İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”

Baxış Sayı:322

İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”

Hərbi Qənimətlər Parkı 44 günlük müharibəni Zəfərlə başa vurmuş Azərbaycan Ordusunun güc-qüdrəti ilə bərabər, işğalçının faşist xislətini də göstərir

Ötən ilin payızında ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, yüksək döyüş ruhu təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımız azad edilməsi ilə nəticələndi. Möhtəşəm Qələbəmiz dünyaya millətimizin torpaq-yurd sevgisini, haqq-ədalət uğrunda mübarizəsini, milli birliyini bir daha sərgilədi.
İkinci Qarabağ savaşında ordumuz ermənilərin 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında yaratdıqları müdafiə xətlərini, mühəndis qurğularını qəhrəmanlıqla dağıtdı, komanda məntəqələrini, xeyli hərbi texnikasını, canlı qüvvəsini məhv etdi. Bununla da şanlı, müzəffər Ordumuz dünyada ən yaxşı döyüş qabiliyyətinə malik olduğunu təsdiqlədi.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti Ermənistan və onun havadarlarını sarsıtdı, acı məğlubiyyətə uğratdı, Azərbaycanı uzun illər çəkdiyi bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxartdı. Cənab Ali Baş Komandanın müdrik siyasəti ilə status-kvonu dəyişdirildi, təmas xətti darmadağın edildi. Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı haqqişimizə böyük təkan verdi və bu, tarixi, ədalətli Qələbəni reallaşdırdı.
Bizim haqq savaşımız Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız iddialar fonunda bir daha işğalçı ölkənin faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi.
Prezident İlham Əliyev ölkəmizə müdrik rəhbərliyi ilə 17 il ərzində Azərbaycanı bu Qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşdırmışdı. Dövlət başçısı münaqişənin davam etdiyi uzun bir dövrdə çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırmışdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya yaymış, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırmışdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təminatı üçün ciddi səylər göstərmişdi.
Ali Baş Komandan müharibənin davam etdiyi günlərdə də xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə alırdı.
Onu da yaddan çıxartmayaq ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı da Azərbaycan Ordusunun 44 gündə yüksək döyüş ruhunun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu Qələbə bayramında uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin qənimət kimi götürülən hərbi texnikasının bir hissəsinin nümayişi də qürurverici hadisə kimi yadda qaldı. Bu, eyni zamanda, kapitulyasiyaya imza atan Ermənistanın, həmçinin ona havadarlıq göstərən dövlətlərin illərlə yaratdıqları “məğlubedilməz erməni ordusu” mifinin darmadağın edildiyinin bir daha təsdiqi faktına çevrildi.
Düşmənin qənimət kimi götürülən hərbi texnikasından söz düşmüşkən, ordumuzun İkinci Qarabağ savaşındakı misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 3 dekabr 2020-ci il tarixli müvafiq sərəncam imzalamışdı. Ötən müddətdə sənədin icrası istiqamətində mühüm işlər görülmüşdü. Nəhayət, dövlət başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi.
Paytaxtın Xətai rayonunda yaradılan parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları bir tərəfdən Azərbaycan Ordusunun güc-qüdrətindən, digər tərəfdən işğalçının faşist xislətindən, vəhşiliyindən, hərbi cinayətindən xəbər verir.
Erməni faşistləri tərəfindən işğaldan azad edilən ərazilərimizdə tarixdə heç zaman unudulmayacaq vandalizm əməlləri törədilib, şəhər və kəndlərimiz yerlə bir edilib, tarixi irsimiz tamamilə dağıdılb, təbii sərvətlərimiz talanıb. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bu barədə deyib: “İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq.
Dövlət başçısının vurğuladığı kimi, bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur. Bu parlaq nailiyyətlə yeni reallıq yaranıb. Bu reallıq qan tökülərək, cəsarət göstərilərək, düşməni qovaraq reallaşdırılıb. İndi isə düşməndən təmizlənən ərazilərimizdə həmin reallıqdan irəli gələn genişmiqyaslı bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsinə başlanılıb. Əsas diqqət, istək isə bir məqsədə – insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımızın tez bir zamanda canlanmasına, yurd yerlərimizin gülüstana çevrilməsinə yönəldilib.

Cəmil ZƏBHULLAOĞLU
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”
İlham ƏLİYEV: “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyasının möhtəşəm uğurudur”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR