Təbiətdə hər fəslin özünəməxsus yeri, öz rəngi, öz nəfəsi var. Azərbaycan şairlərinin qələmində isə fəsillər heç vaxt yalnız təbiətdə baş verən dəyişiklik kimi qalmayıb. Hər fəsil bir duyğunun, bir düşüncənin, bəzən də bir ömür hesabatının ifadəsinə çevrilib.
Yaz – coşqudur, oyanışdır, ümiddir.
Yay – bolluqdur, bərəkətdir.

Qış – səssizlik, soyuq və bəzən həyatın sərt üzüdür.
Payız isə... payız tamam başqadır. Payız insanı düşündürür. Adamı öz içinə çəkir, keçmişinə, itirdiklərinə, yaşadıqlarına qaytarır. Elə buna görə də payız haqqında düşüncələrimi, mənim üçün çox əziz olan, dəyərli şairlərimizdən Əzizə Ağahüseynqızının "PAYIZIN İLK YAĞIŞI" və Sevda Zeynalovanın "PAYIZ" şeirləri üzərində apardığım yanaşmamla izah etməyə çalışacam.
Klassik poeziyamızda da payız müxtəlif duyğuların dili olub. Füzulidə ayrılığın, Vaqifdə solan gülün, ötən gözəlliyin kölgəsini görmək mümkündür.
Aşıq poeziyamızda isə fəsillərin tərənnümü bir qədər başqa ovqat daşıyıb. Aşıq Ələsgərin:
“Payız gəldi, bağlar döndü xəzələ...”
misrasında payız bir şikayət deyil, təbiətin dəyişməz qanunudur. Yarpaq tökülməlidir ki, ağac yenidən cücərsin, bahar yenidən gəlsin. Deməli, təbiətdə heç bir son əslində tam son deyil.
Müasir poeziyamızda isə payız getdikcə təbiət mənzərəsindən çıxaraq fəlsəfi düşüncəyə çevrilir. Səməd Vurğunun poeziyasında payızın bərəkətini, Rəsul Rzada şəhərin, küləyin, insanın ovqatı ilə qovuşan payız duyğusunu görürük.
Bəxtiyar Vahabzadə isə payıza tamam başqa gözlə baxır. Onun payızı bir qədər də insanın payızıdır – saçların ağarması, ömrün saralması, illərin insan üzündə buraxdığı izlərdir. Amma bu saralmağın özündə də bir gözəllik, bir müdriklik var.
Məmməd Arazın payızı isə bir az sərt, bir az küskün, bir az da dərdlidir. Onun payızında yalnız təbiətin deyil, insanın, xalqın taleyinin də izlərini görmək mümkündür.
Çağdaş poeziyamızda mənim düşüncəmə görə payızdan ən çox yazan Əzizə Ağahüseynqızı üçün payız təbiətin bir notudur.
O, payız fəslinə aid bütün şeirində adi bir təbiət hadisəsini ruh hadisəsinə çevirə bilir. Necə ki, bu yazı üçün Əzizə xanımın yaradıcılığından seçib götürdüyüm və şairəmizin bu günlərdə paylaşdığı "PAYIZIN İLK YAĞIŞI" şeirində olduğu kimi...

Səmanı bürüyüb toy, büsat səsi,
Buludun bəxtinə qaynamaq düşüb.
Gümüşü şimşəklər yallı gedirlər,
Göylərin könlünə oynamaq düşüb.
"Səmanı bürüyüb toy, büsat səsi.... ,


Göylərin könlünə oynamaq düşüb."- şairə bu misrasında göyə "könül" verməklə ən gözəl insani keyfiyyəti ortaya qoyur.

Qara gözlərindən tökür göz yaşı,
Yer çəkir bətninə gələn selləri.
Toybəyi çubuğu kimi şığıyır,
Göydəki şimşəyin alov dilləri.


Novbəti bənddə Əzizə xanım gözəl bir təşbeh qurur ;-"Toybəyi çubuğu kimi şığıyır, Göydəki şimşəyin alov dilləri."
Son bənddə isə şairə ;- "Şeirimtək ruhuma yağdı bu yağış, Yerin də, göyün də qəzəbi kəsd." - deməklə şeirin kulminasiya nöqtəsini gətirib.

Əsdi, nərildədi, coşdu, titrədi,
Axır ki, səmanın əsəbi kəsdi.
Şeirimtək ruhuma yağdı bu yağış,
Yerin də, göyün də qəzəbi kəsd.


