TƏBRİK EDİRİK!
Mirzəxan Xəlilov-80
Onun həyat salnaməsi

İnsan ömrü çox keşməkeşlidir. Onun yaxşısı var, pisi var, xoş günləri, bəd günləri var, uzun ömür, gözəl ömür var. Xoşbəxt o insandır ki, adı, ünvanı el arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın istəklisinə çevrilir, hamı-böyüklü-kiçikli xətir-hörmətini saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömrünə işıq düşür. Bir də ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlığa xidmətə yönəldilir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir. Belə ömür yaşayan gözəl insanlardan biri də Hacı Mirzəxan Xəlilovdur.

Onun həyat salnaməsi 1946-cı ilin 15 iyununda, günəşli bir yay səhərindən yazılmağa başlayıb. Bəşər tarixinin ən qanlı və dağıdıcı münaqişəsi olmaqla, təxminən 70-85 milyon insanın həyatına son qoymuş, dünya iqtisadiyyatını çökdürmüş, şəhərləri xarabalığa çevirmiş və qlobal geosiyasi xəritəni kökündən dəyişərək milyonlarla mülki əhalinin məcburi köçkün düşməsinə səbəb olmuş İkinci Dünya müharibəsinin (1939–1945) başa çatmasından heç bir il keçməmiş ( II Dünya müharibəsi 2 sentyabr 1945-ci ildə başa çatmışdır) yaraların hələ qaysaq bağlamadığı, Avropanın başdan-başa təlatümdə olduğu, Asiyanın, Afrikanın bir çox ölkələrinin aclıq və səfalət içində qaldığı bir zamanda Xəlilovlar ailəsinin ilk övladı- Mirzəxan göz açıb bu dünyaya. Atası Mirzəmməd 1942-ci ildə müharibədə ağır yaralandıqdan sonra aylarla müalicə olunmasına baxmayaraq ön cəbhəyə qayıda bilməyib, döyüş üçün yararsız hesab edilərək arxa cəbhəyə, öz doğma məkanına- Sabirabad rayonunun Kovlar kəndinə göndərilib. “Arxa cəbhə” ifadəsini sözgəlişi işlətmədim. Müharibə dövründə gecəni gündüzə qatıb yorulmadan işləyənlər həqiqətən fədakarlıq göstərirdilər. Bütün ölkə ( o vaxtkı SSRİ) məhz cəbhə üçün işləyirdi. Mirzəmməd də cəbhə üçün ilxı saxlayırdı. O zamanlar at cəbhənin təminatında ən səmərəli nəqliyyat vasitəsinə çevrilmişdi. Əslində Mirzəmmədin hər iki ayağı dizdən yuxarı kəsilməli idi. Lakin onun müalicə aldığı Qorki şəhərində yerləşən hərbi hospitalın əslən Qafqazdan olan cərrah-həkimi bundan imtina etmişdi. Nəticəsi də o olmuşdu ki, Mirzəmməd hər gün yaraları sızıldayan ayaqlarının üstndə hərəkət edə bilirdi, cəbhə üçün at bəsləyirdi...


Mirzəxanın uşaqlıq illləri də ölkədə aclığın, səfalətin hökm sürdüyü dövrə təsadüf edib. Digər həmyaşıdları kimi, o da vaxtından əvvəl “böyüyüb”, “kişiləşib”. Kənddə işçi qüvvəsi çatışmırdı, müharibə çox ailələri başsız, böyüksüz qoymuşdu. Ailənin ilki olması onun məsuliyyətini ikiqat artırırdı. Axı, atası səhər açılandan gecəyə kimi kolxoz işləri ilə məşğul olurdu. Ailənin bütün qayğıları onun üzərində idi. Təzə həyətə köçmüşdülər. Çal-çəpər düzəltmək, bağ salmaq, tərəvəz, bostan bitkiləri əkib-becərmək, həyətdə heyvandarlıq təsərrüfatı yaratmaq lazım idi. Həm də... həm də təhsil almaq. Atası təhsilini yarımçıq saxlamağa məcbur olmuşdu, yetimçiliklə böyümüşdü. Övladları oxumalı, təhsilli olmalı idilər- bu onun amalı idi... Beləcə, Mirzəxan kənd səkkizillik natamam orta məktəbini bitirib rayon mərkəzinə üz tutdu. M.Ə.Sabir adına Sabirabad şəhər 1 saylı beynəlimlər orta məktəbdə təhsilini davam etdirdi və 1965-ci ildə məktəbi başa vurdu. Həmin il kəndlərindən 4 nəfər ali məktəb tələbəsi adını aldı. O vaxtlar bu böyük nailiyyət hesab olunurdu. Onlardan biri də Mirzəxan idi. O, Gəncə şəhərində yerləşən (o vaxtkı Kirovabad) S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsinin qiyabi şöbəsinə qəbul olunmişdu. Elə həmin ili də Azərbaycan Texniki Təminat Birliyinin Sabirabad rayon şöbəsində əmək fəaliyyətinə başladı. 1972-ci ildə ali təhsilini başa vurdu və sahə rəisi vəzifəsinə irəli çəkildi. Çətin, lakin şərəfli peşə seçmişdi.

