Valideynin övladına sevgisi övlad üçün nə qədər qəlb rahatlığı gətirirsə, övladın valideyninə sevgisi də valideyn qəlbinə bir o qədər rahatlıq gətirir. Amma bir hiss var ki, övladı həmişə "Mən hələ nə etmişəm ki?" düşüncəsi ilə rahat buraxmır. Bu, bir həqiqətdir. Övlad valideyn qarşısında özünü həmişə borclu sayır. Bəlkə də bu borc heç vaxt ödəniləsi borc deyil; çünki valideynin övlad üçün çəkdiyi zəhmətin, etdiyi fədakarlığın ölçüsü olmur.

Facebook-da olduğum gündən bəri valideyn-övlad, yaxud övlad-valideyn münasibətlərindən bəhs edən hər hansı bir paylaşım görəndə ruhən məndə bir rahatlıq yaranır. Həmin şəkli diqqətlə izləyir, yazını maraqla oxuyuram. Övladlarımdan gördüyüm sevginin içində millətimizin əsrlərdən, ənənələrdən süzülüb gələn bu mənəvi halını görəndə ayrıca sevinirəm. Düşünürəm ki, insanı insan edən ən böyük dəyərlərdən biri də elə budur: valideynə ehtiram, övlada məhəbbət və bu iki hissin bir-birini tamamlaması.
Dəyərli şairəmiz Gilə Bayramovanın rəhbəri olduğu "ŞAM İŞIĞI" Ədəbi Məclisinin növbəti toplantılarından birində gənc şairəmiz Səadət Abbas-Seydayevanın ilk kitabının təqdimatı keçirilirdi. Doğrusu, gənc şairəmiz çıxış etdikdən sonra diqqətini bizdən aşağı tərəfdə əyləşən atasına yönəldib ona olan sevgisini və ehtiramını bildirdi və dedi:
"Mən bu yolda mənə dəstək olan atama borcluyam."
Səadət xanım özü də həmin vaxt hüquq fakültəsində oxuyurdu. Onun bu sözlərindən sonra diqqətimi atasına yönəltdim və "Atam" deyə xitab etdiyi bu insanı haradan tanıdığımı özüm üçün düşünməyə başladım.
1980-ci illərin sonlarından etibarən on beş ildən artıq yaşadığım Abşeron rayonunun Xırdalan qəsəbəsində bir çox insanı heç olmasa sifətcə yaxşı tanıya bilirdim. Ona görə də yaddaşımı alt-üst edib həmin simanı xatırlamağa çalışarkən, qızı haqqında danışan Səadət xanımın atasının Nizami müəllim olduğunu və "Abşeron Vəkil Bürosu"nun vəkili kimi fəaliyyət göstərdiyini eşidəndə, içimdəki gərginliyin bir az azaldığını hiss etdim.
Bəlkə də həmin gün Səadət xanımın atasına olan münasibətində gördüyüm doğmalıq, ehtiram və minnətdarlıq sonralar yaddaşımda bu qədər aydın qalmazdı. Amma insanın öz övladının dilindən "Mən atama borcluyam" sözünü eşitməsi adi bir hadisə deyil. Bu sözün içində həm bir övladın sevgisi, həm bir atanın illərlə çəkdiyi zəhmət, həm də valideynlə övlad arasında görünməyən, amma çox möhkəm olan bir bağ var.
Elə bu günlərdə qarşıma çıxan Səadət Abbas-Seydayevanın "ATALAR DAĞDIR" şeiri məni həmin günə, həmin görüşə və həmin ata-övlad münasibətinə qaytardı.
Şeiri oxuduqca düşündüm ki, bəli, bəzi insanlar üçün ata doğrudan da dağdır. Arxadır, dayaqdır, evin ocağıdır, övladın kürəyini söykədiyi yerdir. Bəzən öz dərdini içində saxlayıb övladının dərdinə çarə axtaran, göz yaşını ürəyinə tökən səssiz bir əsgərdir.
Səadət xanımın atasına baxıb dediyi "Mən bu yolda mənə dəstək olan atama borcluyam" cümləsi ilə şeirin "Övladın arxası, kürəyi, dağı, Səngəri, sipəri atadır ata, misraları arasında mənəvi bir yaxınlıq hiss etdim.
Və şeirə bir daha baxanda gördüm ki, burada söhbət yalnız bir atadan getmir. Burada ata adının daşıdığı böyük mənəvi yükdən danışılır. Çünki bəzi sözlər var ki, onları oxumaqdan çox, yaşamaq lazımdır. "Ata" da belə sözlərdəndir...
Şairə "Atalar dağdır" deyəndə, məncə, bu dağın yalnız ucalığını nəzərdə tutmur. Dağ həm də arxadır, sığınacaqdır, küləkdən qoruyan səddir. İnsan uşaqlıqdan atasının arxasında dayananda dünyanı bir az daha təhlükəsiz görür. Atanın yoxluğunda isə bəzən həmin dünyanın nə qədər böyük və soyuq olduğunu anlayır...
Gözəl şairəmiz Səadət Abbas-Seydayeva bu şeirdə ataya yalnız ailənin başçısı kimi yox, övladın arxasında dayanan dağ, evin ocağı, səngəri, sipəri və mənəvi dayağı kimi baxır. Şeirin əsas gücü də bu obrazların ardıcıl şəkildə qurulmasındadır.
Yuxarıda müşahidəmə söykənib qeyd etdiklərindən də görünür ki, şeirə "Atalar dağdır" adı təsadüfi seçilməyib. "Dağ" burada möhkəmliyin, ucalığın, arxayınlığın və sarsılmazlığın rəmzidir. Şeir boyu bu "dağ" obrazı müxtəlif bənzətmələrlə açılır: ocaq, kürək, səngər, sipər, əsgər, qala, bürc, zirvə, sərvət, bərəkət...
İlk bənddə ata ailənin "yanar ocağı" kimi təqdim olunur;

"Atadir bir evin yanar ocağı
İsidib qoruyar həm solu, sağı.
Övladın arxası, kürəyi, dağı,
Səngəri, sipəri atadır ata."

