
Xəbərlər
16.06.2026, 13:17
ŞAİRLİK TİTULDAN YOX, QƏLBDƏ YAŞAYAN SÖZ SEVGİSİNDƏN BAŞLAYIR - FOTO
Yaşar Kamaloğlu yaradıcılığına bir dost baxışı...
Azərbaycan poeziyasında milli kimlik mövzusu xalqın soy-kökünü, tarixi yaddaşını, dilini, adət-ənənələrini və mədəni dəyərlərini əks etdirən çoxsaylı bədii əsərlərdə öz ifadəsini tapmışdır. Bu əsərlərin əhəmiyyətli bir qismi şifahi xalq ədəbiyyatından və aşıq yaradıcılığından bəhrələnərək formalaşmış, yaradıcı təfəkkürün poetik təcəssümü kimi milli ruhun nəsildən-nəslə ötürülməsində mühüm rol oynamışdır.
Belə nümunələr keçmişlə bu gün arasında mənəvi körpü yaradaraq xalqın milli özünüdərkini möhkəmləndirmiş, tarixi yaddaşın qorunub saxlanılmasına xidmət edən güclü bədii ifadə vasitələrinə çevrilmişdir.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin 1959-cu ildə qələmə aldığı məşhur “Gülüstan” poeması Azərbaycan xalqının parçalanmış taleyini, milli birlik ideyasını və istiqlal arzusunu əks etdirən ən dəyərli ədəbi nümunələrdən biridir. Sevindirici haldır ki, bu gün də milli yaddaşımızı oyadan, tariximizə və kimliyimizə işıq tutan belə sanballı yaradıcılıq nümunələri Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutmaqdadır.
Facebookoda çoxdan izlədiyim, yaradıcılığına xüsusi simpatiyam Yaşar Kamaloğlunun poeziyasında diqqətimi çəkən aşağıdakı üç məqam oldu. Bu üç əsas xətt onu yaradıcılığı və Facebookoda izlədiyim fəaliyyəti boyu davamlı şəkildə özünü göstərirdi.
Bunları aşağıdakı kimi sıralasaq belə alınar :
Türk kimliyi və tarixi yaddaş;
Vətənə və torpağa bağlılıq ;
Mənəvi dəyərlərə və qəhrəmanlıq ənənələrinə ehtiram;
Bu da görünür ki, müəllifin dünyagörüşünün və yaradıcılıq istiqamətinin əsas xüsusiyyətlərini müəyyənləşdirir. Ona görə də Yaşar müəllimin şeirlərini oxuyub özüm üçün müəyyənləşdirərkən yalnız məzmunu deyil, həm də ideya yükünü, bədii təsvir vasitələrini, onun müəllif mövqeyini və ümumi poetik ruhu nəzərə almağı qarşıma məqsəd qoymuşdum. Onun səhifəsinə keçib, bir dost kimi münasibət bildirmək üçün seçdiyim şeirlərində yuxarıdakı düşüncəmə ehtiram olaraq ehtiyatlanırdım.
Şairin səhifəsindən seçib götürdüyüm - "TÜRKOĞLU TÜRKƏM!"-şeiri bütün varlığımı silkələdi. Çünki, şeir türk kimliyi, tarixi yaddaş, milli qürur və vətənpərvərlik motivləri üzərində qurulmuşdu. Şair öz mənsubiyyətini sadəcə etnik kimlik kimi deyil, minilliklərin tarixi, mədəniyyəti və qəhrəmanlıq ənənələri ilə bağlı bir dəyər kimi təqdim edir. Təkrar olunan - "Doğudan batıya, türk oğlu türkəm!"- misrası isə əsərin əsas ideyasını ifadə edən nəqarət rolunu oynayır.
"Kimliymi soranlar, bilin kiməm mən!
Doğudan batıya, türk oğlu türkəm!
Dünyada üç qitə, səlnamə yazan,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya, türk oğlu türkəm!"
Şair bu şeirində özünü təqdim etmə ilə başlayır. Şair ona "sən kimsən?" sualını verənlərə cavab verir. Türk xalqının tarix boyu üç qitədə – Asiya, Avropa və Afrikada dövlətlər qurduğunu, dünya tarixində mühüm izlər buraxdığını xatırladır. Burada türk kimliyi ilə fəxr hissi ön plana çıxır.
"Məni mən eləyən, şirin dilimdi,
Mənim türklüyümdü,mənsubiyyətimdi,
Halal zəhmətimdi, alın tərimdi,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya, türk oğlu türkəm!"
Bu bənddə şair kimliyinin əsas sütunlarından olan Ana dilini, Türk mənsubiyyətini, halal əmək və alın tərini sadalayır.
Bununla da şair demək istəyir ki, insanı şəxsiyyət edən yalnız soy-kök deyil, həm də zəhmətsevərlik və mənəvi dəyərlərdir.
"Dədəm Səlcuqludu, babam Alparslan,
Dur, bir ayaq saxla, yerində dayan,
Deyirəm dünyaya qoy olsun bəyan,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya, türk oğlu türkəm!"
Burada türk tarixinin böyük səhifələrinə müraciət olunur. Şair özünü mənəvi olaraq Səlcuqluların və böyük sərkərdə Alp Arslan irsinin davamçısı hesab edir. Burada şairin məqsədi tarixi köklərin böyüklüyünü vurğulamaqdır.
"Dağlarda dumanam, çəməndə şehəm,
Mən islam əhliyəm, əməl salehəm,
Kafir dizi qıran, Sultan Fatehəm,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya,türk oğlu türkəm!"
Bu bənddə iki xətt birləşir ki, bunlardan biri təbiət obrazları (duman, şeh), dini və tarixi kimlikdir.
Şair özünü həm təbiətin bir parçası, həm də islam mədəniyyətinin daşıyıcısı kimi təqdim edir. "Sultan Fateh" - ifadəsi ilə Mehmed II obrazına işarə edilir və türk-islam tarixinin zəfər ənənəsi yada salınır.
"Yenilməz bir bəyəm,Qara Osmanam,
Yağıya qəm-qüssə, kədərəm, aham,
Vətəni böyüdən İsmail şaham,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya, türk oğlu türkəm!"
Şair bu bənddə tarixi şəxsiyyətlər vasitəsilə dövlətçilik ideyasını qabardır. "Qara Osman"-ifadəsi ilə çox güman ki, Qara Osman nəzərdə tutulur. "İsmail şah" isə Şah İsmayıl Xətai obrazıdır.
Şair onların dövlət quruculuğu və mübarizə ruhunu öz mənəvi dünyasının bir hissəsi kimi təqdim edir.
"Qəhrəman Mübariz, Polad, İlqaram,
Namərddən-nadandan hesab soraram,
Vətənə, torpağa qurban olaram,
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya,türk oğlu türkəm!"
Şeirin bu bənd müasir dövrə həsr olunub. Burada Azərbaycanın Milli qəhrəman oğulları – Mübariz İbrahimov, Polad Həşimov və İlqar Mirzəyev xatırlanır.
Şair onların timsalında vətən uğrunda canından keçən insanları tərənnüm edir və özünün də həmin amalın daşıyıcısı olduğunu bildirir.
"Nəbiyəm, Babəkəm həm Koroğluyam,
Vətənə, torpağa, elə bağlıyam,
Sadə bir şairəm, Kamaloğluyam
Gəl sənə söyləyim agah ol, kiməm!
Doğudan batıya, türk oğlu türkəm!"
Şair bu bənddə xalq qəhrəmanlarının obrazlarını bir araya gətirir.
Qaçaq Nəbini - azadlıq və ədalət rəmzi kimi, Babəki - mübarizlik rəmzi kimi və Koroğlunu isə, qəhrəmanlıq və haqqın müdafiəçisi kimi təbliğ edir.
Şair sonda öz adını çəkərək bütün sadalanan mənəvi dəyərlərin daşıyıcısı olduğunu bildirir və əsəri güclü bir özünütəsdiq notu ilə tamamlayır.
Şeirin əsas mövzusu türk kimliyi, milli qürur, tarixi yaddaş, islam mənəviyyatı və vətənpərvərlikdir. Müəllif türk tarixinin müxtəlif dövrlərindən qəhrəmanları və hökmdarları bir ideya ətrafında birləşdirərək göstərmək istəyir ki, bugünkü türk insanı böyük bir tarixin, zəngin mədəniyyətin və qəhrəmanlıq ənənəsinin varisidir.
Əsərin emosional yükü yüksəkdir. Şair fəxarət, qürur, inam və milli özünüdərk hisslərini oxucuya çatdırmağa çalışır. Təkrar olunan nəqarət isə bu ideyanı daha da qüvvətləndirir:-"Doğudan batıya, türk oğlu türkəm!".
Yaşar Kamaloğlunun səhifəsindən seçib götürdüyüm şeir "AZƏRBAYCAN" şeiridir. Bu şeir də Azərbaycanın tarixi keçmişinə, milli kimliyinə, ərazi bütövlüyünə və azadlıq ideallarına həsr olunmuş vətənpərvərlik ruhlu bir şeirdir. Müəllif xalqın keçdiyi tarixi yolu, yaşadığı faciələri və qəhrəmanlıq səhifələrini poetik dillə ifadə edərək Azərbaycan sevgisini ön plana çıxarır.
Şeirin əsas mövzusu Azərbaycanın tarixi, milli yaddaşı, vətən sevgisi və istiqlal arzularıdır. Əsər boyu müəllif keçmişlə bu günü əlaqələndirərək xalqın qəhrəmanlıq tarixini və gələcəyə olan ümidlərini ifadə edir.
Təkrar olunan:- "Sənə qurban hər an can, Yaşa, ey Azərbaycan!"-misraları şeirin nəqarəti kimi çıxış edir. Bu nəqarət müəllifin Vətənə sonsuz sevgisini və sədaqətini ifadə edir.
Oğuzlardan bu yana,
Kimlər ana,kim dana,
Saur Qazan,mərd Bеyrək,
Söylə,damş,de hana?
Sənə qurban, hər an can,
Yaşa, ey Azərbaycan!
Azərbaycan xalqının köklərini Oğuz türklərinə bağlayır. Burada Qazan Xan və Bamsı Beyrək kimi qəhrəmanların xatırlanması xalqın qədim qəhrəmanlıq ənənələrinə işarədir.
Müəllif göstərmək istəyir ki, Azərbaycanın tarixi yalnız coğrafi məkan deyil, həm də əsrlər boyu formalaşmış milli-mənəvi irsdir.
Bu el-oba türk yurdu,
Yagıları hey vurdu,
Babamız Şah Ismayil,
Yenilməz dövlət qurdu,
Sənə qurban hər an can,
Yaşa, ey Azərbaycan!
Türk yurdu və dövlətçilik ənənəsi növbəti bənddə davam edir. Azərbaycan türk yurdu kimi təqdim olunur. Burada Şah İsmayıl Xətai obrazı xüsusi yer tutur. Müəllif Şah İsmayılı dövlətçilik və milli güc simvolu kimi göstərir.
Bu hissədə Azərbaycanın tarix boyu xarici hücumlara məruz qalmasına baxmayaraq öz varlığını qoruması vurğulanır.
Paramparça etdilər,
Araya sədd çəkdilər,
Çöyçə,Şuşa,Təbrizi,
Bizdan alıb diddilər,
Sənə qurban hər an can,
Yaşa ey Azərbaycan!
Şair növbəti bu bəndi bölünmüş Vətən ağrısından danışır. Bu da şeirin ən təsirli hissələrindən biridir. Müəllif tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqlarının parçalanmasından doğan ağrını ifadə edir. Burada Göyçə, Şuşa və Təbriz adlarının çəkilməsi bütöv Azərbaycan ideyasının poetik ifadəsidir.
Uğrunda candan oldu,
Analar saçın yoldu.
Tabriz, Farid,Mubariz,
Vətənə şəhid oldu.
Sənə qurban hər an can,
Yaşa ey Azərbaycan!
Bu bənddə ayrılıq, həsrət və tarixi ədalətsizlik hissləri üstünlük təşkil edir. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi yad edilir. Şair şəhidliyi xalqın azadlıq yolundakı ən böyük fədakarlığı kimi təqdim edir.