Kolxozların kənd təsərrüfatı təyinatlı texnikalarının təmiri ilə məşğul olurdular. Sahələrin şumlanması, əkilməsi, becərilməsi, məhsulun toplanması və daşınması, bir sözlə, rayonun əsas məşğulluq sahəsinin bütün çətinliklərini onlar da öz çiyinlərində hiss edirdilər. Səhər açılandan qaranlıq düşənə kimi işdə olurdu- rəhmətlik atası kimi. Bütün gününü kolxozlarda, əkin sahələrində, təmir məntəqələrində keçirirdi. Onun işdə əzmkarlığı, bacarığı, peşəsinə olan sevgisi rayon rəhbərliyi tərəfindən də nəzərə alınırdı. Direktor müavini kimi məsul bir vəzifəyə təyin olunmuşdu. İllər keçdi, ona Həzi Aslanov adına kolxozda sədr müavini vəzifəsində işləməyi təklif etdilər. Getdi, “yox” demədi. “Çağırırlarsa, demək ehtiyac duyurlar”, - deyə düşündü. Onun bacarığına, biliyinə, təcrübəsinə ehtiyac vardı. Tezliklə bu təyinat bəhrəsini verdi, kolxozun işləri qaydasına düşməyə başladı. Lakin ötən əsrin 80-ci illərinin sonundan nəhəng sovetlər ölkəsinin (keçmiş SSRİ) çökməsi, parçalanması başladı. Kolxozlar, idarə və təşkilatlar dağılmağa məruz qaldı. Müstəqilliyimizin ilk illərində çətinliklər addımbaşı hiss edilirdi. Demək olar ki, istehsalatın bütün sahələrində çökmə baş vermişdi, hər şeyi yenidən başlamağa ehtiyac vardı. Və yenə də o yada düşdü- zəhmətkeş, təmkinli, dağılanı zərrə-zərrə toplamağı bacaran təcrübəli mühəndis... Sabirbad şəhər Su İstismar İdarəsinin taleyi ona tapşırıldı. Çətinliklər olduqca çox idi- sovet sistemindən qalma borular çürümüşdü, nasosların əksəriyyəti yararsız hala salınmışdı, işıqlar tez-tez söndürülürdü. Amma şəhər sakinlərini içməli su ilə təmin etmək lazım idi. Nəyin bahasına olursa-olsun, insanları susuz qoymaq olmazdı... İlk olaraq nasosxanaların və su xətlərinin təmirindən başladı. İllərin təcrübəsi köməyinə gəldi, bacarıqlı təmir ustaları tapdı, köhnə tanışlarının köməyi ilə ehtiyat hissələri və materialları əldə edə bildi. Vaxt gözləmirdi, əhali arasında haqlı narazılıqlar artmaqda davam edirdi. Növbəli iş rejimi təşkil etdi. Rayon rəhbərliyinin qarşısında şərt qoydu: “Təmir vaxtlarında və nasoslar işləyəndə işıqlar söndürülməsin”. Tələbinə müsbət cavab aldı, ancaq bir şərtlə- müəyyən olunmuş cədvəl üzrə. Beləliklə, şəhərin su təminatı qaydaya salındı. Çox keçmədi ki, Mirzəxan yeni iş yerindən təklif aldı və Respublika Su Təchizat Texniki Təminat Birliyinin 20 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinə sahə rəisi təyin olundu. Yenə çölçülük, yenə ağır iş şəraiti... Ölkədə qaçqın və məcburi köçkünlər üçün müvəqqəti yaşayış qəsəsbələri inşa olunurdu. İşlədiyi Birliyin bazasında yeni qurum- “Azərsutəchizattikinti” ASC yaradılmış və qəsəbələrin bir çoxunun su-kanalizasiya sistemlərinin inşası onlara həvalə olunmuşdu. Və... əmək fəaliyyətinin sonuna qədər bu sahədə çalışdı- vicdanla, peşəsini sevərək. 50 illik şərəfli əmək yolu keçdi...


