Xəbərlər
16.06.2026, 00:04
VOLODYA DAYININ QURD YAĞI - FOTO
PÜNHAN ŞÜKÜR
Araşdırmaçı jurnalist.
Ötən əsrin 70-ci illərinin uşaqları böyüyüb sovet vətəndaşı, daha yaxşı sayılan halda kommunist olmalıydılar. Mən də şagird həmyaşıdlarım kimi, ardıcıllıqla “oktyabryat”, “pioner”, “komsomol” deyilən uşaq-gənclər təşkilatlarına üzv olmuşdum. Daha doğrusu, məktəbdə müəllimlərim üzv eləmişdilər.
Hərçənd, xatırlayanda nostalji hisslər oyadan başqa nəsnələr də var hafizəmdə.
Məhəlləmizdə azərbaycanlılardan əlavə, müxtəlif millətlərin nümayəndələri yaşayırdı – ruslar, xoxollar, yəhudilər, hətta almanlar da. Düzdür, istəsəm, o dövrkü xalqlar dostluğunu, o vaxtkı multikulturalizmi, qonşuluq münasibətlərindəki səmimiyyəti tərənnüm etmək üçün kifayət qədər motivlər xatırlayaram. İstəsəm, bütün bunları heçə endirən “velikorus” şovinizminin təzahürlərini də yada sala bilərəm. Ancaq məqsədim başqadır. Darıxmayın, indi biləcəksiniz.
Qeyri-millətdən olanların hamısı işə yarayan peşə, sənət yiyələri idi; özləri öz çörəklərini yeyən adamlardı. Maraqlı obrazlar var idi qonşuluğumuzda – yorğan sırıyan ahıl yaşlı Motya və Varya bacıları, özünün düzəltdiyi oyun-oyuncaqla, suvenir və talismanlarla “cuhud alveri” eləyən yəhudi Pavel, həmişə sərxoş vəziyyətdə olan balıqçı Yura, həyətində müxtəlif güllər becərib buket hazırlayan Vera müəllimə... Hələ qapı-qapı gəzərək, kiçik fotoşəkilləri böyüdüb şüşəli çərçivəyə salan erməni sənətkarları demirəm.
Qonşumuzun biri orta yaşlı Vladimir adlı rus idi. Onu “Volodya dayı”, yaxud, rusca “dyad Volod” deyə çağırırdıq. İkinci dünya müharibəsində sol ayağını itirmişdi. Rəsmi icazəli ovçuluqla məşğuldu. Müharibədən qənimət kimi gətirdiyi Almaniya istehsalı olan üçtəkərli motosikletə iki tulasını oturdub ova yollananda alman motoatıcı döyüşçülərin üç nəfərlik ekipinə oxşayırdılar. Bircə svastika nişanlı dəbilqələri çatmırdı...
Ümumiyyətlə, Volodya dayı ilə bağlı hər şey biz uşaqlara maraqlı gəlirdi. Adama hər şeydən, hər yerdən sual verirdik. Yarı rus, yarı azərbaycan dilində verdiyi cavablar bizi çox təəccübləndirir, düşündürürdü.
Volodya dayı həyətinin bir küncündə taxtadan böyük əl damı düzəltmişdi. Damın içərisinə özünə aid ov və təsərrüfat alətləri, dəzgah və avadanlıqlar yığmış, həm də motosikleti üçün qaraj kimi istifadə edirdi.
“Tom Soyyerlə Heklberri Finnin macəraları”nı oxuduğum vaxtlar idi. Bəlkə də o kitabın təsirindəndi; qonşu rus uşaq Vasyanın küyünə getdim, axşam Volodya dayının qarajına oğurluğa girdik. Damın içinə keçmək üçün taxta parçalarını qoparanda nədənsə həyətin o biri başındakı tulaların səsi çıxmadı. Görünür, bu heyvanlar mühafizədən çox ov üzrə ixtisaslaşmışdılar. Volodyanın adına olan ov tüfəngi qarajda olmasa da, əldəqayırma tüfəng qundaqları, balıqçı tilovları və böyüklərə aid bir çox başqa şeylər vardı.
Məni qaraja sırf uşaq marağı aparmışdı. Yaşca məndən iki il böyük olan Vasyanı deyə bilmərəm, bəlkə də satıb pula çevirə biləcəyi nələrsə tapmaq istəyirdi.
Heç nə, mən indiki ağlımla dəfinə kimi xatırladığın o qarajdan motosiklet təkərinin divardan asılmış yamaqlı kamerini götürdüm. Yenə deyirəm, satmaq üçün yox, rezinindən quşatan ("roqatka") düzəltmək üçün.
Vasyanın isə qəniməti böyük idi. Köhnə akkumlyatordan qurğuşun lövhələr sökmüşdü. İstifadəsiz, motoru üstündə olmayan soyuducunun arxa tərəfindən diametri tapança lüləsinə uyğun gələn mis borunu çıxarmışdı. Və bir də canavar tələsi götürmüşdü.
Məni evə xörək yeməyə səslədilər. Vasyaya dedim ki, anam çağırır, yarım saata qayıdıram. Danışmışdıq ki, qurğuşunu əridib müxtəlif qəlibli fiqurlar düzəldəcəyik.