Burada adı çəkilən şəxslər müxtəlif dövrlərdə milli mübarizənin və qəhrəmanlığın simvolu kimi göstərilir. Anaların saç yolması isə xalqın çəkdiyi ağrını və itkiləri simvolizə edir.
Məmməd Əmin bir öndər,
Allahım,çərxini döndər,
Hürriyyətmiz naminə,
Xilaskarmızı göndər,
Sənə qurban hər an can,
Yaşa ey Azərbaycan!
Şair bu bənddə Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə müraciət edərək, azadlıq və istiqlal arzusundan danışır. Rəsulzadə burada istiqlal, azadlıq və milli dövlətçilik ideallarının təcəssümü kimi təqdim olunur.
Şair xalqın azadlığı və rifahı naminə yenidən belə öndərlərin yetişməsini arzulayır.
Bu şeir bir neçə mühüm fikri özündə birləşdirir:
Azərbaycan sevgisi;
Türk kimliyi və milli mənsubiyyət;
Tarixi yaddaşın qorunması;
Bölünmüş vətən ağrısı;
Şəhidlərə ehtiram;
Azadlıq və istiqlal arzusu.
Buda onu göstərir ki, şair üçün Azərbaycan sadəcə bir dövlət deyil, minilliklərdən gələn tarixin, qəhrəmanlığın, şəhidlərin qanı ilə qorunan müqəddəs bir Vətəndir.
Şairin səhifəsindən seçdiyim növbəti şeiri "ƏRTOĞRUL OĞLU, QARA OSMANIM!" şeiridir. Bu şeir Azərbaycanın keçmişinə ehtiram, bu gününə sevgi və gələcəyinə inam üzərində qurulmuş vətənpərvərlik manifestidir.
Şeir tarixi-vətənpərvərlik ruhunda yazılmış bir qoşmadır və Osmanlı dövlətinin banisi olan Osman Qazi şəxsiyyətinə həsr edilmişdir. Müəllif Osman bəyi yalnız bir dövlət qurucusu kimi deyil, həm də türk birliyinin, qəhrəmanlığın və milli ruhun simvolu kimi təqdim edir.
"Ərtoğrul oğlu, Qara Osmanım!"
Şeirin adı birbaşa Osman bəyə müraciət formasındadır. "Qara" sözü burada rəng mənasında deyil, qədim türk düşüncəsində olduğu kimi "qüdrətli", "mərd", "böyük" anlamı daşıyır. İthaf hissəsində isə şair Osman bəyin xatirəsini ehtiramla yad edir və əsərin ümumi ruhunu müəyyənləşdirir.
"Allahdan rəhmətlə, hörmətlə anaq,
O, bir qəhrəmanıdı, biz necə danaq,
Oduna alışıb necə yanmayaq,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Şeir dua və ehtiramla başlayır. Şair Osman bəyi qəhrəman kimi təqdim edir və onun yaratdığı ideallardan təsirlənməməyin mümkün olmadığını vurğulayır. "Oduna alışıb necə yanmayaq" misrası onun mübarizə və qəhrəmanlıq ruhunun insanlara sirayət etdiyini bildirir.
"Bozoxu Üçoxla bir edib,qatdı,
Gəzib obaları, xalqı oyatdı,
Türkləri böyüdüb,dövlət yaratdı,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Burada türk boylarının birliyi ideyası ön plana çıxır. Şair Osman bəyi parçalanmış tayfaları bir araya gətirən lider kimi təqdim edir. Dövlət quruculuğu əsas mövzuya çevrilir.
" Aslan tək atıldı,girdi meydana,
Osmanlı tokatı dəydi şeytana,
İnanmam önündə kimsə dayana,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Bu bənddə qəhrəmanlıq motivi güclənir. "Aslan" bənzətməsi cəsarətin simvoludur. Müəllif Osman bəyin döyüşkən xarakterini və iradəsini şişirtmə elementləri ilə təsvir edir.
"Vətənim söylədi,qanlı torpağa,
Aman vermədi qorxaq,yaltağa,
Kafiri sındırıb,saldı ayağa,
Ərtoğrul oğlu, Qara Osmanım!"
Bu bənddə Osman bəy haqq uğrunda mübarizə aparan, zəiflik və qorxaqlıqla barışmayan bir lider kimi təqdim edilir. Şeirin dini və milli motivləri burada bir-biri ilə qovuşur.
" Bizans qarşısında,diz çöküb qaldı,
Alpların canıyla,torpaqlar aldı,
Qazilik adıyla,qəlbdə ucaldı,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Bu hissədə Osmanlı dövlətinin ilk uğurlarına işarə edilir. Şair Osman bəyin qazilik məqamını vurğulayır. Burada "alp" sözü qədim türk igidlərini ifadə edir.
"Monqollar önündə,heç əyilmədi,
Cəng etdi düşmənlə,heç çəkinmədi,
Haqq yolun tutaraq,haram yemədi,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Şair bu bənddə qəhrəmanın mənəvi keyfiyyətləri ön plana çəkir. Cəsarət, Mətinlik, Ədalət, Halallıq.
Müəllifə görə Osman bəyin böyüklüyü yalnız qılıncında deyil, həm də əxlaqındadır.
" Qatlandı hər dərdə,dözdü çiləyə,
Heç vaxt inanmadı,heç bir hiyləyə,
Əzmiylə O, çatdı arzu-diləyə,
Ərtoğrul oğlu, Qara Osmanım !"
Burada liderin iradəsi və səbrindən danışılır. Şair göstərmək istəyir ki, böyük dövlətlər təsadüfən deyil, əzmkarlıq və çətinliklərə dözmək hesabına yaranır.
" Böyütdü vətəni,Turan yaratdı,
Batını bir etdi,Doğuya qatdı,
Məğribdən başlayıb,Məşriqə çatdı,
Ərtoğrul oğlu,Qara Osmanım !"
Son bənd əsərin kulminasiyasıdır. Müəllif Osman bəyi türk birliyi və geniş coğrafiyaya yayılan dövlətçilik idealının simvolu kimi təqdim edir. Burada "Turan" anlayışı türk xalqlarının birliyi və ortaq mənəvi məkanı kimi işlədilmişdir.
Şeirin əsas mövzusu Osman Qazinin şəxsiyyəti, dövlət quruculuğu, türk birliyi və qəhrəmanlıq ideallarıdır.
Əsərdə üç əsas xətt diqqəti çəkir:
Tarixi xətt – Osmanlı dövlətinin yaranması və yüksəlişi.
Milli xətt – türk birliyi və dövlətçilik düşüncəsi.
Mənəvi xətt – halallıq, ədalət, qazilik və iman.
Şairin tarixi şəxsiyyətə sadəcə bioqrafik yanaşmır, onu milli yaddaşın və türk ruhunun daşıyıcısı kimi təqdim edir. Təkrarlanan "Ərtoğrul oğlu, Qara Osmanım!" misrası isə həm ehtiram ifadəsi, həm də qəhrəmanlıq nəğməsinin nəqarəti kimi səslənir.
Ədəbi baxımdan əsərin ən güclü cəhəti səmimi və coşqulu vətənpərvərlik ruhu, zəif tərəfi isə bəzi tarixi hadisələrin poetik ideallaşdırılmasıdır. Lakin bu, qəhrəmanlıq mövzulu xalq şeiri üslubu üçün səciyyəvi xüsusiyyətdir.
Sonda şairin səhifəsindən "MƏN ŞAİR DEYİLƏM, BİR HƏVƏSKARAM" şeirini seçib götürdüm. Bu şeir əvvəlki şeirlərdən fərqli olaraq daha çox müəllifin öz yaradıcılığına münasibətini, təvazökarlığını və poeziyaya sevgisini ifadə edir. Əsərin əsas ideyası budur ki, şair özünü böyük şair hesab etmir, sadəcə sözə vurğun bir həvəskar kimi təqdim edir. Lakin şeirin bütövlüyünə baxdıqda görünür ki, burada sadə görünən təvazökarlığın arxasında poeziyaya bağlı bir insanın daxili aləmi dayanır.
"Qələmi qəddədim, vərəqə yatdım,
Qəlbimdə bir şair hissi oyatdım,
İlhamla təbimə az ovqat qatdım,
Mən şair deyiləm, bir həvəskaram."
Şeir yaradıcılıq anının təsviri ilə başlayır. Müəllif qələmi əlinə alıb yazmağa başladığını, daxilindəki şairlik hissini oyatdığını bildirir. İlhamın ona mənəvi güc verdiyini söyləsə də, sonda yenə təvazökarlıq nümayiş etdirərək özünü "şair" deyil, "həvəskar" adlandırır.
Bu bənddə yaradıcılığa ilk addım və daxili ehtiyac ön plana çıxır.
Ustadlar yanında dərs almışam mən,
İlhamım vətəndən,güldən,çiçəkdən,
Uydurub,yazıram arada hərdən,
Mən şair deyiləm,bir həvəskaram.
Burada şair özünün ədəbi ənənəyə bağlılığını vurğulayır. O, ustadlardan öyrəndiyini etiraf edir. İlham mənbəyində isə Vətən sevgisi, təbiət gözəllikləri və gül və çiçəklərdir.
"Arada hərdən yazıram" ifadəsi müəllifin təvazökarlığını daha da gücləndirir.
"Əyridən yazıram,düzdən yazıram,
Yalançı,riyakar üzdən yazıram,
Qəmlənib yaş tökən gözdən yazıram,
Mən şair deyiləm,bir həvəskaram."
Bu bənddə şair mövzu dairəsini açıqlayır. O, həyatdakı doğru və yanlışlardan, yalançı və riyakar insanlardan, eləcədə kədərdən və göz yaşından yazdığını bildirir. Yəni onun poeziyası yalnız gözəllikləri deyil, həyatın acı həqiqətlərini də əhatə edir.
"Yazıram Ulduzdan həm də ki,Aydan,
Dumduru,göz yaşı dənizdən,çaydan,
Çiçəkli bahardan,günəşli yaydan,
Mən şair deyiləm,bir həvəskaram."
Bu bənddə təbiət təsviri üstünlük təşkil edir. Müəllif ilhamını ulduzlardan və aydan, dəniz və çaylarda, eləcədə bahar və yay gözəlliklərindən aldığın göstərir.
Burada romantik və lirik ovqat hiss olunur. Şair təbiətin gözəlliklərini sözə çevirməyə çalışır.
"Ey məni sevərək tərifləyənlər,
Xoş sözlər söyləyib məni öyənlər,
Adıma dəyərli şair deyənlər,
Mən şair deyiləm,bir həvəskaram."
Bu bənd əsərin yekunudur. Şair ona dəyər verən, yaradıcılığını bəyənən insanlara müraciət edir. Onların təriflərini qəbul etsə də, yenə də özünü böyük şair kimi təqdim etmir.
Bu, Azərbaycan aşıq və xalq şeiri ənənəsində tez-tez rast gəlinən təvazökarlıq motividir. Sənətkar özünü kiçildir, sənəti isə ucaldır.
Şeirin əsas mövzusu yaradıcılıq sevgisi və sənətkar təvazökarlığıdır. Müəllif poeziyanı şöhrət və ad-san üçün deyil, qəlbin ehtiyacı kimi gördüyünü göstərir. O, ilhamını vətəndən, təbiətdən, insan talelərindən aldığını bildirir və bütün bunlara baxmayaraq özünü "sadəcə bir həvəskar" adlandırır.
Yaşar Kamaloğlunun yaradıcılığında ən diqqətçəkən cəhəti səmimiyyətidir. Oxucu burada özünü tərifləyən bir müəllif yox, sözə vurğun, poeziyanı sevən, duyğularını qələmə alan təvazökar bir insan görür.
Əslində isə şeirin özündə maraqlı bir paradoks var: müəllif hər bənddə "Mən şair deyiləm" desə də, duyğularını şeir dili ilə ifadə etməsi onun poeziyaya nə qədər yaxın olduğunu göstərir. Buna görə də şeirin əsas fikrini belə ümumiləşdirmək olar:
"Şairlik tituldan yox, qəlbdə yaşayan söz sevgisindən başlayır."
Elxas Comərd.
AYB-nin üzvü, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