Şairəmiz payızın bu hadisəni bir ruh halına çevirir. Şeir, coşqudan sakitliyə doğru gedir. Əvvəl nərilti, coşqu, sonra sakitlik. Təbiətdəki kimi. Və bu sakitlik sonda həm yerə, həm göyə, həm də şairin ruhuna hopur və "qəzəbi kəsdi" ilə bitirir.
Bu şeir payız yağışının təsviri deyil, payız yağışının xarakteri haqqında şeirdir. Əzizə xanım burada yağışı adi su kimi yox, canlı bir varlıq kimi tərənnüm edib. Ümumiyyətlə "Payızın ilk yağışı" şeiri ümumilikdə çox səmimi, yaddaqalan bir payız lövhəsidir.
Onu da qeyd edim ki, bu yazının yazılmasına Sevda xanım Zeynalovanın "PAYIZ" şeiri səbəb oldu.
Həmin şeirə keçməmiş onu deyə bilərəm ki, adətən şairlər payız yağışını ağlamaq, kədər kimidə göstərir. Amma, Əzizə xanımın şeirində isə əksinə, göy üzünü, şimşəyi, yağışı toy, büsat, yallı gedən kimi təqdim edilir. Bu da şeirə başqa bir orijinallıq verir. Göyün gurultusu toy səsi, şimşəklər yallı gedənlərdir. Bu baxış şeirə nikbinlik gətirir.
Ən maraqlısı da budur ki, bizim şairlərimiz payızı olduğu kimi görüb, olduğu kimi duyurlar. Çünki şair üçün payız sadəcə saralmış yarpaqlar, yağışlı küçələr, boz səma deyil. Payız insanın daxilində baş verən bir haldır.
Bu gün payız haqqında yazan şairlər çoxdur. Sarı yarpağı, yağışı, küləyi, dumanı təsvir etmək asandır. Amma payızı yazmaq başqa şeydir, payızı duymaq başqa...
Payızın rəngi sarıdır, amma dərdi rəngsizdir. Onun səsi yarpaq xışıltısında eşidilir, amma ağrısı insanın içindən gəlir. Bəzən bir yarpaq budaqdan qopub yerə düşür və insanın içində illər əvvəl itirdiyi bir adamı, bir günü, bir arzunu oyadır.

ƏSLINDƏ, PAYIZ TƏBİƏTİN DEYİL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.


Vicdanı oyaq olan insan üçün hər fəslin bir payızı var. Çünki insanın da təbiət kimi öz baharı, öz yayı, öz payızı, öz qışı olur. Və insan ömrünün payızına çatanda təbiətin saralan yarpaqlarından çox, öz həyatının tökülən yarpaqlarına baxır.
Onda anlayır ki, payız yalnız ağacların yarpağını tökmür...
Bəzən illərin üstümüzdə saxladığı xatirələri də bir-bir yerə salır.
Bəlkə də buna görədir ki, payız təbiətin deyil, dərdin fəslidir. Çünki təbiət payızda sadəcə saralır, insan isə düşünür...
Və düşünən insan üçün payız – hər şeydən əvvəl, hesabat fəslidir.
Bəzən bir şeirə baxırsan, orada yalnız təbiətin mənzərəsini görürsən; saralmış yarpaqları, küləyi, yağışı, solan çiçəkləri... Amma elə şeirlər də var ki, təbiət sadəcə görünən tərəfdir. Şair əslində payızdan danışarkən insan ömrünün, ayrılıqların, itkilərin və içində yığılıb qalan kədərin mənzərəsini yaradır.
Mənə görə, bu şeirdəki payız da yalnız təqvimin bir fəsli deyil. Payız burada təbiətin deyil, dərdin fəslidir. Saralan yarpaqlar insanın yaddaşında saralan xatirələrə, tökülən yarpaqlar həyatdan bir-bir köçən insanlara, təbiətin səssizliyi isə insanın içindəki sükuta çevrilir.
Sevda xanımda "Payız"a hamı kimi baxır, onu hamı kimi duyur və hamı kimi sevir. Şairəmiz şeirini "Payızı çox sevirdim" deyə başlayır. Bu cümlədə əvvəlcə adi bir sevgi etirafı təsiri yaranır. Elə buna görə də şeir ilk bənddən payız çox gözəl, isti və doğma təsvir olunur. "Bərəkəti, barıyla", "tökülən yarpaqların rəngindəki şarıyla". Burada payız həyatın bolluğu, gözəlliyi və təbiətin rəngləri ilə təqdim edilir;

"Payızı çox sevirdim,
Bərəkəti, barıyla.
Tökülən yarpaqların
Rəngindəki sarıyla."


Lakin şeir irəlilədikcə anlayırıq ki, söhbət təkcə payızın gözəlliyindən getmir. Payız şairin duyğularında başqa bir məna qazanır. O, keçmişlə bu günü, sevgi ilə ayrılığı, həyatla ölümü bir-birinə bağlayan mənəvi bir körpüyə çevrilir. Daha sonra şair payızı sevir, onun yolunu gözləyir, onu "qızıl", "gövhər" adlandırır.

"Ona qızıl deyirdim,
Onu gövhər sayırdım.
Yolunu gözləyirdim,
Hər an arzulayırdım."


Bu baxımdan şeiri oxuyarkən göz önündə yalnız payız mənzərəsi canlanmır. Sanki şair təbiətin üzərinə öz qəlbinin kölgəsini salır. Yarpaq töküldükcə xatirələr danışır, külək əsdikcə keçmişdən səslər gəlir və insan öz daxilində hiss edir ki, bəzi fəsillər təqvimdə deyil, ürəkdə başlayır. Şeir bu bənddən etibarən payız kimi öz rəngini dəyişir. Artıq payız yalnız təbiətin fəsli deyil, el-obanın toy-düyünlərinin, gənclərin arzularının, gəlin köçən qızların fəsli kimi görünür.

"Tez-tez eldə, obada
Mağarlar qurulardı.
Sinəsi dastan dolu
Bir İmranımız vardı."


"Bir İmranımız vardı" misrası ilə yaddaş yenilənir. Hər bir şeyin elin qəhrəmanlıq və dastan ənənəsinin bir parçasına çevrilir.
Bəlkə də buna görə payızın ən böyük kədəri yarpaqların tökülməsi yox, insanın içində nəyinsə əvvəlki kimi qalmamasıdır. Şairin payızı da məhz bu dəyişimin, itkinin və nisgilin fəslidir.

"Subay, igid oğlanlar
Bəy şərbəti içərdi.
Bir evdən başqa evə
Qızlar gəlin köçərdi."


Əvvəl təbiət lövhəsi kimi başlayır, sonra yavaş-yavaş insan taleyinə keçir və sonda məlum olur ki, şairəmiz üçün payız artıq fəsil yox, itkilərin, ayrılıqların, şəhidliyin və şəxsi dərdin adıdır. Elə buradan da şeir ağırlaşmaya doğru gedir;

"Amma neçə gəlinlər
Dul qaldılar payızda.
Şəhid yaylığı örtdü
Neçə nişanlı qız da."


Elə bununlada "payız" sözünün mənası dəyişir. Əvvəl gözəllik və bolluq gətirən payız indi ayrılıq və ölüm gətirən bir fəslə çevrilir. "Şəhid yaylığı örtdü, Neçə nişanlı qız da" misralarında isə müharibənin gənc insanların həyatına vurduğu yara görünür. Bir neçə sözlə toy gözləyən qızın taleyinin necə dəyişdiyi göstərilir.
Şeirin bu hissəsindən təsirli məqam başlayır. Şairin ümumi dərddən şəxsi dərdinə keçir:

"Yanağımla axıdıb
Göz yaşımı apardı.
Canımdan çox sevdiyim
Qardaşımı apardı."


Burada artıq oxucuya məlum olur ki, payıza olan münasibətin arxasında yalnız ictimai ağrı yox, şairin özünün yaşadığı böyük itki dayanır.
Ardınca;

"Əlimdən gövhərimi,
Varımı aldı payız.
Ömrümün yaraşığı
Yarımı aldı payız."


Bu misralarda "payız" artıq təbiət hadisəsi olmaqdan çıxıb itkinin simvoluna çevrilir. Əvvəldə "gövhər" adlandırılan payızın özünün sonradan şairdən "gövhərini" alması çox maraqlı poetik qarşılaşdırmadır. Yəni şair əvvəl payızda gövhər görürdü, sonradan isə payız onun gövhərini əlindən aldı.
Şeirin son bəndi, şairirəmizin bütün əvvəlki duyğularını artıq bir nöqtədə birləşdirir;
"İndi özün de, səni,
Necə sevim mən, payız?"
Bu, sadəcə sual deyil. İncimiş insanın taleyə verdiyi sualdır.
Sonra isə;
"Sevdaya qəm, kədərli,
Özgələrə şən payız."
misraları isə şairəmiz Sevda Zeynalovanın şeirdə demək istədiyi əsas fikrini tamamlayır. Payız başqaları üçün gözəl, rəngli, bərəkətli ola bilər. Amma şairəmiz üçün onun gətirdiyi xatirələr tamam başqadır. Eyni fəsil birinə sevinc, digərinə dərd gətirə bilər.
Çünki Sevda xanım əvvəl bizə payızın şəklini göstərir, sonra həmin şəklin içindən insan taleyini çıxarır. Və oxucu bir anda anlayır ki, saralmış yarpaqların arxasında saralmış xatirələr, payız yağışlarının arxasında göz yaşları, payızın gəlişinin arxasında isə ayrılıq dayanır.
Şeirin əsas poetik uğur da elə budur. Çünki, Sevda xanım Zeynalova bu şeirdə heç də böyük sözlər işlətmədən, sadə və səmimi dillə payızı itkinin rəmzinə çevirə bilib.
P.S. Bu iki şeir üzərində düşüncəmi bir yerdə bildirməyə bir səbəb də oldu. Hər iki şeiri eyni gündə oxudum...
Və bu iki şeirə bir yerdə yanaşmamı bildirməyi özümə söz verdim.
Bu kiçicik yazımla hər iki dəyərli şairlərimizə ömür yolunda kədərsiz, ağrısız payız arzusu ilə gözəl yaradıcılıq uğurları arzulayıram...

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin üzvü,
Şair-publisist.

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031