşən, bəzən susan adi bir ata...
İnsan öz atasını tarix kitabındakı qəhrəman kimi görmür. Ata evin içində adi adamdır. İllər keçəndən sonra isə o adi adamın nə qədər böyük adam olduğu yavaş-yavaş başa düşülür. Məncə, insanın ən böyük mükafatı da budur: övladlarının yaddaşında yaxşı adam kimi qalmaq.

Məmməd Bağırovun həyatında müharibə, orden, qəhrəmanlıq vardı. Amma onun həyatının ən böyük hadisələrindən biri də ailəsi idi — Şəfiqə xanım, Gülər, Aydın, Mehdi, Rüstəm...
İnsan tarixə bir adla düşür, ailəyə isə başqa adla.
Tarix onu qəhrəman kimi tanıyırsa, övladları ata kimi qəbul edir. Bəlkə ən gözəli də budur.
İndi Rüstəm 8-ci kilometrdə öz evində yaşayır. Həyat öz axarı ilə gedir. Küçələrdə maşınlar keçir, adamlar işə gedir, uşaqlar məktəbə tələsir. Heç kəs bilmir ki, bu şəhərin adi bir küçəsində, adi bir evdə Azərbaycanın bir qəhrəmanının oğlu yaşayır.
Tarix bəzən belə gizlənir.
Böyük hadisələrin izi böyük binalarda yox, adi evlərdə qalır: bir şəkil albomunda, bir köhnə orden qutusunda, bir neçə saralmış kağızda, bir oğulun yaddaşında, bir qızın xatirəsində… Və atasının adını çəkəndə səsində yaranan o qəribə titrəyişdə...
Məmməd Bağırov cəmi 75 il ömür sürdü… İnsan ömrünü illə ölçmək olmur. Bəzən yetmiş beş il bir ömürdür. Bəzən də bir ömür yetmiş beş ilə sığmır. Məmməd əminin ömrü də sığmayan ömürlərdəndir.
İtaliya müqavimət hərəkatının qəhrəmanı, Qızıl Harribaldi ordenli azərbaycanlı...
Bu adın arxasında bir insan - bir ata, bir həyat yoldaşı, dörd övladın atası, bir xalqın yaddaşında qalmağa layiq insan qalır.
Bu gün onun haqqında danışmaq həm də bir dövr haqqında danışmaqdır. Çünki insan öz dövründən ayrı yaşamır. Dövr insanın taleyinə girir, onu dəyişir, bəzən uzaq ölkələrə aparır, bəzən geri qaytarır. Lakin sonda insan yenə evinə qayıdır.
Məmməd Bağırov da öz uzun yolunun sonunda evinə - Azərbaycana qayıtdı. İndi özü yoxdur. Amma adı var - Şəfiqə xanımın xatirəsində, Gülərin, Aydının, Mehdinin, Rüstəmin yaddaşlarında var. Və bəlkə də ən vacibi, onu tanımayan insanların yaddaşında da bundan sonra yaşayacaq. Çünki yaxşı insanların taleyi belədir: Onlar gedirlər, xatirələri qalır.
BASQALDAN İTALİYAYA, İTALİYADAN BASQALA...
Tanınmış basqallı partizanın ürəyində iki uzaqlıq vardı. Biri İtaliyanın yolları idi - gəncliyinin, müharibəsinin, müqavimət illərinin yolları. O biri isə Basqal idi — doğulduğu, ilk dəfə göyə baxdığı, uşaqlığının səsini eşitdiyi torpaq.
İnsan dünyanı gəzə bilər, müxtəlif ölkələr görə bilər, müxtəlif insanlarla tanış ola bilər. Amma doğulduğu yer onun içindən heç vaxt çıxmır. Məmməd Bağırov da Basqalı özü ilə aparmışdı.
İtaliyada faşizmə qarşı müqavimət hərəkatının içində olduğu illərdə belə, onun yaddaşının bir tərəfində Basqal yaşayırdı. Bəlkə də uzaq İtaliya dağlarında Azərbaycanı düşünəndə gözünün qabağına əvvəlcə doğulduğu Basqalın küçələri gəlirdi.
Sonralar o, bu iki məkanı - Basqalı və İtaliyanı - təkcə öz xatirəsində deyil, gerçək həyatda da bir-birinə yaxınlaşdırmaq istəyirdi.
Yaxın qohumu İlqar Hüseynzadə ilə onun qonağı çox olmuş, söhbətlərinə qulaq asmış, arzu və istəklərinə diqqət kəsilmişdik. Onun arzularından biri Basqal qəsəbəsi ilə İtaliyanın qardaşlaşması idi. Bu, təksə iki yaşayış məntəqəsinin adının bir sənəddə yanaşı yazılması deyildi, bunun arxasında bir ömrün mənası dayanırdı.
Bir Basqallı İtaliyada faşizmə qarşı mübarizə aparmışdı. İtaliya isə o mübarizəni unutmayaraq ona Qızıl Harribaldi ordeni vermişdi. Həmin insan isə istəyirdi ki, doğulduğu Basqal ilə qəhrəmanlıq tarixinin bir parçasını yaşadığı İtaliya arasında mənəvi körpü yaransın.
Nə qəribə tale...
Bir vaxtlar müharibə insanları ölkələrdən ayırırdı. Məmməd Bağırov isə illər sonra həmin yolların üstündə dostluq körpüsü qurmaq istəyirdi.
Onun başqa bir arzusu da Basqalda Böyük Vətən müharibəsində iştirak etmiş basqallıların xatirəsinə abidə ucaldılması idi. Bu arzu da təsadüfi deyildi. Çünki o, müharibənin nə olduğunu uzaqdan eşidən adam deyildi. Müharibəni yaşamışdı. Onun odunu, tüstüsünü, itkilərini görmüşdü. Ona görə də müharibədən qayıtmayanların, qayıdıb sonradan dünyasını dəyişənlərin, həyatının ən gözəl illərini cəbhələrdə qoyub gələnlərin xatirəsini yaşatmağın nə demək olduğunu yaxşı bilirdi.
Basqalın oğulları da müharibəyə getmişdilər.
Biri qayıtmışdı. Biri qayıtmamışdı. Biri yaralı dönmüşdü. Biri illərlə müharibənin yuxusundan çıxa bilməmişdi. Amma onların hamısının bir ortaq adı vardı: basqallı.
Məmməd əmi istəyirdi ki, onların adı daşda yaşasın. Çünki insanın adı torpağa yazılmayanda, zaman onu yavaş-yavaş yaddaşdan da silə bilir. Abidə isə yalnız daş deyil, xalqın yaddaşının ayaq üstə duran şəklidir.
Bir gün Basqalın küçələrindən keçən uşaq o abidənin qarşısında dayanıb soruşacaqdı:
- Bunlar kimdir?
Və ona deyəcəkdilər:
- Bunlar sənin kəndinin oğullarıdır. Müharibəyə gediblər. Vətən üçün döyüşüblər.
Bəlkə də Məmməd Bağırovun ən böyük arzularından biri elə bu idi: gələcək nəsil keçmişini unutmasın. Keçmişini unudan kənd yalnız evlərdən ibarət qalır. Keçmişini xatırlayan kənd isə yaddaşa çevrilir. Basqal da yaddaşdır. Məmməd Bağırov da o yaddaşın bir parçasıdır.
İtaliyada ona verilmiş Qızıl Harribaldi ordeni bir qəhrəmanın sinəsində parlayan nişan idi. Amma onun Basqalla bağlı arzuları həmin ordenin parıltısından da böyük bir məna daşıyırdı.
O istəyirdi ki, Basqalın adı İtaliyada eşidilsin, İtaliyanın adı isə Basqalın küçələrində çəkilsin. O istəyirdi ki, müharibəyə gedən Basqal oğullarının adı yaşasın. Bəlkə də bununla öz həyatının iki böyük səhifəsini birləşdirmək istəyirdi: İtaliyadakı qəhrəmanlıq illərini və Basqaldakı uşaqlıq illərini.
Bir tərəfdə Harribaldi, bir tərəfdə Basqal.
Bir tərəfdə müharibə, bir tərəfdə doğma kənd. Və bütün bunların ortasında bir insan - Məmməd Səməd oğlu Bağırov.
İnsan dünyadan gedəndə arzuları da onunla birlikdə getmir. Bəzən arzular sahibindən sonra yetim qalır. Onları yaşatmaq isə gələn nəsillərin işidir.
Məmməd Bağırovun Basqal üçün düşündüyü işlər də bu gün belə bir mənəvi əmanət kimi görünür. Bəlkə də nə vaxtsa bir gün Basqal ilə İtaliya arasında o dostluq körpüsü qurular, basqallı müharibə iştirakçılarının adları bir abidənin üzərində əbədiləşər. O zaman həmin daşın, həmin lövhənin, həmin dostluğun görünməyən tərəfində Məmməd Bağırovun da adı dayanacaq. Çünki bəzi adamlar öz əlləri ilə tikə bilmədikləri işlərin təməlini arzuları ilə qoyurlar.
Arzu da bir növ toxumdur: torpağa düşür, vaxtını gözləyir, sonra bir gün cücərir… Məmməd Bağırovun Basqalla bağlı arzuları da belə toxumlardır. Onları yaşatmaqla biz yalnız bir insanın xatirəsinə yox, Basqalın öz yaddaşına xidmət etmiş olarıq. Çünki insan doğulduğu torpaq üçün nəsə etmək istəyirsə, o torpaq artıq onun üçün sadəcə doğulduğu yer deyil. Vətənə çevrilir. Məmməd Bağırov üçün Basqal belə bir yer idi. O, Basqaldan çıxmışdı. İtaliyaya qədər getmişdi. Qəhrəman kimi geri dönmüşdü. Amma ömrünün sonuna qədər ürəyində yenə Basqal vardı...
Allah rəhmət eləsin. Ruhu şad olsun.
Qəhrəmanın ruhu qarşısında baş əyirik.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