Dəqiq xatırlaya bilmirəm, ya başım televizorda futbola baxmağa qarışdı, ya da gec idi deyə evdən küçəyə buraxmadılar. Vasya isə məni gözləmədən canavar tələsinin necə işlədiyini yoxlamaq qərarına gəlmişdi.
Nəticəsi pis oldu. Bir eşitdik ki, Vasyanın bağırtısı məhləni başına götürüb. Bacıları kömək edə bilmədilər. Bizdən böyük gənclər harayına yetişib onun əzilib qançır olmuş əlini tələdən xilas etdilər.
Bu hadisəni ona görə xatırlatdım ki, biləsiz, əsasən Sarısu gölünə yolunu salan Volodya dayı ovdan əliboş dönməzdi. Qaz, ördək, qaşqaldaq, sultan toyuğu vurub gətirərdi. Gətirdiyi quşların başı üstündə olmurdu. Deyirdi ki, başları yaralı quşu sudan, bataqlıqdan çıxarıb ona gətirən tulalara hədiyyə edir.
Quş olmayanda çöldən dövşan vururdu. Hərdən rastlaşdığı canavarı da öldürərdi. O vaxtlar ya canavar öldürməyə görə ciddi məsuliyyət nəzərdə tutulmamışdı, ya da Volodya dayı müharibə əlili kimi imtiyazlı şəxs olduğu üçün ona baş qoşmurdular.
Onu dəqiq bilirəm ki, canavarın ölüsünü satmırdı. Yəqin ki, lovğalanmaq üçün məhəlləyə gətirirdi. Bəlkə dərisi kimlər üçünsə maraqlı ola bilərdi, nə deyim. Hərçənd, istəsəydi, qurdun bədəninin yağlı yerlərini pulla da sata bilərdi. Bilirsiniz kimlərə?..
Volodya ölü qurdun ətrafına yığışan azərbaycanlı qadınlara, onların leşin pəncələrini, dirsəklərini, quyruğunu necə kəsmələrinə təəccüblə tamaşa edər, dodağının altında rus dilində astadan söyüşlər söyər, lap axırda ucadan nifrin deyərdi: “Yokalamane!”
Az qala saçyolduya çıxan arvadlar Volodya dayının suallarına ya yerli-dibli cavab vermir, ya da natamam cavab verirdilər deyə o, arvadların canavardan nə istədiklərini anlaya bilmirdi. O vaxt özümə söz vermişdim ki, haçansa bu sirri öyrənsəm, onu mütləq Volodya dayı ilə bölüşəcəyəm.
Anam özü elə şeylərlə maraqlanmadığı üçün mənə də "bilmirəm" deyirdi. Qurdun mübarək üzünü görmək üçün növbəyə düzülən həmin arvadlara sual verəndə isə adamı acılayırdılar. Tikə-tikə doğranan köpəyə yazığımız gəldiyi üçün bizi peşman eləyən söyüş payımızı alıb kiriyirdik: “Gedin, o yanda oynayın, köpək uşaqları!”
Bir az dəkkəlləşəndən sonra eşitdim ki, cəsarətli adama "elə bil, qurd ürəyi yeyib" deyirlər. Amma o qadınlar Volodyanın öldürdüyü canavarın ürəyini götürmürdülər axı.
Bir az da böyüdüm, anladım ki, cadu-pitik həvəskarı olan bədniyyət arvadlar qurd yağının evyıxıcı gücü haqqında batil inanca aldanaraq, o yağı bir-birindən ayırmaq istədikləri cütlüklərin paltarına, yataq dəstinə, evlərinin kandarına, qapılarının cəftəsinə sürtmək üçün əldə edirlər. Aravuranlıq cəhdləri uğurlu alınmayanda deyirdilər ki, yəqin qurdu rus vurduğuna görə yağı təsirsiz olub, müsəlman öldürmüş olsaydı, "səmərə" verərdi. Hələ deyəsən, qurdun köpək, ya da qancıq olmasının da əhəmiyyəti vardı.
Mən bütün bunları və “yokalamane” ifadəsinin sirrini öyrənəndə artıq çoxdan idi ki, Volodya dayı dünyasını dəyişmişdi. Yeri gəlmişkən, Yo-Ka-La-Ma-Ne kiril əlifbası ilə ardıcıl yerləşən qonşu hərflərdir. Sovet cəmiyyətinin ayrı-ayrı zümrələri, məsələn, əsgərlər, hərbçilər, dustaqlar öz spesifik həyat tərzlərinə, məişətlərinə, ənənələrinə aid sözlərin baş hərflərindən ibarət abrevuatur kimi müxtəlif yerlərə yozurdular. Hətta ibarənin türk mənşəli olduğunu və Allahdan üz döndərən adamın özünə oxuduğu lənəti ifadə etdiyini iddia edənlər də var: “Yok Al-a mi-ne (Yox Allah mənə)!”
Heyf, çatdırsaydım, veteran Volodya "katyuşa"dan, "papaşa"dan, "çar-bomba"dan danışanda mən də ona biz azərbaycanlıların arsenalımızdakı qurd yağından heç də geri qalmayan ölü torpağı, bayquş sümüyü, ala qarğanın beyni kimi digər dəhşətli silahlardan söz açardım.
Araşdırmaçı jurnalist.
PUBLİSİSTİK YAZI

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay