Xəbərlər
16.06.2026, 01:13
Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir - FOTO
TƏBRİK EDİRİK!
Bu gün sözün sehri ilə könüllərə yol tapan, qələmi ilə oxucuların rəğbətini qazanan, bacı qədər doğma, əziz və dəyərli şairəmiz, istedadlı yazıçımız Natella Nur xanımı səmimi-qəlbdən təbrik edirəm.
Natella Nur müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən qələm sahiblərindən biridir. O, Azərbaycan Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmiş, uzun illər tərcüməçi kimi fəaliyyət göstərmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamış, tələbələrinin və kollektivin böyük hörmət və sevgisini qazanmışdır. Onun yüksək ziyalılığı, insanpərvərliyi və müəllimlik məharəti hər zaman ətrafındakı insanların rəğbətinə səbəb olmuşdur.
Natella xanım zəngin yaradıcılıq irsinə malikdir. O, yeddi kitabın müəllifidir. Müəllifin "Allahın hədiyyəsi" romanı oxucular tərəfindən böyük maraqla qarşılanmış, sosial şəbəkələrdə, xüsusilə Facebook səhifəsində paylaşılaraq geniş oxucu auditoriyası toplamışdır.
Şairənin yaradıcılığında vətənpərvərlik, mənəvi dəyərlər, ilahi eşq, insan sevgisi və milli-mənəvi köklərə bağlılıq xüsusi yer tutur. Onun "Haqqın səsi", "Allahın nuru", "Nə gözəlsən, ay Allah" adlı şeir kitabları oxucuların böyük rəğbətini qazanmışdır.
Natella Nur Azərbaycan ədəbiyyatının görkəmli simalarına da müraciət etmiş, Qarabağın şöhrətli qızı Xan qızı Natəvan haqqında möhtəşəm poema qələmə alaraq ədəbiyyatsevərlərin ixtiyarına vermişdir. Bu əsər tarixi şəxsiyyətə ehtiramın və milli irsimizə bağlılığın parlaq nümunəsidir.
Şairənin yaradıcılığında şəhidlərimizin xatirəsi də xüsusi yer tutur. O, Vətən uğrunda canından keçən qəhrəman oğullarımıza həsr etdiyi "Şəhidlik zirvəsi" poemasını və mənim şəhid qardaşım Ayaz İsmayılov Feyruz oğlu haqqında geniş həcmli əsərini yazaraq onların əziz xatirəsini əbədiləşdirmişdir. Bu əsərlər müəllifin vətən sevgisinin, milli ruhunun və şəhidlərimizə sonsuz ehtiramının ifadəsidir.
Natella Nurun şeirləri mütəmadi olaraq dövri mətbuatda dərc olunur, sosial şəbəkələrdə geniş şəkildə paylaşılır və böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Onun səmimi, duyğulu və düşündürücü əsərləri oxucuların qəlbində özünə xüsusi yer tapmışdır.
Fürsətdən istifadə edərək Natella Nur xanımı öz adımdan və "Şairlər Ocağı" Ədəbi Məclisinin bütün üzvləri adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi, yeni-yeni uğurlar və qələminin daim məhsuldar olmasını arzulayıram.
Qoy yaradıcılıq yolunuz həmişə işıqlı olsun, yazdığınız hər bir əsər oxucuların qəlbində özünə əbədi yer tapsın. Sizə yeni zirvələr, yeni nailiyyətlər və Azərbaycan ədəbiyyatına daha böyük töhfələr bəxş etmək nəsib olsun.
Hörmət və ehtiramla, Gülmaya Feyruzqızı və
"Şairlər Ocağı" Ədəbi Məclisinin üzvləri adından.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