Burada ata həm ailəni isidən, həm də qoruyan qüvvədir. Ardınca gələn "övladın arxası, kürəyi, dağı" ifadəsi çox xalq deyimlərinə yaxın, səmimi bir obrazdır. Xüsusilə "səngəri, sipəri" sözləri atanın övladını hər cür təhlükədən qoruyan canlı qalxan olduğunu göstərir.
Şeirin növbəti bəndində Səadət xanım şeirin mənəvi tərəfini gücləndirir. Ata öz dərdini övladına göstərməyən, ağrısını daxilində daşıyan insandır;

"Dərdini bildirməz içində çəkər
Gözünün yaşını qəlbinə tökər
Hər məqamda övladını düşünər
Evinin əsgəri atadir ata."


Şeirin ən təsirli misralarından biri məncə elə məhz budur. Çünki burada ata obrazı sadəcə "güclü insan" kimi deyil, ağrısını gizlədən fədakar insan kimi görünür. Sonra isə ardınca şairə xanım deyir;
Hər məqamda övladını düşünər,
Evinin əsgəri atadır ata.
Bu misrada ata həm qoruyucu, həm də ailəsinin keşiyində duran "əsgər" obrazına çevririr.
Növbəti bənddə şairəmiz atanın ailədəki yerini daha da ucaldır;

"Atadir zirvənin dağın ucasi
Atadir evinin bürcü, qalası
Savabdir atanın xeyir duası
Dillərin əzbəri atadir ata."

Burada "bürc" və "qala" sözləri təsadüfi deyil. Bürc tale və qismətdirsə, qala təhlükədən qoruyucudur. Yəni ata, ailənin təhlükəsizliyini qoruyan mənəvi qaladır.
Sonra şairə xanım çox gözəl bir fikir gəlir;
"Savabdır atanın xeyir duası."
Bu misrada artıq ata maddi qoruyucu olmaqdan çıxıb mənəvi dayağa çevrilir. Atanın duası ailə üçün xeyir, bərəkət və mənəvi güc kimi təqdim edilir.
Şairəmiz növbəti bənddə artıq ata haqqında düşüncəni ümumiləşir;

"Atalar dəyərli böyük sərvətdir
Xeyir bərəkətdir ruzi nemətdir,
Hər sözü,kəlməsi sanki hikmətdir
Söz sovun təpəri atadir ata."

Burada ata sərvət, bərəkət və nemət anlayışları ilə eyniləşdirilir. Yəni şairəmizin fikrincə, atanın qiyməti pulla, var-dövlətlə ölçülmür.

Daha çox maraqlı misralardan biri;
"Hər sözü, kəlməsi sanki hikmətdir."

misrası dır ki, buda, xalqımızın ağsaqqal sözünə, ata nəsihətinə olan ehtiramın və hörmət düşüncəsini əks etdirir. Artıq ata burada həyat təcrübəsini sözə çevirən müdrik insan kimi görünür.
Şeirin son bəndində şairəmiz fikrini artıq mənəvi-fəlsəfi istiqamətə aparır;

"Atanı sevənlər Allahı sevər,
Ömür yollarinda gül çiçək bitər
Ozundə güc tapıb övlad boyudər
Sevginin zəfəri atadir ata."


Son bənddə şairəmizin ata sevgisini müqəddəs məhəbbət səviyyəsində görməsi kimi oxumaq daha doğru olar. Çünki, misralarda ata adicə övlad böyüdən deyil, özündə güc tapıb övlad böyüdən fədakar insan kimi təqdim edilir;
Özündə güc tapıb övlad böyüdər,
Sevginin zəfəri atadır ata.
Son misra bütün şeirin yekun ideyasını daşıyır. Şairəmiz ata sevgisini fədakarlıqla, səbrlə və övlad naminə yaşamaqla qazanılan bir mənəvi "zəfər" adlandırır.
Yəni ata əvvəlcə ailəni qoruyan insan, sonda isə mənəvi dəyərə çevrilən insan kimi təqdim olunur.
Səadət xanımın bu şeirini təkcə "ata haqqında şeir" adlandırmaq məncə az olar. Bu, əslində ata zəhmətinə, ata fədakarlığına və ata duasına yazılmış mənəvi ehtiramdır.
P. S : Sonda gözəl şairəmiz Səadət AbbasSeydayeva ya bu şeirinə görə minnətdarlıq edib, dəyərli ziyalımız, hörmətli vəkilimiz Nizami müəllimə mən də uca Yaradandan sağlam can sağlığı, uzun ömür, doğmalarından, dostlarından, əzizlərindən sevinc dolu günlər və işində yaradıcılıq uğurları diləyirəm. Ad günün mübarək gözəl insan!

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.

Son xəbərlər

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

ATALAR DAĞDIR...

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031