Mirzəxan Xəlilov həm də gözəl ailə başçısıdır. Üç övlad atasıdır, üç şirin nəvənin sevimli babasıdır.
Təcrübəli mühəndis, müdrik ağsaqqal, qayğıkeş ata, sevimli baba olan Hacı Mirzəxan Xəlilovun keçdiyi həyat yolundan qısaca söhbət açdıq. Onun ömür və əməl yoluna nəzər salanda gördük ki, ötən illər Mirzəxan Xəlilov üçün sadəcə statistik göstərici və ya quru rəqəm deyil. Onun həyata və cəmiyyətə baxışlarının zirvə məqamıdır. ..


İyunun 15-i elinə, obasına sonsuz sevgilərlə bağlanan, böyük hörmət qazanan, sadəliyi, mehribanlığı ilə fərqlənən, dövlətə və xalqa sədaqətlə xidmət edən, özünün fərasəti, işgüzarlığı, əməksevərliyi, təşəbbüskarlığı ilə başqalarından seçilən və sevilən ziyalı səviyyəsinə yüksələn, qayğıkeş, mehriban ailə başçısı, canıyanan ata, baba olan Hacı Mirzəxanın ad günü-80 illik yubileyidir. Ad günü-ömür yoluna bir boylanış məqamıdır.. İllər ötüb yaş artdıqca sevincdən daha çox məsuliyyət artır.. Hər bir halda dəyər və xoş arzularla üz-üzə olmaq da bir xoşbəxtlikdir...
80 illik yubileyi münasibətilə Hacı Mirzəxanı yaxınları, qohumları, onu sevən hər kəs təbrik edirlər. Qəzetimizin kollektvi də bu təbriklərə qoşularaq Hacı Mirzəxanı ürəkdən təbrik edir! Ona möhkəm can sağlığı, könül xoşluğu və bütün işlərinizdə uğurlar, sevinclər arzulayırıq! Sevinc dolu firavan həyat daim nəsibi olsun!
Sonda isə yazını kiçik qardaşı, AYB-nin üzvü, şair-publisist Xəlil Mirzənin onun 80 illik yubileyinə həsr etdiyi şeirlə tamamlayırıq:
Yüz də gələrdi
Qardaşım Mirzəxanın 80 illik yubileyi münasibətlə

Xəlil Mirzə, 10.06.26.
Sənin səksən illik yubileyinə
Yığışıb dost-tanış gəldi, nə gəldi.
Doğma ocağında quruldu məclis,
Təbim cuşa gəldi, gəldi, nə gəldi.

Təbiətin bərəkətli yayında,
Sən qoca dünyaya qədəm qoyanda,
Uşaqlar bir yandan, dostlar bir yandan
Atama müjdəyə gəldi, nə gəldi.

Tez-tez gənclik çağın düşür yadıma,
Biz qoşa gedərdik ota, oduna.
Kəndin ahılları sənin adına
Tərif söylərdilər: nərdi, nə nərdi.

Hey sığal çəkirdin həyət-bacaya,
Meylini salmışdın bağa, bağçaya.
Əzmin, əməyinlə saldığın bağa,
Girib nar yeyərik, nara da nə nardı.

Ali təhsil aldın, ailə qurdun,
Həmişə halallıq yolunda durdun.
Beləcə səksəni sən başa vurdun,
Səadət üzünə güldü, nə güldü.

Sən ata yurdunun ilki, əzizi,
Qəlbin saf qəlblərin safı, təmizi.
Ata qayğısıyla sevirsən bizi,
Sən olan dünyada dərdin nə dərdi?

Yığışıb məclisə dostlar, tanışlar,
Yaraşır adına hər cür alqışlar.
Dəf olsun yolundan çənlər, yağışlar,
Səksəni adladın, yüz də gələrdi.


Elçin NƏSİB,
“Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru

Son xəbərlər

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Moskva da yağışlara tab gətirmədi - Şəhəri su basdı

“Kokain lazımdır, təcili!” - Məşhur aktrisanın yazışmaları üzə çıxdı

Azərbaycanda 814 min insanın səhhəti təhlükədədir

Meksikada şəhər meri güllələnərək öldürülüb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

Yaşar müəllimin şərəfli həyat yolunun mənəvi işığında - FOTO

Netanyahu təcili iclas çağırdı

Hicran Fuad Əhmədli : Bitirək Savaşı - FOTO

HƏSƏNXAN ƏSƏDOV : Suvarar eşq bağın bir cüt şəlaləm, biləsən - FOTO

Sabiq səfir vəfat etdi

Suriyadan repatriasiya edilmiş 23 nəfər müəssisəyə yerləşdirildi

Dünya çempionatında daha bir oyun başlayıb

Tramp Parisdə Makronla görüşəcək

Polad Həşimovun oğlu da məzun oldu

Bloqerlərin paylaşımları sizi depressiyaya salır? - Psixoloqlardan TÖVSİYƏ

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930